Zaur Ustac
Tuncaya
Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
Ata-baban, zaman-zaman qıymadı,
Güzəşt etdi, yazıq-yuzuq, yesirdi…
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!
Gəzdim
Gəzdim, qarış-qarış VƏTƏN TORPAĞIN,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
Gəzdim, yorulmadan dağı, dərəni,
Seyr etdim, ən ucqar çölü, çəməni;
- Ruha bir nəğmədir, boranı, çəni,
Çox bulaq başında üzüm var mənim!
Gəzdim, bu TORPAĞI, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!
Düşüncələr
Arzular üzünə güləndə sənin,
Elə bil, yüz dəfə cavanlaşırsan.
İşin bərkə düşüb, çətinləşəndə,
O an qəm-kədərlə qucaqlaşırsan…
Belə olmamalı düşün, ey insan!
Səni xəlq edəndə ulu yaradan,
Mayanı tutmuşdu, “sabit” torpaqdan,
Mənbəyin, mənsəbin torpaqdır, İNSAN!!!
İradə bəxş etdi Yaradan sənə,
İstiqamət alma, əsən yellərlə,
Şüuru örnək tut, əməllərinə,
Bir gün, bu işlərə hesabatçısan!
Enib asimandan, yerdə qərar tut,
Şirin xülyaları biryolluq unut,
“Həsədi”, “həvəsi” qəlbində ərit,
Həvəsə aldanıb, uduzacaqsan!
Ümid et, həmişə xoş gələcəyə,
Ümid et, tanrının mərhəmətinə,
İlahi inama sədaqətinə,
Bir gün mükafatın olacaq inan!!!