Xalq Şairi Məmməd Arazın məzarı ziyarət edilib

7 Baxış

1507988699380114259_1000x669

Oktyabrın 14-də Xalq Şairi Məmməd Arazın doğum günü münasibətilə Fəxri xiyabanda şairin xatirəsi anılıb. Mərasim iştirakçıları şairin məzarı üzərinə gül dəstələri düzüblər.

Senet.az xəbər verir ki, anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Mərasimdə tanınmış yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni bir era açdığını bildirib. Vətənpərvər şairin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!”, “Məndən ötdü qardaşıma dəydi!”-, və digər məşhur misralarının zərb-məsələ çevrildiyini, onun yaradıcılığının xalqımızın əbədi yaddaşına döndüyünü söyləyib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Oqtay Rza, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədr müavini Rasim Məmmədov və başqaları Məmməd Araz yaradıcılığının bənzərsizliyindən söhbət açıblar.

Ümummilli lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verdiyini, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra şairin Vətənin ən ali mükafatlarına layiq görüldüyünü bildiriblər. Müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Arazın Azərbaycan xalqının ürəyində daim yaşayacağı vurğulanıb.

KÖŞƏ YAZARLARI
TOP 10