Velosiped

278 Baxış

m2Senet.az oxucularına Müşfiq XANın yeni hekayəsini təqdim edirik

Velosiped

İnsanları xəlvəti sevirəm. Topluma isə nifrət edirəm. Özümü əməlli-başlı inandırmışam ki, bu iki xüsusiyyət mənim qeyri-adiliyimdi. Yoxsa yaşamaqdansa, çıxıb getmək ağır basar həmişə. Bu müvazinəti saxlamaq zor bir işdi, mənimçün.

İnsanlar məni dahi bilir. Əslində dəlinin biriyəm. Yaramaz olduğumu da düşünə bilərsiz. Hərdən elə hiss edirəm ki, ümumiyyətlə mənim heç özümə də faydam yoxdu.

Yaşım çox deyil. Bunu yəqin bilirəm. Təxmini müşahidələrimə görə yaşca mənnən böyük dönər satanın “dayı” çağırdığının da şahidi olmuşam, toydakı ofisiantın “qaqaş” deməsinin də. Əvvəllər yaşımı tez-tez hesablayardım. Hər dəfə yaşımı soruşanlara bir yaş artıq deyərdim. Ağılsız işdi. İllərin necə keçdiyinin fərqinə varmadım. Həyatın hesabını xeyli zamandı qarışdırmışam. Yəqin mən borclu olaram. Cəhənnəmə ki. O borclu olsa guya nə dəyişəcək? Onsuz da işi-gücü almaqdı. Hər kəs halidi ki, cığaldı. Daha doğrusu fırıldaqdı. Mənim kimi fağıramı qaytaracaq borclarını?!

Artıq doğum günlərini də əvvəlki həvəslə gözləmirdim. Əslində həvəslə gözlədiyim illər olurdu, amma hamısı da həvəssiz keçirdi. Qonaqlı-qaralı, qırx-əlli nəfərlik doğum günləri eehh çox keçmişdə qalmışdı. Altı nəfərlik ailəmizlə keçirdiyimiz xudmani doğum günləri də dünya tarixi kitablarınnan oxuduğum lüzumsuz hadisələr qədər ancaq xatirimdədi. Sonralar ən qələbəlik doğum günlərimdə təkcə özüm olurdum. Hərdənsə bunnan da az adam. Yoxa lənət.

Olub-bitənlər haqqında yazdığım bu hekayədə hansı zamanda olduğumu da tam xatırlaya bilmirəm. Bütün bunlara baxmayaraq üçcə şeyə şəksiz əminəm və yaxşı xatırlayıram. Birincisi, yaşım çox deyil. Elə ən çox xatırladığım da budur.

Ailəmizin səkkiz yaşımı qeyd etdiyi günü də tez-tez xatırlayıram. Dediklərinə görə artıq “yekə kişi” olmuşdum. Kənddəki həyətimizdə sallaq söyüdün altında açılan süfrədə atamla dostlarının dedikləri orijinal sağlıqların heç biri şübhəsiz ki, yadımda qalmayıb. Amma xatirimdədi ki, həmin məclisdə atamın təklifi ilə mən də rumka qaldırmışdım. Doğrusu içib-içmədiyim dəqiq yadımda deyil. Deyəsən tamsınmışdım. Zəqqum! Qoltuğuma hül verib həmin gün məni iş dalınca yolladılar. Qoyun-quzunun yemini tədarük etməkçün qonşu məhəllədən bir xaral kisə gətirməli idim. Evə zülmlə gəlib çıxdım. Atam o qədər təriflədi ki, ağrı-filan da hiss eləmədim. Toy səhəri günü başladı. Nənəm bir həftə çiynimə xəmir təpitməsi qoymalı oldu. Çətinliklə olsa da, yavaş-yavaş əməlləşirdim. Bilmirdim bu necə baş verir, amma babam deyirdi ki, “əməlləşmisən, artıq qazəllibiri yuya bilərsən”. Ötən yeddi gün müddətində sağ çiynim sallaq o qədər gəzmişdim ki, sağalannan sonra da qanadı sınmış göyərçini xatırlatdığımı deyirdilər. Sonralar başa düşdüm ki, “yekə” kişi olmur. Ümumiyyətlə kişi “yekə” olmur. Əlqərəz, səkkiz yaşım qeyd olunan gün də heç vaxt xatirimnən çıxmayıb.

Ölənə qədər unutmayacağım üçüncü doğum günüm isə 92-ci ilə təsadüf edir. Bayaq dediyim kimi, bu yadımda qalan üçcə dənəsinnən sonuncusudur…

Həyatım boyu velosipedim olmayıb. Olmasını on beş il arzulamışam. Alınmayıb. Almayıblar. Əmimoğlum atama kömək edirdi. Onun varı idi. Velosipedi deyirəm. Atam almışdı. Mən atama daha çox kömək edirdim. Amma mənə almırdı. Kömək etmək mənim borcum idi. Atamın da borcu idi. Ha ağzımı doldururdum istəməyə, üzüm gəlmirdi. Tərslikdən də borcunu heç kim ona xatırlatmırdı. İndi fikirləşirəm ki, bizimkilər də mənim kimi atamın zəhminnən çəkinirmişlər. Gözdən iraq yer tapan kimi əmioğlumun “şkolnik”inə baxıb köks ötürür, hərdən də ağlayıb ürəyimi boşaldırdım. Beləcə özümü birtəhər ovutmağı öyrənmişdim. Necə ki, indi də o günlər yadıma düşdükcə fikirlərimi kəsik-kəsik, rabitəsiz zorla nəql edə bilirəm…

Bir gün mənim də velosipedim olacağı arzuları ilə dərslərimi əla oxumağa başlamışdım. Tərslikdən də heç kim söz verməmişdi ki, əlaçı olsan sənə velosiped alacam. Öz aləmimdə siyasət işlədib atamın gözünə girməyə çalışırdım. Avarlanmırdım. Əmioğlunun velosipedini qaçırdıb sürməyə başlamışdım. Dinmirdilər. Qısa vaxtda təkəlli, bir az sonra ruldan tutmadan, arxa tərkdə oturub sürməyi öyrəndim. Dinmirdilər, – deyirəm ha, atam dinmirdi. Əmioğlum isə qəti imkan vermirdi. Son günlər “şkolnik”in spislərini qıfıllamağa başlamışdı. Xəsis! Paxıl! Vəhşi!

O ilki doğum günüm idi. Fürsət tapıb velosipedi qaçırtdım. Bu dəfə lap uzağa sürəcəkdim – rayon xəstəxanasının yanına kimi. Eşitdiyimə görə bir kilometrlik yol idi. Hələ bir də geri qayıtmağı saysam, iki kilometr. Ləzzət! Yolüstü “Sarı qızın” küçəsinnən də sürəcəm. Bu dəfə bir az çox gülümsəyəcək. Böyük qardaşı arxamca çaylaq daşı atsa da, bu dəfə heç bir işə yaramayacaq. Çünki velosipedi sürməyi çox yaxşı öyrənmişəm. Bəlkə də əyilib daş tapana qədər gözdən itmiş olaram. Çox getməmişdim. Təmtəraqlı xəyalların müşayiəti ilə neçə metr sürdüyüm indi qətiyyən yadımda deyil. Amma əmioğlumun əlində uşaq biləyi yoğunluqda taxta ilə qızmış düyə kimi mənə tərəf bağıra-bağıra qaçması indiyə qədər gözlərimin önündədi. Bir də öz qışqırığımın sədası o vaxtdan bəri küy kimi qulaqlarımda ilişib qalıb, getmir. Vitka məni velosiped qarışıq süpürüb torpağı görünən asfaltın kənarına tullamışdı. Qonşumuz idi. Çoxdan rəhmətə gedib. Köhnə “nolüç”ü ilə vurmuşdu məni. İndi o maşınların nəsli kəsilib. Heç yerdə görə bilməzsiz. Dediyinə görə maşının əyləc sistemi qəfil sıradan çıxmışdı. Günah onda idi. Sürücünü deyirəm. Mənim də günahım var idi. İşlərin maddəsi isə əmioğlum idi. Hə, atamın bu işdə günahı yox idi…

Həmin günkü doğum günü burnumnan gəldi. On günnən çox yerdə yatdım. Həyətdəki ləmnən qalxa bilmədim. Nənəm canla-başla qulluğumdaydı. Ürəyimə nehrə yağı kimi yayılırdı. İş-zad buyuran yoxdu. Ənsəmdə şiddətli ağrı hiss edirdim. Bir ay doğramacdan başqa ürəyim heç nə istəmədi. Nənəmin əllərinin şəfası bəhrəsini vermişdi. Amma yaramazlıq edib daha bir həftə özümü xəstəliyə vurdum. Sağalmaq istəmirdim, – desəm yalan olmaz. Hamının səni əzizləməsi necə fövqəladə bir hismiş, İlahi! Təxminən iki aya yaxın da baş-ayaq kimi gəzib-dolandım. Gözlərimin zəiflədiyini isə bir neçə il sonra hiss etməyə başladım.

İllər keçdikcə daha pis görürdüm. Gecələr hər kəsin doğru-dürüst görə bildiklərini qaraltı kimi zorla seçə bilirdim. Bu çox sonralar idi. Zaman o zaman idi ki, artıq həkimlər atama ürək xəstəliyinə görə ömürlük özünə yoldaş edəcəyi indi adını unutduğum hansısa tabletkanı yazmışdılar. Hər gün bir dəfə qəbul etməliydi. Bir də şiddətli ağrılar olanda içməsini tapşırmışdılar. Bizə isə kişiyə göz-qulaq olmağı tövsiyə eləmişdilər.

Həmin gün gecədən xeyli keçmiş ayaqyoluna getmək üçün həyətə düşmüşdüm. Ayın üzü pərdələnmişdi. Geniş həyətdəki gündüzlər yaxşı seçdiyim nar ağaclarını, veyllənən sarı pişiyi, köhnə dəmir masanı iri qaraltı kimi çətinliklə görə bilirdim. Daş pilləkəni yuxarı qalxanda nar ağacının yaxınlığında qəribə səs eşitdim. Qaraltı olduğunu ancaq görə bilirdim. Astaca tərpənirdi. Xeyli aralıda olduğuna görə geri qayıtmadım. Yəqin pişiklərdi, – fikri ilə evə qalxıb yatdım.

Səhəri erkəndən anamın ürəkparçalayan cikkəsi ilə açıb hamımız həyətə tökülüşdük. Atam nar ağacının altında – gecə mən iri qaraltı gördüyüm yerin biraddımlığında canını tapşırmışdı. Həkimlər həmin vaxt dərmanını verən olsaydı, heç nə olmazdı dedilər…

Üstünnən illər keçib. Atam hər dəfə yuxuma gələndə mənə “şkolnik” alıb gətirir. Qutularını da açmadan bala-bala həyətdəki tövləmizə yığıram. Dünən bacımla köməkli saymağa çalışdıq. Sayıb qurtara bilmədik. Gərək bu gün davam edək.

Hərdən mənə elə gəlir ki, yəqin mənim min yaşım var. Əslində hələ heç həşdat səkkiz də tamam olmayıb…

23-24 sentyabr 2015

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10