Xalq yolunda gözlərini itirən yazıçı – Cəmil Meriç

70 Baxış

cemil-mericVəfa Babasoy:

 

Tarixdən sosiologiyaya, fəlsəfədən ədəbiyyata qədər geniş bir sahəni əhatə edən bir insan zəkası. Bu zəkanın mənimsədiyi şərq və qərb mədəniyyətinə məxsus düşüncələr.
Cəmil Meriç ‘sərlərini təsirli bir üslubla yazmış, düşüncə yüklü cümlələrə şeir dadı qatmağı bacarmış bir düha idi. “Gerçək hökmdarlar əbədi hökmranlardır. Xəzinələri yağmalandıqca zənginləşirlər”. Bunu xalqa işıq salan ziyalılar haqda deyərkən, bəlkə də, özünün qaranlığa qərq olmuş gözləri ilə bu ziyalılıq hərəkatının öncülü olacağını düşünməmişdi.
Meriç ailəsi Balkan müharibəsi illərində Yunanıstandan Türkiyənin Hatay əyalətinə köçür. Cəmil Meriç 12 dekabr 1916-cı ildə Hatayın Reyhanlı qəzasında dünyaya gəlir. Doğum tarixi o vaxtın adət-ənənələrinə uyğun olaraq “Qurani-Kərim”in iç səhifələrindən birinə qeyd edilir. Atasının adı Mahmud Niyazi, anasının adı Zeynəb Zinət idi.

Dörd yaşında oxumağı öyrəndi. Elə həmin dövrdə gözlərinin zəif olduğu bilinir. Oxumağa başlayarkən dörd dərəcə eynək ilə tanış olur.
Yeddi yaşına qədər Antakyada yaşayır. Orta məktəbə Antakyadakı Habibünneccar orta məktəbində başlayır. 1923-cü ildə ailəsi ilə təkrar Reyhanlıya qayıdır. Reyhanlı orta məktəbində təhsilinə davam edir.
1928-ci ildə orta məktəbi bitirib Antakyaya gedir və Antakya Sultanisində təhsilini davam etdirir. On birinci sinifdə oxuyanda final imtahanlarında müvəffəqiyyət əldə edir, ancaq məzun ola bilmir. Çünki həmin il liseylərdə on iki illik təhsil sisteminə keçid olur, buna görə də ona ikinci dəfə final imtahanlarına girmək tələbi qoyulur.
Liseyi bitirə bilmir və 1936-cı ildə İstanbula gedir. İstanbulda Pertevniyal Liseyinin on ikinci sinfinə yazılır. Qumqapı tələbə yurdunda yaşamağa başlayır. İhsan Konqar, Nurulla Ataç, Keyse İdalıdan dərs alır. Nazim Hikmət və Kərim Sədi ilə tanış olur.
Ancaq sanki İstanbulda axtardığını tapa bilmir və 1936-cı ilin mayında Hataya geri dönür. Lisey təhsilini Antakya Sultanisində tamamlayır. İskəndərunun Haymeseki kəndində müəllimlik fəaliyyətinə başlayır.
Bundan sonra onun həyatında dəyişikliklər başlayır. Elə müəllim təyin edildiyi il İskəndərun Tərcümə Bürosu rəis müavini olur. Bir il sonra Hatayın Ağtəpə qəsəbəsinə nahiyə müdiri təyin edilir. 1939-cu ildə işdən çıxarıldıqdan sonra doğulduğu torpaqlara qayıdır. Yenidən Reyhanlının Ayrançı kəndində müəllimliyə başlayır. Bir müddət bələdiyyədə katiblik edir. Elə həmin il həbs edilir.

Edam tələbi ilə mühakimə olunsa da, bəraət alır. Təkrar İstanbula gedir. Xarici Dillər Yüksək Okuluna qəbul olunaraq ali təhsil almağa başlayır. Təhsilini tamamladıqdan sonra məcburi olaraq fransız dili müəllimi kimi Elazığa göndərilir. Elə o sırada coğrafiya müəllimi olan Fevziyə Menteşoğlu ilə tanış olur. Onunla tanışlığı çox şikayətləndiyi yalnızlığına son qoyur. Qısa zamanda aralarında yaranan sevgi evliliklə nəticələnir. Bir qadının onunla evlənməyə, onun adını daşımağa razı olması onda qəribə duyğular oyadır.
“Həyatım bir tragediyadır. Birinci pərdə evlənənə qədər keçən zamandır. Ulduzsuz, Allahsız, nəşəsiz, qətran kimi bir gecə. Xoşagəlməz iztirablar. Bir neçə şəhəri fəth etməyə yetən bir enerji yel dəyirmanlarına hücum eləməklə tükənir. İkinci pərdə nigahla başlayır. Daha böyük, daha dərin, daha uzun acılar. Lakin bu vahələri olan bir çöldür və göyü ulduzlarla doludur: uşaqlarım, kitablarım…”
Evlənib yalnızlıqdan, müəllim olub kasıblıqdan canını qurtaran Cəmil Meriç Elazığda duyğusal insanların çox olduğu bir mühitə düşür. Hər nə qədər sevgi dolu bir mühitdə yaşasa da, gözündəki problem getdikcə artır. Gözündəki problemlərə görə ona görə onu əsgər də aparmırlar.
Uğursuzluqlar ard-arda düzülməyə başlayır. 1945-ci ilin fevralında müəllimlikdən istefa verir. Özü kimi müəllim olan arvadı Fevziyə xanımın təyinatını Elazığa vermirlər. Bundan başqa, bu zamana kimi arvadı Elazığda iki övladını itirir. Həkimlər ancaq İstanbulda övlad dünyaya gətirə biləcəyini deyirlər. Yaşadıqları bir çox haqsızlıqlardan sonra İstanbula gedirlər.

cemil-meric3a72

İstanbula getdikdən sonra bir oğulları dünyaya gəlir (1945), ilk dəfə ona atalıq duyğusunu daddıran oğluna Mahmud Əli adını verir. Bir il sonra ikinci övladları – qızları Ümid dünyaya gəlir. Qızının dünyaya gəlməsi ona düşərli olur. Həmin il İstanbul Universiteti Ədəbiyyat fakültəsində fransız dili müəllimi kimi çalışmağa başlayır.
Həyatında fırtınalar sakitləşməyə, hər şey yoluna düşməyə başlayanda həyatdan ən böyük zərbəni alır. Bu, elə bir acı idi ki, elə bir acı fırtınası idi ki, onu ən sevdiyi kitablarından ayrı salmağa gücü yetirdi. Cəmil Meriç gözlərini itirir.
Uşaqlığından etibarən gözlərində başlayan problem artıq bu düşüncə adamının gərgin oxuma rejiminə tab gətirmir və yorğun düşür. Gözlərindən bir neçə dəfə əməliyyat olunur. Nəticə müvəffəqiyyətsiz olur. Gözləri üçün mübarizə aparmaqdan vaz keçmir. 1955-ci ilin əvvəllərində düşüncə mərkəzi hesab etdiyi Parisə gedir. Orada yenidən gözlərindən bir neçə əməliyyat keçirir. Təəssüf ki, nəticə yenə ürəkaçan olmur.
Gözlərini itirməsi ən böyük sevgisi olan kitabları ilə arasına qaranlıq bir pərdə çəkir. Bədbinləşir, ümidsizləşir, ölüm fikrinə hakim kəsilir.
“Gözlərimi, yəni hər şeyimi itirmişdim. Təkrar çarxa ilişdim. Ölümü bir çarə kimi axtarırdım. Problemlərimi ancaq o, həll edə bilərdi. Qorxaq olduğum üçün intihar edə bilmədim.. Gözlədiyim heç bir şey yox idi. Yazdıqlarım heç bir əks-səda yaratmamışdı. Nə yazacaqdım?!”
Gözlərini itirincə qaranlıq dəhlizlərdə dustaqlığın, qorxunun, ümidsizliyin girdabına düşür. İçindən qopan canhövlü fəryadlar gözlərindən axan bulaqlara çevrilir. Artıq özünü hər şeyini itirmiş hesab edir. Çünki bir intellektual üçün gözləri yeganə xəzinəsidir. Kitablarla arasındakı yeganə bağdır. Belə demək mümkünsə, Cəmil Meriç gözlərini itirməklə hər şeyini itirdiyini düşünür. Buna görə də ölümü bir xilaskar kimi axtarır, intihar düşüncəsi bir bədxassəli şiş kimi beynində özünə yer edir.
İşıq bir vəfasız sevgili kimi onu tərk etmiş, qaranlıqlara gömərək vida etmişdi. Həm də nə vida!.. O, pessimist, ürkək, zəif bir insan idi artıq. Qanadları qırılmışdı. Çünki onun üçün korluq bir növ ölüm idi…
Belə bir əhvalda uğursuzluq dövranının məngənəsində yoluna davam edərkən içində bir işıq yanmağa başlayır. Bu müddətdə hind ədəbiyyatı ilə, hind ədəbiyyatı vasitəsilə hind düşüncəsi ilə tanış olur. Bu tanışlıq onun üçün Asiyanın kəşfi demək idi. Əslində isə özünün kəşfi. Çünki hind ədəbiyyatının sehrinə düşdüyü illərdə bir Konya səfəri onun üçün bir başqa dünyanın qapılarını aralayır. Bu dünya onun öz dünyəvi mədəniyyətinin kəşfi ilə nəticələnir.
Artıq o, yolunu tapmış “arafdakı adam” idi. Üsyanları, ümidsizlikləri, xaosları bir dua olmuşdu. İnkarlara son vermiş, inancın verdiyi güclə qəlb gözləri açılmışdı.
Ürək ölkəsində inanc rüzgarları əsən Cəmil Meriç düşüncə dünyasına öz əsərlərini ard-arda təqdim etməyə başlayır. “Hind ədəbiyyatı” (1964), “Sain Simon” (1967), “Bu ölkə” (1974), “Umrandan mədəniyyətə” (1974), “Mağaradakılar” (1978), “Qırx anbar” (1980), “Bir faciənin hekayəsi” (1981), “İşıq şərqdən gəlir” (1984)…
1984-cü ilin avqustunda beyninə qan sızır və bədəninin sol tərəfi iflic olur. 12 iyul 1987-ci ildə isə kor olan gözlərini bu dünyaya əbədi olaraq qapayır.

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10