Varis Yolçuyev: “Metroda kitab satışın ləğvi kitablarımın tirajına təsir göstərdi”

200 Baxış

VARIS– Varis bəy, demək olar ki, özünüzü ədəbi cameadan uzaqda tutursunuz. Belə demək doğrudursa, başınızı aşağı salıb, işləyirsiniz. Bilmək istərdik, hazırda yaradıcılığınızda hansı yeniliklər var?          

 

– Avropada tanınmış bir prodüsser mərkəzi ilə anlaşmaq üzrəyəm. Rusiyada  2016-cı il Beynelxalq Moskva Ədəbi Mükafatının L.Tolstoy adına Böyük Proza  nominasiyasında 20 nəfərlik qısa siyahıya düşməyim münasibətilə keçirilən görüşlər, müsahibələr, korporativ tədbirlərdən ibarət  piar kampaniyasına başlamışam . Həmçinin Türkiyədə 4-cü kitabımın – “Yaşıl üzlü gündəlik”in nəşri prosesi gedir. “3+1” adlı audio-kitabımın Polşada təqdimatı keçirməyi planlaşdırıram. Həmin audio-kitab Adam Mitskeviç medalının nominantıdır. Bakıda isə sayca 10-cu romanımı çapa hazırlayıram.  Bu roman “Üçbucaq” adlanır.

– Azərbaycanın ən çox oxunan müəlliflərindən birisiniz. Bəs siz özünüz kimləri oxuyursunuz?

 

– Hazırda dünya xalqlarının müasir “bestseller”ləri seriyasını daha çox mütaliə edirəm. Arada kənaraçıxmalar da olur. Məsələn, Nobel mükafatçısı Svetlana Aleksiyeviçi oxumamışdım. “Müharibə qadın simalı deyil” romanını indi oxuyub bitirdim. Yaradıcılığını izlədiyim Orxan Pamukun əvvəllər oxumadığım “Səssiz evi”ni oxudum. Eləcə də uşaqlıqda oxuduğum Cerom Sellincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını iki-üç gün olar təkrar oxudum. Hazırda Vilhelm Ştikelin memuarlarını, elece de Viktor Rozanovun fəlsəfi qeydlərini də mütaliə edirəm.

 

– “XAN” Nəşriyyatında “Əzilmiş fotoşəkillər” kitabınızı yenidən nəşr olunacaq. Yenidən nəşr etdirməyiniz hansı zərurətdən yarandı?

 

– Mənim Bakıda 9 kitabım çıxıb.Hazırda onların 7-sinin təkrar nəşrinə zərurət yaranıb. Kitablarımın pirat nüsxələri bazara mütəmadi çıxarıldığından yeni və təkrar nəşrlərimin hüququnu “Hədəf” Nəşrlərinə həvalə etmişəm. Qeyd etdiyiniz “Əzilmiş fotoşekillər” romanının bu, 3-cü təkrar neşri olacaq.

 

– Arxada qoyduğumuz 2015-ci il sizin üçün düşərli oldumu? Bu ildə yazıçı kimi hansı uğurları qazandınız?

 

ezilmis– AzƏrbaycanlı oxuculara borclu qaldım, yeni kitabım çıxmadı. Amma il ərzində beynƏlxalq uğurlarım yeterincə oldu. Xüsusən “Metamorfoza” romanımın Amerikada işıq üzü görməsini, eləcə də Rusiyada olduqca nüfuzlu “Sovremenniki i klassiki” seriyasından “Yanvarın 13 günü” kitabımın çıxmasını qeyd etmək istərdim.

 

– İstərdim bizə yazı prosesiniz barəsində məlumat verərdiniz? İşləyirsiniz, yazmağa necə vaxt tapırsınız?

 

– Çox yaradıcılığa çətinliklə vaxt tapıram. Mən roman yazmağa uzun müddət beynimdə hazırlaşıram, bütün suallara cavab tapdıqdan sonra qələmə əl atıram. Bəzən yuxusuz gecələrimin hesabına başa gəlir yaradıcılığım mənə. Kaş ki, Azerbaycan yazıçıları da yalnız öz peşəkar fəaliyyətləri ilə məşğul ola biləydilər…

 

– Varis bəy, sizin ilk kitabınız çox böyük şöhrət gətirmişdi. İndi necə kitablarınız əvvəlki kimi çox satılır, maraqla qarşılanırmı?

 

Əlbəttəki ki, “Sonuncu ölən ümidlərdir” kütləvi roman oldu. 6 təkrar nəşri, 20 mindən yuxarı orijinal nüsxələrinin satışı… Günü bu gün də piratçılıqla məşğul olanlar təkrar-təkrar onu çap edirlər.  Metroda kitab satışın ləğvi kitablarımın tirajına təsir göstərdi. Məsələn, o vaxtkı 10 minlik tirajım 2014-cü ildə çıxan “Yaşıl üzlü gündəlik” romanımda artıq 6000 nüsxəyə düşmüşdü. Bu metroda kitab satışının ləğvi ilə bilavasitə bağlı idi. Ölkədəlo devalvasiya ilə bağlı hazırkı durumda düşünürəm ki, yeni çıxacaq kitabımın tirajı bir az da aşağı düşəcək.

 

– Bazarda sizin kitablarla rəqabət aparan ancaq detektiv əsərlərdir. Rəqabətə davam gətirmək, bazarı əldə etmək üçün detektiv yazmağı düşünürsünüzmü?

 

– Əlbəttə yox. Mən dramı, xüsusən psixoloji dramı, fəlsəfi dramı tərk etmək niyyətində deyiləm.

 

– Bəs başqa üslublara necə müraciət edəcəksinizmi?

 

– Haçansa qocalanda yəqin ki, memuarlarımı yazacağam. Avtobioqrafik bir əsərə müraciət edəcəm. İnsan bir yoldur, haçansa bitir. Bitən anında geriyə boylanmağa məcburidir. Və əfsus ki, bu yol dairəvi olmur.

 

 

 

 

 

Bölmə : Manşet