Əliağa Vahidin heç yerdə çap edilməyən müsahibəsi

25 Baxış

1497202323_eliaga-vahid

Senet.az manera.az saytına istinadən Azərbaycan klassik şeirinin qüdrətli nümayəndlərindən biri,ustad qəzəlxan-şair Əliağa Vahidin ömrünün son illərində verdiyi yeganə radio-müsahibəsini yazılı formada ilk dəfə təqdim edir.Müsahibə indiyə kimi heç bir mətbuat orqanında çap edilməyib.Müsahibəni sizlər üçün təqdim edirik.

-Hörmətli Vahid,biz istiyirik ki siz öz yaradıcılığınıznan dinləyicilərimizi qısaca da olsa tanış eliyəsiz.Hansı ildən yazmağa başlamısız?İlk qəzəllərinizdən bir neçəsini nümunə üçün oxuyasız.

-VAHİD:Mənim bu yadıma gələnlərdən uşaqdım,onu anlayıram ki,1914-bu aralarda mən şeirə başlamışam.Hələ tarixdə də 1914-dən yazdırmışam. Mənim indi düşdü yadıma ki,bir qəzəlim vardı “İlahi,tabiyəm eşqə məni hifz et bəlalərdən,Sənə ərz eyliyim yarəb bu yari naxülalərdən”-əfsus ki sözün dalı yadımdan çıxıb.O ara beytlər.Sırıynan gəlir axi.Çox çətin qafiyə degül,məndən qabaqda diyiblər,ama mən də demişəm uşaqdım də.Sora dimişəm ki,”Sənə ar olsun ey Vahid diliynə yarun allandun,Gəlibdü başına yüz min bəla bu aşinalərdən”-bularun heç biri yazılmiyib nə bir kitabda,nə bir şeydə.Dəftərlərdə də inanginən heç olmuyub.Mənim şeirlərim itib gedib.Yazmışam,vermişəm sənə ya bir nəfər məndən gəlib xahiş eliyib,indi də o adət elə var məndə.Görürsən ki yazıram 10 manat mənə pul verir o.Bir qəzəl,bir şeir yazıb vermişəm ona çıxıb gedib,10 manat məndə qalıb,şeir onda.O şeirdən istifadə eliyib,mən də 10 manatdan.Bax belə olub həyatım.

-Hörmətli şairimiz Əliağa Vahid yazdığı bir çox qəzəllərdə keçmiş şairlərimizdən,daha doğrusu Füzuli və Seyid Əzim yaradıcılığının pərəstişkarlarından sayılan Məşədi Azər,Mirzə Əbdülxalıq Cənnəti,Ağadadaş Müniri,Əbdülxalıq Yusif,Haşım bəy Sadiq və Həsən Səyyarın adlarını xüsusi ehtiramla qeyd etmiş,hətta bir qəzəlində Məşədi Azəri özünün böyük ustadı kimi qələmə vermişdir.

Dedi ol yarı mənə dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə qalıb.

Naz ilə,qaşgöz ilə can alırıq aşiqdən,
Ev yıxan,qan axıdan xəncərimiz evdə qalıb.

Bu gözəllik ilə biz naz ilə min can alırıq,
Hələ bizdən də gözəl dilbərimiz evdə qalıb.

Hələ mən Vahidiyəm Azəribaycanımızın,
Atəşi eşqə yanan Azərimiz evdə qalıb.


Vaxtilə Əliağa Vahid bu şairlərlə müxtəlif məclislərdə üz-üzə oturub qafiyələşmiş,bir-birlərinə nəzirə yazmışlar.Xahiş edirəm bu maraqlı yaradıcılıq görüşlərindən yadınızda qalan bəzi maraqlı xatirələrinizi bizimlə danışasız.


-VAHİD:Olub Ağadadaş Münirigildə demişik,qeyri-qeyri şairlərdə,Azərgildə Azər rəhmətdiy bizimçün hələ düşbərə bişitdirərdi.Gedərdik,ora yığılardıq beş-altı adam orda deyərdik qafiyəni.

Həsən Səyyar bir dəfə qeyd etdi ki,bir qafiyə deyək heç diyilmiyib.Həə,tez əlüstü qafiyəni mən tutdum ki:

Kimdir ki,ləlü nabuvə ol sər diyilmiyib,
Mehri camalüvə mehr -ənvər diyilmiyib.

Yüz dəfə zikr olunsa kəlamun xoşum gəlir,
Heç bir kəlamun bunca mükərrər diyilmiyib.

Cananə ərz edibdilər Səyyari,Vahidi,
Odlara taleyi yanan Azər diyilmiyib

Hə,bunu məclisdə dimişəm mən.Azərgilün evində.Belə oldu ki mən dedim oni day bular dimədilər.Özdə tez diyənəm də qoymaram bir adam məndən qabağa keçsün.Xasiyətim belədü.Qələm ki keçdi əlimə mən o şeyi gərəy tez bitirəm.1 saatdıq işi 10 dəqiqədə görürəm.Mirzə Əbülxalıq Yusif deyərdi ki,sənin təbün bijdü.Mən də gülürdüm,neyçün ay Mirzə deyirdi ona görə ki səniynən bacarmaq olmur.Gəlib bir yerdə bədahətən deyişərdik beş-altı adam bir qafiyə atardıq mən tez qutarırdım.Tez qutarandan sonra məni ortaya qoyub əl çalırdılar mənimçün ki,sağolginən,sağolsun Vahid.Day özdəri oxumurdu.Bəzən olurdu ki,olarda mənə cavab verirdilər.Yadımdan çıxıb olar çox təəssüf.

-Bayaq siz danışduz Məşədi Azərdən onu siz ustad kimi qeyd eliyirsiz.Olardımı ki Azərlə olan dostluğunuzdan,yaradıcılıq görüşünüzdən bir az belə söhbət eliyəsiz.

-VAHİD:Deyə bilərəm ki,Zərgərgilin evindəydim mən girdim içəri gördüm bi dənə kişi,hündür kişidü,dağıstanlıya oxşuyur.Zərgər mənə dedi ki,tanış olginən Azər əfəndiynən.Mən də adını eşitmişdim,üzünü görməmişdim.Azərə dedi ki,Azər əfəndi tanış olun bu da milsiz şairlərdən.Azər dedi ona ki milli də var?Hə o cavab verə bilmədi.Sora özü diyən kimi Azər hələ məni saymırmış kimi,ələ salan kimi ürəyində hələ mənə şeir oxutdururdu.Qoçaq oxu şeirləründən.Mən də ona dedim ki,sizin hüzurunuzda mən nə oxuya biləciyəm.Hə dedi yox oxuginən.Mən də dedim:

Tökmüş o şux mehiri zülfi siyahini,
Guya ki gizlədib fələk əbriçrə mahini.

-Bərəkallah qoççaq bu diyirdi mənə.Mən də fikirləşirdim ki,bu məni ələ salır.Demə bu yazıq qoçağı doğurdan diyirmiş.Hə sora xeyli qəzəllərimdən oxudum,yadımdan çıxıb.Bərəkallah,çox sağ ol bax belə dedi.Sora bu gedəcəkdi.Dedi mən mətbuata gedirəm.Mətbuatı anlamıram mən mətbuat nə deməkdü.Qərəz başa düşdüm ki,Orucovun mətbəəsinə getməy istiyir.Mətbuat dedi əvvəl düşünmədim mənasını.Çölə çıxanda mən də Azərlə birgə çıxdım.Bir az söhbət eliyə-eliyə dedi gedək səni orda tanış eliyim,tapşırım.Sən şeirlər yazginən,sən yaxşı şair olacaqsan,yaxşı yazırsan.Məni həvəsləndirirdi.Hə,getdik ora mətbəəyə Sabirin heykəli olan yer ora mətbəə idi.Girdik içəri gördük Seyid Hüseyndi,Ruhulla Axundovdu.Daha neçə adam olardı tanımadım olar kimlərdi.Azər olara tapşırdı ki,bu uşaqdan muğayat olun bu şeir yazdı dərhal çap eliyün.Mən də söyündüm.Şeirin nə olduğunu hələ yaxşı bilmirdim.Qərəz bayıra çıxanda qəzet vardı Azərin əlində oxudu mənimçün “qat”,”sat” bu qafiyədə.Mən də geciynən getdim öyümüzə o qafiyədə bi dənə şeir yazdım “İqbal” qəzetinə.Səhəri çıxdı.”İqbal” qəzetində mənim şeirim çıxan gündən bir gün qabaq Azərlə tanış olmuşam.O şeirdən yadımdan qalan bir beyt diyim sizinçün

Olmadım bir ləhzə, ya Rəbb, bu vətən mülkündə şad,
Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,
Bivəfa gördüm kimə dünyada etdim etimad”

-Qəzetdə var bular.hamsı bilmirəm yadımda qalmıyıb.Elə qəzet var ki, orda bir dənə şeirim çıxıb,eləsi də var ki 20-30 dənə şeirim çıxıb.Amma heç biri yadımda qalmıyıb.Bura gələndə mən gərəy hazır olaydım.Bu saat məni neçə yerə çağırıblar getməmişəm,indi necə olub bura gəlmişəm.Azərnəşrdə neçə dəfə dalımçan düşüblər ki mən diyim olar yazsun,yazux adam Məmmədağa Soltanov aylarla düşdü dalımcan yaza bilmədü.

-Bir az da siz Cəfər Cabbarlıyla olan yaradıcılıq xatirələrindən danışasız.Siz Cəfərlə yaxın dost olmusunuz,ondan da ətraflı danışardınız.

-VAHİD:Cəfər yaxşı şairdi,həm şairdi,həm də ədibdi bilirsüz də.Zarafatcan şeirləşirdik elə,ancaq ki da rəsmi yox.Səməd də onun kimi bir qafiyəni diyirdi ama o gec diyirdi.Cəfər məndən 5 yaş,Səməd 10 yaş kiçikdi.Mən istiyrəm ki,bir əhvalat danışım.Ancaq ki mənimçün bir az əskiklik gətirir.

Bir gün Həsən Səyyarla səhər-səhər bərk başımız ağrıyır(burada Vahid gecə içki içəndən sonra səhəri gün insanda yaranan məşhur vəziyyəti nəzərdə tutur),dedim,gedək zada pulumuz yoxdu da gedək Məmmədəli Sidqinin yanına.Yaxşı adamdı Allah rəhmət eləsin.Getdük,gördük heç kəs yoxdu ,10du saat.Bir də gördük rəhmətdik Cəfər gəlir.Kefim oldu kök.Dedim bundan 3 manat allıq.Dedim,Cəfər qədeş 3 manat ver bizə salam əleykindən sonra.Dedi neynirsüz 3 manatı.Dedim ki ikimizdə xumar olub gedəcəyük başımızı düzəltməyə.Dedi ki,bir az diyanun saat 3 olar,Sona xanım yemək bişirib,evdə hər şey var.Doğurdan da Cəfər Cabbarlı evdə qonaqlıq verəndi.Küçədə,bayırda,restoranda qətiyyən yox,onun xasiyyəti deyildi.Axır pulu vermədi,mən də əl çəkmədim.Bu çıxdı başuxarı bizdə bunun dalıycan.Axırı bunu razı elədim.Dedi ki fılan qafiyəni di,diyə bilsön verəciyəm,diyə bilməsön yox.Dedim ki ay Cəfər bilirsən ki həzrəti İsa gəlsə də mən deyəcəyəm.Dedim adə Həsən çıxart kağızıvu(mənim də katibim Həsən Səyyardı) rəhmətdiy o da çıxardı qələmi-kağızı di gəlsün.Cəfərin qafiyəsi budu ki,”meydanından Allah saxlasın,dövranından Allah saxlasın”.Dedim alə Həsən yaz ora:

“Zalımın zülmi-firavanından Allah saxlasın,
Acizin də ah-əfqanından Allah saxlasın”.

Qoy adu haqsızlığın göstərsin etsin zülmini
Həzrəti həqqin də divanından Allah saxlasın.”

Cəfərin xoşuna gəldi.Bunu diyəndə əlini atdı cibinə bir dənə 10-luq bağışladı bizə.1 saatdı 3 manatı vermiyən oğlan indi bir dənə 10-luq verdi.Ba belənçi.

İstərdim bir neçə qəzəlimdən oxuyum sizlərçün:

***

Bilməm bu nazənin kimin istəkli yarıdır,
Ya hansı bəxtiyarilərin bəxtiyarıdır.

Açdıqca gül camalını, ellər fərəhlənir,
Guya gözəllik aləminin növbaharıdır.

Dünya bu nazənin mələyin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.

Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik,
Çünki diyarımız – bizim odlar diyarıdır.

Qan etmə, saqi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır.

Hər kim deyirsə sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.

Bir gün gələr mən gedərəm, xəlq söyləyər,
Biçarə Vahidin bu qəzəl, yadigarıdır.


***

Diyari-eşqə soltanəm bəlalər çox çəkib başım,
Cəlali şövkətim qəmdir,vücumi dərd fərraşım.
Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım
Deyilsən çoxdan ey gərduncan seyrində yoldaşım.
Nolaxəm olsa qəddün səndən artıqdır bənim yaşım


***
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir, 
Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri, 
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun, 
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək, 
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.

Nazənin, rəna gözəllərdir – baxırsan hər yana, 
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?

Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik, 
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.

Vahidəm mən, sevgilim, məndən xəyanət görmə sən, 
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.



***
Gözəllər içrə sən, ey mahiparə birdənəsən.
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi – məst ilə qılan işarə bir dənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə bir dənəsən.

Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.



-Hörmətli Vahid,biz sizi bu gün çox incitdik.Bu günkü çıxışınız üçün çox sağ olun.

-VAHİD:Siz də sağ olun.Mənə bir əziyyət olmuyub.Mənim fəxrimdir mən bura gəlmişəm.


Müsahibəni hazırladı:Tural Adışirin

Bölmə : Bölməsiz, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10