VI Şairlər Günü

20 Baxış

Beynəlxalq Muğam Mərkəzində VI Şairlər Gününə həsr olunmuş ədəbi-bədii, musiqili gecə keçirilib.

Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Həmçinin görkəmli şair və yazıçılarımızın məzarları da ziyarət olunub.

Şair və yazıçılar böyük söz ustadı Səməd Vurğunun ev-muzeyinə baş çəkib, sonra Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpiblər.

Sonra tədbir Beynəlxalq Muğam Mərkəzində davam edib.

Mərkəzinin foyesində “AYBkitab” layihəsi çərçivəsində çap olunmuş “Vaqif Səmədoğlu. Sandıq şeirləri” kitabının təqdimatı keçirilib.

Müasir poeziyamızın görkəmli nümayəndəsi, dramaturq, Xalq Şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunan poeziya gecəsinə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Tədbirdə V.Səmədoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xalq şairinin həyat yolu və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Gecədə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran, Rusiya, ABŞ və İsraildən qonaqlar, həmçinin ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Xəyal Rza çıxış edərək şairlər günü haqqında məlumat verib. Bildirib ki, istedadlı nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə qeyd olunan bu ənənəvi mərasim bir poeziya bayramına çevrilib. Dünyanın bir çox ölkələrindən bu bayramda iştirak etmək üçün nümayəndələr təşrif gətirirlər.

AYB-in sədri, Xalq yazıçısı Anar çıxışında həm sevindiyini, həm də kədərləndiyini söyləyib. Bu iki əlçatmaz sənətkarın xatirəsinə göstərilən ümumxalq məhəbbətindən sevinsə də bu müqtədir sənətkarların artıq həyatda olmadıqları onu həyəcanlandırdığını söyləyib. Xalq Yazıçısı əziz dostu V.Səmədoğlunun yeni şeirlərinin işıq üzü görməsində böyük əməyi olan Nüşabə xanıma təşəkkürünü bildirib və hər iki böyük şairə həsr etdiyi şeirlərini oxuyub.

Xalq Şairi Nəriman Həsənzadə çıxış edərək şairlər gününün əhəmiyyətindən danışıb. O, M.Müşfiq və V.Səmədoğlunun yaradıcılıq məziyyətlərindən, Azərbaycan ədəbiyyatının inkişafına verdikləri töhfələrdən söz açıb, M.Müşfiqə həsr etdiyi şeirini oxuyub.

“Bir millət, iki dövlət!” olan Azərbaycan və Türk dünyasinin ortaq mədəniyyətləri paylaşdığını deyən İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız hər kəsi ilhama gətirən bu gecədə iki şeirini tamaşaçılara ərməğan edib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Azərbaycanı özünə doğma Vətən bildiyini söyləyib, xalqımızın qədim tarixindən, qonaqpərvərliyindən danışıb, dostu Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, V.Səmədoğlunun xatirəsi yaxın vaxtlarda İsraildə də yad olunacaq.

Sonra “Mikayıl Müşfiq” mükafatının növbəti təqdimatı keçirilib. Mükafata Azərbaycandan Nəriman Həsənzadə, Rəşid Faxralı, Vurğun Vəkilov, Nəzakət Məmmədova, Faiq Balabəyli, Türkiyədən M.N.Parmaksız, Mustafa Ceylan, İsraildən Arye Qut, ABŞ-dan Robert Yevdayev, Makedoniyadan Erol Tufan, İrandan Aydın Araz və başqaları layiq görülüb.

Xalq Artisti Aygün Bayramova, Əməkdar Artist Gülüstan Əliyeva, Əməkdar İncəsənət Xadimi, pianoçu Ülviyyə Hacıbəyova və beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilovun ifaları poeziya axşamının iştirakçılarına unudulmaz anlar bəxş edib.

Sonda bədii qiraət ustası, Əməkdar Artist Mehriban Zəki V.Səmədoğlunun şeirlərini ifa edib.