Viruslu günlər – Kamal Abdulla yazır

30 Baxış

kamal_abdulla_110619

Bu viruslu günlərdə adam var evinə çəkilib filmə baxır, adam var kitab oxuyur, adam da var, həyatına film kimi baxır, həyatını kitab kimi oxuyur. Olub keçənləri bir daha xatırlayır. Sədaqət və xəyanət, sevgi və nifrət, insaf və mürüvvətsizlik, cəsarət və qorxaqlıq, hədyan və səmimiyyət, minnətdarlıq və naşükürlük – bunların hamısını gözünün önündə bir daha canlandırır, özünün harda və nə cür göründüyünün fərqinə varır, başqalarının onun həyatındakı yerini bir daha götür-qoy edir.

Sən demə, cavab vermə vaxtı gələndə biz özümüz özümüzlə tamamilə tək-tənha qalırıq, özümüz özümüzə sual verib sonra da özümüz özümüzdən cavab alırıq. Ya da almırıq. İstənilən halda heç bir hakimə ehtiyac yoxdur. Mən… yenə də mən.

Dünya nə qədər kiçikmiş… Bir mənzilin ayrı-ayrı otaqlarına oxşadı. Hər otaq bir ölkə. Yox, bir neçə ölkə – bir otaq. Ölkələr də, nəhayət ki, hər biri öz çəkisində göründü. Alma kimi bir-birinin eynidilər. Bu viruslu günləri geridə qoyandan sonra, görəsən, yenədəmi atom bombaları ilə, qoşunları, yırtıcı hərbi texnikası ilə öyünənlər olacaq, yoxsa bu adamlar heç gözlə də görünməyəcək qədər kiçik virusdan qaçıb evlərində gizləndiklərini yadlarından çıxarmayacaqlar?!

Deyirlər, dünya dəyişəcək. Dünyadakı münasibətlər tamam başqa cür formalaşacaq. İnsanlar bir-birilə tamam yeni, başqa münasibətlərə girəcəklər. Keçmişdən çox şeylər unudulacaq. Çox şeyi, sən demə, itirəcəyik.  Yeni münasibətlər yaranacaq. Mənə çox maraqlıdır. Bu necə olacaq?! İnsanlar bir-birinin qədrini daha yaxşı biləcək, yoxsa yenə də əvvəlki kimi bir-birinin axırına cıxmağa tələsəcəklər?! İnsanlar öz aralarında illərlə, on illərlə, min illərlə formalaşan münasibətlərdən necə yaxa qurtaracaqlar?! Acılı, şirinli xatirələr, istili-soyuqlu anılar hara gedəcək?! Dəyişən nə olacaq axı?!  Bu dəyişməni gözümüzlə də görə bilmədiyimiz bir virusmu edəcək?!

Mənim yadıma Meydan hərəkatı düşür. Yüz minlərlə insanın toplaşdığı bu meydanda iynə atsaydın yerə düşməzdi.  Əsəblər tarım, qəlblər hüznlü, bir kibrit yetərdi ki, alov çixsın və bir də geri dönməsin. Amma gəlin, gözümüzü yumub xatırlayaq: bu meydanda nə vardı?! Bu gün də unuda bilmədiyim qəribə bir nəvaziş var idi. Bir-birinə xüsusi hörmət və izzət var idi. Təsadüfən kiməsə toxunsaydın, o adam özü dönüb səndən üzr istəyəcəkdi. Baxışların dərinliyində məhəbbət var idi. Doğmalıq var idi.

Mən başqa bir meydan da xatırlayıram. Bir müddət sonra nümayəndə dəstəsilə bir yerdə Yerevanda olarkən son dərəcə təhlükəli olmasına baxmayaraq təkid elədim və məni inkoqnito Teatr meydanına apardılar.  Mən yəqin ki, o meydanda olan sonuncu azərbaycanlıyam. Məni ən çox maraqlandıran müqayisə məqamı idi. Teatr meydanında  bədnam “miasum” tərəfdarları çadırlar qurub içinə girmiş və aclıq elan etmişdilər. Adamlar ətrafda qarışqa kimi qaynaşırdı. Bir-birinin üzünü baxışlarıyla az qala deşirdilər. Orada gördüyüm baxışlar da yadımdan çıxmır. Adamlar bir-birinə qəzəb və az qala nifrətlə baxırdılar. Tipoloji cəhətdən Azərbaycandakı meydanda baş verənlərlə eyni situasiya idi, semantikaca ayrı-ayrı.

Biz öz meydanımızda bizi birləşdirən o mehriban baxışlarımı itirəcəyik?! Hayıfdı, vallah, hayıfdı.

Biz Aprel döyüşləri zamanı bir yumruğa dönməyimizimi unudacağıq?! Sabah bu döyüşlər hökmən təkrarlanacaq. O zaman bizim yenidən bir yumruq kimi arxa cəbhədə birləşməyimizin labüdlüyünümü unudacağıq?!

Biz Xocalınımı unudacağıq, yoxsa biz “Koroğlu”nun milyonlarla əli ucalara qaldıran Uvertürasının mərdanə havasınımı unudacağıq?! Biz başqa nə cür olacağıq?! Bəlkə biz məktəbdə bizə dərs deyən ilk müəllimimizi unudacağıq?! İlk sevgimizi, ilk dərsdən qaçdığımız günü, ilk  dost qeybini, küçədə gördüyümüz tanış olmayan adamın ilk təbəssümünü, ilk dəfə oğrun-oğrun siqaret çəkməyimizi?! Biz başqa adam olub Lənkəranımı, Naxçıvanımı, Gəncənimi, Qusarımı, Bakınımı, Sumqayıtımı, Ağdamımı unudacağıq?! Şuşanımı unudacağıq?! Biz axı necə başqa adam olacağıq?! Mümkündümü?! Mümkün deyil!!!

Bəs postvirus çağı nə ilə səciyyələnəcək?!

Mən indi evdə oturmağa hövsələsi çatmayıb oğrun-oğrun küçələrə çıxanları demirəm. Mən normal Azərbaycan vətəndaşlarını nəzərdə tuturam. Mən inanıram ki, biz daha mehriban olacağıq. Biz anladıq ki, insan şərəfli məxluq olduğu qədər gücsüz bir məxluqdur. O özü özünü öz olmayan gücünə inandırıb. O ancaq başqaları ilə bir yerdə güclü ola bilər. Biz həkimlərimizə əl çalan Prezidentimizi xatırlayıb bu ekstremal günlərdə gecəsi-gündüzü olmayan peşə sahiblərimizi, mütəxəssilərimizi minnətdarlıqla yada salacağıq. Biz bu viruslu günlərdən təmizlənmiş çıxacağıq. Bu imtahanı ləyaqətlə verəcəyik. Minnətdar olmağı özümüzdə tərbiyə edəcəyik. Özümüzə rəva bilmədiyimizi başqasına da rəva görməyə utanacağıq. Dost sevincinə, təkcə kədərinə deyil, dost sevincinə sevinməyə hazır olacağıq. Ehtiyacı olanlara onlardan xəbərsiz yardım edəcəyik. Kömək umanlara minnətdar olacağıq ki, bizim onlara yardım etməmizə icazə verirlər. “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın” ideologiyasını, bu ideologiyanın pərdəsi altında min oyundan çıxanları elə biləcəyik ki, nə zamansa acı bir yuxuda görmüşük. Özümüzü və dövlətçiliyimizi heç vaxt bir-birimizdən ayrı sanmayacağıq.

Postvirus dövrünü isə mən böyük intizar hissilə gözləyirəm.

Mənə elə gəlir ki, biz dəyişməyəcəyik. Mənə elə gəlir ki, biz dəyişəcəyik.  Bu ikisi eyni zamanda.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10