Vanessa kəpənəyi – Aliyə Əsədovanın şeirləri

71 Baxış

photo_173

İlan naxışlar

Naxışları vardı hədiyyələrin,
toxunuşda səyirən ilmələr,
xallı pişiklərin
xallı pələngin
rəngarəng dəriləri-
ilan naxışlar.
Dəyişən toxunuşda
kök salan ilmələr,
nə idi bu
nə əcaib,
çəkib ordan çıxartmaq,
qoparıb atmaq istədim-
qurudu əllərim.
Əllərim yerə sarı,
mənə baxırdı yerdən
süzürdü məni,
üzümə zillənən
nədir belə?
Qıyılıb-genələn
cütlənmiş bəbəklər,
ilan baxışlar, ilan bəbəklər.
Naxışları vardı hədiyyələrin,

toxunuşunda səyirən ilmələr,
xallı pişiklərin, pələngin
rəngarəng dəriləri,
İlan naxışlar…
İlan naxışlar.

Balıq saatı
Saatları izlədim
az qalıb balıq saatına-
anam balıq bişirəcək,
adını demişdi nənəm,
demişdi dünəndən
xallı balıq olacaq
sabah şam yeməyinə.
bax, nə qədər gözlədim,
ağlayacam indi
bu balığın yerinə,
küsüb getməyim gəldi
bu balığın adına.
Saatları izlədim,
qaçdım ki çatmayım
bişmiş balıq saatına.

Vanessa kəpənəyi

Al məni qanadlarına,
apar özünlə-
apar uzaqlara,
narıncı, qəhvəyi
ağ ləkəli kəpənəklər,
qırmızılı kəpənəklər.
Bir ovuc qar tap
səhra istisində,
bir ovuc günəş tap
buzlamış qarda,
işıq tap qaranlıqda,
məbəddə ruhların sağlığına
özünçün şərab tap-
dolan, dolan başına,
bir alovun yanğısına
bu alovlu dünyanın
fırlan özü boyda alovlu başına.
Qırmızı admirallar
oxusun duasını,
yığışsın dualara
Ayı çıxmayan gecə,
günəşi olmayan səhər-
Atlanta sakinləri,
Admiral kəpənəyi.
Qorxma,
apar, apar…
qanadların yorulana kimi,
əzilənə, bir tərəfdən qırılana kimi,
apar, qanadlarından qopub
ayrılana kimi.
Bir ovuc qar, günəş
işıq tap fırlat alovun başına.
Apar məni
ruhların sağlığına,
apar, apar
Vanessa kəpənəyi.

 

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10