Senet.az “XAN” nəşriyyatında çapdan çıxmış Əməkdar artist Vidadi İsmail Həsənovun “Qum dənələri” adlı şeirlər kitabından seçmələri təqdim edir.
… Əynimdə
gerçəkliyin nimdaş köynəyi,
ayağımda
zamanın yırtıq başmaqları,
başımda
göy qübbəsi –
yol gedirəm
içimdəki səhrada,
nə kölgəm var,
nə də ayaq izlərim…
… Ümüdümü
son damla su kimi içdim,
qanıma batırıb
yedim imanımı mənzil başında,
qadınımın dualarına
bürünüb uyudum –
qeyb oldum
üfüqdəki ilğımda,
nə qəbrim var,
nə də baş daşım…
… Bu şəhərə
bir də qayıtsam,
bax elə
bu tindəcə oturub
alma yeyə-yeyə
tum satacam uşaqlara –
bu dünyaya
bir də gəlsəm,
nə şeir yazacam,
nə qum dənəsi sayacam,
nə də bu adam olacam…
***
… Yumursan
yığılır,
yığırsan sıxılır,
vurursan
vurulur,
çıxırsan
çıxılır,
bağlayırsan
açılır,
açırsan
uzanır,
uzadırsan
bir az da uzanır,
bir az da
uzatsan –
olur uzunçuluq…
***
… Mən oxumuş adamam,
kafir
Qalileo Qaliley isə
fırıldaqçıdı –
yerin yumru olduğunu
o tapmayıbdı,
yığışdırın bu söhbəti
ayıbdı…
… Bizim
sabirabadlılar
ondan qabaq
bilirdilər –
qarpız yumrudu,
yer də qarpız şəklindədi,
həqiqət budu…