Vasif Əlihüseyn – “Vəfalı Bobik”

68 Baxış

vasif elihuseynBelə bir məsəl var: “İtə etibar yoxdu” doğrusu bunu kim deyib dəqiq bilmirəm, amma deyilənə görə “atalar” deyib. Mən bu fikirlə heç vaxt razı olmamışam və razı olmamaqla da “atalar”ı səhv çıxartmaq fikrim yoxdu. Dünya ədəbiyyatını oxuyarkən rus yazıçısı İ.S.Turgeniyevin “Mumu” hekayəsi, M.S.Şedrinin “Vəfalı alabaş” hekayəsi mənim yaddaşımda silinməz bir iz buraxıb. Düşünürəm ki, bu dünya ədəbiyyatında itlər üçün yazılmış ən yaxşı ədəbiyyat nümunələridir. 

Müasir Azərbaycan ədəbiyyatında şair Qəşəm Nəcəfzadənin “Bu gecə itləri güllələdilər” şeiri də, itlər haqda yazılmış yaxşı ədəbiyyat nümunəsidir. Əslində bunları deməkdə məqsədim sizi yormaq yox, rayonda ata evimizdə adını “Bobik” çağırdığımız itimiz haqda danışmaq istəyirdim.

“Bobik” bizə körpəliyində yox, böyüklüyündə gəlib. Kəndçimiz Şakir dayı sabah oyanıb görür ki, tövlənin qapısı açıqdı və saxladığı heyvanlardan birini oğurlayıblar. Bu oğurluqda “Bobik”i təqsirli bilib, onu nəyi var döyür. Kənd uşaqlarına car çəkir ki: “mən bu iti qapımda it eləmərəm, kimə lazımdı gəlsin aparsın”. Elə bu xəbəri eşidən qardaşım Tural “Bobik”ə sahib çıxaraq onu evimizə gətirir. “Bobik” o vaxtan bu günə kimi, yəni düz on il bizim ailəmizin üzvünə çevrildi. İnəyinin oğurlanmasına görə, “Bobik”in hürməməyinə şübhə ilə yanaşan Şakir dayı, üç gün sonra inəyini yaxınlıqdaki taxıl sahəsindən tapanda barmağını dişləmişdi ki: “Aha, deməli inəyi oğurlayanlar heç də özgə adam olmayıb və “Bobik” ona görə susub”. Amma, belə bir hadisədən sonra, Şakir dayı “Bobik”i geri istəmədi. 

İlk əvəllər bağlı saxladığımız bu vəfalı iti, sonradan zəncirdən açıb sərbəst buraxdıq. Bu yaşadığı on il ərzində “Bobik” bu evi göz bəbəyi kimi qoruyurdu. Onun bircə səsi, zəhmi qapıya gələn adama bəs edirdi. Amma, bu illər ərzində bu vəfalı it, Şakir dayını da unutmamışdı. Heç olmasa həftədə bir dəfə min metrlik yolu qətt edib Şakir dayının da evinə baş çəkirdi. Bu yaxınlarda kəndə gedəndə gördüm ki, “Bobik” əldən düşüb, nə yeriyə bilir, nə hürə bilir. Sanki, həyətimizə sükut çöküb. “Bobik” mənə, hardasa “Vəfalı Alabaş”ı xatırlatdı. 

Bir neçə gün sonra isə “Bobik”i itirdik, elə bu yazını da o, neçə illik xidmətlərinə görə qazandı. Yazar dostum Şəhriyar Del Gəraninin “Yoxdu xəbərin” şeirində belə bir parça var:

dalıyca ağlayan kimsəsi yoxdu,
təkcə, şüşəbənddə durub boylanan,
yağqabı dibçəklər yoldu gülünü.
mən də yasa batıb saqqal saxladım,
mənə hamı güldü, yoxdu xəbərin…
hələ sən gedəli qolum qurudu,
itimiz də öldü,
yoxdu xəbərin…

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10