Vladimir Nabokov – “Gənc şair”

133 Baxış

nabokovSenet.az “XAN” nəşrlərinin “Həyat işığı” kitabından Vladimir  Nabokovun  “Gənc şair” hekayəsini təqdim edir. Qeyd edək ki, kitabı dilimizə Kənan Hacı tərcümə edib:

 

Onun haqqında xatirələrim, bu ilin baharı hüdudundan kəm olub. Hansısa ədəbi gecələrdən biriydi – antraktdan istifadə edib bu darıxdırıcı tədbiri tərk etmək istəyirdim. Lakin binanın pilləkənlərini enərkən arxamda ayaq səsləri eşitdim və geri çönərkən ilk dəfə onu gördüm. O məndən iki pillə yuxarıda ayaq saxlayıb özünü təqdim etdi:

– Mənim adım Vasili Şişkovdur. Mən şairəm…

Bu, əsl rus görkəmli – enli dodaqlı, boz gözlü, gur səsli, möhkəm bədənli gənc idi.

– Mən sizinlə bir məsələ barədə məsləhətləşmək istərdim, – o davam elədi, – mümkün-dürsə, bir vaxt təyin edib görüşərdik.

Bu cür təkliflərlə bir o qədər də tez-tez rastlaşmadığıma görə razılıq verdim və qərara aldıq ki, sabah o mənim qaldığım mehmanxanaya gəlsin.

Ertəsi gün təyin etdiyimiz vaxt yaxınlaşanda mən mehmanxananın holluna düşdüm. Bura nisbətən sakitlik idi. Yalnız qalxıb-enən liftin xırıltılı səsi eşidilirdi. Küncdə isə dörd alman qaçqını oturub yeni pasport almaq qaydalarını müzakirə edirdilər.

Şişkov çox ciddi görkəmdə qapını açıb mehmanxanaya daxil oldu və holla göz gəzdirən kimi məni gördü. Bu an bütün görüşənlərə xas olan şərti və süni təbəssüm onun üzündə peyda olmadı, bu mənim xoşuma gəldi. Mən belə təbəssümdən nədənsə, çox qorxuram. Hərçənd, özüm də bu axmaq adəti hələ tərgidə bilməmişəm.

O mənim yanımda əyləşən kimi qalın bir dəftər çıxarıb qarşıma qoydu.

– Əvvəlcə gərək ki… – iri gözlərini mənə zilləyib sözə başladı, – sənəd göstərmək lazımdır, düzdür? Hökumət idarəsində mən öz pasportumu göstərdim, lakin sizə şəxsiyyətimi təsdiq etmək üçün yalnız bunu, şeir dəftərimi təqdim edə bilərəm.

Mən dəftəri açdım. Gəncin sərt və azca sola əyilmiş xəttindən saflıq və istedad ətri gə-lirdi. Lakin nəzərlərim sətirlərin üzərində gəzişən kimi, ilkin təəssüratım məyusluqla əvəz olundu. Dəhşətli dərəcədə zəif idilər, istedadsızlıqla yazılmış bu şeirlərə süni allimetrasiya, bazar cah-calalı, savadsız qafiyələrin bolluğundan sanki qabıq çəkilmişdi. Bu da onun istedadından çox qafiyəpərdazlığından xəbər verirdi.

Mövzular barədə heç danışmağa dəyməz. Müəllif ilham pərisinin qarşısına çıxan hər bir şeyi eyni coşqunluqla vəsf edirdi.

Bu şeirləri ardıcıl olaraq oxumaq əsəbi adam üçün əsl işgəncə idi, lakin həmsöhbətim gözlərini mənə zilləyib hər növbəti mütaliə predmetini çox diqqətlə izlədiyinə görə mən hər səhifədə müəyyən qədər yubanmalı oldum.

– Hə, necədi? – Mən oxuyub qurtarandan sonra o soruşdu. – Məncə, o qədər də pis deyil, hə?

Başımı qaldırıb ona baxdım. Onun yüngülcə parıldayan sifətində heç bir narahatçılıq əlamətləri hiss olunmurdu.

Mən cavab verdim ki, şeirlər çox pisdir. Şişkov ağzını marçıldadıb dəftəri götürdü və cibinə qoydu.

– Bu yazılar mənim deyil. Daha doğrusu, özüm yazmışam. Amma elə-belə. Bu otuz şeirin hamısını mən bu səhər yaratmışam və sizə deyim ki, qrafomanların ədəbi məhsullarını təqlid etmək olduqca iyrənc bir işdir. Lakin mən artıq əmin oldum ki, siz rəhmsiz və düz danışansınız. Heç kimin xətrinə dəyməmək üçün yalandan tərifləmirsiniz. Sizə inanmaq olar.

Qoltuğundan daha çox sürtülmüş ikinci bir dəftəri çıxarıb mənə uzatdı.

– Budur mənim əsl pasportum. Heç olmasa, bir şeir oxuyun və məncə, bu artıq kifayət edəcək. Lakin anlaşılmazlıq olmaması üçün qabaqcadan xəbərdar edirəm ki, mən sizin şeirlərinizi sevmirəm, qaranlıq və sakitlik arzu edilən vaxt araya girən bərk danışıq, yaxud güclü bir işıq kimi sizin kitablarınız da məni qıcıqlandırır. Bununla belə, siz sanki sırf fizioloji cəhətdənmi, ya nədən yazıçılığın hansısa mübhəm sirrindən, yaxud yazı tablosunun hansısa əsas rənglərindən xəbərdarsınız. Məncə, siz malik olduğunuz bu vacib, nadir bilgiləri heçə-puça sərf edirsiniz. Sanki çox güclü mühərriki olan idman maşını ilə çoxmilyonlu bir şəhərə girmisiniz və bilirsiniz ki, bu basırıq küçələrdə sürəti artırmaq heç cür mümkün olmayacaq. Lakin yenə də deyirəm, qeyd etdiyim sirlərə bələd olduğunuz üçün sizinlə hesablaşmamaq mümkün deyil. Buna görə də bir işdə sizin köməyinizə ehtiyacım var. Ondan qabaq isə zəhmət olmasa, bu dəftərə də göz gəzdirin.

(Boynuma alıram ki, yaradıcılığımın qəfil və gözlənilməz xarakteristikası mənə həmsöh-bətimin təşkil etdiyi balaca yalandan daha ədəbsiz görünürdü. Məni maraqlandıran o idi ki, görəsən, Şişkov bütün xudbin ədəbiyyatçılara öz kəskin fikirlərini bu cür açıqcasına bildirir, yoxsa yalnız məni buna layiq görüb? Nəhayət, qərara gəldim ki, şeirlərlə bağlı bu uşaqvari fokus həqiqəti öyrənmək istədiyindən doğduğu kimi, onun öz yaradıcılığı haqqında fikirlərini açıq deməsi də yəqin ki, aramızdakı açıqlığın sərhədlərini genişləndirmək istəyindən irəli gəlir).

Parodiyada daha da genişləndirilmiş ça-tışmazlıqların, əyri-əskiklərin əlamətlərini ori-jinalda görəcəyimdən nədənsə qorxdum, lakin narahatçılığım əbəs imiş. Şeirlər, doğurdan da gözəl idi. Ümid edirəm ki, gələcəkdə bu şeirlər barədə daha ətraflı danışmağa dəyər.

heyatMən şeirlər barədə yüksək fikirlərimi bildirib əlavə etdim ki, bəzi misralarda heca batıqlığı hiss olunur…

– Bilirsiniz nə var, – Şişkov dedi, – əgər mənim poeziyamı, həqiqətən də boş şey hesab eləmirsinizsə, onda qoy dəftərim sizdə qalsın. Mənim başıma min cür iş gələ bilər, həm də hərdənbir çox axmaq fikirlərə düşürəm. Nə isə… Mən sizin yanınıza başqa bir məsələdən ötrü gəlmişəm. Maraqlı bir jurnal təsis etmək istəyirəm, şənbə günü iclas keçiriləcək və son qərar qəbul olunacaq. Hərçənd ki, dünyəvi problemlərin sizi çox da narahat etməsinə inanmıram, lakin məncə, mənim jurnal ideyam sizi sırf üslub baxımından maraqlandıra bilər. Onun üçün də inanıram ki, tədbirimizdə iştirak edəcəksiniz. Onu da qeyd edim ki, yığıncaqda da (məşhur bir yazıçının adını çəkir…) və başqa tanınmış bir sima da iştirak edəcək. Bilirsiniz, mən elə bir həddə gəlib çatmışam ki, mütləq daxilimə yığılan enerjini boşaltmalıyam. Yoxsa başıma hava gələcək. Mənim artıq otuz yaşım tamam olmaq üzrədir. Gəncliyimi Balkanlarda və Avstriyada yelə verəndən sonra Parisə köçmüşəm. Mətbəədə cildçi, yığıcı işləmişəm, bir müddət hətta kitabxanada da baş qatmışam – bir sözlə, həmişə kitabların əhatəsində olmuşam. Bununla belə, çox səmərəsiz həyat yaşamışam. Amma son vaxtlar içimdə elə sərsəm bir ehtiras oyanıb ki, mən nəsə eləməliyəm, bu çox əzabverici bir hissdir. Axı siz özünüz görürsünüz ki, ətrafımızda nə qədər əclaflıq, iyrənclik peyda olub. Mənim nəsildaşlarım isə buna heç etiraz da eləmirlər, sanki heç bir şey görmürlər. Amma mütləq nəsə eləmək lazımdır, hava-su kimi lazımdır. Məni düzgün başa düşün, mən camaatı bezdirən hansısa möhtəşəm, əzəmətli işlərdən danışmıram. İnsanların hər gün gördüyü, lakin əhəmiyyət vermədiyi milyonlarla xırda şeyləri nəzərdə tuturam. Axı bu xırdalıqlar, əslində, böyük vəhşiliklərin rüşeymidir. Misalçün, bu yaxınlarda bir ana öz iki yaşlı qızını hamam vannasında boğub öldürüb, hələ üstəlik, isti suyu hədər yerə boşaltmamaq üçün özü də vannaya girib çimmişdi. Mətbuat bu barədə yazmışdı. Axı, bu əsl vəhşilikdi!

Şənbə günü mən onun tədbirinə bir qədər gecikdim və onun kasıb görünüşlü otağına daxil olanda artıq dəvət olunanlardan hamısının yığışdığını gördüm. Yalnız həmin məşhur yazıçı yox idi. Yerdə qalanlar isə – yanında qara breloka oxşar qaraqabaq, balacaboy əri əyləşmiş yekəpər qadın, köhnə pencək geyinmiş iki cənab və diribaş bir kürən (bu, deyəsən, gənc şairin dostu idi) – heç biri mənə tanış deyildi. Mən içəri daxil olandan bir dəqiqə sonra qapı zənginin səsi gəldi və gənc sevinc içində ayağa qalxmaq istədi, lakin məlum oldu ki, bu qonşu qapının zəngi imiş. Başa düşdüm ki, gənc dostum həmin yazıçının gəlişini səbirsizliklə gözləyir. Bunu görən kimi mən səmimi-qəlbdən arzu elədim ki, o məşhur yazıçı, həqiqətən, gəlib çıxsın. Lakin çox gözləsək də o gəlib çıxmadı.

Nəhayət, Şişkov gözləməkdən bezib ayağa qalxdı və sözə başladı. O, “Zillətin və iyrəncliklərin icmalı” adlanacaq bu jurnalın ayda bir dəfə xırda naqislikləri, murdarlıqları əks etdirəcəyini söylədi. Bundan əlavə, Şişkov qeyd elədi ki, mənim hesablamalarıma görə, bu cür jurnal maddi cəhətdən heç vaxt özünü doğrulda bilməyəcək.

Yekəpər qadının əri pensnesini çıxarıb qeyd etdi ki, əgər insanların əzab-əziyyət çəkməsinin qarşısını almaq istəyiriksə, jurnal üçün nəzərdə tutulan məbləği ehtiyacı olanlara paylasaq daha yaxşı olar. Jurnalın maddi təminatı, məhz bu cənabın boynunda olduğuna görə Şişkovun üzərində narahatçılıq soyu-ğu hiss olundu, büzüşdü elə bil.

Bundan sonra ev sahibinin kürən dostu da ayağa qalxıb, Şişkovun dediklərini daha ətraflı xırdaladı və mənim rəyimi soruşdu. Mən gənc şair dostumun üzündəki yazıq ifadəni görüb proyektin lehinə çıxış etdim.

Bir azdan dağılışdıq.

Bir neçə gün sonra o yenə mənim qonağım oldu. Mənim sualıma Şişkov belə cavab verdi ki, jurnal ideyası qəbul olunmayıb və o artıq bu barədə heç fikirləşmir.

– Mən sizə ayrı şey demək istəyirdim, – utancaq bir sükutdan sonra Şişkov əsas fikrini açıqladı. – Mən artıq qərara gəlmişəm. Mənim bu əhvalda olmağımın səbəbi yəqin ki, sizinçün maraqlı olmaz. Nə lazımdısa mən sizə yazdığım məktubda demişdim. İndi isə məsələ daha geniş, daha ümidsizdir. Neçə müddətdir ki, mən hər şeyi yarımçıq qoyub itmək, çıxıb getmək barədə düşünürdüm. Getmək istəyirdim, Afrikaya, yaxud hansısa başqa müstəmləkə əyalətlərinə. Lakin sonra fikirləşdim ki, əgər əqrəblərin və palmaların içində, yağışlı Parisdə bu fikirlər məni tərk etməyəcəksə, bundan ötrü Herkules əzabı çəkməyə dəyməz. Bəlkə Rusiyaya qayıdım? Yox, bu, alova girmək kimi bir şeydir. Monastramı gedim? Din mənim nəzərimdə çox darıxdırıcıdır və mənim gerçəklik hesab etdiyim aləmi onlar ötəri yuxu sayır. Arabir ölüm hökmünün icrası… Mənim fikrimsə elə iyrənc bir şeydir ki, mən heç zaman öz cəlladıma çevrilə bilmərəm. Deməli, yalnız bir çarə qalır – əbədi yox olmaq, ərimək…

Bundan sonra mənə verdiyi dəftəri hələ saxlayıb-saxlamamağımla maraqlandı və şlyapalı, makentoş plaşlı bu enlikürək, qamətli gənc ayağa qalxdı. Bu təmiz, saf, kədərli adama mən nə cavab verəcəyimi, necə kömək edəcəyimi bilmirdim, o da məndən nəsə cavab gözləmədən sağollaşıb çıxdı.

Bir həftədən sonra mən bir işlə əlaqədar Parisi tərk etdim və geri dönməyimin elə ilk günündə, küçədə Şişkovun kürən dostuyla rastlaşdım. O mənə çox qəribə bir hadisə danışdı: Bir ay bundan əvvəl “Vasya” öz kiçik əmlakını da qoyub qəfildən yoxa çıxıb. Polis onun barəsində heç bir şey öyrənə bilmədi… 104

 

Hə, adətən kriminal romanların müqəddiməsini təşkil edən bu hadisə ilə mən Şişkov barədə hekayəni bitirirəm. Onun kürən dostundan aldığım cüzi bioqrafik məlumatları yazıb götürdüm – bəlkə gələcəkdə gərək oldu. Maraqlıdı, görəsən o, harada itib-batıb? Ümumiyyətlə, onun söylədiyi “əbədi yox olmaq, ərimək” sözlərinin nə mənası ola bilərdi?

Doğrudanmı o, bu sözlərlə öz yaradıcılı-ğında əriməyi, öz şeirlərinin içində yox olmağı və öz dumanlı şəxsiyyətindən nişanə olaraq, yalnız bu şeirləri saxlamaq istəyirdi? Gö-rəsən, gənc şair dostum bu “qeyri-adi məzarın şəffaflığını və möhmöhkəmliyini” düzgün hesablaya bilibmi?

 

 

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10