Vaqif Aslan: “Dedim, dedi”

103 Baxış

Vaqif AslanVaqif Aslan

Yeddi qoşma  

           DEDİM, DEDİ

Dedim: – Gözəl, nədən kürsən belə sən?

Dedi: – Mənə laylay çalıb ana Kür.

Dedim: – Onda nə bilirsən, elə sən.

Dedi: – Bəyəm, necə olur, ayrı cür?!

 

Dedim: – Nədən qara geydin ağ üstən?

Dedi: – Tutur rəngin ağı, qarası.

Dedim: – Mənə dağ qoyursan dağ üstən.

Dedi: – Hələ harasıdır, harası?

 

Dedim: – Yenə alov-alov yanırsan.

Dedi: – Şair, gözün qorxdu, deyəsən.

Dedim: – Məni qurbanlıqmı sanırsan?

Dedi: – Bərkdə əlin yoxdur, deyəsən.

 

Dedim: – Danış,quzu kəsim dilinə.

Dedi: – Kəs,kəs… qurban vermək anıdır.

Dedim: – Xına qoymusanmı əlinə?

Dedi: – Yox,yox,.. Vaqif Aslan qanıdır.

 

                                           OYNAYIR

 Ey yanğıdan, göynərtidəndən xəbərsiz,

Gündüz yanan yatmır, gecə oynayır.

Buna görə danışırsan təhərsiz,

Deyirsən ki, almır vecə, oynayır.

 

Od içinə düşməmisən bircə yol,

Görməmisən ağrını bol, dərdi bol.

Yar yanında sınıb yana düşən qol

Nə biləsən qalxıb necə oynayır.

 

Deyildirsə can yanğılı, ruh oyaq,

Axı, nə var oynamağa o sayaq?

Haçandır ki, boşa çıxır əl-ayaq,

Oynayanlar çox heç-heçə oynayır.

 

Hardan bilsin hər havaya süzənlər

Ərzurumdan hündür olub düzənlər.

Kərəm budur, ey yağ içrə üzənlər,

Qaça-qaça, köçə-köçə oynayır.

 

Bilir məni mən tək oynaq olanlar,

Min yol sınıb, min yol qaynaq olanlar.

Bağrı başı dərddən göynək olanlar

Şəhər-şəhər, küçə-küçə oynayır.

 

Uca olmaz eşqi uca bilməyən,

Öz dərdini özü quca bilməyən.

Vaqif Aslan Kərəm aça bilməyən

Düymələri aça-aça oynayır.

                 XƏBƏRİ YOXDUR

Başıma haranın külünü töküm?

Ceyranın gözündən xəbəri yoxdur.

Durum qabağında, bəlkə,diz çöküm?

Bunun yer üzündən xəbəri yoxdur.

 

Bilmirəm özünü bu nə sayıbdır?

Naşının əlinə düşər, hayıfdır!

Elə bil, Muğanda doğulmayıbdır,

Ya da Mil düzündən xəbəri yoxdur.

 

Gör, necə arxayın-arxayın baxır?!

Beynimin içində şimşəklər çaxır!

Hayana boylansa, o yana axır,

Yolundan, izindən xəbəri yoxdur.

 

Demir ki, burada ceyran ovu var.

Bərəsi, sürhayı,qaça-qovu var.

Ovçunun mənimtək dəlisovu var,

Bununsa özündən xəbəri yoxdur.

 

Qoru,Vaqif Aslan,özünü indən.

Taleyin,iqbalın gəlhagəlindən.

Ova bax, ovçunun əsən əlindən,

Titrəyən dizindən xəbəri yoxdur.

                                       SƏNƏ

Sallana-sallana gedən Salatın,

Gəl belə sallanma,söz dəyər sənə.

                                          (Aşıq Qurbani)

Sallana-sallana süz qabağımda,

Xəyal eyləmə ki, söz dəyər sənə.

Fırlanıb da dayan düz qabağımda,

Mən sənə baxmasam, göz dəyər sənə.

 

Al da gey, şal da gey, yaşıl da hələ.

Çünki mən eləyəm, çünki sən belə.

Bənd olma səhərlər əsən hər yelə,

Yelin nə həddi var, tez dəyər sənə.

 

Sən mənim özümün halal yarımsan,

Bəxtəvər mənəm ki, vəfadarımsan.

Ürək açıqlığım, könül varımsan,

Bir gündə verərəm yüz dəyər sənə.

 

Dağıt zülflərini, tök şəlalətək.

Yolun da, izin də bağrına dağ çək!

Nə qədər mən sağam, biləsən gərək,

Yollar nə karədir, toz dəyər sənə.

 

Səni mən bilərəm necə öyərəm,

Dünyanı almaram vecə, öyərəm.

Gündüz oxşayaram, gecə öyərəm,

Verər Vaqif Aslan düz dəyər sənə?

 

              ƏMANƏTİ

Məhəbbətdən artıq dövlət,var olmaz,

Dövlət əmanəti, var əmanəti.

Sevməyən adamda etibar olmaz,

Yar bilər ki, nədir yar əmanəti.

 

Sənə qurban olum, ay şəlaləsaç,

Yaxanı düymələ, ürəyini aç.

Hava xoş keçəndə bar tutar ağac,

Elə ki bar tutdu, bar əmanəti.

 

Gedirik üzümüz  sabaha sarı…

Salma qəribliyə sözümü barı.

Açıqda saxlama gülöyşə narı,

Əlimə çatınca nar əmanəti.

 

Gül üstə şeh olar,gül üzlərdə tər,

Az məni ağ yuyub, sonra qara sər.

Ardan qurşaq olmaz, namusdan kəmər,

Namus, abır-həya, ar əmanəti.

 

Məni,Vaqif Aslan, yaram yandırır,

Yar deyib yaramı saran yandırır.

Bu dağlar oğlunu aran yandırır,

Ay mənim dağlarım, qar əmanəti.

 

BƏNÖVŞƏNİ

Həmsöhbət olmusan bağçayla,bağla,

Özünə tən tutub tər bənövşəni.

Sənə kim dedi ki, məni qabaqla,

Sağından, solundan dər bənövşəni.

 

Günəşsən, doğmusan Şirvan düzündən…

Onunçün gün düşüb elə üzündən.

Mən bir öpüş alım qara gözündən,

Sən yaylıq üstünə sər bənövşəni.

 

Mən Vaqif Aslanam, belədir baxtım,

Nə vədəm bilinir, nə də ki vaxtım.

Sevənlər içində ucadır taxtım,

Mən dərə bilmərəm hər bənövşəni.

                                          YAZMIŞAM

Bu da bir nəğmədir, dinlə,sən Allah,

Onu gözlərinə baxıb yazmışam.

Dözə bilməmişəm gözünə, vallah,

Baxdıqca əriyib axıb yazmışam.

 

Nə qələm olubdur, nə də ki kağız,

Nə də söz tutubdur bu dil, bu ağız.

Gözlərim gözündən köz aldıqca, qız.

Özümü yandırıb, yaxıb yazmışam.

 

Haçansa açılan haçansa solub,

Alın yazısıdır – nə olub, olub!

Görüb gözlərini,  buludtək dolub,

Dəli şimşək kimi çaxıb yazmışam.

 

Ey gözləri gözəl, olma mənə yad,

Qoy alsın gözlərim gözündən murad.

Halal xoşun olsun, istəyinə çat,

Kəfəni boynuma taxıb yazmışam.

 

**********

*****