Xalq Universiteti

9 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından növbəti hissələri təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Altıncı hissə- Hərbi hissə-xalq məktəbi

Yeddinci hissə- Futbol

Səkkizinci hissə- Valideynlər və uşaqlar

Xalq universiteti

Gənc Fin ziyalıları Snellmanın əhatəsində toplanmışdılar. Get-gedə onların sıraları böyüyür, qrupa mədəniyyət və təhsil sahəsində çalışan yeni-yeni insanlar daxil olurdu.

Snellmanın qrupu Helsingfors Universitetinin gənc professorları, ən ucqar kəndlərdəki müəllimlər, ziyalı tacirlər, fabrik sahibləri, özəl sahədə çalışan həkimlər, məmurlar və vəkillərdən təşkil olunmuşdu. Bu dinamik beyinlərin gücü yavaş-yavaş Finlandiyanın hər tərəfində öz təsirini göstərirdi. Bu məqsəd uğrunda çalışanlardan heç biri bunu şöhrət, məşhurluq üçün etmirdi. Qrupun fəaliyyəti digər təhsil və mədəniyyət təşkilatlarında olduğu kimi kağız üzərində qalmaqdan da çox uzaq idi.

Burada hamı çalışır və hər kəs sözün həqiqi mənasında bir mədəniyyət missioneri funksiyasını daşıyırdı.

Bu qrupa daxil olan hər kəs inadla, əzmlə, ilhamla fəaliyyət göstərirdi. Bu fəaliyyətlərində isə hər hansı xüsusi iş planlaşdırmağı və gəlir götürməyi ağıllarına belə gətirmirdilər. Qrup üzvləri oxunan köhnə kitabları toplayaraq, onların arasından daha yaxşı qalanlarını seçir və səyyar bir kitabxana yaradaraq kəndbəkənd dolaşırdılar. Müəyyən bir ərazidə bir müddət qaldıqdan sonra başqa qəsəbə və ya kəndə gedirdilər.

Əvvəllər iki-üç həftədə bir dəfə, sonralar isə hər bazar günləri əhali üçün sağlamlıqla, ədəbiyyatla, iqtisadiyyatla və əxlaqi məsələlərlə bağlı söhbətlər təşkil edilirdi.

Özünü bu işə fəda edən din xadimləri və müəllimləri seçərək, ölkənin hər tərəfinə göndərirdilər. Beləliklə, xüsusi bir Xalq Universiteti yaradılmışdı. Bu universitetin professorları da yaxşı natiqlik qabiliyyətinə sahib olan səyyah gənclər idi. Bu gənc professorlar xalqı müxtəlif məsələlərlə bağlı maarifləndirərək ən yatmış ruhları belə oyandırırdılar. Bu yığıncaqları dinləyənlərdə daha çox bilik əldə etmək, ölkənin inkişafı və yüksəlməsi üçün hansısa şəkildə xidmət göstərmək arzusu yaranırdı. Əvvəllər olduğu kimi varlılar ölməmişdən əvvəl öz sərvətlərini kilsəyə və ya xeyriyyə təşkilatlarına bağışlayırdılar. Xalq arasında maarifləndirmə işləri genişləndikcə təhsil üçün böyük xeyriyyə fondları yaradılmağa başlandı. Ölkənin müxtəlif bölgələrində yaşayan varlı ailələr evlərini kitabxana, konfrans salonu və ya əhalinin əyləncə məkanı olması üçün xalqa bağışlayırdılar.

Bu cür bir çox saf niyyətli hərəkətlərə, çalışmalara rast gəlmək mümkün idi. Tanınmış səyyah professorların söhbətlərindən, aparılan maarifləndirmə işlərindən son dərəcə razı qalan kəndlilər əllərində olan kərə yağı, bal, yumurta, toxuma kilim və əl  işlərini professorlara verərək evlərinə aparmalarını xahiş edirdilər.

            Siz bizi maairfləndirmək, məlumatlandırmaq üçün kəndlərimizə qədər zəhmət çəkib gəlmisiniz. İcazə verin, biz də sizə əlimizdən gəldiyi qədər qarşılıq verək. Sizin bizə öyrətdiyiniz faydalı məlumatlar və bəxş etdiyiniz xoşbəxtliyə nisbətən kiçik şeylərdir. Amma xahiş edirik qəbul edin,-  deyirdilər.

Xalq Universitetinin 25-ci ildönümü münasibətilə 

Jarvinenin nitqi

Xalq Universitetinin bir çox çətinlikləri dəf edərək 25 il ərzində göstərdiyi xidmətlərdən sonra Snellmanın yaşadığı Kuopio (Finlandiyanın Şimali Savonia bölgəsində yerləşən şəhər) şəhərində milli bayram təşkil edilmişdi. Tədbirin sonunda ölkədə “Cem kralı” kimi tanınan Jarvinen söz alıb, bir saatdan çox davam edən nitq söylədi.

Dəvət olunanlar çoxsaylı nitqlərdən yorulmalarına baxmayaraq Jarvinenin nitqini maraq və diqqətlə dinlədilər.

Jarvinen nitqinə bu sözlərlə başladı:

Mən bir zamanlar yoxsul və adi bir satıcı idim. Uşaqlıqda isə səbətdə simit satardım. Daha sonra bazarda kiçik bir mağaza açıb şirniyyatlar satmağa başladım. Böyük tacirlər mənə güvənir və istədiyim qədər şirniyyat, peçenye, müxtəlif çərəzlər verirdilər. Mən də bunları satıb borclarımı ödəyirdim. Buna görə də məni sevirdilər və sonra daha böyük bir mağaza açmaq üçün kömək göstərəcəklərini vəd verərək məni təşviq edirdilər.

            O vaxtlar dolanışıqla bağlı heç bir sıxıntım yox idi, təmiz geyimlər geyinir, yaxşı bir mənzildə yaşayırdım. Ancaq buna baxmayaraq, necə deyim bilmirəm, o vaxtkı vəziyyətimdən razı deyildim. İçimdə həmişə bir sıxıntı var idi. Həyatım və dolanışığım mənə darlıq edirdi. Daim öz-özümə düşünərək, “Mağaza kiçikdir, müştərilər azdır, gəlir də azdır. Bütün həyatım belə azlıqlar içindəmi keçəcək?”, -deyirdim.

            Jarvinen orada olan professorlara müraciət edərək sözlərinə belə davam etdi:

Dostlar, səbr edib mənim hekayəmi dinləyin! Siz çox yaxşı bilirsiniz ki, hər simit satan uşaqdan “Cem kralı” olmaz və simit satan uşaq doğulduğu şəhərdə milli teatrın yaradılması üçün on minlərlə mark(pul vahidi) verə bilməz. Jarvinenin etdiyi kimi doğulduğu qəsəbədə bir qəzetin nəşr olunması üçün lazımi köməkliyi göstərə bilməz.

            Mən bunları özümü öymək üçün söyləmirəm. Bura kiminsə özünü öyüb göylərə qaldırmaq yeri deyil. Sizin hüzurunuzda mənim simamda Fin millətinin gənc, güclü və sağlam bir nümayəndəsi dayanıb. Mən burada sizin qarşınızda ağac qabığı ilə qarışıq çovdar çörəyi yeyən, meşələr və bataqlıqlar arasında dözüb yaşayan Fin millətini təmsil edirəm. Fin milləti içində “Cem kralı” olmaq nadir haldır, amma bu millətin içində mənim kimi Jarvinenlər də var.

            Jarvinen adı daşıyanlar sanki bir tabordur. Mənim kimilər xalq arasında minlərlədir. Mənim kimi Jarvinenlər hələ də meşədə ağac ağac kəsib, dağlardan daşları yuvarlandırırlar.

            Onların da çoxu üçün həyatları darıxdırıcıdır. Biz çətinliklərdən və işləməkdən qorxmuruq, daha çox işləyirlər deyə başqalarına qısqanclıqla yanaşmırıq. Ancaq Jarvinen kimilərinə belə həyat tərzi dar gəlir. Onlara sıxıcı təsir bağışlayır. Onlar daha yaxşı həyat arzu edirlər, daha parlaq bir gələcəyə ümid edirlər. Günəş kimi daha parlaq, daha gözəl, daha güclü bir gələcək arzusundadırlar. Onların içində qaynayan, fışqırmaq istəyən nə isə bir şey var, amma çıxış yolu tapa bilmir.

            Keçən il İtaliyanın cənubuna gedib, cem istehsalında istifadə ediləcək bir gəmi portağal satın almışdım. Bir neçə günlük gəzintidən istifadə edərək, Napoli ətrafındakı Vezivu vulkanının zirvəsinə çıxmışdım.

            Dağın zirvəsindəki vulkanın ağzını seyr edərkən öz gəncliyimi xatırladım. O zamankı fikirlərimi və duyğularımı düşündüm. Bütün  Fin millətinin vəziyyətini düşündüm. Kraterin içində qara və tünd bir lava kütləsi qaynayır və köpüklənirdi. Lavalar bəzən kraterin ağzına kimi qalxır, bəzən aşağı enirdi. Sanki vulkanın içində kraterin darlığına baxmayaraq nəfəs almaq istəyən böyük bir div vardı. Dağın içində qaynayan alovlu lavalara vulkanın ağzı dar gəlirdi. Baxın, bu səbəbdən yer altında olan güclər içəridəki odlu lavaları çölə püskürdürdü.

            Mən də bir vaxtlar belə vəziyyətdə idim. İndi Fin milləti də eyni vəziyyətdədir. Jarvinen elə Fin milləti deməkdir.