Vecimə də deyil heç mənim

440 Baxış

elchinefendiDolların manata nisbətən bahalaşması son günlər əhalidə əməlli başlı çaşqınlıq yaradıb. Devalyasiya prosesindən mənafeləri naminə istifadə edən neçə-neçə sahibkar “vecimə də deyil heç mənim” deyərək, qiymətləri süni şəkildə artırmaqla məşğuldurlar. Belələri çinlilər demişkən “başqasının çörəyini yeyən vicdansız siçovullar” adlanır və yaxud da cibgirlər.

Dövlət öz büdcəsinin sabit qalması üçün müəyyən addımlar atmalıdır. Bu labüddür. Amma dövlətin addığı addımlardan kimlərsə sui-istifadə etməməlidir. Və dövlətin atdığı bu addımlardan xalq ciddi zərər görməməlidir.

Bir çağırış edili ki, sırf qiyməti artıranlara qarşı mübarizə aparılsın. Dərhal xəbər gəldi ki, etməyin, eləməyin bəs siz dövlətə qarşı çıxırsınız. Dedik yaxşı. Və ardınca ağlamaq tutdu bizi. Niyə? Ona görə ki, hələ ölkə vətəndaşı dərk etmir ki, sahibkar dövlət deyil, dövlət isə sahibkardır. Sahikara qarşı olmaq dövlətə qarşı olmaq demək deyil.

Bundan bir fayda olmayacağını düşünərək sosioloji sorğuya əl atdıq.

Bir sıra insana aşağıdakı şəkildə suallar ünvanlandı:

– Siqaretin qiyməti qalxdı. Nə düşünürsən?

– Arağın qiyməti qalxdı. Nə düşünürsən?

– Ərzaq bahalaşdı. Nə düşünürsən?

– Belə getsə, benzin qalxacaq. Benzin qalxsa, gediş haqları da qalxacaq. Gediş haqları qalxsa, təkər və digər texniki avadanlıqların da qiyməti qalxacaq. Ümumiyyətlə hər şey qalxacaq. Nə düşünürsən?

Əksər insandan aldığımız cavab:

- Vecimə də deyil heç mənim. Get, işinlə məşğul ol.

Ciyərimiz yandı. Əsəbdən gərildik. Dözmədik və dedik:

- Ay binəva, ay bədbəxtliyini, cahilliyini dərk etməyən bədxah, bütün bunlar sənə təsir etməyəcəkmi? Nə vicdansız adamsınız, ə, siz.

Əlacımız kəsildi. Bir neçə nəfər yığışaraq qərar aldıq ki, başqa bir şey fikirləşək. Mübarizə aparaq. Sual olundu “necə?” Və çox keçmədən cavab gəldi. Yolları kəsək. Avtomobillərin hərəkəti dayansın. Etirazımızı bildirək. Belə də etdik.

- Əl-ələ tutun.

Yolu kəsdik. Kənardan 4-5 ağsaqqal qışqırdı:

- Cavansınız, a bala. Gəlib indi tutub aparacaqlar sizi. Hərənizdən də 1000 manat alıb buraxacaqlar.

Digəri qayıtdı ki:

- Manat yoxe, dollar.

Fikir vermədik. Durduq yerimizdə.

Avtomobillər gəldi. Qarşıdakı avtomobilin sürücüsü başını çölə çıxardı və bağırdı:

- Ala, neynirsiniz?

- Qiymət artımına qarşı mübarizə aparırıq.

- Cəhənnəm olun. Mənə nə. İmkan verin yoluma davam edim.

Bu zaman dostlardan biri qışqırdı:

- Ala, qaçın.

- Niyə?

- Polislər gəlir.

Bir neçə polis nəfəri gəldi. İçlərindən biri qışqıraraq səsləndi:

- Dağılışın.

- Niyə?

- Azzar ağrı niyə. Dedim ki dağılışın.

- Danışığına diqqət et, vətəndaş.

- Sən mənə necə danışmaq lazım olduğunu göstərcəksən? Mən sənə göstərərəm içəridə necə danışırlar.

- Təhdidini yığışdır, vətəndaş. Mən Azərbaycan respublikasının vətəndaşıyam. Azərbyacan Respublikadının Konstitusiyasına əsasən hər kəsin sərbəst toplaşmaq hüququ var. Hər kəsin fikir və söz azadlığı var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində isə vətəndaşın şəxsiyyətinin alçaldılması yolverilməz hal olaraq öz əksini tapmışdır. Belə hallara yolverən şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Nəhayət ölkə prezidenti cənab İlham Əliyev demişdir ki, “Azərbaycanda heç kim fikirlərinə görə təqib olunmur”. Bizim məqsədimiz dövlət çevrilişi deyil, hakimiyyətə qarşı deyil. Biz muxalifət də deyilik. Sadə vətəndaşıq. Özü də hamımız hakim partiyanın nümayəndəsiyik. Sadəcə öz hüquqlarımızı tələb edirik. Süni qiymət artımına yox deyirik.

- Sən lap işverənsən ki.

- Haqqınızda məhkəməyə şikayət edəcəyəm. Zəhmət olmasa, şəxsiyyət vəsiqənizi, və polis olduğunuzu təsdiq edən sənədinizi təqdim edin. Siz insan dili ilə deyil, qanun dili ilə başa düşərsiniz.

Polis yanındakılara üzünü tutaraq:

- Gəlin, gedək. Bunlar bizi işimizdən də edərlər. Nə edirlər etsinlər. “Vecimə də deyil heç mənim”.

Onlar getdikdən sonra ətrafa baxdım ki, məndən başqa heç kim yoxdur. Hamı qaçıb. Polis bunlar deyərkən yanılmışdı. O sadəcə hüquqlarını bilən vətəndaşdan qaçmışdı. Təəssüf hissi ilə başımı bulaya-bulaya yoluma davam etdim. Bir xeyli sonra əhalinin böyük əksəriyyətinin bir yerə toplaşdığını gördüm. Sevindim. Nəhayət ki, bu xalqın birliyini gördüm deyə. Tez onlara doğru qaçdım. Hamısı uzanaraq, sakit dayanmışdı. Hansısa bambılının “Vecimə də deyil heç mənim” mahnısının sədaları altında mürgüləyirdirlər.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10