Gülnarə Sadiq
GİLEYLİYƏM
Taleyimin nə suçu var?
Mən bəxtimə gileyliyəm.
Xəyanətin min üzü var,
Mən ürəyə gileyliyəm.
Həsrət ağlar harda, yarım?
Hər ümidi yarda, yarım
Zaman doğrar yarım-yarım,
Mən diləyə gileyliyəm.
Dünya deyər, gör əzabı,
Sıx, qəlbinə hör əzabı,
Dünya kimi sür əzabı,
Mən kələyə gileyliyəm.
BİR GÜN
Nə vaxtsa bir gün, şeirin birində,
Hansısa misrada qovuşacağıq.
Sərin kəlmələri düzüb yan – yana,
Elə şeirdəcə yaşayacağıq.
Gecə ulduzları – qələm götürüb,
Düzəcək sakitcə vərəq üstünə.
Durmadan yağacaq o ağ yağışlar,
Eşqimin rəsmini sözlər çəkəcək.
Heç vaxt dadmadığım göz yaşlarını,
Tökəcək gözümə bu şair indi.
Həsrətdən üşüyən hər ümidimi
Yanan ürəklərə bükəcək indi.
Araya suallar gələcək hərdən,
Durmadan döyəcək qəlb qapısını.
Çiçəklər, ləçəklər acıq eyləyib
Didərgin salacaq bal arısını.
GEDİRƏM
Gedirəm,
Məni mənə calayan
Qəlbi mənə anlatan ruhumun yüksəkliyinə.
Dünyanın səssizliyinə…
Gedirəm…
Fikrimlə,
düşüncəmlə
məni dünyadan alan –
zülmətin dərinliyinə.
Gedirəm…
ədəbin, ülfətin məkanına,
Eşq üçün,
Vüsal üçün alovlanan könüllərə –
Gedirəm…