VIII Şairlər Günü

11 Baxış

112260_5ueh0upegz

Dünən Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda millət vəkilləri, ədəbi ictimaiyyətin nümayəndələri poeziyasevərlər və KİV təmsilçiləri  qatılıblar.

Azərbaycan və Türkiyə himnlərinin ifası ilə başlayan mərasimdə bu il 110 illik yubileyi qeyd olunan Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Şairlər Günü haqqında geniş məlumat verib. O bildirib ki, layihəyə təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də böyük maraq var. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn qələm sahibləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında geniş məlumat alır, azərbaycanlı yazıçılarla yaxından tanış olurlar. X.Rza builki Şairlər Gününün yalnız paytaxtda deyil, ayrı-ayrı bölgələrdə də keçirilərək müxtəlif şairlərin xatirəsinə həsr olunduğunu deyib: “Şairlər Günü çərçivəsində mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsini andıq, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam etdirdik.

 Mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun xatirəsi yad edildi.

Bu gün paytaxtımızda gerçəkləşən tədbirimiz Mikayıl Müşfiqin xatirəsinə həsr olunub. İyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin xatirəsinə həsr olunacaq.

Bundan başqa, hər il olduğu kimi, bu il də VIII Şairlər Günü çərçivəsində nakam şairimiz Mikayıl Müşfiqin simvolik məzarı Xəzərə gülsəpmə mərasimini keçirdik”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar layihənin səkkiz ildən bəri davam etməsini ədəbiyyatın və kitabın təbliği baxımından müsbət hal kimi dəyərləndirib. O bildirib ki, Şairlər Gününün nakam şair Müşfiqin xatirəsinə həsr olunmasının xüsusi mənası var: “Biz dünən Müşfiqin xatirəsini yad etmək üçün dənizə gül səpdik. Bir möcüzənin şahidi oldum. Bizə geri qayıdanda dənizə səpdiyimiz qərənfillər üzü Nargin adasına sarı gedirdilər. Sanki bizim hörmət və ehtiramımızı Nargində qətlə yetirilən bütün nakam taleli insanlara, o cümlədən, Müşfiqə aparırdılar”. Daha sonra Xalq yazıçısı Anar Mikayıl Müşfiqin yadigarı, sevimli həyat yoldaşı Dilbər Axundzadənin 50 il öncə ona ünvanladığı məktubu oxuyub.

Millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, professor Səfurə Quliyeva və başqaları çıxışlarında mərhum Mikayıl Müşfiqin xatirəsini yad edib, tədbir haqqında fikirlərini bölüşüb, Şairlər Gününün təşkilini yüksək qiymətləndiriblər.

Tədbirdə bir sıra ziyalılar ümumtürk mədəniyyətinin inkişafına verdikləri töhfələr münasibətilə İLESAM və Azərbaycan Yazıçılar Birliyinin mükafatları ilə təltif olunublar.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə sənətçilər Mikayıl Müşfiqin şeirlərinə bəstələnmiş mahnıları ifa edib, bədii qiraət ustaları onun poeziya nümunələrindən səsləndiriblər.