Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür

62 Baxış

Bəxtiyar VahabzadəBu gün milli şeirimizin, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin anım günüdür.

Şair 1925-ci ildə Şəkidə  fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanıb, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilib. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Onun yaradıcılığı çox zəngindir. Onun əsərlərində xeyirxahlıqdan, əməksevərlikdən, təbiət gözəlliyi kimi bir çox mövzulara toxunulub. Lakin Vətən haqqında yazıları şairin yaradıcılığının əsas qayəsini təşkil edib. Hələ sovet ideologiyasının hakim olduğu bir zamanda Azərbaycanın iki yerə parçalanmasına həsr etdiyi “Gülüstan” poeması Bəxtiyar Vahabzadə yaradıcılığının zirvəsini təşkil edir. O, “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra bərpa edilib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.

B.Vahabzadə 2009-cu ildə fevralın 13-də Bakıda vəfat edib.

***

20 yanvar 1990-cı il hadisələrindən sonra qələmə aldğı “Şəhidlər” əsəri isə baş verən hadisələrə qarşı şairin həssaslığını bir daha göstərir.

 

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

 

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

 

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

 

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

 
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

 
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

 

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

 

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.