“Vaqon” – Akutaqava Rünoske

17 Baxış

Akutaqava

Akutaqava Rünoske 1892-ci ilin mart ayının 1-də Tokioda anadan olub. Yapon müəllifin 1915-ci ildə “Rasyamon darvazası” və “Burun” hekayələri işıq üzü görüb. Ömrünün sonlarına yaxın yazdığı “Səfehin həyatı” povesti müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir. A.Rünoske 1927-ci ilin iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək intihar edib.

Senet.az oxucularına “Ustad” dərgisinin 17-ci sayında Rövşən Danyerinin tərcüməsində Akutaqavanın “Vaqon” hekayəsini sizə təqdim edir:

Vaqon (hekayə)

Odavara ilə Atami arasında qatar relsləri çəkilməyə başlayanda Ryöhey hələ səkkiz yaşındaydı. O, tikintiyə tamaşa etmək üçün demək olar ki, hər gün qəsəbədən çıxırdı. Əslində, işi balaca vaqonlarla torpaq daşımaqdan ibarət olsa da, bu, ona çox maraqlı gəlirdi.

Fəhlələr əvvəlcə vaqona torpaq doldurur, sonra isə arxasına minərək vaqonu yoxuş aşağı sürürdülər. Vaqon dar reyslərin üstündə sağa-sola aşırmış kimi əyilir, işçilərin sarı jiletləri küləkdə bayraq kimi dalğalanırdı. Kaş Ryöhey də dəmiryolu fəhləsi olaydı… Heç olmasa, bircə dəfə vaqona minmək onun ən böyük arzusu idi. Vaqon üzüaşağı son dayanacağa gələndə öz-özünə dayanır, işçilər aşağı düşür, tezbazar torpağı ətrafa yayır, işləri qurtaran kimi də vaqonu üzü yoxuşa itələyərək gəldikləri təpəyə çıxırdılar. Ryöhey vaqona minmək arzusunu reallaşdıra bilməsə də, heç olmasa onu bircə dəfə itələməyi arzulayırdı.

Fevral ayının əvvəlləri idi. Ryöhey vaqonu görmək üçün özündən iki yaş balaca qardaşını və onun yaşıdı olan qonşu uşağı öz yanında götürərək, axşamüstü qəsəbədən çıxdı. Vaqon toz-torpağa bulaşmış, böyür-başı palçıqlı halda alaqaranlıqda boş dayanmışdı. Ətrafa nəzər yetirdilər, heç kim yox idi. Qorxa-qorxa relslərin qurtardığı yerdə duran vaqonu itələdilər. Üç uşağın gücü vaqonu yerindən qımıldatdı, təkərlər cığıldayaraq fırlanmağa başladı. Çıxan səsdən Ryöhey əvvəlcə hürksə də, ikinci cəhdindən bu qorxusu da yox oldu. Birlikdə vaqonu tappa-turupla itələyərək yoxuşdan yuxarı çıxartdılar.

20 metrdən sonra yoxuşun ən dik yerinə çatdılar. Nə qədər çalışdılarsa da, vaqonu yerindən tərpədə bilmədilər. Birtərəfdən də vaqonu yoxuş aşağı saxlamaq da çətinləşirdi. Ryöhey uşaqlara səsləndi:

– Tez olun! Vaqona minin!

Bir göz qırpımında vaqona mindilər. Təpənin dikliyi və uşaqların ağırlığından vaqon əvvəlcə yavaş, sonra isə get-gedə sürətlənərək üzüaşağı enməyə başladı. Sürətlə aşağı gələrkən qarşılarındakı mənzərə ikiyə bölünərək yanlarında keçib gedirdi. Ryöhey üzünə dəyən axşam mehindən xoşhallanaraq sevindiyindən uçurdu.

Ancaq iki-üç dəqiqə keçməmişdi ki, vaqon yenə öz yerinə qayıtdı.

– Uşaqlar, gəlin, bir də itələyək!

Birlikdə vaqonu təpəyə çıxartmaq üçün itələyirdilər ki, təkərlər fırlanmamış arxadan ayaq səsi eşitdilər. Ürəklərindəki qorxu bədənlərinə tam yayılmamış, hirsli bir səs qışqırdı:

– Köpək uşaqları! Sizə kim icazə verib ki, araba ilə oynayırsınız?!

Səs boyu uzun, başında mövsümlə uyğunlaşmayan həsir şlyapa, köhnə gödəkcənin üstündə çalışdığı firmanın emblemi olan jilet geyinmiş fəhlədən gəlirdi. Uşaqlar qorxudan elə qaçdılar ki, dönüb adama baxanda artıq 500-600 metr ondan uzaqlaşmışdılar…

Ryöhey evə qayıdarkən heç kim görməsə də, etdiyi işdən ötrü üstünə qışqırıldığı üçün vaqona ikinci dəfə minməyə cəsarət etməyəcəyini bilirdi. (Hətta illər sonra da uşaqlıq təəssüratının alovu sönüb köz salsa da, fəhlənin üzü və onun qaranlıqda alayarımçıq gördüyü sarı şlyapasını dəqiqliklə xatırlayırdı).

Hadisədən 10 gün sonra, günorta vaxtı yenə ora getdi. Yenə vaqonların gəliş-gedişini izlədi. Ancaq bu səfər keçən dəfəki kimi torpaqla yox, odunla dolu olan vaqon qatar qalın relslərin üstüylə o tərəf-bu tərəfə hərəkət edirdi. Vaqonu iki cavan fəhlə itələyirdi. Ryöhey ilk dəfə görəndə onlara qanı qaynamış, onlarla rahat münasibət qura biləcəyini hiss etmişdi.

“Bu adamlar mənə hirslənib, qovmazlar…” ürəyində bu cür fikirləşən Ryöhey, onların yanına getdi.

– Əmi, mən də itələyə bilərəm?

Damalı köynəkli olanı vaqonu itələyə-itələyə dedi:

– Yaxşı, itələ görək!

Bu cavab Ryöheyin ürəyindən oldu. Tez fəhlələrin arasına girdi və var gücüylə vaqonu itələdi.

Qulağının dibinə siqaret qoyan fəhlə uşağı həvəsləndirdi:

– Halaldı sənə! Bu cavan oğlanın gücünə-qüvvətinə bax bir!

Yoxuşu düzənlik əvəz etdi.

– Kifayətdir, artıq itələməyə ehtiyac yoxdur.

Fəhlələr bellərini qaldıraraq vaqonu itələməyə davam etdilər. Səbrini basa bilməyən Ryöhey qorxa-qorxa soruşdu:

– Olar indi də itələyim?

– Əlbəttə, cavan oğlan…

İkisi də eyni vaxtda dedilər.

Ryöhey “Gör, nə yaxşı adamdırlar!” deyə fikirləşdi.

Beş-altı yüz metr gedəndən sonra yoxuş yenidən başladı. Olduqları yer hər iki tərəfdən mandarin ağacları ilə əhatələnmişdi. Yeni meyvə vermiş ağaclardakı sarı mandarinlər günəşi canlarına çəkirdilər.

“Yoxuşlar mənim üçün daha yaxşıdı, çünki vaqonu istədiyim qədər itələyə bilirəm”.

Ryöhey bütün gücünü toplayıb vaqona girişdi.

Mandarin bağını keçəndən sonra yol aşağıya tərəf meyillənmişdi. Damalı köynəkli fəhlə “Tullanın!” demişdi ki, Ryöhey özünü vaqona atdı. Vaqon üç sərnişinlə ətrafa səpələnmiş portağal və mandarin qoxusunu yara-yara külək kimi üzüaşağı süzülməyə başladı. Ryöhey “Vaqona minmək itələməkdən daha yaxşıdır” – deyə hər kəsə məlum olan fikri düşünür, bir tərəfdən də kimonosunun jileti küləkdə dalğalanırdı. Başa düşmüşdü ki, nə qədər çox yoxuş yuxarı vaqon itələyərsə, bir o qədər də çox vaqona minəcəkdi…

Vaqon Bambukların yanından keçib dayandı. Üçü də birdən vaqonu itələməyə başladılar. Hər tərəf xəzəl idi. Saralmış yarpaqlardan ayaqlarının altındakı paslı relsləri ara-sıra görünürdü. O an, Ryöhey qəsəbədən çox uzaqlaşdıqlarını başa düşdü.

Sağ tərəflərində dəniz mənzərəsi görünəndə yenidən vaqona mindilər. Vaqon aşağıda xəzəl, yuxarıda uca ağaclar arasında sürətlə gedirdi. Ancaq Ryöhey əvvəlki kimi sevinə bilmədi. Öz-özünü danlayırmışcasına dedi: “Gecədi, evə qayıtsam yaxşı olar!”

Amma bilirdi ki, vaqon mənzil başına çatmamış fəhlələr geri qayıtmayacaq.

Dağın içindən keçən tunelin girişində, həsir tavanlı çayxananın qabağında vaqon yenə dayandı. Fəhlələr içəri girdi. Onlar bəh-bəhlə çay içə-içə belinə uşaq şəlləmiş qadınla söhbət edirdilər. Ryöhey narahat idi, vaqonun ətrafında iki dəfə fırlandı. Vaqonun taxta gövdəsinə qurumuş palçıq yapışmışdı.

Fəhlələr çaylarını içib durdular. Qulağının dibinə siqaret qoyan fəhlənin indi qulağı boş idi, amma bu dəfə də əlində qəzetə bükülü nəsə tutmuşdu. İçində bir neçə kökə olan qəzeti vaqonun yanında var-gəl edən uşağa verdi. Ryöhey etinasız tərzdə təşəkkür etdi. O, bu cür davranmağın ayıb olduğunu düşündü və özünü bağışlatmaq üçün kağızı açıb bir bulku götürdü. Qəzeti nədə istifadə etmişdilərsə, yaman pis kerosin iyi gəlirdi.

Vaqonu qabaqlarındakı yamac yuxarı itələməyə başladılar. Ryöheyin əli arabada, ağlı isə tamamilə başqa yerdəydi… Yamacı enəndə daha bir çayxana ilə qarşılaşdılar. Fəhlələr bura da girdilər, Ryöhey isə vaqona söykənib evə necə qayıdacağını düşünməyə başladı…

Çayxananın qabağındakı çiçək açmış ərik ağacına batmaqda olan günəşin şəfəqləri düşürdü. Hava yavaş-yavaş qaralırdı. Boş-bekar oturub gözləmək vaxtı deyildi. Hirsindən vaqonun təkərlərinə təpik vurmağa başladı. Bilirdi ki, gücü tək vaqona çatmayacaq, amma bununla belə hıqqana-hıqqana vaqonu itələməyə çalışdı…

Fəhlələr qayıdıb odunları boşaltmağa başladılar. Onlardan biri uşağı başından etmək üçün etinasız-etinasız dedi:

– Cavan oğlan, evinə qayıtsan yaxşı olar. Biz gecəni o biri qəsəbədə keçirəcəyik.

O biri də ona qoşuldu:

– Hə, geciksən evdən səni axtararlar.

Ryöhey çaşıb-qaldı… Hay-huy edənə qədər hava qaralmışdı. Keçən il anası ilə birlikdə qaranlıqda İvamuraya qədər getmişdi. Amma indi qarşısındakı məsafə ondan üç-dörd dəfə çoxdu. Özü də bu yolu tək getməli idi. Bu barədə düşündükcə onu ağlamaq tuturdu. Amma ağlasa da heç bir xeyri olmayacaqdı. Həm də ağlamağa vaxt sərf edə bilməzdi… Fəhlələrə əl yelləyərək sağollaşıb, dabanına tüpürüb relslər boyunca qaçmağa başladı.

Dəli kimi xeyli qaçdı. Getdikcə yorulurdu, qoynuna qoyduğu kökələr onu narahat etməyə başlamışdı. Əvvəlcə onları atdı. Həsir ayaqqabılar onun qaçmağına mane olurdu. Onları da bir kənara tulladı… Nazik corablarının altından ayağına daşlar batırdı, amma eybi yox… Əsas odur ki, ayaqları qaz tükü kimi yüngülləşmişdi. Dənizin sağ tərəfiylə üzüyuxarı qaçırdı. Aradabir ağlamaq hissi ona güc gəlsə də, ağlamamaq üçün hıçqırıqlarını güc-bəla tuturdu, gənziyi alışıb-yanırdı.

Bambukları keçəndən sonra Hiqan Dağının arxasından görünən Günəş bozarmağa başlamışdı. Ryöhey getdikcə daha çox narahat olurdu. Qayıtdığı yolun mənzərəsi getdiklərindən gözünə fərqli görünürdü. Narahatlığı qorxu əvəz edirdi. Tərdən yamyaş olan paltarları ona mane olurdu. Dəli kimi qaçır, dayanmadan jiletini çıxarıb atdı.

Ryöhey mandarin bağçalarına çatanda qəsəbəni qaranlıq ələ keçirmişdi.

Röhey gah yıxılır, ora-burasını əzir, ancaq yenə də “Təki canımı xilas edim” deyə düşünürdü.

Nəhayət, qaranlıq da olsa qəsəbənin kənarındakı qatar inşaatının başladığı yeri gördü. Dolmuşdu, amma yenə də özünü saxlayıb ağlamırdı. Özünü toplayıb qaçmağa davam etdi. Axırda suyun içində qəsəbəyə girə bildi…

Yolun iki tərəfinə səpələnmiş evlərin işıqları yanırdı. Tökdüyü tərlərin üzündə necə buxarlandığını özü də görə bilirdi… Quyudan su çəkən qadınlar, tarladan qayıdan kişilər Ryöheyin belə qaçdığını görüb arxasınca səslənirdilər:

– Sənə nə olub? Niyə qaçırsan?

Ancaq o, heç kimə hay vermədən, mağazaları, bərbərləri və başqa dükanları keçərək qaçmağa davam edirdi.

Evin qapısına çatanda artıq taqəti qalmamışdı. Özünü saxlaya bilmədi və bağıra-bağıra ağlamağa başladı. Valideynləri onun səsinə çölə çıxdılar. Anası onu bağrına basıb, sakitləşdirməyə çalışdı. Ancaq o, əl-qol atıb anasının qucağından çıxmaq istəyir, bir tərəfdən də içini çəkə-çəkə ağlayırdı. Elə bağırırdı ki, qonşular onun səsinə yarıqaranlıq küçəyə çıxmağa başladılar. Atası və qonşuları uşağı sakitləşdirməyə çalışdılar, amma nə fayda?! Ryöhey tutduğunu buraxmırdı. O qədər yolu qaranlıqda yalınayaq tək qaçıb gəlmişdi. İndi də ağlamaq onun haqqı idi. Heç kim buna mane ola bilməzdi…

Ryöheyin 26 yaşı olanda arvadı və uşaqları ilə birlikdə Tokioya köçdü. İndi jurnalda redaktorluq edir. Bəzən heç bir səbəb olmasa da, uşaqlıqda başına gələn bu hadisəni xatırlayır.

Həqiqətənmi heç bir səbəbi yoxdu? Xeyr… Gündəlik qayğılar, ailəsinə baxmaq üçün gecə-gündüz işləyən bu adamı yolunun üstündə indi də illər əvvəl olduğu kimi qaranlıq meşələr, dik yoxuşlar gözləyir.