Vaxtanq Kikabidzenin ikiqat zarafatı – Yaddaş

16 Baxış

elisefder huseynov

OLJAS SÜLEYMENOVUN QƏZƏBDƏN TİTRƏYƏN SƏSİ VƏ DOLMUŞ GÖZLƏRİ

1990-cı ildə Bakıda qanlı qırğın törədildiyi günün səhəri türk xalqının ləyaqətli oğlu Oljas Süleymenov xəstə olmasına baxmayaraq, dərdimizə şərik olmaq üçün Bakıya gəldi, bir neçə gün şəhərdə qaldı və yaşadığı mehmanxananın da divarları gülləbaran edilən şair (görəsən, bu, təsadüf idimi?) Azərbaycan televiziyası ilə çox təsirli bir çıxış elədi. Yaxşı xatırlayıram – çıxışının sonunda qəzəbdən titrəyən və kövrələn şair göz yaşlarını zorla saxladı…

O vaxtlar mən “Bakı” qəzetində işləyirdim və ertəsi gün işdə bu çıxış haqqında danışıb onun mətninin qəzetlərdə dərc olunmasının vacibliyini vurğuladım. Şöbə müdiri, yazıçı-publisist Ağəddin Mansurzadə (Allah ona rəhmət eləsin) təklif elədi ki, təcili telestudiyaya gedim və əgər komendant Qorbaçovun ünvanına ittiham dolu bu çıxışın yazısını pozdurmayıbsa, onu lentə alıb gətirim. Əl altında diktofon yox idi, vaxt isə gözləmirdi. İşi belə görən qocaman jurnalist Şakir Abdullayev (Allah ona da rəhmət eləsin) evlərinə zəng edib səsyazma funksiyası olan böyük bir maqnitofonu təcili redaksiyaya gətizdirdi və mən həmin o maqnitofonu götürüb telestudiyaya getdim, çox çətinlikə, necə deyərlər, partizanlıq edə-edə Oljasın çıxışının surətini yazıb redaksiyaya gətirdim. Həmin o təsirli və tarixi çıxışının mətni “Qışdan sonra mütləq bahar gələcək” sərlövhəsi ilə (bu ifadə Oljasa məxsus idi) qəzetimizin axşam çıxan nömrəsinin 1-ci səhifəsində dərc olundu. Ertəsi gün isə bütün qəzetlər bu mətni öz nömrələrində O.Süleymenovun məqaləsi kimi paylaşdılar.

Və mənə elə gəlirdi ki, həmin yazını oxuyan hər kəs Oljasın titrəyən səsini də eşidir, dolmuş gözlərini də görürdü…

Fikirləşirəm ki, nə yaxşı ki, biz o vaxt bu işi gördük. Çünki həmin çıxışın videoyazısı yəqin ki, çoxdan silinib. Amma qəzet variantı artıq tarixi fakta çevrilib.

Allah bütün şəhidlərə rəhmət eləsin, O.Süleymenova isə cansağlığı versin.

39 İL ƏVVƏL GENNADİ XAZANOVUN “DİLİNİ” NECƏ “AÇDIM”

1982, ya da 1983-cü ilin payızı idi. Məşhur parodiya ustası Gennadi Xazanovun Bakıya qastrol səfəri gözlənilirdi.

Şəhər ictimaiyyəti bu görüşə ciddi hazırlaşırdı. Onun iri şəkilləri ilə müşayiət olunan afişalar Bakının ən gur yerlərində asılmışdı. Xazanov o vaxtlar şöhrəti bütün SSRİ-ni bürümüş persona idi və onun canlı konsertlərinə düşmək hər adama nəsib olmurdu. Buna görə də biletlər hələ onun gəlişindən əvvəl satılıb qurtarmışdı. İndiki H.Əliyev adına sarayda konsertlər başlayandan sonra isə axşamlar sarayın qarşısında 1 bilet öz qiymətindən 3-5 qat baha qiymətə göydə gedirdi.

Amma hər axşam az qala bütün Bakının Xazanovla birlikdə güldüyü həmin o dəmlərdə Bakıda çıxan bütün qəzet redaksiyalarında bir gərginlik hökm sürürdü. Aydın məsələdir ki, qəzetlər bu səfəri geniş işıqlandırmalı idilər. Amma Xazanovun jurnalistlərlə o qədər də arası yox idi və müsahibə verməyi xoşlamırdı. Hətta rus dilində çıxan nüfuzlu qəzetlərin təcrübəli müxbirləri də öz arzularında umsuq qalmışdılar.

Günlər isə bir-birini əvəz edirdi.

Belə günlərin birində dərsdən sonra kandarını yağır elədiyim “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında mənə Xazanovdan müsahibə almaq təklifi ediləndə düzü, əvvəlcə çaşıb qaldım. Amma ” Könlü balıq istəyənin…” məsəlini xatırlayanda razılaşmaqdan başqa əlacım qalmadı.

…Havalar soyuq keçirdi. Axşam lap nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən qıfıllandım, köhnə, nimdaş plaşımı geyinib üz tutdum Saraya tərəf. Telefon köşklərindən birinə girib inzibatçının əvvəlcədən əldə etdiyim nömrəsini yığdım. Cavab eşidən kimi mıqsədimi bildirdim. İnzibatçı daş atıb başını tutdu: “Nə danışırsan? Konsertə az qalıb, Xazanov dincəlir”.

Dedim, mən Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının birgə orqanı olan nüfuzlu qəzeti təmsil edirəm. Mümkünsə, kömək edin.

İnzibatçı dedi:

- Bir az gözlə, Xazanovla danışım. Bəlkə sizi onun özü ilə calaşdıra bildim.

Dəstəyi asıb bir dəfə sarayın başına fırlandım. Sonra daha bir dəfə… və üçüncü zəngdə dəstəkdən Xazanovun səsi gəldi. Məqsədimi bildirdim. Xazanov çox quru tərzdə dedi ki, mənə maksimum 10-15 dəqiqə ayıra bilər. Dedim, razıyam və dəstəyi asıb saraya tərəf cumdum, içəri keçib az qala qaça-qaça yuxarı mərtəbəyə qalxdım və deyilən otağın qapısını döydüm.

Xazanov kresloda oturub kofe içirdi. Mizin üstündə o vaxtların ən defisit siqareti olan bir qutu “Marlboro” vardı. Başını qaldırıb salamlaşdı, yer göstərdi və sonra üzümə baxdı – yəni eşidirəm.

Mən ilk sualımı verdim və elə ilk cavabı eşidən kimi onun jurnalistlərlə belə soyuq münsibətinin səbəbini anladım – Xazanov sadəcə olaraq müsahibə verməyi bacarmırdı, daha doğrusu, onun jurnalistlərin heç xoşlamadığı müsahibə vermək üsulu vardı – hər sualı 2, uzabaşı 3 cümlə ilə cavablandırırdı.

İndi gəl bu söhbətdən müsahibə düzəlt!

Mənim verdiyim 5 suala Xazanov maksimum 12-13 cümlə ilə cavab verdi. Bu müddət ərzində həmin o 10-15 dəqiqə də əriyib yox oldu və Xazanovun qırımından anladım ki, artıq şələ-küləmi yığışdırıb getmək vaxtıdır.

Axşam söhbəti mətnə çevirəndə kağız üzərində çox kiçik, “balacaboy”, sınıq-salxaq bir müsahibə doğuldu.

Yaxşı, indi mən onu redaksiyaya necə aparım? Deməzlərmi ki, ay perspektivli jurnalist hesab elədiyimiz filankəs, səninki elə bu qədər imiş?

Yenidən qarşımdakı mətnə, Xazanovun cavablarına baxdım. Bu dəfə onlar mənə açılmaq üçün tərpəşən tumurcuq, yaxud gözü açılmaq istəyən bulaq təsiri bağışladı. Elə bil yazdığım hər cavab içində ən azı 5-6 cümlənin enerjisini gizlətmişdi və o cümlələr yazılmış cümlənin bətnindən xilas olub onu tamamlamaq istəyirdi.

Məsələn, mənim “Sizcə, bir sənət hadisəsi kimi gülüşün mahiyyəti nədir” sualıma Xazanov belə cavab vermişdi: “Gülüş digər sənət növlərinə nisbətən daha demokratikdir, insanları birləşdirən sənət faktıdır”. Bu cümlənin içindəki alt cümlələr üzə çıxarılıb elə onun özünə qatılmaq üçün alışıb-yanırdılar və bu işdə onlara kömək etmək sözlə manipulyasiya etmək yox, onun çatdırdığı informasiyanın sərhədlərini genişləndirmək kimi bir şey idi.

Qələmi götürüb işə başladım, cümlələri elə “suvardım” ki, hər biri qol-budaq atıb şaxələndi və müsahibə də boy atıb, “kökəlib” sanballı bir görkəm aldı.

Səhər müsahibəni redaksiyaya aparanda şöbənin işçiləri yaxşı mənada təəccübləndilər. Yazı Nəriman müəllimə çatanda isə demişdi: “Bu tələbəyə halaldır. Təcrübəli jurnalistlərin edə bilmədiklərini o bacardı”.

VAXTANQ KİKABİDZENİN İKİQAT ZARAFATI

Ötən əsrin 70-ci illərində “Qəm eləmə”, “Mimino” filmlərində yaratdığı parlaq obrazlarla Azərbaycanda da xeyli pərəstişkar qazanmış Vaxtanq Kikabidze 80-ci illərin ikinci yarısında müğənni kimi Bakıya qastrola gəlmişdi. O vaxt mən “Bakı” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müxbiri idim və təbii ki, qəzet üçün qonaqdan müsahibə almaq da mənə həvalə olunmuşdu.

“Batano”nun (gürcülərdə müraciət formasıdır) qaldığı mehmanxanada görüşdük, ikimizin də bir-birinə caladığı siqaretlərin tüstü dumanına qərq olmuş lüks nömrədə söhbət etdik. Deməzdim ki, müzakirə edə biləcəyimiz bütün mövzular ətrafında geniş, əhatəli fikir bölüşdük – Bakı şəhər partiya komitəsinin orqanı olan “Bakı” qəzetində “Şəhərimizin qonaqları” rubrikası altında verilən yazıların standart həcmi və tematikası vardı və qəzetin bütün digər əməkdaşları kimi mən də bu yazılmamış qaydalara riayət etməli idim. Digər tərəfdən, o illərdə diktofon-filan yox idi, biz jurnalistlər müsahibəni ya yaddaşımıza “yazırdıq”, ya da bloknotumuza. Hər günü gərgin rejimdə keçən qonaqların isə bizə, necə deyərlər, “imla” yazdırmağa nə həvəsləri olurdu, nə də vaxtları…

Amma həmin görüş vaxtı mən daxilimdən gələn inersiya ilə həmsöhbətimə bir neçə plandankənar sual verdim. Onlardan biri də “Qatso”nun özünün hansı aktyoru sevməsi ilə bağlı idi.

Kikabidze sualı eşidən kimi dərhal Georgi Burkovun adını çəkdi və soruşdu:

- Yəqin onu tanıyırsan da?

Mən “Qaraj”, “Qırmızı basin ağacı” və sair filmlərdə maraqlı obrazlar yaratmış bu aktyoru tanıyırdım. Amma həmin o məqamda nə isə “Georgi Burkov” sözlərini aparıb həmin aktyorun adının və soyadının yerinə qoyaraq məsələni, Zülümov demişkən, birdəfəlik həll etməyə mane oldu. Bunu hiss edən Kikabidze yuxarıda sadaladığım filmlərin adlarını çəkdi, amma yenə də bir şey hasil olmadığını görəndə zarafata keçdi, analogiya metoduna müraciət edərək “daşdan keçən” arqument gətirdi:

- Nə əcəb tanımırsan? – dedi, – sonra sağ əlini dodaqlarına tərəf apardı, nə hoqqa çıxartdısa alt dodağı pırtlayıb çıxdı qabağa və əlavə elədi:

- Bax belə sallaq dodağı var – lap sənin dodağın kimi (?!)

Uşaqlıq illərində alt dodağımın həqiqətən bir az sallaq olduğunu, sonrala da bir müddət bu tip dodaqların siyahısında qaldığını bilirdim. Amma ağlıma gəlməzdi ki, ötən müddət ərzində bir çox əyir-əskiyimi rəndələyib abıra salan illər mənim bu eybimin öhdəsindən tam gələ bilməyibmiş.

“Qatso” bir az tutulduğumu görüb zarafatına son nöqtəni qoydu:

- Əşi, fikir eləmə, elə mən özüm də salladodağın biriyəm. Bir bax…

Baxıb gördüm ki, “Qatso” düz deyir, heç onun da fərli-başlı dodağı yox imiş.

…Gülüş sizin ciddi simanıza çox yaraşır, batano Vaxtanq. Allah cansağlığı versin!

Əlisəfdər HÜSEYNOV
525.az