Vatikan arxivi türk araşdırmaçıları gözləyir

24 Baxış


Vatikan arxiviVatikan Kitabxanası və Gizli Arxiv idarəsinin rəhbəri Monsenyor Jean-Louis Brugues Vatikan arxivlərinin qapılarının türk araşdırmaçıları üçün açıq olduğunu bildirib. O, “Arxivçiliklə maraqlanan gənc dostlar bizə bu kataloqları yaratmaq üçün dəstək olmaq istəyərsə mən çox məmnun olardım” deyib.

Senet.az TRT Haber-ə istinadən bildirir ki, xüsusi dəvətlə Türkiyəyə gələn Brugues “Vatikan Kitabxanası və Gizli Arxivi” mövzusunda toplantıya qatılıb. Brugues Vatikan Kitabxanasında rəhbər kimi fəaliyyətə başlayarkən Papa XVI Benediktin “Mən Sizə kilsənin xəzinələrini təslim edirəm. Amma bu xəzinə yalnız kilsəyə aid bir xəzinə deyil, bütün insanlığın xəzinəsidir” dediyini xatırladıb.

Jean-Louis Brugues insanlıq tarixinə nəzər salındıqda bir toplumu, xalqı məhv etmək istəyənlərin o toplumun yazdıqlarını yox etdiklərini söyləyərək bildirib ki, “Əlimizdəki yazılı mənbələrin ən qədimləri 3-cü əsrdən etibarən yazılmış olan mənbələr, arxivlərimiz dağılmış vəziyyətdə olan arxivlərin biraraya gətirilmiş, toplanmış bir halıdır. Toplama və biraraya gətirmə işləri 17-ci əsrdən həyata keçirilir və biz bu arxivlərə “Gizli Arxivlər” adını vermişik”.

Papaların səfərləri zamanı bu arxivləri bir yerdən başqa yerə apara bilməsinə gəlincə isə Brugues materialların bir qisminin bu yolla məhv olduğunu qeyd edib: “Bunu etiraf etməliyəm ki, arxivlərə ən böyük zərbələrdən biri fransızlar tərəfindən dəyib. Napaleon Romanı işğal etdiyi zaman Vatikanın bütün arxivlərini alıb Parisə aparıb. Napaleondan sonra bu arxivlərin təkrar Romaya qaytarılması tələb edilmişdir. Bu arxiv içində dünyanın ən zəngin medalyon kolleksiyasından biri vardı. Bürünc və gümüş medalyonların bəziləri geri qaytarıldı, amma qızıl medalyonların heç biri geri gəlmədi. Fransa hökuməti bu qızıl medalyonların hara yox olduğunu açıqlaya bilmədi”.

Brugues Vatikan arxivinin dünyanın ən zəngin arxivi olduğunu söyləyib: “87 kilometr boyunca uzanan kitab servisimiz var. Bu da milyonlarla sənəd deməkdir. Hələlik kataloq halına gətirilməmiş sənədlərin olduğu böyük salonlar var. Arxivçiliklə maraqlanan gənc dostlar bu kataloqları yaratmaq üçün bizə dəstək olmaq istəyərsə mən çox məmnun olaram”.

 

 

Bölmə : Sənət xəbər, Tarix