Viktor Hüqo ilə səhv salınan məşhur fizik

14 Baxış

Yusif

Senet.az Yusif Alıyevin  “Azərbaycanda iqlimşünaslığın, coğrafiyanın banisi olmuş Fiqurovski kimdir?”məqaləsini təqdim edir:

Yəqin bir çoxumuzdan mətndəki şəkli göstərib soruşsalar ki, bu kimdir? Güman edirəm cavabında deyərik ki, yəqin hansısa rus alimi, rus ziyalısıdır. Bundan artıq çətin ki, kimlərsə nəsə bilsin. Bunu dəqiqləşdimək üçün bir neçə nəfərə həmin şəkli göstərdim, hətta sosial şəbəkələr üzərindən bir neçə dostlarımın şəxsi mesaj qutusuna da göndərdim. Biri dedi ki, Cümhuriyyət qurucularındandır, biri dedi alman bioloqudur, biri dedi atom üzərində işləyən fiziklərdəndir, biri dedi Henri Hersdir, biri də dedi ki Viktor Hüqodur. Bir sözlə tanıyan olmadı.

Heç mən də tanımırdım, ta bu günə kimi. Adını desələr, yenə də tanımazdım…

 

Çoxdandır üzərində işlədiyim bir layihə ilə əlaqədar Azərbaycanda çalışmış əcnəbi fizik haqqında araşdırma aparıram (bu fizik haqqında da yaxın günlərdə bir yazı hazırlayacam, qismət olsa). Bununla bağlı bu gün bir neçə ehtimal etdiyim ünvanlara dəydim. Axtardığımı tapa bilməsəm də qarşılaşdığım sürpriz məni Azərbaycan elminə xidmət etmiş başqa bir dahi haqqında bilgi əldə etməyə şans yaratdı.

İvan Vladimiroviç Fiqurovski…

Bəli, sən demə, 1865-ci ildə Rus İmperiyasının Vladimir vilayətində anadan olan İvan Fiqurovski rus olsa da Azərbaycan elmi, Azərbaycan dövləti üçün böyük xidmətlər etmiş əvəzsiz alimlərimizdən biridir.

Vaşava Universitetini fizika-riyaziyyat ixtisası ilə bitirən İvan oradan birbaşa Qafqaza – Tiflisə gəlir. Burada o iqlimşünaslıqla, meteorologiya ilə məşğul olur. Sonra meteorologiya sahəsində elmi-tədqiqat işlərini daha da dərindən öyrənmək üçün Peterburq Baş Geofizika Rəsədxanasına gedir. Təhsilini başa vurub yenidən Qafqaza qayıdır. Bir neçə il Tiflisdə işlədikdən sonra, 1920-ci ildə Bakıya qayıdır və Politexnik İnstitutunda meteorologiya fənnini tədris etməyə başlayır.

Tez-tez Azərbaycanın müxtəlif ərazilərini gəzməyə çıxaraq indiyə kimi öyrənilməmiş yeniliklər ortaya çıxarmışdır. Fiqurovskinin ortaya çıxardığı yeni-yeni ideyaları əsasında dünya iqlimşünaslıq elminin nəzəriyyəsi daha da zənginləşərək yeni tətbiq sahələrini aşkara çıxartmışdır. Onun tərtib etdiyi paleoiqlim sxemləri əsasında hətta üçüncü dövrün iqlimi, onun xüsusiyyətləri haqqında məlumatlar toplamaq mümkün olmuşdur.

İxtisasca fizik olan Fiqurovski bir-birinin ardınca Qafqazın, xüsusən də Azərbaycanın iqliminə aid sanballı əsərlər yazmışdır.

Onun “Qafqazın iqlim oçerki” adlı nəşr etdirdiyi xüsusi əsəri sayəsində Qafqazın bitki örtüyünün zonallığını bilavasitə iqlim şəraitinin təsiri ilə əlaqələndirmək mümkün olmuşdur. 1912-ci ildə Peterburqda nəşr olunan “Qafqaz iqlimlərinin tədqiqat təcrübəsindən”, 1919-cu ildə Tiflisdə nəşr olunmuş “Qafqazın iqlimi” adlı əsərləri iqlimşünaslar üçün bu gün də öz orijinallığını qoruyub saxlamaqdadır.

1926-cı ildə Tiflisdə nəşr olunmuş “Azərbaycanın iqlim rayonlaşdırılması” əsəri ilə Azərbaycan iqlimşünaslığının əsasını qoymuşdur desəm yanılmaram.

Professor Fiqurovskinin xidmətləri bununla bitməmişdir. Belə ki, Fiqurovski Politexnik İnstitutunda meteorologiya fənnini tədris etməklə yanaşı həm də Politexnik İnstitutunda eyni zamanda Kənd təsərrüfatı fakültəsinin dekanı olmuşdur. Məhz bu böyük alimin təşəbbüsü və birbaşa rəhbərliyi sayəsində Azərbaycan Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmışdır. Fiqurovski həmin institutun Fizika-meteorologiya kafedrasının rəhbəri olmuş, həm də burada ekologiyadan, iqlimşünaslıqdan və fizikadan mühazirələr söyləmiş, seminarlar aparmışdır.

Zəruri siyasi qərardan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Həmin institut indi Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitet adı ilə fəaliyyət göstərir

Professor Fiqurovskinin nəhəng xidmətləri heç bununla da bitməmişdir. SSRİ Elmlər Akademiyası ilə sıx əlaqələri olan, dövrün ən nüfuzlu alimləri ilə dostluq əlaqələri quran professor İvan Fiqurovskinin şəxsi təşəbbüsü və böyük dəstəyi sayəsində 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının tərkibində Coğrafiya sektoru yaradılır və ilk rəhbəri də Fiqurovski seçilmişdir.

Azərbaycan sevdalı dünya vətəndaşı professor İvan Fiqurovski 1940-cı ildə ömrünün 75 yaşında Bakıda dünyadan köçmüşdür. Nə qədər maraqlansam da bu dahi şəxsiyyətin qəbrinin harada olması haqqında bir məlumat əldə edə bilmədim.

Professor Fiqurovskinin o zaman Azərbaycanın ən tanınmış şəxsiyyətlərindən geoloq Mirəli Qaşqay, Səməd Vurğun, Mustafa Topçubaşov, Yusuf Məmmədəliyev, Mir Əsədulla Mirqasımov və digərləri ilə sıx dostluq əlaqələri olmuşdur.

Bir məsələni də qeyd edim ki, vatilə Fiqurovski Dağlıq Qarabağın iqlimini tədqiq edərkən Şuşanın coğrafi ərazisini, ekoloji durumunu, turizm potensialını, bioloji müxtəlifliyini görüb belə demişdi: “Şuşanın kurort imkanları İsveçin dünyada tanınan Davos kurortundan daha üstündür”. Ona görə də Şuşada kurort salınması ilə bağlı yuxarılara təqdimat da vermişdir. Bu hadisədən xəbər tutan mənfur və murdar ermənilər kurortun əhalisi tamamilə yerli Azərbaycan türklərindən ibarət olan Şuşada deyil, ərazisi demoqrafik dəyişikliklər nəticəsində azərbaycanlı əhalinin sayının sıxışdırılıb azaldılması ilə gəlmə etnik ermənilərin sayının çoxaldılması hesabına ermənilərin çoxluq təşkil etdiyi Stepanakertdə (Xankəndi) salınmasına səy göstərirlər. Ermənilərin bu alçaq əməllərinin qarşısını akademik Mirəli Qaşqay alaraq onların istəklərini puç etmişdir. M.Qaşqay ermənilərə belə bir tutarlı cavab vermişdir: “Tutalım sanatoriya-turizm kompleksini Stepanakertdə tikdiniz, bulaqların suyunu da borularla Stepanaketə gətirdiniz, bəs Şuşanın müalicəvi havasını ki, borularla Stepanakertə gətirə bilməyəcəksiniz”.

Böyük ehtimalla deyə bilərəm ki, əgər tale-qismət Fiqurovskiyə 6-7 il də artıq yaşamaq şansı versəydi o da Azərbaycan Elmlər Akademiyasının 15 üzvündən biri, yaxud da 16-cı üzvü olacaqdı.

Ömrünü elmə, xüsusən də Azərbaycan iqlimşünaslığının, Azərbaycan coğrafiyasının yaradılmasına, inkişafına həsr etmiş böyük Fiqurovskini böyük rəhmət və ehtiram hissi ilə anıram. Allah rəhmət etsin.
P.S. Amma nədənsə Azərbaycan iqlimşünaslığının əsasını qoymuş, meteorologiya, ekologiya sahəsində böyük işlər görmüş, Azərbaycan coğrafiya elminin banilərindən biri, Gəncədə açılan Kənd Təsərrüfatı İnstitutunun yaradıcılarından biri, bir sözlə Azərbaycan həmişə üçün çalışmış İvan Fiqurovski haqqında çox az yerdə məlumata rast gəlinir. Məncə, bu bizim ən böyük qəbahətlərimizdən biridir. Hətta günahımızdır desəm, yanılmaram.

Güman edirəm ki, bu gün ölkənin ən öndə gedən universitetlərindən birinə çevrilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin köməkliyi ilə ən azından Tarix və coğrafiya fakültəsində professor İvan Fiqurovskinin xatirəsini əbədiləşdirəcək bir tədbirin keçiriləməsinə və onun adının veriləcəyi bir laboratoriyanın yaradılmasına nail olmaq olunacaq.

Bu addımı əslində örnək olaraq ADPU-nun atmasını istərdim. Bu addım atılandan sonra inanıram ki, hansısa elmi struktur, elmi mərkəz Fiqurovskinin xatirəsinə nələrsə edəcək.

Bölmə : Araşdırma, Bölməsiz