Vidadi Həsənov:”Bəzən gənclərin iddiasının arxasında istedad dayanmır”

19 Baxış

hg (3)

 

 

Senet.az bu yaxınlarda 60 illik yubileyini qeyd edən Əməkdar artist, teatr və kino aktyoru, ssenarist Vidadi Həsənovla müsahibəni sizə təqdim edir: 

 

 

– Vidadi bəy, bu yaxınlarda 60 illik yubileyiniz oldu. Gözlədiyiniz diqqəti gördünüz? Ümumiyyətlə, yaradıcılığınıza diqqət umursuz?

– 60 yaşında adam bircə şey umar, sağlamlıq… Bu sahə isə sizin nəzərdə tutduğunuz orqanların səlahiyyətində deyil (susur).

– Deyəsən, bu barədə danışmaq istəmirsiz.

– Nə barədə?

– Yubileyinizin qeyd olunması barədə.

– İnsana diqqəti ailəsi, dostları, qohum-əqrəbası göstərər. Onlar da göstərdilər.

– Uzun illərdir, səhnədəsiz, filmlərə çəkilirsiz. İndiyəqədərki ən yaxşı obrazınız hansı olub?

– Kinoda, ya teatrda?

– Hər ikisində.

– İstər kinoda, istər teatrda ancaq ürəyim istəyən rolları oynamışam.

– Deməli, yaratdığınız obrazları ayırmırsız? Özlüyünüzdə şah əsər hesab etdiyiniz, xarakterinizə daha uyğun hansıdır?

– Düşünürəm ki, ədəbiyyat, incəsənət adamı şah əsərini yaradırsa, tükənir. Hələ nə yaşımız var ki…

– Bəs tamaşaçıların ən çox təqdir etdiyi rolunuz hansıdır?

– Bunun ən doğrusunu tamaşaçılar deyə bilər. Kinoda da, teatrda da izləyicilər istənilən iş haqqında müxtəlif fikirdə olurlar. Çünki bu, zövq məsələsidir. Kiminsə xoşuna gələn, başqasının zövqüncə olmur, yaxud əksinə. Ya da ola bilər, hansısa işim hamının xoşuna gəlsin, amma özüm bəyənməyim…

– Məsələn, mən sizi Musa obrazıyla tanımışam… Bəs ilk rolunuz hansı olub?

– Filmdə elə Musa. Amma teatrdan danışsaq, gərək qayıdaq 1979-cu ilə. Onda Gəncə Dövlət Teatrında işləyirdim. İlk dəfə səhnəyə kütləvi səhnədə çıxmışam. Daha sonra “Zərrabi Nizami” Teatrında Nizami Gəncəvinin “Bişr və Məlixa” hekayəti əsasında bir tamaşa hazırlanmışdı. Mən də Bişri oynamışam. İlk rolum bu olub.

– 2012-ci ildə Əməkdar artist adı almısız… Ümumiyyətlə, fəxri adlara münasibətiniz necədir?

– Almamışam, veriblər.

– Yanlış anlaşılmasın. Alanlar da ola bilər, yəqin, amma sizə…

– Mənə veriblər. Qaldı fəxri adlara münasibətimə. Bu, bizim sahəmizin söhbəti deyil. Dövlətin siyasətidir. Əgər dövlət öz sənətkarılarına bu adı vermək istəyirsə, lap yaxşı. Post-sovet ölkələrinin bəzilərində bu adlar qalır. Ümumilikdəsə dünyada belə dərəcələndirmə yoxdur. Amerikanın Xalq artisti Mel Gibson, yaxud Cek Nikolson… Gülməli səslənir. Amma bizdə çox normal qarşılanır. Dövlətin verdiyi mükafatdır, nə vaxt ləğv etmək istəsə, onda da fəxri adlar olmayacaq.

maxresdefault

– 2 ildən çoxdur, müstəqil “M.Teatr”ı yaratmısız. Əsas qayəniz nədir? Azərbaycan teatrına nə vermək istəyirsiz?

– Biz sənətçilər özümüzü daim realizə etmək istəyirik. Uzun illərdir, pedaqoji fəaliyyətlə məşğul oluram. Ətrafımda həmişə gənc, istedadlı, enerjili, dinamik, işləməyə həvəsli insanlar olur. Düşündük ki, bu adamların öz bacarıq və istedadlarını göstərmələri, inkişaf etdirmələri üçün yeni məkan yaradaq. Artıq neçə müddətdir, fəaliyyət göstəririk.

– Teatrın binası var?

– Yox. Kirayəyə yer götürüb, məşq edirik, tamaşa göstəririk.

– Müasir kinematoqrafiyamızın ən çox uğur qazanan filmlərindən “Çölçü”nün ssenari müəllifisiniz… Necə oldu belə bir işə qol qoyduz?

– Heç nə birdən-birə olmur. Ədəbi yaradıcılıqla məşğul olan adam kimi, istədim, ssenari də yazım. Amma hər işlə təhsilli, peşəkar şəkildə məşğul olmaq lazımdır. Ona görə də Avropa Kinematoqrafçılar Assosiasiyasının xəttilə 2009-cu ildə Tiflis, 2010-cu ildə Moskvada ssenaristlər kursunu keçib sertifikat aldım.

– Bəs rejissor, operator, prodüser işi, aktyor oyunundan razı qaldız? Ortaya çıxan ekran əsərilə sseanriniz arasında çoxmu fərq oldu?

– Kino kollektiv sənətdir. Bir çox yaradıcı insanın ortaq işinin hasilidir. Əlbəttə, rejissor öz düşüncəsiylə yanaşır, operator kadra öz gözüylə baxır… Ssenari ədəbi materialdır. O, o zaman ekran əsəri olur ki, lentə alınır. Çəkiliş zamanı məlum olur ki, müəyyən səhnələrə ehtiyac yoxdur. Bəzilərinisə əlavə etmək lazımdı. “Çölçü” filmi son illərdəki uğurlu ekran əsərlərimizdəndir. Bu, bütün yaradıcı kollektivin uğurudur. Teatr tamaşaları da eləcə. Aktyor, rejissor rəssam deyil ki, molbertin qarşısına keçib təkbaşına işləsin, musiqiçi deyil ki, piano arxasında əyləşib təkbaşına musigi bəstələsin.

 

– “Çölçü” “Oskar”ın uzun siyahısına da düşmüşdü. Ümumiyyətlə, “Oskar” mükafatına namizədlik proseduru necədir?

– Əlbəttə, siyahıya düşən filmləri seçirlər. Amma akademiyanın üzvləri hardan bilsinlər ki, Azərbaycanda, yaxud Yaponiyada hansı filmlər çəkilib. Ona görə də əvvəlcə film Amerika Kino Akademiyasına göndərilir, akademiya üzvləri də qərar verirlər.

– Son illər “fast-food” filmlər artıb. Buna münasibətiniz necədir?

– Düşünürəm ki, bu da bir iş, məğuliyyətdir. Qarşı çıxmaq yanlış olar. Onda gərək “fast-food” restoranlarının hamısını ləğv edək. Bəziləri milli xörəkləri xoşlayır, digər qismi “fast-food”ları. Seçim azadlığı olmalıdır. Dünyanın hər yerində belə filmlər var. Məsələn, türk kinematoqrafiyasının uzun müddət “Şaban dövrü” olub. Amma indi filmləri beynəlxalq festivallarda iştirak edir, mükafat qazanır. Bizə də səbrli olmaq lazımdır.

– Səhv etmirəmsə, şeir də yazırsınız…

– Hərdən… “Mən şair olmaq istəmirəm”, “Qum dənələri” adlı iki kitabım çap olunub.

– Daha çox hansı mövzulara toxunursuz?

– Hansı mövzu ağızbəhəmlik edib mənə toxunursa, mən də ona toxunuram (gülürük).

– Bayaq “fast-food” filmlərdən danışdıq. “Ciddi” sözünü sənətə yapışdırmaq düzdümü? Ümumiyyətlə, sənətə qalstuk taxmalıyıqmı?

– Çılpaq sənət də bir şey deyil, axı. Öz qarderobumuzu götürək. Gündəlik paltarlarımız, iş paltarlarımız, rəsmi paltarlarımız… Hamısını biz geyinirik… Olmaması pisdir. Nə yaxşı ki, Marionet, Kukla, YUĞ, Milli Dram teatrımız var. Olmasaydı, nədən danışacaqdıq? Mənim, sənin kimi milyonlarla adam var. Hərəsinin də öz zövqü, dünyagörüşü. Təsəvvür elə, bazara gedirsən, ancaq badımcan satırlar. Bu cür olmur, axı. Hər şey satırlar. Hərə öz damaq dadına görə istədiyini alır. İncəsənət də belədir. İnsanlar zövqlərinə görə seçim etməlidirlər.

– Hüquqşünas olmaq istəyini necə aktyorluq istəyinə dəyişdiz?

– Onu sən dəyişmirsən ki, həyat dəyişir – həyat və mühit şərtləri. Cəfər Cabbarlının “Aydın” pyesinin ilk cümləsidir: “Bu, yaşadığım mühit və həyat şərtlərinin mənə vеrdiyi tərbiyədir”. Həyat və mühit şərtləri insanları müxtəlif vəziyyətlərə sala bilir… Sovet dövründə hamı kosmonavt olmaq istəyirdi. Ümumi arzuydu. Amma hamı ola bilmirdi, axı. İnsan həmişə arzusuna çata bilmir. Şərtlər elə gətirir ki, hansısa arzumuzu yarıyolda qoyub, başqasının ardınca getməli oluruq. Mən də həmin şərtlərin təsirindən dolayı başqa istiqamətə yönəlməli oldum. İstedadlı adam hər sahədə potensialını göstərə bilir. Əsas odur ki, özünü tanısın. Özünü tanımayanda adam nə desən ola bilər. Nəyi bacardığını biləndə adam öz işi ilə məşğul olur.

– Azərbaycanda, ümumiyyətlə, mühafizəkar cəmiyyətlərdə aktyor, müğənni olmaq çox da xoş qarşılanmır. Bəs sizin ailənizin münasibəti necə oldu?

– Mən aktyor olmaq istəyəndə yekə kişiydim (gülür). Kim nə deyəsiydi? Bu məsələdə daha çox qızların qarşısını kəsirlər. Artıq özünü dərk edən insana, kişiyə necə qadağa qoymaq olar? Ümumilikdəsə belə bir problem daha yoxdur, hamısı əfsanədir.

– Kimlərdən dərs almısız, özünüzə kimləri müəllim, örnək hesab edirsiz?

– Adam hər gün nə isə öyrənir. Hər gün təcrübədir bizimçün. Amma bir məsələ var ki, hansı məsələni kimdən öyrənirsən. Əvvəllər uşağı sənətkarın yanına gətirib deyirdilər, “əti sənin, sümüyü mənim”. Bizim də dərs aldığımız adamlar olub, var. Bəzən deyirdik, bizə heç nə öyrətmirsiz, çünki daha iddialıydıq. Zaman keçdikcə anladıq ki, hər biri nəsə öyrədib. Əsas məsələ kimdən nəyi nə qədər öyrənməyimizdir. Bu baxımdan, çox gözəl müəllimlərim olub. Gəncə Dövlət Teatrından üzü bəri. İndiyədək də yaşından asılı olmayaraq hansı rejissorla işləyirəmsə, ona müəllimim kimi yanaşıram. Bu məsələdə Vaqif İbrahimoğlunu xüsusi qeyd etməliyəm.

hg (4)

– 30 ildən çoxdur, dərs deyirsiz, dosentsiz. İndiki tələbələrlə o vaxtkı tələbələr arasında perspektiv baxımından hansı fərqlər var?

– Təhsil uzun prosesdir. Yaponiyada “Noo” Teatrı var. O tetatra aktyorlar 8 yaşından cəlb olunurlar. Təsəvvür edin, orada 32 yaşındakı aktyor artıq qoca sayılır. Müqayisə aparsaq, bizdə vəziyyət çox da qənaətbəxş olmaz. Amma misal üçün, Qaqauz Dövlət Teatrında hələ də həvəskar aktyorlar işləyirlər. Deməli, bizdə hər şey o qədər də pis deyil. Orta təhsil universitetlərdə davam edir. Orta məktəbdə çalışqan, bilikli olanlar təhsilini davam etdirəndə ortaya yaxşı mütəxəssis çıxır. Savadı, istedadı ölçən cihaz yoxdur. Amma ciddi çalışan, öz üzərində davamlı işləyənlər istədiklərinə nail olurlar. Əgər söhbət aktyorlardan gedirsə, universiteti qurtarmaqla peşəkar olmaq mümkün deyil. Aktyor hələ 5-10 il teatrda işləməlidir ki, sənətkar ola bilsin. Çünki təkcə peşə vərdişləri yox, yaş, düşüncə məsələsi də önəmlidir. Bütün təhsil ocaqlarımızda vəziyyət necədirsə, bizim universitetdə də eynidir (gülür).

– Keçən il “İkinci güllə” qısametrajlı filmində çəkilmisiz. Bizdə niyə bu cür filmlər azdır?

– Gənclərin iddialı olması yaxşıdır. Amma bəzən bu iddianın arxasında istedad dayanmır. Belələri düşünür ki, 10 dəqiqəyə nə deyə bilərəm, gərək “uzun” film çəkim. Yaxud kiçik teatrda nə iş görə bilərəm, gərək “böyük” səhnələrə çıxam. Amma elə istedadlar var, zaman və yer fərqi olmur onlarçün. Özü də deyim ki, hansısa filmi çəkəndə rejissor əlahiddə status qazanmır. Bu işdi. Necə ki, həkim müalicə edir, çəkməçi ayaqqabı tikir. Eləcə də rejissor kino çəkməli, aktyor rol oynamalıdır. Dediyim iddiada olan adamlara bəzən söyləmək istəyirsən ki, xırda bir film çək, görək potensialın nədir. Məsələn, ədəbiyyatda minimalist janrlar var. Bir cümləylə çox mətləbi ifadə etmək… Yapon hokkuları var, cəmi 3 sətirdən ibarət olur. Qısa filmi çəkmək də bacarığın, istedadın sərhədlərini cızır. Ona baxıb demək olur ki, sən kimsən, sənin imkanlarının hüdudları nədi. Hər şey bu cür qurulub: sadədən mürəkkəbə. Ona görə də əvvəl xırda şeylərdən başlamaq lazımdı.

– “Teatr insanı insana insanla insanca izah sənətidir” deyimi var. Bəs sizinçün teatr nədir?

– Ümumiyyətlə, teatra tərif verməyə çalışmaq gülünc görünər. Çünki o qədər də sadə məsələ deyil. Sovet dövründə çox rastımıza çıxıb. Teatr tribunadır, insanları tərbiyələndirən məktəbdir, böyüdücü şüşədir, insanları özlərinə göstərən aynadır. O qədər epitetlər yapışdırıblar ki… Teatr mənəvi ehtiyaclarımızı ödəyən, xırda, amma çox mürəkkəb sahədir. Mənəvi ehtiyac duyanda yaxşı bir kitab oxuyuruq, film izləyirik, musiqi dinləyirik, rəsm əsərinə baxırıq, teatr da belədir. İnsanlar asan olmayan gerçəklikdən, xarramış, kiflənmiş düşüncədən, adətlərdən, “acgöz monstr” reallıqdan qaçmaq üçün incəsənətə üz tutur. Teatrsa canlı sənətdi. Birbaşa hadisələrin mərkəzinə düşürsən, proseslər düz gözünün qabağında cərəyan edir. Bu mənada teatr daha dəyərlidir.

İnsanlarımızın teatra nə qədər ehtyacı var, yaxud yoxdur məsələsi bizim yox, sosioloqların işidir. Mənəvi rahatlıq axtaranlar kitab da oxuyur, film də izləyir, musiqi də dinləyir, teatra da gedirlər.

– Kənardan baxanda sizi qaraqabaq adam kimi görürük. Amma danışdıqca yumoru sevən, kəskin ironiyalı insan olmağınız üzə çıxır. Bəs Vidadi Həsənov əslində hansıdır?

hg (1)

– Hamısı… Soyuğa düşüb üşüməyən var bəyəm? Bərk isti olanda hamıya istidir. Sənətçilər də hamı kimi adi insandırlar. Heç bir fövqəladə keyfiyyətləri yoxdur. Məşğul olduğumuz sənət də qeyri-adi deyil. Bütün peşələr kimi vacib və lazımlıdır, vəssalam.

– Əvvələr belə fikir formalaşmışdı ki, müəllimər yeyib-içmir, yatmırlar. Yaxud yazıçıları dağ başına qaldırırdırlar. İnternetin yaranması, dünyanın daha əlçatan olması bu fərqləri aradan qaldırdı. Yaradıcı adamlar da hər kəs kimi adi insandırlar. Hansı daha yaxşıdır, adi insan olmaq, ya fövqəltəbii varlıq?

– Ola bilər, kimsə mənimlə razılaşmasın, desin ki, mən əlahiddə işlə məşğulam, sənətkar tamam ayrı varlıqdı. Mənə görəsə sənətkar adi insandı. Hamı kimi gündə 3 dəfə mədəsinə qulluq eləməli, onu doyurmalıdır. Gündəlik problemləri, məişət qayğılarını yoluna qoymalıdır. Amma bizim işimiz – insanların əlçatmaz arzularını onlar üçün əlçatan etməkdir. Bu baxımdan, sənətkar kənardan əlahiddə varlıq kimi görünə bilər. Əslində isə o da adi, öləri insandı.

– Hansı rolları oynamaq daha çətindir?

– Adi insan həyatını.

– Dünya teatrları, xarici studiyalar, aktyorlar, ssenaristlərlə hansı əlaqələriniz var?

– Əlbəttə, festivallara, səfərlərə gedirik. Dostluq əlaqələrimiz olmasa da, işgüzar əlaqələrimiz qalır. Sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırıq.

– Əslində suallar lap çoxdur. Amma necəsə bitirmək lazımdır. Artıq yeni teatr mövsümünə az qalır. Hansı planlarınız var, hansı tamaşalar düşünürsüz?

– Bir planımı dəqiq deyə bilərəm: səbirsizlikə yeni mövsümün açılmasını gözləyirəm (gülür). Qalan məsələləri həyat göstərəcək.

 

 

“Ustad” jurnalı 

Cavid QƏDİR

Bölmə : Manşet