“Xalq düşməninin arvadı”

109 Baxış

Vəfa Babasoy121215

Repressiya dalğasının kəskinləşdiyi illərdə Azərbaycan ziyalısı olmağın cəzası ağır idi. Güllələnmək, ən yaxşı halda isə sürgün olunmaq yazılmışdı ziyalıların taleyinə. Elə bu dövrdə ­– sürgünlərin, qətllərin kəskinləşdiyi dövrlərdə bir ifadə formalaşmağa başladı – “xalq düşməninin arvadı”.

O, xalq maarifinin təşkilatçılarından olan, yazıçı-pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik qızı,  tarixçi-alim, Azərbaycan Dövlət Universiteti əsaslı kitabxanasının direktoru Ağamir Məmmədovun həyat yoldaşı Nəimə xanım Əfəndiyeva idi.

1937-ci ilin bir oktyabr günü Ağamir Məmmədov haqda rəhbər orqanlara məktub daxil olur. Məktubda onun və ailəsinin müsavatçı olduğu, əksinqilabi fəaliyyətə dəstək verdiyi qeyd olunur. Azərbaycan tarixininin qatı açılmamış səhifələrini araşdıran bir alimi ittiham etmək üçün bu əsl fürsət idi.

Qapının bir gün döyüləcəyi gözlənilən illərdə Nəimə xanımın ağlına da gəlmirdi ki, onun həyat yoldaşını ölkəyə xəyanətdə, satqınlıqda ittiham edə bilərlər. Ağamir Məmmədovun yoxa çıxması məlum olanda o, xəstəxanaları axtarmağa başlayır. Hər hansı bir qəzada başına fəlakət gəldiyini güman edir. Lakin axtarışları heç bir nəticə vermir. Bir neçə gün sonra məlum olur ki, Ağamir Məmmədov həbs olunub. Nəimə xanımın “nə səbəbə?” sualı cavabsız qalır.

O, evdən əri üçün yemək gətirmək, onu görmək istədiyini desə də, Nəimə xanıma mane olur, bunun mümkün olmadığını qeyd edirlər. Yalnız dəyişmək üçün alt paltarları gətirməsini istəyirlər. Çirkli paltarları ona qaytaranda məlum olur ki, köynəyinin arxasında zolaq-zolaq qan ləkələri var. Bu, Ağamir Məmmədova işgəncə verildiyini göstərirdi.

Təcili “hazır şahidlər” vasitəsilə onun “günahı sübut olunur”. İftiralar yağdırmağa başlayırlar. Ancaq Ağamir Məmmədov elan olunmuş ittihamların heç birini qəbul etmir. Üç aylıq istintaqdan sonra qərar elan olunur: “Güllələnsin!”

Artıq Nəimə xanım əmin idi ki, bütün sürgün olunanların ailəsini Bayıla aparan qara maşın çox yaxında onların da qapısına gələcək. O günə qədər səksəkə içində iki ay keçir. İki ay sonra iki nəfər içəri girir: “Yığışın, bir dəst paltar götürün, balaca çamadan olsun, başqa dəyişəkləri də qoyun və bu qoca arvadla vidalaşın, qayıtmayacaqsız!”

Nəimə xanımı fəlakətlərə düçar olmuş, qəm dəryasına batmış qadınların olduğu dəmir barmaqlıqlar arasına itələyib salırlar.

Bir neçə gün sonra həmin qapı yenə açılır. Ağ saçları üzünə tökülmüş bir qadını içəri gətirirlər. Nəimə xanım həmin qadını belə xatırlayır: “Ağzının qanı solğun çöhrəsinə yayılmışdı. Su tapıb içirtdik. Özünə gələndən sonra o, əllərini göyə qaldırıb dodaqları altında nəsə pıçıldadı, sonra döşlərini tutub başını qaldırdı, ahu-zarlı səsi həbsxananın lal divarlarını titrətdi. “Ay allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə, onu dünya işığına həsrət qoy!” Həmin qadın Mir Cəfər Bağırovun süd anası imiş. Ona süd verən qadına mərhəmət göstərməyən insanın başqalarına nəzakətli olacağını gözləmək olmazdı.

Nəimə xanımı iki ay istintaqsız Bayıl həbsxanasında saxlayırlar. Bir gün içəri iki nəfər girir və hökmü oxuyur. Digər qadınlar kimi onun da adı çəkilir. Səkkiz il Azərbaycandan kənara sürgün!

Qadınların “niyə görə?” sualının cavab isə məlumdur: “Siz xalq düşmənlərinin arvadısınız!”

Onunla birlikdə sürgün olunanlar arasında Ruhulla Axundovun arvadı Frida Naumovna və Soltan Məcid Əfəndiyevin arvadı Zivər xanım da var idi.

12121212

Onları mal-qara daşınan qatarlara doldurub bilinməyən istiqamətə aparırlar. Qatarı müəyyən yerlərdə saxlayıb meyitləri çölə atırlar. Qadınların bir çoxu dəli olur, hətta özünə qəsd edənlər də olur. Yalnız ən güclü iradəyə sahib olan qadınlar o cəhənnəmə tab gətirə bilirlər. Nəimə xanım da güclü qadınlardan biri idi. O, çəkdiyi əzaba yalnız ona görə dözürdü ki, bir gün haqq öz yerini tapacaq, o, yaşadıqlarını başqalarına danışa biləcək, ağır sürgün həyatının canlı şahidi kimi hər şeyi sonrakı nəsillərə çatdıracaq.

Qadınları Rusiyanın soyuq Seqeja şəhəri yaxınlığında hasara alınmış həbs düşərgəsinə gətirirlər. Onlar burada köynəklərin yaxasına bəzək vurur, başqa işlər də görürlər. Nəimə xanım qeyd edir ki, Soltan Məcid Əfəndiyevin arvadı, bacarıqlı həkim Zivər xanımın gözləri zəif gördüyü üçün ona tualet təmizlədiblər. O, tez-tez atasını fikirləşir, onun üçün necə narahat olduğunu təsəvvür edir. Atasına olan bağlılığından, sevgisindəndir ki, atasının ölümünü də hiss edir: “Qırx ikinci ilin fevral günlərinin birində elə bil dünya bir anlığa dayandı. Gözlərimə qaranlıq çökdü. Elə qışqırdım ki, səsimə barakdakılar oyandılar. “Nə olub sənə, özünü ələ al!” Mən ömrümdə ilk dəfə yanıqlı-yanıqlı ağladım. Deyirdim, atam daha bu dünyada yoxdur, o ölüb!”

Həbsdən qayıdandan sonra öyrənir ki, atası 1942-ci ilin fevralında onun azad olunması üçün Moskvaya mərhəmət ərizəsi göndərib. Lakin rədd cavabı alıb. Bundan bir neçə gün sonra isə gözlərini əbədi yumub.

Nəimə xanımı 1943-cü ildə azad edirlər. Amma bir şərtlə. Birbaşa Azərbaycana gedə bilməz. Bir neçə ay Qazaxıstanda yaşamalıdır. Azərbaycan Dövlət Universitetinin riyaziyyat professoru olan qardaşı Məmməd bəy işə qarışır, Azərbaycana qayıtmağına icazə ala bilir. Ancaq qayıdanda o qədər dəyişmiş olur ki, qardaşı onu tanımır. “Qapını açıb içəri girdim. O, mətbəxdə nahar edirdi. Səsə Məmməd bəy başını qaldırdı, fikirləşdim ki, ayağa duracaq, məni qucaqlayacaq. Belə olmadı. Yəqin etdim ki, məni tanımayıb. Arvadını səslədi. Dedi, dilənçiyə pay ver, yola sal. Ürəyim gedib yıxıldım. Qardaşım arvadı Məmməd bəylə köməkləşib məni yerdən qaldırdılar. Tanıdı. Qardaşım, gəlin və mən bir müddət bir-birimizə sarılıb hönkür-hönkür ağladıq”.

Sürgündən qayıdandan sonra heç bir tanıdığı onunla ünsiyyət saxlamır, hamı ondan qaçır. Bunu da anlamaq olardı. Çünki sürgündən qayıtmış biri, üstəlik, “xalq düşməninin arvadı” ilə ünsiyyət saxlayan hər kəsi təhlükə gözləyirdi. Buna görə də o, tək və hövsələsiz olmuşdu.

Bir gün DİN-ə gedir və iş istəyir. Bu fikrinə gülürlər. Lakin o dediyindən dönmür. Burada süpürgəçi kimi də olsa, işləmək istədiyini deyir. Yalnız bu yolla normal cəmiyyətə qarışa biləcəyini düşünür. Əgər DİN-ə gedib-gəldiyini görsələr, onunla ünsiyyətdən qaçmazlar.

Yaşlı bir kişi onu dinləyir. Tutulmamışdan qabaq elmi işçi olduğunu öyrənir. Onu Şəkiyə ipəkçiliyə göndərməyə qərar verirlər. O,  bir neçə il – Mir Cəfər həbs olunana qədər Şəkinin ipək sənayesi fabriklərində laboratoriyada işləyir. İiyirmi ilə yaxın isə respublikanın ipəkçilik üzrə mərkəzi təşkilatlarında çalışır.

O, əzmi, inadkarlığı sayəsində əzablara dözür, bir qurbandan ölkənin ən güclü mütəxəssisinə çevrilir. Həyat yoldaşına bəraət almağa da nail olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10