Varlı və səfil Rembrandt

96 Baxış

Rembrant

Rembrandt Harmens van Reyn 15 iyul, 1605-ci ildə Hollandiyanın Leyda şəhərində dəyirmançı ailəsində anadan olub. İlk təhsilini latınca təhsil verən məktəbdə alan Rembrandt dərslərdə həmişə rəsm çəkirdi. Buna görə də rəhbərlik tərəfindən tez-tez cəzalandırılırdı. 14 yaşında məktəbdən çıxıb, rəssam Yakob İssakszın emalatxanasında işləməyə başladı. Bir müddət burada çalışdıqdan sonra, Amsterdama getdi. Burada Pieter Lastmannın şagirdi oldu.  1625-ci ildə Leydaya qayıtdı. O, xüsusi ilə qravürlər çəkməyi sevirdi.  Qravür sənəti qazandığı şöhrəti və incəsənətdəki yerini məhz rəssam Rembrandta borcludur.

Atasının ölümdən sonra 1632-ci ildə Amsterdama köçdü. “Professor Tulpun anatomiya dərsi” adlı rəsm əsəri böyük şöhrət tapdı. 1634-cü ildə varlı ailənin qızı olan Saskiya van Uylenburq ilə evləndi. Bundan sonra sonu bədbəxtçiliklə bitəcək varlıqlı həyata başladı. Sənətdən anlayışı olmayan, ona rəsm çəkdirmək üçün sıraya düzülən varlıların sayəsində Rembrandt qısa müddət ərzində böyük sərvətə sahib oldu.

“Samsonun kor edilməsi” və “Susanna hamamda” adlı əsərlərində həyat yoldaşı Saskiyanı model kimi istifadə edib. Eyni üzə rəsmin birində vəhşət və ehtiras, digərində isə məsumiyyət ifadəsi vermişdi.  İnsan ruhunun dəyişgənliyinə əhəmiyyət verən Rembrandtı başa düşmək üçün bu iki əsəri müqayisə etmək lazımdır.

Əvvəl Saskiya, daha sonra isə anası Neltgen dünyasını dəyişdi. O, oğlu Titus ilə tək qaldı. Oğluna baxmaq üçün tutduğu dayə Qertje Dircx, təkcə oğluna deyil, həm də özünə baxmağa başladı. Ər-arvad həyatı yaşadığı bu qadından 1649-cu ildə gücbəla ilə canını qurtara bildi. Bu arada “Gecə qarovulçusu” adlı bir əsər yaratdı. Ancaq bu rəsm bəyənilmədi. Ənənələrdən imtina etdiyi  365×438 santimetr ölçülərində böyük tablo, əslində Hollandiya rəsm sənətinin ən dəyərli əsəri idi. O, 1645-ci ildə özünə qulluq göstərməsi üçün Hendrike Stoffels adında 25 yaşlı bir xidmətçi tutmuşdu. Qertje Dircxdən canını qurtardıqdan sonra onun yerini Hendrike aldı.

Rembrandt bu qızla əvvəllər çox xoşbəxt idi. Onu sevirdi. Onunla rəsmi şəkildə evlənmək istəyirdi. Ancaq köhnə arvadı Sasiya vəsiyyətinə Rembrandtın evlənməyinə əngəl yaradacaq maddələr qoymuşdu. Bu maddələrə əməl etməsə onun sərvətindən məhrum qalacaqdı. 1654-cü ildə Hendrikedən Komeliya adında bir qızı oldu.

Rəssamın müştəriləri azalmağa başlamışdı. Çəkdiyi əsərlər cəhalətin qurbanı olmuşdu. Dəb üçün portretlər çəkdirən varlılar artıq onu unutmuşdu. “Davutun arvadı Batşaba” və “Zinakar qadın” əsərlərində o, model kimi Hendrikedən istifadə etmişdi. Hendrike həm oğlunun dayəsi, həm əsərlərində istifadə etdiyi model, həm də ilham pərisi idi.

Sevgilisini “Xendrikke Stoffelsin portreti” ilə dünya sənət tarixində ölümsüzləşdirdi. O, çəkdiyi hər əsərdə ziyana işləyirdi. Oğlu üçün tikdirdiyi evdən başqa hər şeyi satılıb-qurtarmışdı. Hətta yatmaq üçün çarpayısı belə qalmamışdı.

1662-ci ildə Henrike, 1668-ci ildə isə oğlu Titus öldü. Bu itgilər Rembrandt üçün böyük bir zərbə oldu.

Artıq rəssamın yanında Komeliya ilə qoca bir xidmətçidən başqa heç kim qalmamışdı. Titusun arvadı Madeline van Lou da qızı dünyaya gələndən qısa bir müddət sonra dünyasını dəyişdi.

Rembrandt 63 yaşına çatmamış bütün sevdiklərini itirmişdi. Həyatının son illərində qocalıq portretini yaratdı. 1669-cu ildə, yağışlı, qaranlıq bir gündə, çörək, şərab və pendirdən ibarət axşam yeməyindən sonra uzun müddət bu rəsmə tamaşa etdi. Gözləri yaşardı. Əlindəki şamı söndürdü. Çarpayısına uzandı və yatdı. Bu yuxudan bir də oyana bilmədi. Oktyabrın 4-ü ölməsinə baxmayaraq 8-i dəfn edildi.

Rembrandtdan bir neçə dəyərsiz əşya, bir neçə əsər və köhnə paltarları qaldı. O, uzun bir müddət dövrü keçmiş rəssam kimi xatırlandı. 19-cu əsrə qədər Rembrandta olan baxış dəyişmədi. Ancaq Hollandiya muzeyləri ilə yanaşı Paris, Dresden, Münix, London, Berlin və Leninqrand muzeylərində saxlanılan əsərləri, incəsənət tarixinin yeni məlumatlar əldə etməsi ilə, 19-cu əsrin sonlarında böyük marağa səbəb oldu.

Rembrandt böyük bir virtouz idi. Qoya, Daumier kimi məşhur rəssamlar ondan təsirlənmişdilər. “İşıq-kölgə” texnikası ilə işləyən ilk və ən mükəmməl rəssam kimi adını tarixə yazdırdı. Rembrandt, portretçilikdə yeni mərhələ başlatmışdı. O, insanın ruhi vəziyyətini üzü vasitəsilə göstərə bilirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10