Vurğun Yusubov: “Gələcəkdəki Sən”

31 Baxış

vurgun

Senet.az “Ustad” jurnalında yayımlanan Vurğun Yusubovun “Gələcəkdəki Sən” hekayəsini təqdim edir:

 

Yeni qərarlar yenidən başlamaq üçün yox,

sonu dəyişdirmək üçündür.

 

 

Ayaqqabısından sıçrayan palçıq cinsini çirklətmişdi. 09:25 – İçərişəhər qatarına minərkən gördü. Payız heç özünü gözlətməmiş, oktyabrın ilk günlərindən şığımışdı pəncərələrə. Sulu salfeti ilk iki gündə bitmişdi. Metrodan düşən kimi köşkdən yenisini alacaqdı. Nə etmək olar?! Bu palçıqlı cinslə altı stansiya getməli idi.

Tanrının və şansın əsla üzünə gülmədiyi insan idi. Üç il universitetə qəbul ola bilməyən, ilk dəfəsində magistr imtahanından kəsilən Xumar iyirmi dördüncü cəhdində qazandığı işə gedirdi. İş yeri “Sahil” metrostansiyasına beş dəqiqəlik məsafədə yerləşirdi. Marketinq üzrə şöbə müdürünün müavini idi. İşə bir aylıq qazandığı təcrübənin köməyi ilə qəbul olunmuşdu.

İndisə göy üzü bozarandan bəri, qara bağlayıb, günəşə yas tutanlarla dolu vaqonda işə gedirdi. Çantasından ad günündən hədiyyə edilən kitabı çıxartdı. İki ay səkkiz gündü ki, yaxın getmirdi, amma bu gün evdən çıxarkən rəfdən götürmüşdü – üz qabığında yanmış kağız şəkli olan “Faranheyt 451″. Artıq “Ulduz” metrostansiyasında idi.

Qarışıq cümlələrlə dolu üç səhifəni geridə qoydu. Nəsə marağını çox çəkmişdi. Kitablara düşmən olan bir cəmiyyəti təsəvvür belə edə bilmirdi, amma bir az insanlara qarışsaydı, özünü tamamilə o cəmiyyətin içində tapacaqdı. Ən doğrusunu edirdi. Öz həyatı, öz qanunları… Qəhrəman olmaq üçün yaşı keçmişdi.

“Qapılar bağlanır. Növbəti stansiya: Sahil”

Fikrini kitabdan ayırdı, amma fikri “Yanğınsöndürənin” tavan arasında nə gizlətdiyində qaldı. Artıq çatmışdı, düşməliydi. Eskalatorda qulaqlığında Motsartın “Rekviem”i səslənirdi. Azərbaycan klassik musiqiyə sonuncu dəfə “Tom və Cerri”də qulaq asmışdı.

– Salamlar hər kəsə! Bu gün yenidən başlayırıq.

Xumar özünə xas salamlaşmadan sonra öz otağına keçdi. Qeyd dəftərinə göz gəzdirdi, bir fincan kofe istədi.

– Ay səni lənətə gələsən!

Unutmuşdu. Yaş salfet almalıydı. Tualetə gedib su ilə cinsini təmizlədi. Hə, bir də güc-bəla ilə simmetrik çəkdiyi sürməyə baxdı.

– Sən bacarırsan! – deyib öz otağına döndü.

Nahar yeməyindən sonra çıxıb, yağışda xəstələnərək evdə qızdırma içində yatmağı planlaşdırırdı.

Axundov adına kitabxananın yanından keçib parka gəldi. Əsl payızın gəldiyini hiss etdirən yağış yağırdı. Su damlaları kitabın vərəqlərini isladırdı, amma Xumar həmin tavan arasında nə olduğunu bilməyə tələsirdi. Yolu keçərkən ətrafına göz gəzdirdi.

“Ora-bura qaçışan insanların qarışqalardan fərqi nədi? Yeganə fərq var, əslində, insanlar paylaşmağı bacarmır.”

“İsti bir kofe bu havada tam yerinə düşərdi” – “Gloria jeans”in yanından addımlayarkən düşündü. İçəridə tək-tük yerlərdə müştərilər oturmuşdu. Bir çoxu rəsmi görüşə bənzəyirdi. Cavan cütlüklərin bura gəlmək üçün o qədər də imkanı olmur. Xoşbəxtlik ödənişlidir. Cibindəki pula dəyəcək xoşbəxtliyin də qiyməti qalxıb.

Kofesinini isti buxarını içinə çəkdikcə beyni rahatlaşırdı. Səbəbsiz gülümsədi. İki dəqiqə sonra onu gözləyənlərdən xəbərsizdi. Tezliklə üzündəki ifadə dəyişəcəkdi.

 

* * *

 

Qarşısında tanımadığı bir oğlanın oturduğunu görəndə çox təəccübləndi. Bir az da əsəbiləşdi: oğlanın heç olmasa icazə istəyə biləcək qədər etikalı tərzi vardı. Təzə təraş olunmuş üzündən hansısa şirkətdə işlədiyi bilinirdi.

– Siz kimsiniz?

Oğlan bir qutu və onun üstündə qısa qeyd kağızı qoyub getdi.

Xumar özünü qəribə hiss etdi: “Nə oldu indi? Kimdi o oğlan? Məni hardan tanıyır?” Və başqa suallarla doldu beyni…

Hədiyyə qutusuna bənzəmirdi, daha çox tələm-tələsik seçilmiş, amma bir o qədər diqqətli bağlanmışdı. Səliqəli yazılmış qeyd də bunu təsdiqləyirdi.

Xumar hesabı ödəyib, bir neçə saniyə tərəddüddən sonra qutunu da özüylə götürdü.

İşə qayıdarkən feysbuka göz gəzdirdi və önünə çıxan bir post diqqətini çəkdi:

“Həyatın nə zaman və necə dəyişəcəyini əsla bilə bilməzsən. Kimin nə vaxt qarşına çıxacağını və qurulmuş bütün planları alt-üst edəcəyini də həmçinin. Bildiyin yeganə şey nəyi bilmədiklərin olar.”

 

* * *

 

Ofisə çatanda çox fikirli olduğunu qapıda onu çağıran müdiri dedi. Xumar Ramiz müəllimin səsini üç dəfə çağırdıqdan sonra eşitdi. Sabaha olan iclas üçün çatışmayan sənədləri müzakirə etdilər.

Yarım saat keçmişdi, otaqdan çıxan Xumarın fikri hələ qutuda idi.

“Nə demək idi bu? Kim idi o? Nə olub?” – deyə düşündü.

Axşam evə gələndə başı çox ağrıyırdı. Vanna qəbul edib öz yerinə uzandı. Üzünü çevirib iş masasının üstünə qoyduğu qəhvəyi üstündə yanmış kağız rəngli cizgiləri olan, təxmini on sm hündürlükdəki qutuya baxdı. Qeyd kağızını uzanılı halda masadan götürdü. Bir daha oxudu, bir də oxudu.

“Kim idi o?“

Durub masada oturdu, qutuya baxdı.

Gözünü açanda bir anda harda olduğunu xatırlamağa çalışdı. Masanın yanındakı telefonundan saata baxanda, 03:19-u göstərirdi. İş masasının üstündə yuxuya getmişdi. Durub yerinə keçdi. Saçları artıq özü qurumuşdu. Qıvırcıq saçların ən gözəl xüsusiyyəti bu idi, qurulamaq çox vaxtını almırdı. Bu günsə heç saçına baxacaq həvəsi yox idi. Yerinə uzanıb gözünü qaranlıq tavana zillədi. Səhər saat 11:00-da üç həftədir üstündə işlədiyi iclası olacaqdı. İndisə yata bilmirdi.

Gözləri yuxusuzluqdan şişmişdi. Güzgüdə özünə baxmağa həvəsi yox idi.

Sadə çay içib evdən çıxdı. Gözü hələ qeyddə idi: “Səbəbsiz aça bilməyəcəyin bir qutu. İmza: Gələcəkdəki sən”.

Metroda palçığa bulaşmış ayaqqabısına baxa-baxa niyə hələ də qutunu açmadığını, nəyə görə özüylə götürdüyünü düşündü. Kimdən gələ bilərdi bu qutu?

İlk dəfə bu qədər böyük bir gəlir gətirəcək saziş bağlamağın sevinciylə dərindən nəfəs aldı, “mən nahara gedirəm” – deyib özünü ofisdən çölə atdı. Uğur kimsəni gözləmir, yerimək və ya qaçmaqla ona çata bilməzsən, ona yetişmək üçün həmişə bir vasitən olmalıdır. Saxtalaşdırılmış ölkələrdə, cəmiyyətlərdə uğurun yeganə vasitəsi var – pul, amma bu gün deyil. Xumar isə uğura inadı ilə çatmışdı. Bəzən inad insanı ayaqda tutan tək şey olur.

Çölə çıxıb yolun kənarında dayandı, yenə dərindən bir nəfəs alıb gözlərini açdı.

Yolun kənarı ilə gəzib, Heydər Əliyev Sarayına gəlib çıxdı. Yeni açılmış kafeyə girib pəncərənin kənarında oturdu. Təmiz geyimli bir ofisiant menyunu gətirdi. Menyudan bir günün yeməyini, bir də qırmızı çaxır sifariş etdi. Bu günün şərəfinə içəcəkdi, nahar vaxtı olsa belə.

Evə gələndə çox qarışmışdı hisləri, amma özünəinamı yerindəydi. Bu qədər əməyi, inadı və uğursuzluğu bugünkü qələbəsinə kömək oldu. İllərini vermişdi bu hiss üçün. Pul müqabilində oxumur heç kəs. Bu, uğurun sevinci deyildi: özünü tapmağın hissi, “Mən buyam” deməyin sevinci idi.

İçəri girib işə içkili gəldiyi üçün aldığı cəriməni də masasının başına qoydu. Bu gündən bir xatırə qalmalıydı.

Gəlib qutunun qarşısında oturdu. Oturdu, baxdı, baxdı, amma bu, yetərincə böyük səbəb deyildi. Həyatının uğuru bir anda kiçildi və bu qutuya qoyulmayacaq qədər kiçik oldu.

 

* * *

 

Bu gün münasibətlərinin üçüncü ili tamam olurdu. Hər yer qızılgül və şamla dolu idi. Otağa yayılmışdı qırmızı çaxırın iyi. Buna “ehtiras”, “sevgi”, “xoşbəxtlik” deyə bilərsiniz, amma bu, sadəcə qırmızı çaxırın ətri idi. Deyib, gülüb, rəqs edirdilər. Vaqifin bu gün – 14 noyabrda taxtadan yonduğu əl işi Xumarın kiçik heykəli idi.

Xumar Vaqifi ilk dəfə əməkdaşlıq etdiyi şirkətdə görmüşdü. İclas zamanı Vaqif gözünü Xumardan ala bilmirdi, elə indi də. Bir həftə sonra masasına gələn bir dəstə gül və bir qeyd: “Ümidvaram acsınız”. Sonrasa Vaqif özü ofisə gəlmişdi. Xumar bu incə təklifi qəbul etmişdi. Səmimi, bir o qədərdə şən nahardan sonra işə yenidən adaptasiya olmaq çətin idi.

Qədəhindən bir az içdi, yaxınlaşıb Vaqifin məcburiyyətdən təzə qırxılmış üzündən öpdü. Vaqif dönüb daha uzun öpüşlə cavab verdi. Çöldə narın yağış yağırdı. Bu yağışın səsində sevişmək də olardı, amma Xumar Vaqifin qolundan tutdu, ikinci mərtəbədən aşağı düşdülər. Bu gecə Xumarın evində qalacaqdılar.

Xumar dörd il öncə bu evi öz qazandıqları ilə almışdı. Ailəsi nə qədər narazı olsa da tək yaşamaq və öz ayaqları üstündə durmaq istəyirdi.

Yolu keçib parka gəldilər. Çatan kimi Xumar Vaqifin boynuna atıldı və qollarını açdı. İçindəki kəpənəklər onu yerdən ayırmışdı. Vaqif Xumarı göydə yaxalayıb öz ətrafında döndərməyə başladı. Heç yağış da dola bilmirdi aralarına. Xumarın saçları su vurduqca burulurdu. Vaqif onu yerə qoyub dodaqlarından öpdü. Qulağına pıçıldadı:

– Yağışdan geriyə qalacaq yeganə şey bizik.

– Yağışdan geriyə qalacaq yeganə şey bizik, – deyə təkrarladı Xumar.

Buludların arasından şimşək çaxır, incilərini yer üzünə tökürdü. Toplaya bilmirdi, hər biri buludların arasından süzülüb düşürdü.

Bu gecə bitməməliydi.

Səhərsi gün Xumar illərdi baxıb, amma açmadığı qutuya yaxınlaşdı. Vaqif qutunun varlığından xəbərsiz idi. Çünki o, açıb baxa bilərdi içinə. Göz bəbəyi kimi qoruyurdu onu. Bur insanın qutunun içinə baxması üçün heç bir səbəbi olmazmı?

– Bir az çaxır dadır. – Xumarın dodaqlarından öpən Vaqif dedi.

– Bir az da, siz, cənab.

Xumar otağa girib paltarını dəyişdi. Vaqif də çayları süzdü.

– Bu bazar gedək, düşərgə quraq şəhərdən kənarda, hətta rayonlar tərəfə gedə bilərik, – çayından bir az içən Vaqif sözümə davam elədi. Heç boş vaxtı olmazdı, çünki zamanını doldurmağı bacarırdı.

– Çadır kirayələyəcəm bir günlük. Uşaqlarla da danışa bilərəm, qoşulmaq istəyən gələr. Ya da xanım istəsə, baş-başa qala bilərik.

– Əla! Mən hazırlıq görərəm. Geyim zad. Uşaqlara da deyərik. Bir yerdə əyləncəli keçər. Hə, bir də, sizi sevirəm, cənab!

 

* * *

 

– Təəssüflə deməliyəm ki, – deyə, şöbə müdiri Ramiz İsa sözə başladı, – sizinlə yollarımızı ayırmalıyıq.

Xumar on illik işindən ayrılacağını heç ağlına gətirmirdi. Bütün həyatını bu ofisdə qurmuşdu. İndisə oradan ayrılmağını istəyirdilər. Səbəbsə çox aşkar idi. Şirkət son etdiyi sazişlərdən gəlir əldə edə bilməmişdi və ixtisarlara başlamışdı.

Boş və qaranlıq evinə girdi. İşığı belə yandırmadan çantasını yerə atıb, pəncərənin yanında oturdu. Pəncərəni açan kimi yazın yeni-yeni qızınmağa başlayan küləyi evin içinə doldu. İçinə çəkdi yeni tumurcuqlamağa başlamış ağacların ətrini. Səma təzəlikcə sakitləşmişdi. Bütün günü yağış altında gəzmişdi. Saçları hələ də suyun içindəydi. Bunu düşünəcək halda deyildi. İki ay öncə Vaqifi avtomobil qəzasında itirmişdi. Hələ də özünü günahkar hiss edirdi, çünki Vaqif onunla görüşə gecikməsin deyə, tələsdiyi üçün qəzaya uğramışdı. Hadisəni araşdıran polislər də qəzadan öncə sürət limitini keçdiyini göstərmişdi.

İndi də işini itirdi. İşini sevmək başqa hisdir. Onda işini yox, sevdiyini itirirsən. Telefonuna zəng gəldi. Baxdı ki, zəng edən anası Sara xanımdır. Bir həftədən çoxdu evdəkilərlə də danışmırdı. Paltarını çıxartmağa gedərkən özü-özünə düşündü: “Bu bahar yeni həyatlar gətirməyəcək. Yenidən doğmayacaq bu günəş.”

Otağın işığını yandırdı, paltarını dəyişib güzgüdə ağarmış saçlarına, qırışmış üzünə, ağlamaqdan qızarmış gözlərinə baxdı. Dodaqlarından artıq çaxır dadı gəlmirdi. Göyərmişdi siqaretin tüstüsündən. Yanaqları qurumuş dəniz kimi duzlu idi. Yenə bir neçə damla yaş süzüldü gözlərindən.

Çevrilib yeddi ildi masasında saxladığı qutuya doğru getdi. Düşünəcək bir şey qalmamışdı. Artıq səbəbləri sığmırdı bu qutuya.

Qutuda nə ola biləcəyini bu illər ərzində çox fikirləşmişdi. Bir təyyarə bileti, şəkil, ünvan, boş olacağını belə düşünmüşdü. Qutunu gətirən oğlanı yadına saldı. Kim idi? Niyə Xumara vermişdi? İllər ərzində bu sualların cavabını tapa bilməmişdi.

Dərindən nəfəs aldı. Durdu qarşısında. Əlinə alıb bir anda içinə baxdı.

İçində bir postkard var idi. Üstündə bir cümlə yazılmışdı:

“Sevdiklərini tərk etmək də bir intihardır”.

Kartın arxasında ünvan yazılmışdı.

Bütün həyatını – yaxşı və pis xatirələrini qoyub, sənə keçmişinin xatırladan şeylərdən uzaqda olmaq, tanımadığın insanları içində bilmədiyin dildə danışmaq və növbəti küçədə nə olacağını bilməmək bir növ ölüm və ya reankarnasiya deyilmi?

Tərəttüd etmədən intihar etmişdi Xumar…

 

* * *

 

Sara xanım artıq bir aydır xəbər almadığı qızının nə halda olmasına baxmaq üçün qapının kilidini tələm-tələsik açdı. Rövşən kişi də onun yanında gözləyirdi. İkisi də narahat idi. İçəri girdilər. Səsləndilər Xumara. Səs çıxmadı. Ev təmiz və səliqəli idi. Sara xanım otaqları bir-bir gəzdi. Qeyri-adi bir şey görmədi. İkisi də narahat halda divana çökdü.

– Haradadı bu qız?! Niyə səs-səmir yoxdu?! Çox narahatam. Allah, sən qoru onu!

Son cümlədə səsi titrədi, gözləri yaşardı. Rövşən kişi qucaqlayıb, təskinlik verməyə çalışsa da, bu, öz göz yaşlarına mane ola bilmədi.

Sara xanımın gözünə masanın üzərindəki zərf sataşdı. Tez götürdü. Rövşən kişi nə olduğunu anlamadan, çaşqın halda baxırdı.

Zərfin üstündə böyük hərflərlə yazılmışdı:

“SƏBƏBSİZLİYƏ DOĞRU”

Sara xanım titrəyən əlləri ilə zərfi açdı. Göz yaşına mane ola bilmədi. Rövşən kişi ilə birgə məktubu oxudular.

 

* * *

 

– Salam, Rövşən Mehdiyevin evidi? – səhər saat onda qapını döyən poçtalyon dedi.

Sara xanım təsdiqləyib, imza atdıqdan sonra paketi götürdü.

Xumar İsveçrədə yaşadığı yerdən növbəti şəkillərini göndərmişdi. Bir də qeyd vardı içində:

“Mən yaxşıyam, hər şey qaydasındadır. Artıq işim də var. Bir holdinqdə işləyirəm. Kirayə evdə qalıram, burda şərait çox yaxşıdı. Çalışdığım qədər gəzirəm. Ona görə gec oldu bu məktubu göndərməyim. Narahat olmayın. Sizi sevirəm”.

Bölmə : Nəsr
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10