Xəstə Baş çayının sehri

68 Baxış

minexanimTarixən böyük ərazilərdə yaşamış, ekvator boyunca Sərqə,

Sərqdən də Qərbə doğru hərəkət edən, nəhayətində düzlənib sıralanan türk boyları belə bir həyat tərzi üzündən ən çoxu da sözə tapınmış, nağıllar, əfsanələr,

uzun-uzadı söylənən dastanlara sahib olmuşlar. Uzun əsrlərdən keçib gələn əfsanələrin öyrənilməsi hər halda qədim türklərin dünyagörüşü, əxlaqi dəyərlərinə yaxından bələd olmasında kömək edəcəkdir.

 

 

 

İndi sizə söhbət açacağım əhvalat çox-çox qədimlərdə türk ovlağı Kırım diyarında baş vermişdir. Alupka və Misxor arasında səfalı bir guşədə nə vaxt idi ki, çox qoca ər-arvad bir damın altında baş-başa verib yaşayırdılar. Onlar günlərini keçirib, dövranlarını sürmüşdülər, kişinin 90, qadınınsa 80 yaşı vardı. Oğul-uşaqları çox idisə də, böyüyən kimi ata-analarını tərk edib hərəsi bir yana getmişdilər. Neçə illərdi ki, onlardan heç bir xəbər yox idi. Qocalar uşaqlarının bir də doğma yurda dönmələrindən əllərini üzmüşdülər. Artıq evləri də özləri kimi köhnəlib hər an yıxılmaq üzrəydi. Dünyadan köçərlərsə necə və hansı pulla onları yerdən götürəcəkdilər?!

Odur ki, kişi zəifləmiş ayaqlarının artıq onun sözünə baxmadığını  unutmuş kimi sabahdan meşəyə gedib odun gətirib satmağı qərara aldı. Beləliklə o əldə etdiyi pulu toplayıb son günə yığmağı fikirləşirdi. Kişi bu məqsədlə sübhün gözü açılar-açılmaz yuxudan durdu, örkən-çatısını belinə bağladı, çoxdan əlinə almadığı baltasını qurşağına sancdı. Zoğal əl ağacına söykənə-söykənə yola düşdü. Yolda tez-tez dayanıb dincəlirdi, nəhayət gəlib Ay Bədri dağının ətəyinə yetişdi. Buralar quru ağac budaqları ilə dolu idi. Qoca ağacların altına tökülmüş yüngül ağac şaxlarını toplayıb bir şələ yığdı. Şələni çiyninə alıb hıqqına-hıqqına dağın yamacından enməyə başladı.

Gün-günorta yerinə qalxmışdı. İsti qocanı əldən salırdı. Nəhayət, o yeriyə bilmədiyini görüb xırda bir çeşmənin başında dincəlməyi qərara aldı. Şələni çıynındən atıb, bulağın göz yaşı kimi dumduru, dağın zirvəsindəki qarların soyuğunu hələ də saxlayan bumbuz suyundan içdikcə içdi. Sərin su canına yayıldıqca bədənində xoş bir məstlik duydu; bütün cismini rahat bir sərinlik sarmaqda idi. Bərk yuxusu gəlirdi. Qocanın gözlərini yummağı ilə yuxuya getməyi bir oldu. Yatıb yuxusunu alan kimi günün artıq batmağa getdiyini görüb evə tələsdi. Tez şələsini çiyninə alıb yola düzəldi. O yolu indi oynaya-oynaya gedirdi. Bədəninə yeni güc gəldiyini hiss edib öz yükünün yüngüllüyünə gülməyi tutdu. Heyif, gərək böyük şələ bağlayaydım, gəlmişkən bir az çox odun aparaydım, – deyə peşiman-peşiman düşündü.

Elə bu vaxt  qarı nənə ərinin gec gəlməyindən nigaran qalıb meşəyə onu axtarmağa çıxmışdı.

Çox keçmədi ki, onlar üz-üzə gəldilər, nənə qarşısına çıxan çiyni şələli gəncdən meşədə qoca bir kişiyə rast gəlib-gəlmədiyini soruşdu. Gənc oğlan ona baxıb təəccüblə: Deyəsən, gözlərin axşam toranında yaxşı seçmir, məni, öz qocanı tanımadın? – deyə soruşdu. Qarı bu cavan oğlanın onu ələ saldığını güman edib məzəmmətlə dedi: Adam nə qədər gənc olsa qocaya gülməz, mənim ərim də elə yetmiş il qabaq sənin kimi gənc idi. Vaxt olacaq sən də qocalacaqsan…

Qoca yalnız indi başa düşdü ki, o bir vaxt babasının bəhs etdiyi gənclik bulağından su içib. Odur ki, başına gələnləri arvadına danışdı. Qadın da həvəsə düşüb tez həmin o sudan içmək istədi. Kişi bulağın yolunu ona başa saldı, özü isə odunlarını götürüb evə yollandı. Evlərinə yaxınlaşanda bağçanın çəpərinin necə sökülüb-töküldüyünü sanki ilk dəfə görürmüş kimi xəcalət çəkdi. Dərhal axşamın düşməsinə baxmadan işə girişdi. Bir də onda ayıldı ki, gecədən xeyli keçib, qarısı isə hələ evə qayıtmayıb. Narahat olan kişi səhər-səhər getdiyi bulağa tərəf üz qoydu. Bir neçə saata getdiyi yolu indi bir göz qırpımında dəf etdi. Nə qədər gəzdisə qarısını tapa bilmədi. Bu minvalla qoca arvadını çox axtardı. Onu tapmaqdan əlini üzmüşdü ki, bulaq kənarındakı kolluqdan uşaq ağlamasını eşitdi: inqə… inqə… Kişi təəccüb içində kolları araladı. Ağlamaqdan gömgöy göyərmiş, ağzı-burnunun suyu bir-birinə qarışmış əl boyda qundaq torpağın üstündə Allahın ümidinə qalmışdı. Uşaq bura necə düşüb, onu kim bura atıb? Qoca çağanı qucağına aldı, yazığı gəlib onu evə gətirdi. Arvad da tapılıb gələr, saxlayıb böyüdərik, çayımızı-çörəyimizi verər…

Sübh şəfəqləri hər yeri aydınladıb saçaqlarını otağa sərəndə qoca qucağında yatırtdığı uşağın arvadının paltarlarına büküldüyünü gördü. Bir anda hər şey ona aydın oldu. Sən demə qarı bulağa çatıb cavanlaşmaq ehtirası ilə bu sudan həddindən artıq içib və buna görə də lap uşağa dönüb. Axı qadınlar cavan və gözəl olmağa kişilərdən daha çox can atırlar.

Bu sehirli bulaq Ay Bədri dağının ətəklərində olan saysız-hesabsız çeşmələrdən biridi. Bu bulaqlar axıb irmağa çevrilir, irmaqlar bir-birinə qarışır, axıb Xəstə Baş çayına qovuşur.

Nə vaxtdır ki, bu çayın suyu çox dərdlərin dərmanı sayılmaqdadır.

Minaxanım Təkləli

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10