Vasiteyi-nicatımız nədədir? – Ömər Faiq Nemanzadə

17 Baxış

19

Bugünkü adətimiz, əfkarımız zaman və məkanımızın vəzi nəzərə alınarsa, nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər, sanıram. Hərçəndi bir millətin tərəqqisi əsasən ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə, avropalıların tərəqqisi ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın ümdəsi, bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır.

Mənim bu sözlərimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülərlər. Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur. Amma həqiqətdə isə belə deyildir. İdareyi-ruhaniyyələr bizim yeganə şəri-məhkəməmiz, milli məclisimiz, icmai-idarəmiz, xüsusi kabinetimiz, müstəqil məşrutəxanəmizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islamı saxlayan da odur, bu günkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyyəni biz indiyə qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarəinin millətilə olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmamışıq. Biləks həməvaxt öz zərərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmağına bol-bol müsaidələr etmişik.

Odur ki, dareyi-ruhaniyyələrimiz bizi səlamətə çıxaracaqları əvəzinə bu gün başımıza ən böyük bir bəla və boyunduruq, tərəqqi və maarifimizə, hürriyyəti-vicdanımıza ən möhkəm bir sədd olubdur.

Burasını bir az izah edək: bir millətin tərəqqisi yüz şeyə bağlı isə, yüzü də ancaq məktəb və mədrəsədir və bunların yoldaşları olan minbər və vaizdir. Halbuki məktəb və mədrəsələrimiz qanunla ürfan idareyi-ruhaniyyələrimizin ixtiyarındadır. Demək ki, bizim vücud və ruhumuz idareyi-ruhaniyyələrin əlindədir. İndi nicat və ya fəlakəti-milliyyəmizə bu dərəcə mərbutiyyəti olan bir idarənin əhvalına üzdən bir göz gəzdirək. Görək belə bir əhəmiyyətli idareyi-milliyyə bizim üçün indiyə qədər nə iş görüb? Görək bu son iyirmi beş-otuz il içində bizim üçün neçə məktəb və mədrəsə vücuda gətirib?

Bu və bunlar kimi bir çox suallara cavab şəkk yox ki, heç, tam mənası ilə heç…yenə də heçdir…

***

Təfsili çox ziyada tul çəkən bu kimi cigərsuz əhvalı buraxıb əsl mətləbə keçək. Zahirən məhz bizim üçün, biz millətin nəfi üçün təsis olunan idareyi-ruhaniyyələrin millətə vurduqları və vuracaqları təhlükəli zərərlərin əsl baisi kimlər olduğunu axtaraq. İdareyi-ruhaniyyələri öz keflərinə, öz istibdadlarına, özgələrin siyasi oyuncağı olmağına yol verənləri mülahizə edək. Bugünki sui-idarələrini üləma yerinə üləmanüma bir parça cahil və heysiyyətsizlərin mənsəbi-aliyyəyi qəsb edib maarifi-milliyyəmiz arxını qurutmağa çalışmalarının əsl səbəbini nəzərə alaq…

Ətraflıca nəzərə alıb mülahizə edəcək olursaq görəcəyik ki, idareyi-ruhaniyyələr barəsində nəzərə gələn hamı yamanlıqların, hamı müsibətlərin əsl və yeganə baisləri məhz bizik, biz camaatıq. Biz havaxt idareyi-ruhaniyyələrin nə olduğunu tanımaq istəmişik? Biz havaxt bu idarələri özümüzə mal etməyə, yəni öz milli idarəmiz olmağına çalışmışıq? Biz havaxt bu idarələrdən özümüzə gələn zərər və zülmləri dəf etməyə, onların əsl sirlərini axtarmaq zəhmətinə düşmüşük?

Bir idarə heyətinin ki, nəsb və əzli bizimlə, bizim intihabımızla deyildir, ondan bizə nəf gözləmək özü atıb özgədən nicat, ümid edənlərin puç xəyalına oxşar.

Həyat və məmatımız xidmətinə bağlı olduğu bir rəis, bir qazı barəsində, hüsn-şəhadət, həqqi-tərcih ki, qəsdləri, fikirləri məlum, bir para pristavların, naçalniklərin əlində, əzl və kənarları qubernatorların kefinə asılı ola, elə bir rəisdən, qzıdan, əzadan nə ümid edə bilərik və nə ümid etməyə haqqızım vardır.

Bunlarla bərabər bir az da təbiəti-bəşəriyyəni nəzər-diqqətə alaq. Məlumdur ki, ümumiyyətlə, insanlar, xüsusilə elm və iqtidardan, həmiyyəti-milliyyədən məhrum olanlar əzl və nəsb sahiblərinə, böyük müstəbidlərə, güclü görünən sahibi-mənsəblərə boyun əyməkdən, tabe olmaqdan, onların xahişinə görə əməl etməkdən geri durmazlar. Bir rəis, bir qazı ki, millətindən bir kömək, ya bir zərər və qorxu ümid etməyə və millət nəzərində məsul olmaya, o hakim millətinə, əlbəttə ki, bəhəqq xidmət etməz. Biləks, idareyi-ruhaniyyələr təşkil olunandan bəri bir çoxlu gözəl mədrəsələrimiz, minbərlərimiz bayquşlara məskən olub. Bir çoxlu qeyrətli üləmaların, həmiyyətli müdərrislərin yerlərini bir para cahil və əxlaqsızlar tutub. Hələ bu son zamanlarda idareyi-ruhaniyyələrin iltifatları sayəsində qazılıq və üzvlük kimi elmə, vüqufa, iqtidara bağlı olan ali mənsəblər elə cahillərin, bixəbərlərin əlinə düşübdür ki, ərəbcə o yana dursun, türkcə belə yazmaqdan acizdirlər.

Halbuki həmin bu cahil və aciz sahibi-mənsəblərin olduğu yerlərdə nə qədər müqtədir, məlumatlı və həmiyyətli ruhanilərimiz var ki, kənarda qalıb, türkcəsi alçaq və rüsvalıqla rəisləri məmnun edə bilmədiklərindən bir loxma çörəyə möhtacdırlar.

İdarələrə və qubernski məclislərə baxınız. Diqqətlə baxınız ki, qismətiməab cənab sədrlərin dairələrini kimlər əhatə edib? Görəcəksiniz ki, üzvün biri sədrin yoldaşı oğlu, sekretar əmisi oğlu və yaxud qardaşı oğlu, uyezd qazısı kargüzarçısının bacısı oğlu…və qeyri.

Ya duxovnı mollalar? Ah, burasını heç soruşmayın. Bu başına döndüyüm qulluqda nəinki “elm”, bir balaca savad belə lazım deyil. O qədər ki, adı molla, özü bir-iki motal pendirə malik ola və ya canına qurban olduğum bir şeyxdən, bir ağadan “iltimas” kağızı gətirə biləcək qədər gözü açıq ola, o yanısı asan…

Ey əhli-insaf! Bilirsiniz idarə və məclis imtahanları maarifi-milliyyəmizə nə böyük zərərlər, nə dəhşətli yaralar vurur. Duxovnı imtahanları bir neçə manatlıq zəhirmara endirələndən sonra, aya, kimdə elmə həvəs və qeyrət qalar, kim elmi-təhsil etmək istər?

Əlbəttə, elm duxovnuluq üçün deyildir, vəsilədir, amma yemək, yaşamaq da istənilir. Kimdir aclıq və həqarət üçün ömr sərf edib oxuyan?

Madam ki, məişət və elmi bir mənsəb bir neçə girvənkə yağ və pendir ilə ələ gəlir, kim dəlidir ki, mədrəsə künclərində çürüyüb elm təhsil etsin? Bir də idareyi-ruhaniyyələrin təhti-nəzarətlərindəki məktəblərə baxınız, baxınız ki, bizim bu yeganə milli və rəsmi məktəblərimizdə əcəba nə oxunur, kimlərdir dərs verənlər?

Bu məktəblərdə oxuyub qurtaranları imtahan ediniz, görün kənd məktəblərində oxuyanlardan təfavütləri varmı? Binəva məzlum uşaqların ataları elə güman edirlər ki, nuri-çeşmləri Tiflisdə elm təhsil edirlər. Nə bədbəxtlik, nə avamlıq!

Ya məscidlərimiz, minbərlərimiz? Of, burası daha yaman, daha acıqlı! Odur ki, dirilmək, tərəqqi etmək və hürr olmaq istəyən millətlər cümlə hakimlərin, vəzirlərin, hətta padşahların millət nəzərində məsul tutulmalarını qanunun ən birinci maddəsinə daxil etmək istərlər. Bunun üçün də mal və candan keçirlər. Siyasi məktəblər hələ bir yanda dursun, ruslar ilə həmməzhəb olan qonşumuz gürcülər ruhani idarələrini milli və müstəqil etmək üçün gecə-gündüz çalışırlar.

Peterburqdan fərmani-imperator ilə gələn rəisi-ruhanilərini ümumən baykot edib, nəinki kəndlilər, hətta heç bir gürcü ruhanisi də rəis ilə görüşmür. Bu səbəblə binəva yalqız qalıb nə edəcəyini çaşırıb.

Bu cənab Peterburqdan təzə gələndə bir neçə məclislərdə şiddətli nitqlər ilə elan edirdi ki, gürcülər üçün əlahiddə idarə mümkün deyildir. Halbuki indi qəzetlər ilə kəmali-təvazö ilə elan olunur ki, gürcülərin ruhani idarələrinə yaxın vaxtda Peterburqda baxılacaqdır, təvəqqe olunur ki, o vaxta qədər camaat rahət və sakit olsun.

Demək ki, gürcülər də nicatlarını ruhani idarələrini camaat əlinə almaqda bilib bu barədə heç bir şey diriğ etmirlər.

Xülasə, böyük bir dövlətə tabe olan xırda millətlərin öz idareyi-ruhaniləri öz ixtiyarlarında olmazsa, o millət mövcudiyyətini heç vaxt saxlaya bilməz.

Buna görə millətini, vətənini sevən cümlə müsəlmana fərzeyindir ki, cənab Əhməd bəy Ağayevin təklifini canü dildən qəbul edib, Gəncədə bir məclis-millinin təşkilinə səy etsin.

***

Əhməd bəy Ağayevə.

Alicənab! İdareyi-ruhaniyyələrin (idareyi-ruhaniyyələrimiz deməyə utanıram) islahı üçün Gəncədə bir məclis təşkilini ümumə həvalə edirsiniz. Çox gözəl, lakin camaatımızın, zəmanəmizin bu günkü halı ona müsaidə edirmi ki, bu müqəddəs əməlin hüsuluna hər kəs felən çalışa bilsin? Yaxşı olmazmı ki, Bakı kimi mərkəzdə bu işdən ötrü bir heyət təşkil edilsin. Bu heyət hər şəhərə dəvətnamələr yazıb vəkil intixabını təvəqqe etsin və Gəncədəki ümumi məclisin vaxtını təyin edib rüsxəti-rəsmiyyəsini alsın.

Nemanzadə,

“İrşad” qəzeti, 9 oktyabr 1906, № 237.