1939-cu ilin bu günü Səmədovlar ailəsinin üçüncü körpəsi – Vaqif Səmədoğlu dünyaya gəldi. Bülbül adına musiqi məktəbində oxuduqdan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirdi. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri , “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.
“Yoldan teleqramlar”, “Günü baxtı” , “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kimi şeir kitablarının müəllifidir. Onun yaradıcılığında şeirlə yanaşı “Bəxt üzüyü” , “İntizar”, “Uca dağ başında”, “Yaşıl eynəkli adam” kimi dram əsələri də xüsusi yer tutur. Vaqif Səmədoğlu Azərbaycan Respublikasının Xalq Şairi “Əməkdar İncəsənət Xadimi” adına və “İstiqlal” ordeni” , “Şərəf” ordeni” mükafatlarına layiq görülüb.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib.
Senet.az “HƏDƏF” nəşrlərində çapdan çıxmış “Vaqifə 40 dua” kitabından şairin qələm dostlarının ona həsr etdiyi şeirləri təqdim edir:
Fikrət Qoca:
Vaqif Səmədoğluna
Otuz ildən çoxdur
tanışlığımız…
Dalaşdığımız
özümüzlə,
barışdığımız yoxdur.
Danışdığımız
Danışmadığımızdan çoxdur.
Yaxşı gündə, pis gündə
qazancımız bir cüt
ayaqqabı oldu,
o da qaldı
yer kürəsinin üstündə…
Zəlimxan Yaqub
Şairin ölümü
Ağrılar əlində acizdi bəndə,
Nə həsrət üzülür, nə kədər ölür.
Dünya tutqunlaşar şair öləndə,
Nə qədər şeirlər, nəğmələr ölür.
Zirvələr yaş tökər, ucalar ağlar,
Cavanlar ah çəkər, qocalar ağlar.
Sözlər, qafiyələr, hecalar ağlar,
Şair can verəndə gör nələr ölür.
Gözündə Günəş var, könlündə sabah,
Hər fikri səngərdi, hər sözü silah.
Şairi öldürmə, ey qadir Allah,
O ölsə, nəğməli bir səhər ölür.
**
Vaqif Bəhmənli
Adaşıma
Adın altında daha bir kəlmə görünür:
Vaqif Səmədoğlunun 75 illik yubiley
gecəsindən sonrakı ovqat.
“Beşmərtəbə”ylə üzbəüz,
“Füzuli meydanı”nın tuşunda,
2014-cü il,
iyun ayının beşində,
“Azdrama”da,
Vaqif Səmədoğlunun
təntənəli yubiley axşamında
iki başı da düyünlü can qantelini
dünyanın ən yüngül
daşı kimi apardı Vaqif Səmədoğlu;
halbuki, mən
bundan nigaran idim…
Vurğun yadigarı adaşım
o möhtəşəm gecədə
çox əlamətlərə əl sürtdü,
toxundu çox nişanlara.
Bir az ağı,
bir az bayatı,
bir az da
həyat anlatdı
salona toplaşanlara…
Yəni ki, özünü
kişi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Prezident sərəncamını,
yetmiş beş illik
yubiley təntənəsini hökumətin,
Mədəniyyət və Turizm Nazirliyinin
işi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Azarı boğazladı,
nitqini tarazladı,
fikir verdi sözlərinə,
Salon qorxmasın deyə
eynəkli gözlərini
gürzə kimi zillədi
yeddi başlı xərçəngin
qan çəkmiş gözlərinə -
Halbuki, mən
bundan nigaran idim.
Yeriyirsə ürək -
yerimək asandı, dedi,
Xalq artisti Fəxrəddin Manafova
əsamdı, dedi!
Yeridi ehmal-ehmal;
nə tez, nə gec -
əsaya ehtiyacı olmadı heç!
Vaqifin yox, Manafovun
yıxılacağından
qorxdu salon…
uğurla bitdi son;
Diki endi,
düzü qalxdı
Səmədoğlu,
Həmişə olduğu kimi
səhnə pilləkənini
özü qalxdı Səmədoğlu-
Halbuki, mən
bundan nigaran idim.
Yetmiş beş yaşında Səmədoğlu,
İsraildə,
dünyanın o başında Səmədoğlu
yuxudan halsız ayılarkən
gözünü üzünə zilləyən
Nüşabə xanıma baxıb -
“Sevginin
nə demək
olduğunu
anladım,”-
dedi,
“Atamın
Azərbaycanı da
Nüşabə xanımın yanındaydı,
tək deyildi
o qadın” -
Halbuki, mən
bundan nigaran idim.
Nə bənzətmə, nə qafiyə…
Salonda
ayrı bir Vaqif də vardı;
Vaqif
Vaqifdi Vaqifə…
Adaşlar adaşlara,
qardaşlar qardaşlara
qapılar olmasa, nə olsun?
Təbibə yoxlatsam, məndə
xərçəng tapılar olmasa nə olsun? -
Halbuki mən
bundan nigaran idim.
“Beşmərtəbə”ylə üzbəüz
“Füzuli meydanı”nın tuşunda
“Azdrama”nın ağuşunda
altı yüz qadın-kişini
Səmədoğlu azarına
yoluxmuş gördüm,
Dünyada xərçəng adında
cəfəngiyat yoxmuş, gördüm…
Halbuki, bu,
yatsam, yuxuma da girməzdi!..
***
Rəşad Məcid:
Doydum
(Vaqif Səmədoğluna ithaf olunur)
Doydum –
adamlardan, söhbətlərdən,
bir-birinin eyni olan
məclislərdən, tədbirlərdən,
saxta, soyuq sifətlərdən…
İndi ən çoxbilmiş adamın
ağzını açanda deməyib
dilinin altında,
ürəyinin neçənci qatında
gizlədib saxladığı
sözünü də bilirəm…
Söhbətlərin yalanını da,
düzünü də,
məclislərdə deyilən hər kəlmənin
kimə, hara hesablandığını da –
bilirəm…
Bu salamın arxasında nə durur,
bu gülüş nəyə görədi,
o baxış nə üçündü? -
bilirəm…
Doydum,
sevgilərdən də doydum –
doğrusundan,
saxtasından…
başlamasından,
şahə qalxmasından,
bitməsindən,
gəlməsindən,
getməsindən…
Yaşananlardan yaşanmayanları,
deyiləndən deyilməyənləri
gördüm,
duydum,
doydum,
gerçəklərdən,
yalanlardan doydum…
İndi ən gözəli
bir uca dağ başına çəkilib
kinayəli-kinayəli süzməkdi dunyanı…
**
Hüseyn Bağıroğlu:
Dünyanın lal vaxtında
(Vaqif Səmədoğluna)
Bilən bilir mən kim idim
Bu dünyanın lal vaxtında.
Kolların ağac vaxtında,
Ağacların kol vaxtında.
Çəmənlərin kəpənəksiz,
Uçan quşların lələksiz,
Ağacların gül-çiçəksiz,
Meşələrin bol vaxtında.
Nə yol vardı, nə yol azan,
Nə yuxu, nə yuxu yozan…
Qəm çəkmirdi tale yazan,
Bu dünyanın xam vaxtında.
Nə dünyaya sürgün idim,
Nə də belə qəmgin idim.
Bilən bilir mən kim idim
Bu dünyanın lal vaxtında.
**
Dilqəm Əhməd:
Bahar məni görməyə
(Vaqif Səmədoğluna)
Divarda kəfkirli saat, saat içində sirli həyat
Əlimdə qadın fotosu, burnumda onun qoxusu
Ölüm yaman tələsdirir, sözüm də keçmir ürəyə
Ehhh yenə də ümidliyəm:
bəlkə məni görməyə, qəfil dönər geriyə.
Saat 20:30-dur, həyat sən demə, budur:
İllər yelqovan kimi yaşamını hey udur
Əqrəbi çək, mili qır, tez ol, həyatı durdur
Birdən acığa düşər:
Bahar məni görməyə, qəfil dönər geriyə.
Bu sevgi intəhasız, sonu yox, ünvanı yox
Saçlarım bəyazlanıb, damarımın qanı yox
Gözümü yummuram ki, ölümün amanı yox
Mələk də hey karıxıb:
Birdən məni görməyə, səfil dönər geriyə.