VIII Türk Dünyası Ədəbiyyat Dərgiləri Konfransı yekunlaşdı

8 Baxış

95862_r3ltejf6nv

12-14 sentyabrda Türküstan Türk Dünyası Mədəniyyət Paytaxtı toplantıları çərçivəsində Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığının (TİKA) birgə fəaliyyəti ilə Cənubi Qazaxıstan Vilayətinin ev sahibliyində düzənlənən VIII Türk Dünyası Ədəbiyyat Dərgiləri Konfransı öz işinə yekun vurub. Konfransda Azərbaycan, Başqırdıstan, Qaqauziya, Çuvaş, Qazaxıstan, Qırğızıstan, Krım, İran, Özbəkistan, Tatarıstan və Türkiyə kimi on bir Türk Dövlət və Topluluğundan 34 Ədəbiyyat dərgisinin təmsilçiləri iştirak ediblər. 

Konfrans Əhməd Yəsəvi Universiteti Mədəniyyət Mərkəzinin konfrans zalında keçirilən açılış mərasimi ilə işinə başlayıb.

Açılışdan sonra Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin “Ruhani Diriliş” məqaləsi haqqında müzakirə keçirilib. Müzakirədə professor Fırat Pürtaş, Yaqub Öməroğlu, Todur Zanet, Südabə Ağabalayeva və Rıza Heyət öz fikirlərini söyləyib, Qazaxıstanın latın əlifbasına keçməsilə bağlı məmnunluqlarını dilə gətiriblər.

Açılış mərasimində Özbəkistanın tanınmış yazıçısı Şükrullaya Türk Dünyasında İlin Ədəbiyyat Adamı mükafatı təqdim edilib. Səhhətindəki problemlərə görə mərasimə qatıla bilməyən yazıçının mükafatını onun əvəzindən Dauran Tajaliev qəbul edib.

Konfrans boyunca Türk Dünyası Ədəbiyyat Dərgiləri Konfransı toplantılarının artırılması və dərgilərarası işbirliyinin sıxlaşdırılması yönümündə müzakirələr aparılıb.

Layihə iştirakçıları Cənubi Qazaxıstan vilayətinin rəhbəri Janseyid Tüymebayevə təşəkkür etmək üçün görüşüb və vilayətdə təşkil olunan əlifba dəyişikliyi müzakirəsi forumuna qatılıblar.

Türkiyənin tanınmış elm adamlarından professor İlber Ortaylı “Tarix boyunca əlifba dəyişiklikləri və təsirləri” mövzusunda çıxış edib. Çıxışından sonra alim “Əhməd Yəsəvi medalı” ilə təltif olunub.

Müzakirələrin sonunda Konfrans bir sıra qərarlar qəbul edib. Bu qərarlardan biri iştirakçı dərgilərdən bir neçəsinin, o cümlədən, “Azərbaycan”ın 95 və “Ulduz”un 50 illiyinin,  müxtəlif ölkələrdə xüsusi yazılarla qeyd edilməsinə, həmçinin “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin 75 yaşının və digər görkəmli ədiblərin yubileylərinin xüsusi yazılarla qeyd edilməsilə bağlıdır.

KÖŞƏ YAZARLARI
TOP 10