Valideynlər və uşaqlar

36 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından səkkizinci hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Altıncı hissə- Hərbi hissə-xalq məktəbi

Yeddinci hissə- Futbol

Valideynlər və uşaqlar

“Yeni nəsilə ağıllı tərbiyə vermək məsələri…” Snellman ilə dostları Finlandiyanı oyandırmaq məsələsində bütün ümidlərini buna bağlamışdılar. Gənclik məsələsi Snellmanın ən sevdiyi mövzu, eyni zamanda çox həssas yanaşdığı və narahatlıq keçirdiyi məsələ idi.

Snellman çox vaxt gəncləri danlayır və qınayırdı. Amma bəzi yaşlı insanlar gənclərin xeyirsizliyi və pozulmuş əxlaqları ilə bağlı şikayət edəndə gənclərin tərəfini saxlayırdı. Belə deyirdi:

Qəbahət gənclərdə deyil, sizdədir. Siz gəncləri necə tərbiyə etsəniz, onlar elə də yetişərlər. Gənclərə verdiyiniz tərbiyə nədən ibarətdir? Sadəcə heç nə! Analar ev işləri görmək və yemək bişirməklə, atalar da məmurluq, ticarət, dükan və ya fabrik işləri ilə məşğul olurlar. Gecələr də gec saatlara qədər vaxtlarını çayxanalarda və əyləncə məclislərində keçirir və ya qumar oynayırlar. Uşaqları ilə heç vaxt məşğul olmurlar. Çünki bunun üçün vaxtları yoxdur. Həm də uşaqlarla məşğul olmaq insanı yoran bir işdir.

            Onlar öz övladları ilə danışmırlar, onların problemləri ilə maraqlanmırlar. Sadəcə boş vaxtlarında onları oxşamağı bilirlər. Onlara şirniyyatlar və oyuncaqlar almaqdan başqa heç nə etmirlər. Sonra da “indi də öz otağınıza gedin, səs salmadan öz-özünüzlə oynayın” deyirlər.

            Əslində bunun mənası belədir: “Bircə, başımızdan rədd olun, nə istəyirsiniz edin! Sadəcə bizi narahat etməyin! ”

            Belə vəziyyətdə isə uşağın ağlı, fikri, ruhu becərilməmiş bir əkin sahəsi kimi qalır. Bura faydalı heç nə əkilmir. Bəzən uşaqlara yaxşılıq, dürüstlük və sevgidən bəhs edilsə də, bunlar çox zaman ruhsuz, quru, daş kimi sərt və uşağa yad olan sözlərlə ifadə olunur. Ata-analar uşağın mənəviyyatını, ruhunu maraqlandıran sözlər demək istəmirlər. İstəsələr belə, bunu necə edəcəklərini bilmirlər. Onların adi və nümayiş xarakterli nəsihətləri uşağın həssas ruhunda heç bir iz buraxmır.

            Düzünü desək, ata-ana sağ ikən və evdə onlardan başqa xalalar, bibilər, əmilər və dayılar olduğu halda belə uşaqlar yetim kimi böyüyürlər.

            Bəzi ailələrdə uşaqlar yaxşı qidalanırlar, yaxşı geyindirilirlər, fiziki sağlamlıqlarına diqqət yetirilir. Ancaq bütün bunlara baxmayaraq, uşaq ruhunun saflığı, aclığı və bəzəyi yaddan çıxarılır.

            Düzü, belə şərtlər altında böyüyən uşaqların indikindən də yaramaz olmamalarına təəccüb edilməməlidir. Uşaqlar böyüyüb bəzi şeyləri başa düşməyə başlayanda, ailə həyatına qədəm qoyanda, ailədən nə görürlər, nə götürürlər ki?

            Şəhərlərin, qəsəbələrin, kəndlərin ərazisində tullantıların, natəmizliyin və gübrələrin yığıldığını görənlər “Bunlar sağlamlığa ziyandır; bu nə rəzalətdir?” deyə çılğın münasibətlərini ifadə edirlər.

            İndi siz övlad sahibi olan ata-analar! Bir daha düşünün. Öz vicdanınızla bir qərar verin. Uşaqların böyüdükləri ailə mühiti və abu-hava uşaqların mənliklərinin sağlam formalaşması üçün nə qədər əlverişlidir?

            Uşaqlara  “Yalan danışma, dəcəllik etmə, bu hərəkət pisdir, nifrət yaradır, günahdır.” kimi nəsihətlər verirlər, amma bu nəsihətləri verənlər bir-birilərini aldadırlar. Uşaqları aldadırlar və uşaqlara yenə “Heç kimi incitməyin, nəzakətli və tərbiyəli olun.” deyirlər. Ancaq özləri bu qaydalara riayət etmək barədə düşünmürlər.

            Uşaqlar isə aldadıldıqlarını tez başa düşürlər. Əvvəlcə təəccüblənirlər. Ata-anaları tərəfindən onlara günah və pis kimi təqdim olunanların məhz onların özlərinin etdiyini görəndə heç nə başa düşmürlər.

            Nəticədə uşaqlarda belə bir fikir formalaşır: “Ata-analar belə deyir, başqa cür edirlər!” Buna görə də valideynlərinin söylədiklərinə uşaqların inamı itir. “Onu edin, bunu etməyin” kimi nəsihətlərə artıq əhəmiyyət verməməyə başlayırlar.

            Digər tərəfdən ata-analar da uşaqlarının hələ çox balaca olmalarına baxmayaraq valideynlərə itaət etməməsindən və sözəbaxmaz  olmalarından gileylənirlər. Əksinə uşaqların bu vəziyyətə gəlib çıxmasına səbəb özləridir, amma bunun fərqində belə deyillər.

            Uşaqların danlaq,  qınama və cəzalandırma yolu ilə itaətkar və xoşxasiyyət olacaqlarını düşünməyin.

            Onların yanında elə davranın ki, üstün keyfiyyətlərinizi (xarakterinizi,  davranışlarınızı) görərək sizi sevməyə başlasınlar. 

            Bəzi ata-analar evdəki yaşam tərzlərinə, geyimlərinə və bədən gigiyenalarına fikir vermirlər. Uşaqlarının yanında köhnə, yırtıq, çirkli paltarlarda gəzirlər və əl-ayaqları natəmiz olur.  Danışıqlarında, davranışlarında əxlaqi keyfiyyətlərə əhəmiyyət vermir və nəzakətli olmurlar. Bəziləri də onların yanında bir-biri ilə dalaşırlar, “Atanızın necə biri olduğunu görürsüz?” və ya “Ananızın necə bir qadın olduğunu özünüz görün!” kimi sözlər söyləyərək uşaqlarını da mübahisələrinə, dava-dalaşlarına şərik edirlər.

            Ailə yığıncaqlarında giley-güzar, qeybət etməyin, başqaları haqqında danışmayın, hər hansı kiçik gəlir üçün qurulan hiylələr barədə danışıqlarınıza mütləq diqqət edin.

            Baxın uşaqlarınız yetkinlik yaşına çatanadək həyatlarının 15-20 illini belə bir mühitdə böyüyürlər və bundan sonra da yaşlılar uşaqların niyə göydə uçmadıqlarına, qanadsız qaldıqlarına təəccüb edirlər.

            Belə deyən ata və analardan soruşmaq lazımdır : “Siz övladlarınızı tərbiyə edərkən yüksəlmələri üçün onlara qartal qanadları taxdınızmı? Yoxsa bu qanadları kökündən yolub çıxardınız?”

            Uşaqlar böyüyüb cavan oğlan və gənc qızlar olanda isə valideynlər onların gələcəkləri ilə bağlı xəyallar qururlar.
Oğlanlarının mühəndis, həkim, tacir, vəkil, məmur və ya başqa bir yaxşı peşə sahibi olmalarını arzulayırlar. Qızları üçün isə varlı və imkanlı həyat yoldaşı axtarışlarına çıxırlar.

            Uşaqları üçün hər zaman var-dövlət qurmağa və onların yaxşı yaşamaları üçün əllərindən gələni etməyə çalışırlar. Bununla da valideynlik vəzifələrini layiqincə yerinə yetirdiklərini düşünürlər. Bu məsələ ilə bağlı Lev Tolstoy çox haqlı olaraq bu sözləri deyir: “Həyatda intizamsızlığın ən böyük səbəblərindən biri budur ki, hamı həyatının rahat olmağını istəyir, lakin həyat səviyyəsini yüksəltmək və daha yaxşı şəraitdə yaşamaq imkanı qazanmaq üçün çalışmağa heç bir cəhd göstərməzlər”.

            Hamı həyatdan nə isə istəyir, amma özü heç nə vermək istəmir. Çoxları həyata öz mənfəətini güdən, parazit kimi yanaşırlar. Həyatın mənasını da elə parazitlikdə görürlər.

            Belə bir həyat şəraiti də illərlə uşaqlara təbliğ edilir. Kimlər təbliğ edir? Valideynlər!

            Bu cür təbliğatla böyüyən uşaqlar da kobud, acgöz, şəhvət düşkünü, tənbəl və laqeyd olurlar.

            Nəticədə isə heç kəsə, heç nəyə qarşı sevgi və bağlılıq hiss etməyən gənclərə çevrilirlər. Belələrində ölkəyə, millətə qarşı sevgi, yüksək ideyalara, düşüncələrə hörmət hissi olmur, ciddi məşğuliyyətlərə isə biganə yanaşırlar. Valideynlərini də ürəkdən sevmirlər.

            Nə əkərsən, onu da biçərsən! Nə bişirərsən, onu da yeyərsən!

            Əgər gəncliyin mənəviyyatını becərilməyən əkin sahəsi kimi öz ixtiyarına buraxsanız, orada gicitkən və tikanlar bitər.

            Valideynlərin uşaqlarının beyinlərini və qəlblərini becərilməmiş sahə kimi öz ümidinə buraxması, ağılla və vicdanla düzgün deyil. Hətta belə bir ehtimal həm ağılsızlıq, həm də cinayətdir. Çünki uşaqların yaxşı tərbiyə görüb-görməməyi məsələsi yalnız valideynlərin maraqlandığı məsələ deyil, eyni zamanda bütün cəmiyyəti və dövləti ciddi düşündürən, əhəmiyyət kəsb edən məsələdir.

İstədiyiniz qədər mükəmməl konstitusiya hazırlayın. Müstəqillik çərçivəsində də xalqa istədiyiniz qədər hüquq verin. Sosializmin və ya liberalizmin sehirli gücünə istədiyiniz qədər inanın. Əgər uşaqlarınız lazımi səviyyədə təhsil almasalar, həyata heç bir əhəmiyyət daşımayan şəxslər kimi atılarlar. Belə olduqda isə qanunlar və bütün sosial haqlar həyatı solğun olmaqdan xilas etməyəcək.  Bu qəbildən olan məmurlar eqoist və tənbəl, dövlət xadimləri isə siyasi alverçilər olurlar. Siyasətçilər isə qazanc dalınca qaçırlar. Məktəblər yeni nəslin biliyini korlayan və qəlblərini qaraldan qaranlıq bir mağaraya bənzəyir. Mətbuat küçə qadınlarının albomuna çevrilir. Tox və ya ac olan xalq kütlələri isə onlar üçün yad təsiri bağışlayan hər şeyə, xüsusilə varlı sinfə mənsub insanlara qarşı nifrət, qısqanclıq və intiqam hiss etməyə başlayar.

Bizim yeni və gənc ölkəmiz sizdən çox da böyük işlər gözləmir! Finlandiyanın gələcəyi parlaqdır. Burada hamı tox, həyatından isə razı olmalıdır. Öz həyatınızı və cəmiyyətin nizamını da buna uyğun qurun.

Snellman və dostları şəhərlərdə və kəndlərdə bu mövzularda yığıncaqlar təşkil edirdilər. Bu yığıncaqları xüsusu maraqla dinləyən valideyinlər uşaqlarının təhsili məsələləri barədə ciddi şəkildə düşünməyə və övladları üçün üzərilərinə düşən məsuliyyətin böyüklüyünü dərk etməyə başladılar. Bir çox şəhərlərdə uşaqların təhsildəki uğursuzluqlarının,  müvəffəqiyyətsizliklərinin səbəblərini araşdırmaq üçün xüsusi ailə qurumları yaradılmışdı. Təhsildə istənilən müvəffəqiyyətə sevinirdilər. Ancaq bununla kifayətlənmir, pedaqoq və ilahiyyatçıların da bəzi məsələlərdə fikirlərini öyrənməklə onlarla danışıqlar aparılırdı. Təhsil məsələsinə bu cür ciddi münasibət yarandıqdan sonra problemlər bir-bir həll olunurdu. Tanınmış ilahiyyatçı və təlimçilər bütün ölkəni gəzərək, həyatda qazanılan təcrübələr və bilik sayəsində uşaqların necə tərbiyə olunması yollarını xalqa başa salırdılar. Uşaqların özünəməxsusluqları, həssaslıqları, zəif nöqtələri və xəstəliklərini izah edərək, təhsil zamanı onların necə islah və müalicə edilməsinin yollarını öyrədirdilər.

Kənd təsərrüfatı mütəxəssislərinin əhaliyə ən gözəl ağacları necə yetişdirməyin, yaxşı əkini necə həyata keçirməyin yollarını, məşhur pedaqoq və ilahiyyatçılar isə bütün valideynlərə uşaqlarını daha ağıllı şəkildə necə tərbiyə edəcəklərini, vətənə və millətə daha yararlı ola biləcəklərini başa salırdılar.

Bu işlər nəticəsində Fin ailələri qəflət yuxusundan ayılıb, yüksək sürətlə inkişaf etməyə və yüksəlməyə başladılar.