Xalqa xidmətin Vəli Xuluflu nümunəsi – Mahmud ALLAHMANLI

28 Baxış

77849_zzz325i74g

XX əsr Azərbaycan xalqının tarixində ziddiyyətlərlə, mürəkkəb situasiyaların, gərginliklərin yaşanması ilə, müharibələrlə, itkilərlə, olmazın əzabların acısı ilə yaddaşlarda qalıb.

Bu yüzillikdə Azərbaycan iki dəfə öz müstəqilliyinə qovuşub. Şərqdə ilk demokratik respublikanın qurucusu kimi adını tarixə yazıb. Ziyalı mücadiləsinin dönməzliyi, milli düşüncənin, azərbaycançılıq ideologiyasının  formalaşması da bu əsrin adındadır. Qazandıqlarının nə dərəcədə çox olmasını deyə bilmərəm, ancaq itirdikləri sonsuzluqladır. Bu itkilərin başlanğıcı isə XIX əsrin əvvəllərindəki Gülüstan və  Türkmənçay müqaviləsi ilə (1828) qoyulub. Belə ki, həmin dövrdə rus və fars şovinizminin marağında Azərbaycan Şimali və Cənubi Azərbaycan olmaqla iki yerə bölündü.  Şimali Azərbaycan144 min kvadrat kilometr ərazi ilə Rusiyanın istilasında qaldı. Çar Rusiyası və Sovetlər imperiyası Azərbaycana, bütünlükdə türk qövmlərinə qarşı daha amansız mövqe nümayiş etdirdilər. Sovetlər imperiyası Azərbaycan torpaqları hesabına bir Ermənistan respublikası formalaşdırdı. Çözülüb qurtarmayan ağrıların başlanğıcını qoydu. İrəvanın, Zəngəzurun, Göyçənin itkisi, Qarabağ müharibəsinin dəhşətləri bu əsrin adındadı. 37-ci il repressiyası adı ilə tarixə, xalqın yaddaşına yazılmış olan hadisələri də bura əlavə etdikdə məsələnin mahiyyəti daha da böyüyür. Çağdaş mərhələdən bu olanlara diqqət yetirəndə, onların mahiyyətini, məqsəd və məramını aydınlaşdırmağa çalışanda düşünürsən ki, bu xalq hansı dəhşətləri, faciələri yaşayıb.

Artıq Azərbaycan özünün müstəqilliyini qazanıb. Mənim nəzərimdə müstəqillik Azərbaycan xalqının son dövrlərdə, sovetlər imperiyasının dağılmasından sonra qazandığı ən böyük uğurdur. Ulu yaradanın millətimiz üçün açdığı nicat qapısıdır. Bu gün biz tariximizi, keçib gəldiyimiz yolu daha dərindən, daha ağılla, düşünülmüş şəkildə öyrənməli və baş verənlərdən, olanlardan nəticə çıxarmalıyıq. Müsbət olan odur ki, belə bir işin başlanğıcı qoyulmuş və müxtəlif istiqamətli işlərin aparılmasına rəvac verilmişdir. Bir qədər də cəsarətlə desək olunacaq işlər, gediləcək yol müəyyənləşdirilmişdir. Tarixçilərin, etnoqrafların, arxeoloqların, ədəbiyyatşünasların, folklorşünasların, musiqişünasların və sair gördüyü işlər buna nümunədir. Son dövrdə bu sahədə ciddi araşdırmaları, monoqrafik təhlilləri ilə seçilən ədəbiyyatşünas alimimiz Cəlal Qasımovun  araşdırmaları gizlinlərin ortaya çıxarılması, mahiyyətin elmi ictimaiyyətə çatdırılması baxımından əvəzsizdi. “Abdulla Sur və əsərləri” (1995), “Əsrin qiyamət çağı” (1997),  “Yaddaşın repressiyası” (1997), “Bitməmiş istintaq” (1997), “Repressiyadan deportasiyaya doğru” (1998), “Yaddaşın bərpası” (1999), “Məhbus tərcümeyi-halı” (2003), “Abdulla Surun həyatı və yaradıcılığı” (2004), Cavidi məhbəsə aparan yol” (2007), “Bolşevik qurşununun qurbanları” (2015), “Ədəbi məhkəmələr” (2012), “Azərbaycan folklorşünasları (1920-1950)” (2015) və s. kitabları imperiyanın mahiyyətini, məqsəd və məramını, hansı dəhşətləri xalqlara yaşatmasını öyrənmək baxımından əvəzsiz mənbədi. Təkrar edirəm və deməyi də özümə borc bilirəm ki, bu olanlar xalqın onurğa sütununu sındırmağa, bir etnos olaraq mövcudluğunun silinməsinə hesablanmış planın əsaslı tərkib hissəsidir. İndi ən böyük iş həmin olanları bir ideologiya, siyasət hadisəsi olaraq xalqa (böyükdən kiçiyə) çatdırmaqdır. Milli dövləti olmağın, müstəqilliyin nə qədər müqəddəs əvəzsiz olduğunu aydınlaşdırmaqdır. Müstəqilliyin keşiyində bir əsgər kimi dayanmaq borcunun şərəfidir.

Deyəcəklərim ədəbiyyatşünas alimimiz Cəlal Qasımovun “Vəli Xuluflu” (Bakı, Elm və təhsil, 2016) monoqrafiyası ilə bağlıdır. Fərqi yoxdur, istedadlı alimimizin hansı əsərini qaldırsaq, problematikasına diqqət yetirsək bir sistem olaraq milli mənsubluğa bağlandığının, enerji qaynağını xalqa, millətə sevgi təşkil etdiyinin şahidi oluruq. Məhz bu sonsuz vurğunluğun, bəlkə də baş verənlərin sonsuz acısının nəticəsidir ki, istedadlı alimimiz bu olanların bir bütöv olaraq xalqa çatdırılması düşüncəsinə köklənmişdir. Mən burada fikrimi bəlkə ilə dedim. Ancaq sözün həqiqi mənasında  professor C. Qasımov bütün varlığı ilə buna köklənmişdir. Bu özü bir mücadilədir, baş verənlərə və olacaqlara cavabdır. Tanınmış ədəbiyyatşünas alimimiz A.Bayramoğlu kitaba yazdığı

“Humanitar elmi düşüncənin repressiya ağrıları” 

adlı başlanğıc məqaləsində bir məqamı xüsusi olaraq vurğulayır: “İmperiyalar işğal etdikləri ölkələrin ərazilərində öz mövqelərini möhkəmləndirmək  üçün  hərbi vasitələrdən daha çox sosial-mədəni, mənəvi-psixoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə diqqət yetirməyə məcburdurlar. Çünki fərqli qarşılıqlı münasibətin formalaşdırdığı sosial-siyasi, mənəvi-əxlaqi dayaqlar güc strukturlarının cəmiyyətdə  ifadə etdiyi inzibati və hüquqi təzyiq  və idarə üsullarının yaratdığı xofdan kifayət qədər etibarlıdır. Bütün bunları dərindən dərk etdiyi üçündür ki, Sovet sosialist imperiyasının rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyətini devirib ölkə ərazisini  hərbin gücü ilə işğal etdikdən sonra birinci növbədə yerli əhalinin elitar təbəqəsinə qarşı  hücuma keçdi”. Biz tez-tez 37-ci il repressiyası terminini vurğulayırıq, əslində həmin repressiyanın başlanğıcı elə imperiyanın gəlişi ilə qoyulmuşdu və təkcə 37-ci ildə olanlarla sonuclanmamışdı. Sadəcə olaraq 37-ci il hadisələrin, olanların pik nöqtəsi idi. Bir istiqamətdə türkə, türk xalqlarına qarşı yönəlmiş irticanın mahiyyətini ifadə edirdi. Təkcə onu demək kifayətdir ki,

türkoloji qurultayın bütün iştirakçıları repressiyanın qurbanına çevrilmişdir.  

Bu sovetlər dönəminin imperiya düşüncəsinin, türkə münasibətinin mahiyyətidir. Vətənpərvər alim C.Qasımov Azərbaycan xalqının sovetlər dönəmində hansı faciələrdən keçdiyini, nələri yaşadığını faktik materiallar, sənədlər əsasında geniş ictimaiyyətə təqdim etmişdir. Düzdür,  həmin dövrün hadisələri ilə bağlı imperiyanın dağılmasından sonra mətbuat səhifələrində ara-sıra məqalələr çap olunur, radio-televiziya verilişlərində fikirlər söylənilirdi. Yaşlı nəsil isə onu canlı həyatında yaşamışdı və həmin qorxu, gecə qapının qəfil döyülərək gedər-gəlməzə göndərilmək xofu canından çıxmamışdı. Bu və ya digər dərəcədə evlərdə həmin hadisələr danışılır vəziyyət gələcək nəslə anlatılırdı. Azərbaycanın elə bir kəndi, qəsəbəsi, şəhəri olmazdı ki, həmin faciələri taleyində yaşamasın. Bir sıra nəsillər vardı ki, üstündən xətt çəkilmişdi. Yaşadığım ucqar dağ kəndində olanları yazıya gətirmək üçün bəlkə də bir neçə insan ömrü lazımdı. Nəslimizin başına gələnlər bu gün də mənim üçün qaranlıq qalır.

Ədəbiyyatşünas C.Qasımov fəaliyyətinin mühüm bir hissəsini  məhz Azərbaycan ziyalı mühitinin sovetlər dönəmində hansı ağrılardan keçdiyini, nələrlə qarşılaşdığını, imperiyanın məram və məqsədinin mahiyyətində dayananların nədən ibarət olduğunu aydınlaşdırmağa çalışmışdır. Daha doğrusu, bu gizlinlərin bütün qatlarını xalqa çatdırmağı məqsədə çevirmişdir. Onu da əlavə edək ki, XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ziyalı mühitinin tarixində xüsusi mərhələdir. H.Zərdabi, M.A.Şahtaxtlı, Ə.Hüseynzadə, Ə.Ağayev, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, R.Əfəndiyev, S.S.Axundov, H.Cavid, A.Səhhət, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Hadi, A.İldırım, Ö.F.Nemanzadə, A.Sur, V.Xuluflu, H.Zeynallı, S.Hüseyn, S.Mümtaz, Ə.Nazim və başqa onlarla böyük-böyük şəxsiyyətlər bu dövrün yetişdirmələridir. Xalqın tarixi taleyində müstəsna rolları ilə əbədilik qazanmışlar, bir növ tarix yazmışlar. C.Qasımov bu dövrün bizim bilmədiklərimiz və mahiyyətinə gedib çıxmağa çətinlik çəkdiyimiz məsələlərinə aydınlıq gətirmiş, böyük bir ziyalı nəslinin düşüncəsinin və tarixi taleyinin alt qatlarını (gizlinlərini) bizə çatdırmışdır. Əslində bir istiqamətdə bunlar daha çox xalqa çatdırılmalı olanlardı.

“Vəli Xuluflu” monoqrafiyası məhz bu yüksək amala xidmət edir. 

Monoqrafiyada məsələlər dörd fəsildə (“Həyatı və mühiti”, “Alimin əlifba və orfoqrafiya ilə bağlı görüşləri”, “Xalq yaradıcılığının toplayıcısı və folklorşünas ailm”, “Alimin sosial tarixi və mədəni görüşləri”) ümumiləşdirilir. “Giriş”də xüsusi olaraq vurğulanan bir epizoda diqqət yetirək: “Heç kimə sirr deyildir ki, müstəqilliyə qədərki mərhələdə elmi-ədəbi mühitdə Azərbaycan ziyalılarının həyat və yaradıcılığı müəyyən obyektiv və subyektiv səbəblərdən birqütblü – sinfi, partiyalı mövqedən  tədqiq edilmişdir. Ona görə də həmin dövrün ictimai-siyasi hadisələrinin, eyni zamanda mütəfəkkir ziyalıların həyat və yaradıcılığının yenidən öyrənilməsinə və çağdaş elmi-nəzəri tələblər səviyyəsində araşdırılmasına böyük ehtiyac vardır. Hesab edirik ki, həyat və yaradıcılığının yenidən öyrənilməsinə və tədqiqinə  ciddi ehtiyac duyulan şəxsiyyətlərdən biri də XX əsrin 30-cu  illərində repressiv  aksiyalara məruz qalan Vəli Məmmədhüseyn oğlu Xulufludur” (səh. 12). Vəli Xuluflu ilə bağlı müəyyən məlumatlara hələ institut auditoriyasında oxuyarkən rast gəlmişdim. Folklorşünas alimimiz professor P.Əfəndiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı”ndan bizə mühazirə oxuyurdu. İnstitut auditoriyasına təzəcə qədəm qoymuşduq. Ucqar dağ kəndindən ayrılıb qaynar şəhər mühitinə düşmüşdüm.

Hər şey mənə sirlə, sehrlə dolu kimi görünürdü. Müəllimlərimin dediklərinin böyük əksəriyyəti yeni idi. Paşa müəllim də bizə ilk dərslərində Azərbaycan folklorşünaslığının görkəmli şəxsiyyətləri haqqında ağızdolusu danışır, onların gördüyü böyük işləri şövqlə mənimsətməyə çalışırdı. Görkəmli folklorşünas V.Xuluflunun adını ilk dəfə həmin vaxtlarda eşitdim. Sonralar haqqında bilgilərim getdikcə çoxaldı və onun gördüyü işlərlə bağlı məndə müfəssəl təsəvvür formalaşdı. Ədəbiyyatşünas alimimiz professor C.Qasımov isə elmi-mədəni mühitə bu monoqrafiyası ilə daha ətraflı, bizim bilmədiyimiz və gedib çatmağımızın o qədər də asan olmadığı tərəflərini bir bütöv olaraq təqdim edir. Məsələn, keçən əsrin 20-ci illərindəki fəaliyyətini səciyyələndirən ədəbiyyatşünasımız yazır: “1924-cü ildə  Yeni türk əlifbası komitəsinin əməkdaşı kimi Şimali Qafqaza, Krıma, Tatarıstana, Türküstana səfər edərək latın əlifbasına keçməyin vacibliyini təbliğ edir. Bakı ədəbi mühiti, Səmədağa Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Fərhad Ağazadə,  Bəkir Çobanzadə və onlarla başqa mütəfəkkirlərlə qurulan  işgüzar ünsiyyət Azərbaycanın, eləcə də Sovet İttifaqının müxtəlif yerlərinə olan elmi ezamiyyət, orada dinlədiyi, etdiyi çıxış və məruzələr, türkdilli xalqların folklor mədəniyyəti ilə yaxından tanışlıq V.Xuluflunun dünyagörüşünə, eləcə də elmi yaradıcılığına təsirsiz  qalmamışdır. O, 1925-ci ildə elmi araşdırmaların məntiqi nəticəsi  olan

“Yeni türk əlifbası” kitabını nəşr etdirir”.

XIX əsrdə Azərbaycanın ictimai-siyasi mədəni həyatında boy göstərən ən ümdə məsələlərdən birisi əlifba məsələsi idi. A.Bakıxanovun xüsusi bir tərzdə vurğuladığı bu ümdə problem M.F.Axundov tərəfindən  son dərəcədə ciddilik və ardıcıllıqla ortaya qoyuldu. Demək olar onun apardığı mücadilənin mühüm hissəsini əlifba məsələsi təşkil edirdi. Sistemli müraciətləri, mövqe nümayişi, müasirlərinə və səlahiyyət sahiblərinə müraciətləri də bunu aydınlıqla göstərirdi. Sonrakı mərhələdə M.Şahtaxtlının, S.M.Qənizadənin, R.Əfəndiyevin, H.K.Sanılının, Ü.Hacıbəyovun, N.Nərimanovun, M.Mahmudbəyovun, F.Ağazadənin və onlarla başqalarının bu məsələdə apardığı böyük işlər məhz reallığa, problemlərin aradan qaldırılmasına hesablanmışdı. Onu da əlavə edək ki, XIX əsrdə bütünlükdə Avropanı bürüyən maarifçilik Qafqazda da böyük təsirdə görünmüşdü. Məhz V.Xuluflu da həmin işlərin nəticəsi olaraq yeni əlifbanın yaradılmasında bir vətəndaş  fəallığı ilə  iştirak edirdi. Azərbaycan xalqının ictimai, siyasi, mədəni həyatının tarixində özünü göstərən ən dəhşətli hadisələrdən biri də əlifba məsələsi olmuşdur. Daha doğrusu, milli düşüncəni sarsıtmaq, xalqın keçmişi ilə bağlantılarını kəsmək, mədəni əlaqələrdə varisliyi itirmək məqsədilə əlifba problem yaradılırdı. Ərəb qrafikasından latına,  oradan da kiril əlifbasına keçirilməsinin mahiyyətinə varmaq, yaratdığı vəziyyəti göz önünə gətirmək bu xalqın nələri yaşadığını aydınlaşdırmağın göstəricisidir. Professor C.Qasımov həmin dövrün ümumi mənzərəsini çox doğru və bütün tərəfləri ilə təqdim edir: “Məlumdur ki, sovetləşmənin ilk illərində latın əlifbasına keçmək günün ən aktual problemlərindən birinə çevrildi və bu işin realizəsi məqsədi ilə  yeni Əlifba Komitəsi təsis olundu. Lakin

yeni əlifbanın qəbulunda ziyalılar heç də yekdil fikirdə deyildilər. 

Onların bəziləri əski əlifbanı – ərəb əlifbasını saxlamağı və onun üzərində müəyyən islahatlar aparmağı  iddia edirdilərsə, digərləri də ondan imtina edib latın  əlifbasına keçməyin tərəfdarı və  təəssübkeşi  kimi çıxış edirdilər. Sovet siyasi-ideoloji sistemi ərəb əlifbası tərəfdarlarını mürtəce, latınçıları isə yenilikçi  kimi qələmə verir  və təqdir edirdilər. Şübhəsiz ki,  yeni əlifbaya keçid Vəli Xuluflunun dediyi kimi “yalnız hərflərin dəyişdirilməsi demək deyildi”, bu, eyni zamanda yeni dövrün, xüsusilə də türkdilli xalqların ictimai-siyasi, mədəni həyatında  mühüm rol oynaya biləcək  tarixi hadisə idi” (səh. 69). Doğrudan da bu Uzaq Şərqdən ta Bavariyaya qədər bütünlükdə türk ziyalı mühitinin düşüncəsini məşğul etməkdə idi. V.Xuluflunun  da “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925), “İmla lüğəti” (1929), “Azərbaycan xalq dili lüğəti” (1930) əsərləri onun mühitdə ciddi elmi düşüncə sahibi olmasının göstəricisidir.

C.Qasımovun “Vəli Xuluflu” monoqrafiyasında axıra qədər davamlılıqla öyrənilən problemlərdən birisi görkəmli ziyalının Azərbaycan xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində gördüyü işlərlə bağlıdır. “Xalq yaradıcılığının toplanması və folklorşünas alim” fəsli bütünlükdə bu böyük problemin təhlilinə həsr olunmuşdur. Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan folklorşünaslığının tarixində xüsusi mərhələdir. Bu dövrdə ziyalılarımız o qədər şərəf və ləyaqətlə gərəkli işlər görmüşlər ki, bütün zamanlarda xatırlanacaq və nümunə olacaq səviyyədədir. Bizə kimliyimizi, gediləcək yolumuzu, özümüzə sahib durmağın nümunəsini təqdim etmişlər. Ulu yaradan sanki, bu böyük simaları, dahiləri bir dövrə salmış, Azərbaycanın bitib-tükənməyən problemlərini sonuclamaq üçün göndərmişdi. Bu böyük şəxsiyyətlər vətən, xalq, millət üçün nələr etməyiblər. Vəli Xuluflu da onların sırasında olanlardandır. Ədəbiyyatşünas C.Qasımov “Koroğlu” dastanı timsalında bu əvəzsizliyi belə təqdim edir: “Qeyd edək ki, Vəli Xuluflunun “Koroğlu”su Azərbaycanda “Koroğlu” dastanlarının ilki olduğu kimi, onun kitaba yazdığı müqəddimə də Azərbaycan koroğluşünaslığında  deyilmiş ilk elmi söz, ilk elmi müqəddimədir. Koroğluşünaslar indiyə qədər bu ön sözdən ara-sıra bəhs etsələr də, onun tədqiqinə ciddi fikir verməmişlər. Demək olar ki, tədqiqatçılar bu barədə məlumat xarakterli  müəyyən sitat verməklə kifayətlənmişlər… Azərbaycan  “Koroğlu”su Vəli Xulufludan başladığı kimi, Azərbaycan koroğluşünaslığı da V.Xulufludan başlayır. Başqa sözlə desək, V.Xuluflunun “Koroğlu”nun ilk nəşrinə yazdığı müqəddimə Azərbaycan koroğluşünaslığının da müqəddiməsidir” (səh. 115-116). “El aşıqları” (1926), “Tapmacalar” (1928) da folklorşünasın zəngin zəhmətinin bəhrəsi kimi ortaya çıxmışdır.

“Alimin sosial-tarixi və mədəni görüşləri” adlı hissədə problem “Bolşeviklərin ateizm siyasətinin mahiyyəti”, “Vəli Xuluflunun dini-estetik görüşləri”, “Qadın azadlığı uğrunda mübarizə və köhnəlmiş adət-ənənələrin tənqidi”, “V.Xuluflunun İran-Turan probleminə münasibəti”, “Səlcuq dövləti tarixinin ilk tədqiqatçısı” müstəvisində təhlilini tapır. Buradakı bəzi məsələlər, məsələn, dinlə dini bayramlarla bağlı olanlar sırf ideologiyanın, siyasi mühitin özündən irəli gəlirdi. “Vaxtilə Azərbaycanda Sovet işğalı xalqların uzun müddət ərsəyə gətirdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə  imtellektin əxlaqi meyar  üzərində birtərəfli qələbəsini təmin etdi… Milli  ideologiyalar, milli düşüncə tərzi sosialist düşüncə tərzinin şikarına çevrildi” (səh. 221). V.Xuluflunun “İran və Turan” (“Kommunist qəz., 1934, 23 sentyabr), “Səlcuq dövlətinin daxili quruluşuna aid” (1930) əsəri müəyyən tendensiyalara, ideologiyanın müəyyənləşdirdiyi prinsiplərə uyğun olub-olmamasına baxmayaraq çağdaş elmi-nəzəri fikrin prinsipləri əsasında təhlil olunmalı və bütünlükdə mahiyyəti ilə  aydınlaşdırılmalıdır.

V.Xuluflu 37-ci il repressiyasının qurbanlarındandır.  

Ədəbiyyatşünas alimimiz çox doğru olaraq 37-ci ili Azərbaycan ziyalı mühitinin soyqırımı kimi ardıcıllıqla vurğulayır. C.Qasımov həmin istintaqın protokolunu verir və onların hansı əzablarla, acılarla yaşamasının sənədlərini ictimaiyyətə təqdim edir. İndi bizim bu gizlinlərin fakt, sənəd səviyyəsində açılmasına ehtiyacımız daha çoxdur. Olanları daha çox öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq. Böyük ideallarla yaşayan, millətin gələcəyi, idealları üçün ömrünü şama döndərən bu böyük şəxsiyyətlərin cismani cəhətdən yox edilməsi onların ideallarının qarşısına sədd çəkə bilmədi. Onlar öz böyük işləri, ölümləri ilə özlərinə ölümsüzlük qazandılar. Xalqa xidmət etməyin nümunəsinə çevrildilər.Gediləcək yolu müəyyənləşdirdilər. Bu gün həmin düşüncə pardaxlanır və dünyaya günəş kimi doğur. Müstəqil Azərbaycanımız bu müqəddəs amalın, mübarizənin nümunəsidir.

Mənbə: 525.az

Bölmə : OxucuKlubu, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10