Vətən müharibəsi ədəbiyyatda

4 Baxış

hg

Ədəbiyyat da Vətən müharibəsinə səfərbər oldu. İstər döyüşlər, istərsə də mövqe qələbələri tarixləşdirildi.

AZƏRTAC xəbər verir ki, Əməkdar jurnalist Rəşid Faxralı hərbçi jurnalist kimi Vətən müharibəsindən əvvəl səngərlərdə əsgərlərlə söhbətlərini, onların düşüncələrini maraqlı və düşündürücü səviyyədə oxucularla mətbu sözlə həmişə bölüşüb. Vətən müharibəsində döyüşdə döyüşçülərlə nəfəs-nəfəsə döyüş ovqatı yaşayıb. Onun məqalələri, reportajları Vətən müharibəsindən əvvəl də, Vətən müharibəsində də əsgərlərin döyüş əzminin, qələbə ruhunun ifadəsi olub.

Rəşid Faxralı yazırdı: “Sən zamanında dünyaya yol göstərən bir xalqın əsgərisən, Azərbaycan əsgəri! Kəhər atı kişnəyən, qılıncı kəsərdən düşməyən, yay-oxunun kirisi boşalmayan igidlərin ruhunun işığı ruhuna hopub”; “Səngərin o üzünə baxanda qaşlarınız çatılır, yumruqlarınız düyünlənir, əliniz avtomatınızın qundağını sıxır. İşğala son qoymağa can atırsınız, milli-xəlqi ruhumuzun harayı da, ürəyiniz də sizi sərhəd bütövlüyümüzü təmin edəcəyiniz günə çəkir. Həmin gün indimizə də, yüz-yüz illərin, min-min illərin o üzünə də gözaydınlığı olacaq…”; Lələtəpədən əsən təntələk yellər Cocuq Mərcanlıda ağacların yarpaqlarına qonurdu. Bunu mən də duyurdum, döyüş növbətçiliyindən qayıdan əsgərlər də. İndi yellər əvvəlki kimi əsmir, ayrı şövqlə, ayrı istəklərlə, ayrı sevgilərlə əsir”; “Yaxın vaxtlarda Şuşanın dağlarını dumansız görəcəyik, İsa bulağının zümzüməsi elə gözəl şirinləşəcək ki, Cıdır düzünün gülü-çiçəyi qalib əsgərlərimizin ayaqlarına səriləcək, Xarıbülbülün duruşu gözəlləşəcək, Xan qızının ruhu kövrəkliklə, “Qara bağlar qırıldımı, Qarabağım?” – deyəcək…”…

Vətən müharibəsində yazdıqları da, Vətən müharibəsindən sonra 44 günün fəlsəfəsi haqqında publisistik fikirləri də Vətən müharibəsindən əvvəl yazdıqları məqalələri, reportajları, düşüncələri, esseləri məntiqi baxımdan gözəl tamamlayır…

Rəşid Faxralının “Əsgər nəfəsi” kitabına səngər şeirləri, 2016-cı ilin aprelində yazdığı “Lələtəpə”, “Bayraqtəpə” poemaları, Vətən müharibəsində yazdığı “Torpağım bəsdi mənə”, “Salam, ruhumuzun şəhəri Şuşam!”, Zəfərdən sonra yazdığı “Qələbəyə salam olsun!” poemaları da daxil edilib…

Vətən müharibəsində əvvəl yazılmış

Şuşa, Cıdır düzü, İsa bulağı, …
Hələ yol gözləyir qulağı səsdə.
Səngər müvəqqəti dayanacaqdı,
Böyük Qələbənin yolları üstə!..
misralarının möhürbəndi
Dağlar dağ səbriylə dinləyir indi
Qalib əsgərlərin ayaq səsini.
Cıdır düzü gülür…
İsa bulağı
Oxuyur “Qarabağ şikəstəsi”ni!..

misraları olur…

Rəşid Faxralının Vətən müharibəsində qazanılan Zəfərə həsr edilmiş “Əsgər nəfəsi” kitabı istər müharibə tariximizin zərrəsi kimi, istər müharibə tarixinə ədəbi hesabat kimi dəyərlidir…

Bölmə : Ədəbiyyat