Xalqımızın formalaşması ilə bağlı olan adların yasaqlanması doğrumu?

93 Baxış

BoranEzizBakı Dövlət Universitetinin tarix müəllimi Boran Əziz

 

Son dövrlərdə əhali içərisində bir sıra şəxs adlarının yeni doğulmuş uşaqlara qoyulmasının qadağan edilməsi ilə bağlı verilmiş qanun ciddi müzakirə edilməkdədir. Qadağan olunan adların əksəriyyəti insanlarda razılıq doğursada, orada olan bir sıra adların qeyd edilməsi insanlar içərisində çaşqınlıq yaratmış və birmənalı qarşılanmamışdır. Bu adlardan biri də, Boran adıdır. Millətimizin formalaşmasında, dövlətçilik tarixində özünə məxsus yeri olan tayfalardan biri də Baranlu ( Barani,) tayfasıdır. Qeyd edim ki, XIX-XX yüzilliklərdə kökcə bu tayfadan olan bəzi adamlar öz övladlarına həmin  tayfanın, yaxud onun içərisindən çıxmış şəxslərdən birinin adını vermişdir. Ənənə günümüzə qədər gəlib çıxmışdır. Bu əslində insanların bir qisminin yaddaşlarına orta əsrlərdə dövlətçiliyimizdə mühüm yeri olan bu tayfanı yada salır, onun yaddaşlardan silinməsinə mane olurdu. Adın ləğv edilməsi yaddaşlardan məzh bunu bilərəkdən və ya bilməyərəkdən pozmağa xidmət edir. Hər iki halda yanlış hərəktdir.  Bu ad Gəncəbasar, Qarabağ və Qərbi Azərbaycanda  işlənmiş – atadan oğula, nəsildən nəsilə ötürülmüşdür.

Məlumdur ki, Azərbaycan xalqının tarixində  dərin iz qoyan  tayfalardan biri də Qaraqoyunlular olmuşdur. Bu tayfa  ittifaqı Baharlı, Sədlu (Səədlu, Saatlı), Qaramanlı, Alpaut (Alpavut), Çagirli,  Ağacəri, Bayramlı, Düharlu, Dögər (Düyərli), Ayinli və digər oymaqlardan ibarətdir. Bu tayfaları öz ətrafında birləşdirib siyasi bir gücə çevirən isə Baharlı bəzi müəlliflərin fikrincə isə Baranlu tayfası olmuşdur.  Qaraqoyunluların siyasi rəhbərliyinin Baranlulardan ibarət olması barədə məlumat verən ilk mənbələrdən biri Əbu Bəkr Tehraninin “Kitabi Diyarbəkriyyə” əsəridir. Həmin kitabın “Şanlu Əmir Osman bəyin əhvalatı haqqında”kı fəslində Osman bəyin rəqiblərindən bəhs edərkən müəllif yazmışdır: “Yaxşı yaşamaq və şəhid olub ölmək necə də gözəldir! Onun dövlətinin düşmənlərindən biri Qara Yusif Barani idi.  Neçə illər onunla vuruşdu və ədavət saxladı”. (1.49).

Görkəmli tədqiqatçı Minorski Qaraqoyunluların Yıva kökündən olduğunu ehtimal edir və yazır ki: “Barani şəxs və tayfa adı deyil, yer adından meydana gəlmişdir”[3,319;2,30-31]. Onun fikrincə Qaraqoyunlu pullarında göstərilən Baran adı Mərv və Buxara yaxınlığında olan eyni kənddən götürülmüşdür. T.Nəcəfli qeyd edir ki: “F.Sümər Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtı ilə pul kəsdikləri “Baran” adlı yerdən aldığını qeyd edərək V.Minorskinin fikrini müdafiə edir”. (2.31). Bir sıra tədqiqatçılar, bu adın şəxs və ya tayfa adından yarandığı fikrini daha doğru hesab edir. Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi haqqında Türkiyə tarixçilərinin fikirlərini təhlil edərək T.Nəcəfli yazır: “Ə.Çay bu adın şəxs adından yaranması qənaətindədir. Osman Turan ibn Tanrıberdinin verdiyi məlumatlara əsaslanaraq Şərqi Anadoluda və Şimali Suriyada 1260-cı ildə Baranlı adlanan türk tayfasının yaşadığını göstərir. Ş.S.Zabit onların monqol yürüşləri zamanı Azərbaycandan buraya köçdüklərini bildirir. F.Sümərin fikrincə Barani-Baranlu tayfası ilə bağlı olan etnonimlər yalnız Şərqi Anadoluda qalmışdır”. (2.31). Ancaq T.Nəcəfli haqlı olaraq bu fikirlə razılaşmayaraq qeyd edir: “Bu tayfa ilə bağlı olan etnonimlər Azərbaycanın həm şimal, həm də cənub bölgələrində, eləcə də İran ərazisində hələ də öz varlığını yaşatmaqdadır”(yenə orada).  Qaraqoyunluların Barani – Baranlu sülaləsindən olduğunu Türkiyə tarixçilərindən Z. V. Toğan, F. Kirzıoğlu, F. Sümər və digər tədqiqatçılar da yazmışdılar. (Bu barədə daha geniş bilgi üçün bax: 2.30-32). Görkəmli tədqiqatçı F.Sümər Baranlu adının etnonim deyil coğrafi bir ad olduğunu iddia edərək xanədan adının Doğu Anadoluda Baran adlı bir şəhərdən götürldüyünü qeyd etmişdir. Amma bəzi müəlliflər əksini söyləyərək bu şəhərin məhz tayfanın adından götürüldüyünü iddia edir. (3,320)  F.Sümərin də doğru olaraq qeyd etdiyi kimi Elxanilər, Calairilər dövründə zərb edilən pulların üzərində Baran adı qeyd edilməkdədir. O, bu adı pulun zərb edildiyi şəhərin adından götürdüyünü irəli sürməkdədir. Amma maraqlıdır ki, bu şəhərin yeri elmdə dəqiq müəyyənləşdirlməmişdir. Nədənsə F.Sümər Muş bölgəsində Baran adlı bir şəhərdə Qaraqoyunluların moğollar öncəsi gəlib yerləşmiş ola biləcəyini nəzərə almamışdır. Bir çox müəlliflər belə hesab edir ki, Baran adı Anadoluya Orta Asiyadan gəlmiş türklərdən qalma bir addır. Bir sıra müəlliflər isə bu adın fars dilində olan Baran sözündən götürldüyünü və türk dilində Yağmur anlamına gəldiyini bildirirlər. Ancaq əksər müəlliflər bu fikri qəbul etmirlər. Məsələ burasındadır ki, Qaraqoyunlu tayfa ittifaqına aid olan Baranluların əsas məşğuliyyəti heyvandarlıq, o cümlədən qoyunçuluq olmuşdur. Onlara aid qoçbaşlı məzarlar və heykəllər Türkiyədə, Azərbaycanda və Türkmənistanda geniş yayılmışdır. Bu bölgələrdə həmin söz qoç anlamında işlənmişdir. Görkəmli araşdırmaçı Ağacanov, Baran və ya Baranlu adının Sır-Dərya ətrafında qurulan Oğuz Yabqu dövlətində Salur xanədanından sonra hakimiyyətə keçmiş hökümdarların xanədana aid olduğunu göstərmişdir. “X yüzildə hakimiyyətə gələn Əli xan, qaynaqlara görə Barani boyundandır. İbn Funduk, Şah Məliki yada salarkən onu Əbul-Favariş şah Məlik bin Əli əl Barani olaraq göstərmişdir. Barani ünvanını bu boyun digər üzvləri də daşımaqda idi.  Buradan aydın olur ki, yeni kəndin Oğuz xanlarının yeni sülaləsi onlardan gəlməkdədir”  [4.137: 3.320].

Ağacanovun da yazdığı kimi Baran sözü türk dillərində müxtəlif cür – qoç, qoyun, dağ keçisi, keçi və s. – anlamlarda  işlədilmişdir. O, qeyd edir ki, Qazax türkçəsində Baran Qara rəngli heyvan və ya qoyun deməkdir. (4.138) Araşdırmaçılar bu deyilənləri nəzərə alaraq belə bir fikrə gəlmişdilər ki, Oğuz Yaqbu dövlətinin süqutundan sonra Türküstanda yerləşən Baran xanədanına mənsub boyların bir qismi Hun hücumları qarşısında öncə İrana – Güney Azərbaycana, ardınca isə Doğu Anadoluya və Şimali Azərbaycana gəlmişlər. (5.35; 3.320). Onlar özləri ilə birlikdə Baran adını da bu bölgələrə daşıyaraq yaşamış və mərkəzlər qurmuşdular. Ağacanov qeyd edir ki, Baran xanədanına aid bir boy da rus torpaqlarına köç etmiş və onların adları rus səlnamələrində Berende-Berendey kimi qeyd edilmişdir. (4.138). Bəzi tədqiqatçıların fikrincə “çovğun”, “tufan” anlamına gələn rus dilindəki “buran” sözü və həmçinin “qoyun” anlamını verən “baran” sözü də bu Türk tayfasının adından götürlümüşdür. Bir sıra müəlliflər qeyd edirlər ki, türkçə danışan Barani boyu haqqında görkəmli ərəb müəllifi Təbəri də öz əsəsrində məlumat vermişdir.  Bu tayfa haqqında geniş bilgi verən müəlliflərdən biri milliyyətcə başqırd (başqurd) Türkiyə tarixçisi Z.V.Toğandır. O “Qaraqoyunlular”, “Ümumi Türk tarixinə giriş” və s. əsərlərində bu məsələlərlə bağlı geniş məlumat vermişdir. Bu məsələ ilə bağlı istedadlı Azərbaycan tarixçisi T.Nəcəfli də yazmış olduğu “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşunaslığında)” əsərində geniş məlumat vermişdir. O, Z.V.Toğanın fikrinə istinad edərək yazır: “Təbərinin əsərində türklərdən bəhs edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən – “Barani”lərdən Əli Şah Məlik adlı bir hökmdar haqqında məlumat vermişdir. Yaqut Həməvi Buxaradan beş fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir”. (2.30) T.Nəcəfli F.Sümərin və Ağacanovun fikirlərini yekunlaşdıraraq yazır ki: “Bu terminlərin (Yəni Barani və Berende. Red.) semantikası hər şeydən əvvəl totem mənşəllidir.” T.Nəcəfli yazır ki: “Məhəmməd Nəşri və Aşiq Paşazadənin əsərində də Cahanşah Baranlu kimi göstərilmişdir.  Babur öz xatirələrində Cahanşahı Barani kimi təqdim edir. Ə.Ə.Dexuda öz “Lüğətnamə”sində “Barani”ni qədim türk tayfası kimi təqdim edir. “Bürhan-e Qati” lüğətində də  “Barani” qədim türkman qəbiləsi kimi qeyd edilir”.

Münşi Qəzvini Budak “Cəvahirül-əxbar” adlı əsərində qeyd edir ki, “Qaraqoyunlu tayfası Səbuqtəkin tayfasındadndır və Baranlu ləqəbinə sahibdir”. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nin  I cildində Baranbat adının anlamı və yayıldığı arealla bağlı yazılır: “Baranbat Goranboy rayonu ərazisində dağ, İncə çayın sol sahilində yerləşir… Yerli əhalinin verdiyi məlumata görə vaxtı ilə burada Baranbat adlı yaşayış məntəqəsi olmuşdur… Oronim Baran (Baranilər – Qaraqoyunlu tayfa ittifaqının adı.) və Bat/bet (Türk dillərində “yüksəklik”, “dağ yamacı”, “dağın güney hissəsi” sözlərindən düzəlib. Etnotoponimdir”.  (5.81)

Məlumdur ki, bir çox adamlar öz övladalrına ad seçərkən mənsub olduqları tayfanın və ya onun tanınmış şəxslərindən birinin adının üzərində dayanmışdır. Bununla da insanlar, hətta savadları olmasa belə şuuraltı qatlarında ilişib qalan, qan yaddaşından irəli gələn kimliyini biruzə vermiş, onu qoruyub saxlamışlar. Təəsüf ki, bu adla bağlı Oğuz türklərinin tarixindən bəhs edən Oğuznamələrdə verilən adlar nədənsə tədqiqatçıların diqqətindən yayınmışdır.

Qeyd edim ki, babamgil iki qardaş olmuşdular: Boran və Duman. Bu adlarla bağlı Rəşidəddin “Oğuznaməsi”ndə geniş məlumat verilmişdir: “… Şaban xan iyirmi il padşahlıq etdi. Vəfatından sonra oğlu Buran xan atasının yerinə taxta çıxdı. On səkkiz il padşahlıq etdi. Buran xanın ölümündən sonra oğlu Əli xan atasının yerinə padşah oldu.” (7.81).

Ə.Bahadır xan “Şəcərei-Tərakimə” əsərinin “Şeybanın oğlu Buran xanın padşahlığı haqqında”kı hissəsində qeyd edir: “Şeybanın Buran adlı oğlu vardı. Onu xan etdilər. Buran da Oğuz elinin qanunlarına və adətlərinə sayğı ilə yanaşaraq, eli yaxşı idarə edir. On səkkiz illik padşahlıqdan sonra o, vəfat etdi.” (8.89).

Rəşidəddin “Oğuznaməsi”ndə Dumana ad qoyulması hadisəsindən danışarkən qeyd edir ki, Duylu Qayının oğlu dünyaya gəldikdən sonra “Bayat boyundan Qorqud və Erki, hər ikisi “Bu uşağın adı Duman olsun” – dedilər. … Divan böyükləri isə “Duman qaranlıq deməkdir və bu padşahlara yaraşan bir ad deyildir; bundan gözəl bir ad qoymaq lazımdır” – dedilər. Qorqud belə dedi: “Hərçənd Duman (sis) olanda hava qaranlıq olur, amma otlar üçün faydalı olan nəmlik yaradır. Bu uşağın atasının ölümü ilə xalqın könlü qəmlə dolmuş, ortalığı duman bürümüş və qaranlıq olmuşdur. Amma buna ümid edib düşünə bilərik ki, bunlar keçəcək, günəş doğub dünyaya təzəlik gətirəcək, otlar çoxalacaq və hər kəsin işi yaxşılaşacaqdır. Bu səbəbdən ona bu adı qoyduq.” (7.64). Əbülqazi Bahadır xanın əsərində də Dumana adın verilməsi prosesi təxminən buna bənzərdir: “Bu uşağa yaxşı ad ver”. Qorqud ata dedi: “Qoy onun adı Duman xan olsun”. Xalq dedi: “Ondan yaxşı ad ver”. Qorqud ata cavab verdi: “Bu addan yaxşısı yoxudur. Duylı Qayı xan ölən gün bizim yurdumuzu duman bürüdü və qaranlıq çökdü. Bu uşaq duman ( vaxtı) doğuldu və ona görə mən (ona) Duman adı verdim. İkincisi, (bütün) qəlbimlə mən ona xoşbəxt tale arzulayıram, ona görə də ona Duman adı verirəm, çünki, duman çox durmur, o tezliklə keçir. Dumanlı gün günəşli olur, dumanlı gündən sonra aydın gün olmaya bilməz. Uzun müddət durmayan Dumanı mən bu oğlanın gəncliyinə bənzətdim, sonra (peyda omuş) günəşi (isə), mən bu oğlanın uzun və xoşbəxt həyatına bənzətdim, o böyüyəndə, atasının taxtında oturacaqdır”. Bu (sözləri) eşidərək bütün xalq “afərin, afərin (sənə)” sədaları ilə Qorquda öz razılıqlarını (bildirdilər). Dumana görə çox sevindilər və çox dualar etdilər”. (8.78).

Rəşidəddinin əsərində Ə.Baqhadır xandan fərqli olaraq bu adlardan bəhs edilərkən türklərin törəyiş əfsanəsinə də incə şəkildə toxunulmuşdur. Belə ki, görkəmli tarixçi Rəşidəddin Duman xandan danışarkən onun heyvanların dilini bilməsi, qurdla söhbətləşməsi məsələsinə, yəni türk törəyiş əfsanəsinin bir elementinə də  toxunmuşdur. O yazır ki, Qayı İnal  xan “… həyatı boyu bütün heyvanları yaxalayaraq öldürmüş və dillərini kəsərək bir qutuya qoyub saxlamlışdı: “Əgər oğlum olarsa, doğulan zaman heyvanların dillərini bilməsi üçün ona verərsiniz” – deyə vəsiyyət etmişdi. Təsadüfən bu qutunu Duman xan doğulduğu zaman tapdılar və içindəkilərin hamısını suda yaxalayıb Duman xana veridlər. Bu səbəbdən uşaq böyüdüyü zaman bütün heyvan dillərini bilirdi”. (7.64). Müəllif qeyd edir ki, heyvanların dilini bilməsi taxta çıxarkən Duman xanın köməyinə gəldi. Duman xanın toyu olarkən “Qorqud bu xəbəri alınca oraya gəldi. Çöl Erki xan, Duman xanın şərəfinə toy qurdu və Qorqud da kasa təqdim etdi. Yeməklər gətirilib süfrə salındığı zaman qoca bir qurdun ulaması eşidildi. Duman xan bütün heyvanların dilini bildiyindən bu qurdun nə söylədiyini də anladı. Qurd deyirdi: “Çox heyif ki, artıq mən qocaldım, ovlarımın arxasından qaçıb ona yetişə bilmirəm. Əgər yetişsəm belə onu tuta bilmirəm; Hətta tutsam da parçalaya bilmirəm”. Qoca qurdun sözü bitən kimi üç gənc qurd belə cavab verdilər: “Əgər sən yaşlı və gücsüzsənsə, bizim qüdrətimiz vardır; əgər hər gənc yaşlıya yardım  etməzsə, onun nə dəyəri var. Bu gecə duman, qaranlıq və şiddətli bir fırtına olacaq. Bundan istifadə edib toy üçün gətirilmiş heyvanların hamısının quyruqlarını və qarınlarını parçalayıb sənə verəcəyik. Bunları könül rahatlığı ilə ye; zira hər zaman sənə yardım edəcəyik”. (7.65-66). Maraqlıdır ki, Türk törəyiş əfsanəsi üçün xarakterik olan qurdla söhbətləşmək məsələsinə digər mühüm epik abidələrimizdə də – “Kitabi Dədə Qorqut”, “Əsli və Kərəm”, “Koroğlu” dastanlarında da rast gəlirik. Bu barədə dəyərli alimimiz Süleyman Əlyarlı öz  əsərlərində geniş bilgi vermişdir. (Bax. 9, 191-205; 10 )

Bütün bunlara əsaslanaraq söyləyə bilərik ki, Barani Oğuz tayfası Qaraqoyunlularla sıx əlaqədə olmuşdur. Bu adın anlaşılmazlıqdan yaxud bilgisizlikdən irəli gələrək “qadağan olunmuş adlar siyashı”sına salınması böyük bir elmi yanlışlıqdır. Bu millətimizin etnogenezisində iştirak etmiş bir tayfanın rolunun inkar edilməsidir.

 

 

Qaynaqlar:

1. Əbubəkr Tehrani. Kitabi Diyarbəkiriyyə. Fars dilindən tərcümə edəni, ön söz, şərhlər və göstəricilərin müəllifi R.Şükürova. Bakı. 1998.

2. T.Nəcəfli. Azərbaycan Ağqoyunlu və Qaraqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşunaslığında) Bakı, 2012.

3. İ.Məmmədov Türk Kafkasında siyasi və etnik yapı eski çağlardan günümüze Azerbaycan tarihi. İstanbul, 2009.

4.  С.Г.Агаджанов Очерки истории  Огузов и Туркмен Средрей Азии IX-XIII вв. Ашкабад, 1969.

5. F.Sümer Kara – Koyunlular (Başlanğıcdan Cihan Şaha kadar) C.1. T.T.K. Basım evi, Ankara 1984.

6. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə, birinci cild, Bakı, 2007.

7. Rəşidəddin. Oğuznamə, Bakı. 2003.

8. Əbülqazi Bahadır xan. Şəcərei – Tərakimə (Türkmənlərin soy kitabı). Bakı, 2002.

9. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. red S.S.Əliyarlı. Bakı. 2009.

10. S.Əliyarlı. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı, 2012.

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10