Xas igidin dastanı – Orxan Fikrətoğlu

14 Baxış

photo_1460

Dastan teatrı üçün

Qaranlıq fon.

Səhnəyə iki dekorçu daxil olur.

Onlar səhnənin ortasına qədər gəlib dayanırlar.

Dekorçulardan biri üzünü işıqçıya tutur.

Dekorçu: – Ya cələb, o işığı bir az bəri elə!

İşıqçı işığı səhnəyə yönəldir.

İşıq dekorçuların əllərində tutduğu onlarla butafor qanadlara düşür.

Dekorçuların özləri və üzləri görünmür.

Səhnə arxasından səs eşidilir: – Sənə fürsət ona görə verilmir ki, varlanasan. Fürsət ona görə verilir ki, var olasan, hal olasan! Varsanmı? Halsanmı?

İşıq altında görünən qanadlar.

Səs: – Varsanmı?

Ancaq qanadlar görünməkdədir.

İşıqlar tam sönür.

Davul səsi altında səhnəyə Ravi daxil olur. O, üzərinə işıq düşmüş dekor qanadları dekorçuların əlindən alıb səhnənin döşəməsi üstündə qalaqlayır.

Qaranlıqda Ravi özü-özüylə danışırmış kimi danışır: – Sən yox idin. Səni ona görə yaratdıq ki, olasan. Olmağın bizə vacib idi. Bizi sən tanımalıydın, tanımadın. Anlamadın! Gül kimi dünyaya açıldın. Tələsdin. Elə bilirdin bu tayda, mən tərəfdə başqa bir dünya da var. Əslində orda da, burda da nə varsa haldır ey qafil. Var olmaq görünmək deyil. Hal olmaqdır. Haldan-hala keçməkdir. Onun halına oxşamaqdır. Sən halını dəyişmək halında olmadın. Halsız oldun. Tələsgənsən. Gecikənsən. Ləngsən. Qaçağansan. Yalansan. Sənə səbir verdik. Bildinmi?

İşıq yanır.

Ravi: – Bismillahir-rəhmanir rəhim. Ən əvvəl Allahdır. Sonra bizik.

Oyun ifaçılarının hamısı səhnəyə daxil olub bir barmaqlarını göyə qaldırırlar.

Ravi: – Ondan sonra biri vardı, biri yox!

Oyun ifaçıları bardaş qurub Ravinin qarşısında döşəməyə otururlar.

Oyunçular xorla zikr edirlər: – Bizi də o hala sal! Bizə də o, halın nağılını danış! Havamızı dəyiş.

Ravi: – Əvvəllər hər gün gecəydi. Hər səhər gecəydi. Hər gecə gecəydi. Gecəydi. Hər yan gecəydi.

Hardasa xoruz banlayır.

Ravi: – Sonra xoruz banladı, səhər açıldı. Dünyada hər şey var idi. Xas igiddən savayı. Bir səhər xas igid də doğuldu. Oldu xas igid. Xalis igid.

Divarda quraşdırılmış kinoekranda “Xas igidin doğulması kadrları. İri planda həkimin əlləri. Ağrı çəkən ana və  nəhayət, doğulan kimi saz havasına sağa-sola boylanan xas igid.”

Fonda saz ifası.

Ravi: – Gözlərini açıb gördü başının üstündə altı mələk oturub.

Oyun iştirakçıları əllərində tutduqları kətilləri səhnəyə qoyub üstünə otururlar. Onlar altı nəfərdirlər. Hamısının da mələk təkin qanadları var.

Ravi: – Biri-birindən gözəl. Hamısı qanadlı, telli. Xas igid gözlərini dolandırıb suyuşirin, yanağı batıq mələyin üzündə saxladı. Əlini ona uzadıb…

Səhnədə əlini yanağı batıq mələyə uzatmış xas igid: – Sən mənim bəxtimsən, ey yanağı batıq mələk! Adın nədir sənin?

Ravi: – Dedi.

Bu sözləri eşidən o biri beş mələk kətillərini götürüb hirslə səhnədən çıxırlar. Yanağı batıq mələk xas igidə yaxınlaşır.

Yanağı batıq mələk: – O biri beş mələk ki, göyə çəkildi ha. Onlardan biri  təkə qovuşmaq idi. Biri eşq. Biri elm. Biri iman idi, o biri də ki ruzu!

Xas igid: – Bəs sən kimsən? Bəs sən nəsən?

Yanağı batıq mələk: – Mən səbirəm!

Xas igid: – Sən mənim bəxtimsən!

Ravi: – deyib xas igid dünyanın yollarına düşdü. Dünya yumruydu. Yanağı batıq mələk xas igidin çiyni üstündə ora-bura hoppana-hoppana: – Səbir – dedi ona: – Səbr elə ey xas igid. Uğurun səbrindədir, xalis igid. Səbirli oldun, uddun. Ola bilmədin, heç nə! Batdın. Səbri özün seçdin axı! Taleyin səbr etməyindir!

Yanağı batıq mələk əlinə saz alıb Şirvan şeşəngisi üstə oxuyur:

- Bura gəlmisən getməyə

səbr elə igid, səbr elə.

Digər iştirakçılar bir ağızdan:

- Bura gəlmişik getməyə,

Səbr elə igid, səbr elə! – deyirlər.

Ravi: – Xas igid mələyin sözlərini yarımçıq qoyub üzünü göyə tutdu.

Xas igid: – Ehey… ey… dünya mənə qara gəlir ay mələk! Bəlkə nə qədər gec deyil, geri qayıdım?

Yanağı batıq mələk: – Səbr elə xas igid, səbr elə xalis igid. Onsuz da hamı gec-tez geri qayıdır. Arif ol, sonra qayıt. Hələ yaşsan. Qurumalısan. Yanmalısan. Sənin istinə qızınmaq istəyirik! Hərə bir yoldur. Sən də bir yolsan. Biz hamının uğurunu istəyirik. Bazirganlıq dəmididir. Alış-verişdəsən. Malın can içində ruhundur. Sat, di görüm, qiymətini!

Ravi: – Dedi və qeybə çəkildi. Xas igid düz söz dalınca düz getdi. Hələ duza getdi. Az getdi, üz getdi. Amma getdi. Ha getdi, hu getdi. Gedib bir kəndə çıxdı. Kəndin qapısı dar, içi geniş. Sonu, axırı görünmür. Fır-fır fırlanır. Bir günəşi var, bir Ayı! Biri batanda o biri çıxır. O biri çıxanda bu biri batır. Bu batır, o çıxır. O çıxır, bu batır. Nə rəng desən, adamı var. Pisi yaxşısından çoxdu. O buna gülür, bu da ona. Bir dəstə padşahı var, bir dəstə cəlladı. Bircə adamı işlədirlər. Bir quranı var, min dağıdanı. Min deyəni var, bir eşidəni. Yalanı düzündən çoxdur. Qapıları tərsdir, tərsədir. Çayları geri axır. Güzgüsü adamı baş-ayaq göstərir. Xas igid şəhərə girən kimi bir qapıya yaxınlaşdı. Döydü açmadılar. Özü açıb içəri girdi. Gördü burda bir kişi döşəmə üstə tərs durub. Başı aşağıdadır, ayaqları göydə. Durub tərpənmir. Xas igid dözmədi.

Xas igid: – Neynirsən ay kişi!

Tərs kişi: – Mən belə yaşayıram! Tərsəm. Sənə nə var?

Ravi: – Xas igid tərs kişini itələyib yerə yıxdı.

Xas igid: – Tərs durma, düz dur, adam tərs durmaz. Düz durar.

Ravi: – Dedi! Tərs kişi xas igidin yaxasından tutub onu qazi ağanın hüzuruna apardı.

Tərs kişi: – Qazi ağa, bu adam məni yaşamağa qoymur. Deyir ki düz dur! Mən tərsəm bəyəm? Tərs durmuşam ki, mən?

Ravi: – Qazi ağa xas igidə tərs-tərs baxıb fərraşları çağırdı. Bunu tutun…

Qazi ağa: – Ölüncə vurun!

Ravi: – Dedi. Fərraşlar xas igidi tut ağacına bağlayıb dana quyruğu ilə döyməyə başladılar. Yol ilə bir tacir keçirdi. Xas igiddən nə sənə, nə mənə xoşu gəldi. Yazıdı da! Fərraşlara pul verib xas igidi onlardan aldı. Gedin qazi ağaya deyin ki, xas igid ölüb, – dedi. Fərraşlar da getdi. Tacir xas igidi qabağına salıb evinə gətirdi. Evinin açarlarını ona verib dedi: – Xas igid, xalis igid mənim qırx otağım var. Otuz doqquzu sənindir gir içində at çap. Amma qırxıncı otağa girmə! Orda nə var soruşma. Oldumu?

Xas igid: – Oldu!

Ravi: – Dedi. Amma olmadı. Düz altı ay tamam olanda xas igid səbrini basa bilməyib qırxıncı otağın qapısını açdı! İçəri girdi. Gördü ki, döşəmədə qəbri qazılıb. Baş daşına şəkli vurulub. Sinə daşında adı yazılıb. Baş daşında öldüyü il də var! Gördü qəbri üstə bir ağ qız oturub hönkür-hönkür ağlayır. Xas igid qızdan.

Xas igid: – Sən kimsən?

Ravi: – Soruşdu. Ağ qız.

Ağ qız: – Mən sənin arvadınam!

Ravi: – Dedi.

Xas igid: – Uşağım da var?

Ravi: – Soruşdu.

Ağ qız: – Sən ölən gündən oğlanların uca dağların başında yağılarla vuruşur.

Ravi: – Dedi! Xas igid geri döndü! Qapını açıb özünü görməyinə peşiman oldu! Axırını bilib qırxıncı otağın qapısını bağladı. Kor-peşiman döşəməyə çökdü. Ay keçdi, il dolandı tacir ticarətdən dönüb xas igidi axtardı. Gəzdi, tapa bilmədi. Birdən olanı anlayıb barmağını dişlədi. Bildi məsələ nə yerdədir. Gəlib xas igidi qırxıncı otağın qapısı ağzında tapdı. Gördü xas igid artıq hər şeyi bilir. Soruşdu ki.

Tacir: – Necəsən, xas igid?

Xas igid: – Pisəm, ölmək istəyirəm.

Tacir: – Yaxşı, get öl!

Ravi: – Dedi! Xas igid yuyucunun yanına gəldi. Yuyat daşının üstünə uzandı. Dedi.

Xas igid: – Yuyucu, mən daha ölmüşəm, tənimi yu, qayıdıram. Qoy təmiz olum.

Ravi: – Yuyucu isti suyu xas igidin təninə axıtdı. Xas igid gözlərini yumub özünü aşıq sifətində gördü. Siz də bir baxın! Görün oxşayır? Belə də. Mən oxşatmadım. Adam aşıq olanda sifəti dəyişir axı.

Səhnəyə bir aşıq daxil olur.

Aşıq: – Mən xas igidəm!

Ravi: – Buyur, xas igid.

Aşıq: – Yuyucu yuyur tənimi şeirini divanı havası üstə deyir.

Yuyucu yuyur tənimi.

Gözüm açıq qarı kimi.

İsti su sıxır canımı

İt boynunda catı kimi.

Hopub dünya bədənimə,

Çirki hopub, tozu hopub.

Çirki geymişəm əynimə.

Çirk əynimə şax oturub.

Bildim dünyanın sirrini,

Ruhum soyuq, suyun isti.

Axirətə ismarladım

İçim pakdır, yuma, bəsdir.

Aşıq şeiri bitirib səhnədən çıxan kimi xas igid Yuyat daşından ayağa qalxır.

Yuyucu: – Sən ölməmisən!

Ravi: – Dedi!

Xas igid: – Ölmüşəm! Necə ölməmişəm. Ölmüşəm axı!

Yuyucu:- Ölən daha danışmır! Ölən dinmir, susub dinməzcə agah olur!

Xas igid: -İndi neynim? Necə ölüm?

Yuyucu: – Adam özü ölmür ki. Adamı göydəki öldürür. Ondan ölüm istə! Vaxtın çatıbsa verəcək. O, hamını tanıyır.

Xas igid dizi üstə döşəməyə çökür.

Xas igid: – Allah, nə olar ölümümü mənə indidən ver. Çox yaşamağa səbrim yoxdur. Axırda onsuz da öləcəm də! Niyə  bir də bu qədər yaşayım?

Kinoekranda ucsuz-bucaqsız göy üzünün dərinlikləri üstündə üzü görünməyən bir kimsənin gülüş səsi eşidilir.

Kim isə ucadan gülür…

Ravi: – Əstəğfürullahi rəbbin və tövbi iləy!

Səhnəyə ağ dəvə çıxır.

Ravi: – Xas igid gördü ki, ölmür! Bildi ki, vaxtı çatmayıb. Çəkilib bir yolun kənarında oturdu. Gördü yol ilə qar kimi ağ bir dəvə gəlir! Ağ dəvə gözəl idi.  Ağ idi. İşıqlıydı. Ləmpə kimiydi. Yolu yolağası da bəlliydi. Səbri də vardı.

Xas igid: – Yenə söz demək istədim!

Yenə səhnəyə özünü xas igid kimi göstərən aşıq çıxır.

Aşıq: – Mən xas igidəm ha!

Ravi: – Bildik də!

Aşıq ağ dəvə şeirini deyir.

Aşıq: – Ağ dəvə.

Ağ dəvə ağca dəvə.

Ölənlər öldü getdi,

Həmişə sağca dəvə.

Xurcunun qoşa tağlı

Ağ dəvə, ağca dəvə.

Hüyrügün göyə bağlı.

Ağ dəvə, ağca dəvə.

Gəlmisən aparmağa

Ağ dəvə, ağca dəvə.

İzn ver ağlamağa,

Ağ dəvə, ağca dəvə.

Dünyayla barışmadım

Ağ dəvə, ağca dəvə.

Sənə nə tez alışdım?

Ağ dəvə, ağca dəvə.

Belinin üstü hamar

Ağ dəvə, ağca dəvə.

Sənsən tək mənə qahmar

Ağ dəvə, ağca dəvə.

Məni bir də gətirmə.

Ağ dəvə, ağca dəvə.

Bu dünyada itirmə.

Ağ dəvə, ağca dəvə.

Başına fırlat məni.

Ağ dəvə, ağca dəvə.

Dünyadan çıxart məni.

Ağ dəvə, ağca dəvə.

Ağ dəvə.

Şeir bitir.

Ravi: – Ağ dəvə xas yatdı. Xas igid, xalis igid ağ dəvəyə minib yoluna suvar oldu. Böyük bir şəhərin ayağında ağ dəvə xas igidi belindən düşürüb qeybə çəkildi. Xas igid şəhərə gecəylə bir girdi. Gecə qara, cücə sarı. Həmin bu sarılı qara gecə alma bağında şahın qırx incəbel kənizi lümlüt soyunub hovuzda çimirmiş. Padşahın qızı da bu qırx incəbel lüt gözəlin içində yaxası bağlı qaftanda oturub hovuza baxırmış.  Hələ bir az sonra çiməsiymiş.  Necə olursa xas igid bu gözəl görünənləri çəpərdən boylanıb görür. Və göz günahına batıb qızlara baxır. Düzdür, özü çəpəri bu yana aşmır. Durur. Amma dili durmur. Aşır. Deyir ki, gəl ay aşıq. Gəl, qadan alım sənin.

Aşıq: – Mən aşıq deyiləm, aşiq xas igidəm.

Ravi: – Buyur!

Aşıq sinəndəki nar böyüyüb şeirini deyir.

Sinəndəki nar böyüyüb,

Yaxan düyməli, düyməli.

Mənim boyda lal böyüyüb,

Yaxan düyməli, düyməli.

Gözlərin işığa dərddi,

Ağ bədənin bazubənddi.

Hamının sinəsi açıq,

Səndə ay qız nə adətdi?

Yaxan düyməli, düyməli.

Bu nə doğru, bu nə oyun?

Nə yemişəm, nə də doyum?

İstəyirsən lap lüt soyun,

Yaxan düyməli, düyməli.

Aşıq şeiri bitirib səhnədən çıxır.

Ravi: – Qırx incəbel qız aşığın səsini eşidib üzünü gördülər. Ayıb yerlərini ağ əlləriylə gizlədib bağın içinə doğru qaçdılar. Səslərini də özləri ilə apardılar ki, səsləri utanmasın. Qırx incəbel qız gözdən itən kimi, qırx qoluzorlu keşikçi tapıldı. Gəlib xas igidin qolunu burub padşahın sarayına apardılar. Padşah taxtda oturmaqdan darıxırdı, bezmişdi. Xas igidi onun taxtına yaxın gətirib diz çökdürdülər. Bu xas igiddir dedilər. Sənin qızını və qırx incəbel kənizini lütcənə görüb. Onu öldürəkmi?

Padşah tənbəlliyindən hirslənə də bilmirdi. Tənbəl-tənbəl əsnəyib – Öldürün – dedi. Bu xas igidi həmən öldürün! Bu köpəkoğlu adamdır. O, qədər qızı birdən lüt görmək olarmı heç? Barı birinə baxsaydı! Xas igidi dar ağacından asmağa apardılar. Dar ağacı qara idi, xas igid ağ idi. Xas igid darın qaralığını görüb ona belə dedi: -

Dar ağacı, əyil öpüm üzündən.

Dara düşdüm bu dünyanın yolu dar.

Ağac var ki, meyvə bitir qolunda.

Meyvən ölüm, qolun kəndir, adın dar.

Dar ağacı qara idi. Xas igid ağ idi. Dar ağacı xas igidə belə dedi: – Ey xas igid, ağ olsan da, ağ eləmə! Mən şair zad deyiləm. Amma məsələ belədir.

Dar ağacı: – Heçdən vara qapıyam mən.

Məndən keçir haqqa gedən.

Quc boynumu kal meyvəm ol.

Mən yol olum, sən yol gedən.

Xas igid dar ağacına çıxdı. Kəndiri özü boğazına doladı. Keşikçilər işi belə görüb getdilər keşiklərini çəkməyə. Xas igid gözlərini yumdu. Dar ağacı dar-dar yeridi getdi girdi gecəyə. Gecə qara, cücə qara. Xas igid qaranlıqda gözlərini açdı. Ay dar dedi, mən dardayam hələ? Dar ağacı: – Darda olsan da hələ kalsan – dedi, – hələ ölə də bilmirsən, düş get əvvəlcə ölməyi öyrən. Sonra gəl! Səni növbəsiz buraxacam!

Xas igid dar ağacından düşüb dünyaya qayıtdı. Yol-yol, il-il yeridi. Qabağına bir qarı çıxdı.

Qarı: – Saçlarım qocalıqdan çürüyüb! Ayaqlarım yollara oxşayır. Gözlərim göyə. Görən kimi xas igidi tanıdım. Ondan səbr eləyə bilmirsən? Soruşdum. Sənin nə yaşın var ki? Gör indi mən bu illərdə nələr çəkmişəm?

Xas igid: – Ay nənə səbri-zadı boş burax! Mən əvvəldən ölmək istəyirəm necə ölüm?

Ravi: – Dedi.

Qarı çənəsi əsə-əsə güldü.

Ravi: – Qarı beləcə bir il sərasər güldü, beş il parta-part güldü. Gülə-gülə də çıxıb getdi. Yəni ki, ölə bilsəm elə özüm ölərəm də! Xas igid yenə yola çıxdı. Bu dəfə yoldan soruşdu.

Xas igid: – Əvvəlin hardan gəlir, bilən yox. Axırın harda bitir görən yox. Hamı səndən keçir. Sən də hamıdan. Sən heç kiminsən, hamı sənindir, ay yol! Ölmək istəyirəm necə ölüm, bilmirsən?

Ravi: – Yol toz-toz tozlandı.

Yol: – Mənim üstümlə get. Ölüm mənim üstümdədir. Nə görmüsənsə, görəcəksənsə hamısı mənim üstümdədir!

Ravi: – Xas igid də getdi. Getdi-getdi gördü yol kənarında bir ev durub. İçindən işıq gəlir. Evin qapısını açıb salamsız-kəlamsız içəri keçdi. Gördü evin içində bir adam oturub. Qarşısındakı mizin üstündə bir bağlama var. İşıq da bu “bağlamadan” gəlir.

Xas igid : – Ay adam sən kimsən? Bu işıq nədir belə?

Adam: – Mən özüm adamam. Bağlamadakı isə sözdür.

Xas igid: – O söz nə sözdü elə ki, bu cür işıqlanır?

Ravi: – Adam öz sözünü xas igidə demədi. Əvəzində dedi ki, hər adamın öz sözü var. Bu mənim sözümdür. Sənin  də öz sözün olacaq. Xas igid adamdan küsdü. Sözsüz-sözsüz çıxıb getdi. Bağlamadakı söz də bağlı qaldı. Evin içindəki adam xas igidin arxasınca çığırdı.

Adam: – Tələsmə! Başını gərəksiz suallarla yorma. Səbr elə! Hər sözün öz vaxtı var. Sən heç kimsən. Səni yaradan zamanı gələndə bütün sözləri olduğu kimi hamıya açacaq.

Ravi: – Xas igid bir at aldı. Bəxtəbəxt atın başını buraxıb üstünə hoppandı. Yüyənsiz at ola. Ot ola. Atdır da! Otlaya-otlaya gedib bir uçurumun qarşısında dayandı. Xas igid əyilib uçurumun dibsiz dərinliyinə baxdı. Gördü uçurumun qaranlıq dibi görünmür. Başını qaldırıb dibsiz göy üzünə baxdı. Gördü göyün də sonu görükmür.  İndi bu dərə göylə, göy dərənin hansı dərin idi, hansı doğru idi görəsən? Məna hansındaydı? Göyəmi çıxmalı, yerəmi düşməliydi? Xas igid bilmədi özünü dərəyə atsın, ya göyə atsın? Beləcə xas igid bir il bu aralıqda dayandı. Sonra altındakı at tale misalı dünyaya qayıtdı. Dünyadan çölə çıxmaq sizə asanmı gəlir? Buranın bircə qapısı var. O da qismət olarsa! Xas igid atın belindən düşüb bir dəmirçiyə şəyird durdu. Dəmirçi körük basdı. Xas igid dəmir döydü. Beləcə bir neçə il dəmirin istisi xas igidi qarsa-qarsa keçdi. Bir gün xas igid daş səkinin üstündə oturub körükdə döyülməkdən əyilmiş göy üzünə baxırdı. Bir azdan ayağa qalxıb yenə dəmir döyəcəkdi. Gördü göyün üzü gömgöydü. Və bu gömgöy göy üzündə tənha bir quş uçur. Xas igidin xalis qalmış ürəyi yayxandı, dili yerində durmadı. Gözləri qaynaq olunan dəmir kimi əriyib yerə düşdü. Quşa baxıb dedi:

Tənha quş sən məndən güclü,

Mən səndən kövrəyəm.

Mən uduzdum taleyimə,

Girdim boyunduruğa.

Sən uçursan. Sən güclüsən.

Mən sənə dəmir nəğmələr oxuyacam

                                   hər səhər.

Quş dilə gəldi.

Quş: – Ey xas igid. Ey dili-qafil. Oturmaqdan için çürüyüb! Qafiyələnmirsən daha. Təbin qaçıb. Halın ayrı haldır. Yerə girmisən. Torpaq olmusan. Sənə evlənmək lazımdır. Bəlkə evlənib düzələsən! Durma dəmirçiyə xəbər göndər, səni evləndirsin! Bəlkə onda təzələndin.

Xas igid ayağa qalxıb üzünü dəmirçiyə tutur.

Xas igid: – Atayi-mehriban, ya məni evləndir, ya da çıxıb gedirəm!

Dəmirçi: – Ya xas igid, sən kimi istəyirsən barmağınla göstər, mən gedib onu sənə alım!

Xas igid: – Dövlətli qızı al! Dövlətli görmüş olar!

Dəmirçi: – Görmüş olmağına görmüş olar. Amma onlar səni bəyənməz. Onlar başqa oğlan axtarırlar. Kiminləsə qohum olub daha da güclənmək istəyirlər.

Xas igid: – Onda kasıb qızı al. Kasıb qudurğan olmur!

Dəmirçi: – Elə olur. Sən kasıbın qudurmuşundan qorx. Kasıb həm də görməmiş olur. Tez çönür. Elə deyir ver yeyim. Ört yatım. Gözlə canım çıxmasın. Nə qədir bilir, nə qiymət. Yediyi yemək kimi bütün ömrünü yeyəcək.

Xas igid: – Bilmirəm. Ata get mənə tacirin qızını al! Yoxsa burdan gedəcəm!

Ravi: – Dəmirçi tacirin qızına elçi düşdü. Tacir qızını xas igidə vermədi. Get özünə tay axtar dedi. Sən kim, mən kim? Dəmirçi çar-naçar qalıb suçunun qızını aldı. Xas igid gözəl idi. Qız onu görən təki bəyəndi. Sən mənim bəxtimsən dedi. Məni qucaqla.

Xas igid suçunun qızını qucaqlayıb öpdü. Suçunun qızı özündən getdi. Elə xas igid də. Onlar evləndilər. Bir ay keçdi, Suçunun qızı dəyişib dedi:

- Xassan, qazsan, nəsən bilmirəm. Get mənə qızıldan ləyən al gətir.

Xas igid duruxub: – Ləyəni neynirsən, suçunun qızı?

Suçunun qızı: – İçində çiməcəm!

Ravi: – Xas igid yerə tüpürüb o şəhərdən qaçdı. Gedib bir ayrı şəhərdə bir ayrı ağacın altında oturub oxumağa başladı.

Xas igid: – Yumrudur dünya dediyin. Yolları yumru-yumrudur.

Ayrı şəhərin ayrı dəmirçisi xas igidin tamam ayrı səsini eşidib ona yaxınlaşdı.

Dəmirçi: – Qardaş dəmirçisən?

Xas igid: – Dəmirçiyəm! Hardan bildin?

Dəmirçi: – Yolları əyməyindən!

Ravi: – Dəmirçi ilə xas igid dostlaşdılar. Dəmirçi xas igidi evlərinə qonaq apardı. Olanından yedilər, içdilər uzanıb baş-ayaq yatdılar. Gecə ikisi də qarışıq yuxu görüb hövləng ayağa qalxdı. Xas igid dedi.

Xas igid: – Dəmirçi qardaş. Yuxumda taxta at gördüm.

Dəmirçi: – Mən də! Xeyir olar axırı!

Ravi: – Xas igidlə dəmirçi küçəyə çıxıb yuxunun yozumunu gecədən soruşdular. Gecə dedi.

Gecə: – Kimsə öləcək!

Ravi:- Elə gecə bunu demişdi ki, hardansa cənabi-Əzrayıl gəlib çökdü dəmirçinin sinəsinə. – Bəsdir yaşadın – dedi – vaxtdır yığış. Qayıdırıq!

Dəmirçi əvvəlcə qorxdu. Baxma da. Adamdır axı. Günahı olmamış deyil. Sonra – yaxşı – dedi. Allahın əmridir. Can yiyəsi odur. Verən də odur, alan da odur! Biz nəkarəyik ki, öz canını ona qaytarmayaq? Amma icazə ver, xas igidin qulağına bir gizli söz deyim. Əzrayıl bir kənara çəkilib qulaqlarını tutdu. Sonra da deyirlər ki, Əzrayıl pis mələkdir. Sən bir qanacağa bax! Əzrayıl gözlərini də yumdu ki, heç nə görməsin. Dəmirçi əyilib xas igidin qulağına pıçıldadı.

Dəmirçi: – Ey xas igid, görürsən ki, gedər oldum. Bu dünyada bir arzum qaldı.

Xas igid: – Sənin üçün nə desən edəcəm! Arzunu de!

Dəmirçi: – Dəmirdən bir təzə söz düzəltmək istəyirdim. Vaxtım çatmadı. Düzəldə bilmədim. Mənim üçün düzəldərsən o sözü?

Xas igid: – Söz məndən böyükdür, qardaş. Mən onu bacarmaram!

Ravi: – Dəmirçi öldü. Xas igid qaldı. Səhər açıldı. Xas igid dəmirçinin ruhsuz bədənini torpağa tapşırıb yola çıxdı. Orda aynan, burda ilnən gedib bir ağ evin qarşısına çıxdı. Evin qapısı yox, bacası yox. Pəncələri də görünmür. Amma qırımından evdi. Bu ağ ev Tramp əmioğlunun “ağ evi” deyil ha. Qarışdırmayın. Xas igid evin qarşısında yerə çöməldi. Bardaş qurub evə tamaşa etməyə başladı. İçi rahatladı. Ev də ev idi ha. Damından adama tərəf ilıq bir meh əsirdi. Ağ evin sağ tərəfində bir ağ ağac da əkilmişdi. Budağında iki quş oturmuşdu. Biri ağ quş idi. O biri qara quş idi. Özləri üçün danışırdılar. Ağ quş qara quşa – bacılı-bacılı – deyirdi, – bu igid həmin o xas igiddir. Xalis igiddir. Bu ağ binanın içində onun bəxti var. Taleyi bura yazılıb. Səbrini basıb qırxca gün oturduğu yerində otura bilsə, evin qapıları üzünə açılacaq. O da bəxtinə qovuşacaq. Yox, səbr eləməsə, başı bəlalar çəkəcək. Ortada da bir zad olmayacaq!  Qara quş: – yəqin Allah basaratını açar. Bu da oturar – deyirdi.

Xas igid quş dilini bilmir axı. Heç öz danışdığı dilin də arifi deyil. Odur ki dincini alan kimi ayağa qalxıb dabanına tüpürdü. Oturmadı. Gecəyə yaxın yol kənarında bir çobana rast oldu.

Xas igid: – Çoban qonaq istəyirsənmi?

Çoban: – Niyə istəmirəm. Allahın göndərdiyi qonaqsansa, yaxın gəl. Niyyətin pisdirsə, gəlmə. Qayıt!

Ravi: – Xas igid çobanın evinə qədəm qoydu. Oturdular. Danışdılar. Süd içib, pendir yedilər. Yenə baş-ayaq yatdılar. Səhər açıldı. Çobanın ağappaq ağ qızı əllərinə su tökməyə gəldi. Xas igid gördü ki, çobanın ağ qızı qəşəng qızdır, özü də təzəcə dəyib. Ayaqları da möhkəmdir, oğlan doğar. Qıza su atdı. Qız  su altından quru çıxdı. Ona bir yaş cavab verdi. Axşam çobanın gözünü aldadıb alaçığın arxasına keçdilər. Nə danışdılar, nə danışmadılar bilmirəm. Onu bilirəm ki, çobanın ağ qızı xas igidə üç ilə üç oğlan doğdu. Üçünü də bələyib yükün üstünə uzatdı. Çoban da xas igidin əlinə bir çomaq verib – qoyuna gedəndə hayy de – dedi – heç vaxt vay demə! Hürküb xəstə quzu doğar.

Xas igid beləcə çobanlıq eləməyə başladı. Bir gün Allah dünyaya qar yağdırdı. Çoban üçün qar bərəkət gətirdi. Xas igid üçün qayğı. Xas igidin ruhu ağradı. Gözləri yaşardı. Bir çönüb çobana baxdı. Bir çönüb çobanın ağ qızına baxdı. Bir çönüb yükün üstündə uzanmış oğlanlarına baxdı. Heç nə demədi. Köksünü ötürdü. Hardasa uzaqda doqquz baş qurd uladı. Xas igid bu ulartıdan sonra lap darıxdı. Ayağa qalxıb qurd səsinin arxasınca eşiyə çıxdı. Gedib qara yolun  kənarında oturdu. Gördü yol ilə bir dərviş gəlir. Dərviş gəlib xas igidə salam verdi.

Dərviş: – Ayağın yorulub, ya için?

Xas igid: – İçim yorulub, baba!

Ravi: – Dərviş qarın üstünə oturub dedi.

Dərviş: – Su bir yerdə duranda iylənər, xas igidim. Bir yerdə çox qalma!

Xas igid: – Üç uşağım var. Neynəyim?

Dərviş: – Mən özüm uşağam. İzn ver gedim!

Xas igid: – Hara gedirsən?

Dərviş: – Hamımız hara gediriksə, mən də ora gedirəm!

Xas igid: – Sən get! Mən səninlə getməsəm də gedirəm! Oturduğum yerdə də gedirəm.

Ravi: – Dərviş gedəndən sonra xas igid bir il yatmadı. Yuxu nədi bilmədi. İkinci ilin tamamı çobanın beş qoyunun oğurlayıb bazara çıxardı. Satıb puluna bir at aldı. Atı minib çobanın qızından irağa qaçdı. At onu gətirib sıx meşəyə çıxardı. Talada atdan endi. Dizini qucaqlayıb ana qarnında yatırmış kimi şirincə yatdı. Beş gün gözünü açmadan yatdı. Altıncı gün səsə oyandı. Gördü uzaqdan ona tərəf bir qoca gəlir. Əlində güzgü. Gözündə biclik. Dilində kəlmə. Xas igid ayağa qalxıb qocayla qucaqlaşdı. Ona yer göstərib əyləş dedi. Qoca oturan kimi sözünə başladı.

Qoca: – Ay xas igid. Mən qocayam, sən cavansan. Səndə olan məndə yoxdur, məndə olan səndə yoxdur!

Xas igid: – Nəyi deyirsən, baba? İllərimi deyirsən?

Qoca: – Yox ayağımı deyirəm!

Xas igid: – Başa düşdüm. Atı verdim sənə. Götür, halalın olsun. Əvəzində sən mənə nə verəcəksən?

Qoca: – Mən sənə güzgü verəcəm. Baxib özünü görəcəksən. Mən özümü ancaq bu yaşda gördüm. Əvvəl elə bilirdim başqayam. Ancaq bu yaşda özümü tanıdım. Özgəyəmmiş!

Xas igid: – Özümü tanımaq nəyimə lazımdır ki?

Qoca: – Dünyada vacib olan budur da elə! Güzgünü götür. Sakitcə özünü axtar.

Xas igid: – Yaxşı!

Ravi: – Xas igid beləcə qocayla sövdələşdi. Razılaşdı. Qoca atı minib şəhərə tərəf çapdı. Xas igid güzgünü qarşısına qoydu. Özünə baxmağa başladı. Bir il baxdı. İki il baxdı. Çox baxdı, az baxdı. Özünü tapa bilmədi. Özü yox idi. Güzgüdən ona yad bir adam baxırdı. Bir gecə çiyninə bir quş qondu. Ona – Özünü güzgüdə niyə axtarırsan? Axtarma – dedi – özün özündəsən. İçindəsən. Orda axtar. Öz yoluna çıx.  Xas igid elə bil yuxudan oyandı. Güzgünü torpaq üstünə atıb ayağa qalxdı. Əyilib bir də güzgüyə baxdı. Gömgöy səmanın bir tərəfi güzgüyə düşmüşdü. Səma güzgüdə bütöv deyildi . İnsan da belədir. Güzgüdə tam görünə bilməz. Bəs ruh!  Yaxşı, deyək ki, insan güzgüdə sifətini görür, bəs fikirlərini necə? İnsan daha çox fikirdir axı. Xas igid də səma kimi idi. Ona oxşayırdı. Gömgöy səma da güzgüdəki görüntüsü ilə sanki torpaq üstünə düşmüşdü. Adam çaşırdı. Yeri göydən, göyü yerdən ayıra bilmirdi. Deməli güzgü yalan imiş. Xas igid beləcə güzgünü göyə, göyü güzgüyə tapşırıb yolun ağına çıxdı. Gördü göydə quşlarla bahəm ağ-ağ çərpələnglər də uçur.

Xas igid çərpələngin birini dindirdi.

Xas igid: – Sən də quşsan?

Çərpələng: – Quş deyiləm, amma uçuram!

Xas igid: – İpin olmasa uça bilərsən?

Çərpələng: – Hamımız o ipimizi tutan ələ bağlıyıq! Bizi o əl qarğıddan, parça kəsiyindən düzəldib. Xətri  hara istəyir ora da uçurdur.

Xas igid: – Bəs külək?

Çərpələng: – Küləyi də o əsdirir!

Xas igid: – Səni bilmirəm. Mənim ipim öz əlimdədir!

Ravi: – Xas igid çərpələngin ona sonuncu dəfə nə dediyini eşitməyib sol tərəfə buruldu. Uzaqdan tanımadığı bir şəhərin darvazaları görünürdü. Xas igid şəhərə çatıb üç dörd dəfə qapının daqqulbabını taqqıldatdı. İçəridən ona hay verən olmadı. Qapılar bağlıydı. Xas igid dincini almaqdan ötrü bir daşın üstünə oturdu. Darvazaların ona yazığı gəldi. Özləri açıldılar. Xas igid ayağa qalxıb şəhərə girdi. Şəhər yolun solunda tikilmişdi. Evləri, küçələri sola baxırdı. Quşları sola uçurdu. Ağacları sağdan-sola bitirdi. Adamları, itləri solaxay idilər. Pişikləri sola miyolduyurdu. Şəhərin sağ tərəfi yox idi. Nə vardısa soldaydı. Xas igid acmışdı. Kisəsindən bir alma çıxarıb dişlədi. Bunu görən şəhər camaatı onu qazinin yanına gətirdilər.

Qazi ağa ondan: – Qərib, almanı sağ əlinlə niyə tutursan, cinsən?

Xas igid: – Cin zad deyiləm! Xas igidəm. Xalis igidəm. Sağ igidəm. Düz igidəm.

Qazi: – Biz əyriyik?

Xas igid: – Sizi bilmirəm. Mən əyri deyiləm. Sağa gedənəm. Həmişə də sağam! Sağ da olacam.

Qazi ağa: – Sən gəl belə elə ay sağ olmamış. Gəl biz sənin sağ əlini kəsib sol əlinin yerinə qoyaq. Sol əlini kəsib sağ əlinin yerinə qoyaq. Ol bizim kimi solaxay. Sola gedən!

Xas igid: – Məsələ əldə deyil. Mənim təkcə sağ əlim sağ deyil e. Özüm də sağam.

Qazi: – Sən sağ ola bilməzsən. Sağ adam burda sağ ola bilməz. Sabah sənin bu sağ boynunu sol əlimlə özüm vuracam. Burda sağlar sağ ola bilməzlər. Sən pis dəbsən. Səni  insanlara unutdurmaq lazımdır. Sənin sağ olmağının özü bizim üçün əngəldir.

Ravi: – Qazi xas igidi qaranlıq zindana saldırdı ki, səhər başını vurdursun. Xas igid qaranlıq zindanda sağ gözüylə ağladı. Sağ ayağı üstə dayandı. Yerdən qalxanda yerə sağ əliylə dayaq verdi.  Keşikçi işi belə görüb zindanın qapılarını sol əliylə açıb içəri keçdi. Üzünü xas igidə tutub dedi: – Xas igid, əslində mən də sənin kimi sağam. Sadəcə özümü sol kimi göstərirəm. Nə qədər ki, mən sağam, sən də sağsan. Qaç canını bu sollardan qurtar.

Xas igid sağ ayağı üstə eşiyə çıxıb sağ dabanına tüpürdü. Sol şəhərdən çıxıb özünü gecənin içinə saldı. Gecənin içiylə bir xeyli yol gedib  səhərə çıxdı. Səhər dənizin arxasından keçirdi. Xas igid dizlərini sahilə qoyub balıqlar padşahını səslədi.

Xas igid: – Sənə sualım var. Üzünü mənə göstər, balıqlar padşahı!

Balıqlar padşahı sudan çıxıb üzünü xas igidə tutdu: – Nə olub xas igid. Məndən nə istəyirsən?

Xas igid: – Su çoxdu, quru?

Balıqlar padşahı: – Su çoxdur!

Xas igid: – Mənə icazə verərsən suda yaşayım?

Balıqlar padşahı: – Boğularsan axı!

Xas igid: – Sən elə elə ki, boğulmayım da! Padşah deyilsən?

Balıqlar padşahı: – Yaxşı, gəl yaşa!

Ravi: – Xas igid özünü suya atdı. Balıqlar ölkəsinə üzdü. Balıqlar onu sevdi. Ayrı dünyanın adamıdır deyib, ayrı yaşamaq üçün ona iri balıqqulağından tikilmiş bir ev bağışladılar. Qırx incəbel xəmsi balığı ona kəniz oldu. Hallıca-dulluca bir kök balıq dəli kimi xas igidin xaslığına vuruldu. Ədəli-dədəli su toyu eləyib evləndilər. Xas igid danışan. Kök balıq susan. Beləcə sulu-sulu yaşadılar. Bir gün xas igid yaman darıxdı. Üzüb-üzüb başını sudan çıxardı. Ürəyi axdı. Əridi. Aşığı səslədi.

Xas igid: – Gəl qardaş, sazsız deyə bilməyəcəm!

Aşıq səhnəyə daxil olub oxuyur:

- Mən bimirəm vətən nədir

            amma darıxdım darıxdım.

Göydə uçan boz sərçəyçün,

            çöldə yovşançün darıxdım.

Darıxdım suda qalmaqdan.

            Darıxdım döyə baxmaqdan.

Darıxdım yosun balıqdan

            yaman darıxdım, darıxdım.

Ravi: – Bu sözləri yaşayandan sonra xas igid üstü-başı yamyaş sudan quru çıxdı.  Bir daşın üstündə oturub bir neçə ay suyla quru arasında qaldı. Sudan balıqlar, qurudan adamlar onu yanına səslədi. Xas igid xalis igid bu səs-küyün içində bir necə il oturdu. Sonra bir az da oturdu. Ondan sonra bərkdən ayağa qalxdı.

Xas igid: – Sahildə özümə bir ev tikəcəm. Həm suyu görüm. Həm də qurunu!

Ravi : – Dediyini elədi. Beləcə bu minvalla bir qədər də quru ilə yaş arasında yaşadı. Sonra yenə darıxdı. Oturub saatlarla göy üzünə baxdı.

Xas igid: – Ay Allah, məni quş elə, uçmaq istəyirəm!

Ravi: – Bir gün qanadları çıxdı. Uçub-uçub lap uzaqlara uçdu. Qalxıb yerə göydən baxdı. Gedib o biri planetləri dolandı. Gəzdi. Yenə yerə qayıtdı. Bir buludun üstündə oturub fikrə getdi.

Xas igid: – Hər şeyi gördüm. Bütün dünyanı gəzdim. Dənizin təkinə endim. Göyün üzünə qalxdım. Düzü-dünyanı gəzib-dolandım. Bir maraqlı zad görmədim. Görəsən bu insanlar burda necə yaşayır? Gedim bir ölümü də görüm. Bəlkə oralar buralardan maraqlı olacaq.

Ravi: – Beləcə deyib xas igid buludun üstündən torpağa hoppandı. Dizi üstə ölümün qarşısında durdu.

Xas igid: – Mən xas igidəm. Yaşayıb yarımadım. Məni ora apar da nə olar? Burda yaman darıxıram.

Əzrayıl: – Dur bir rəqs elə sənə əl çalacam. Oynayıb qurtaranda öləcəksən. Həyat bir rəqs uzunluğundadır. Tez bitir. Burda yaşamaq istəsəydin, bir rəqsin ritminə düşəcəkdin. Sən bacarmadın. İnsanların heç biri dünya rəqsinin hansı halda olduğunu anlamır. Sən də elə. Hala düşsəydin, adam balası kimi yaşayacaqdın!

Xas igid: – Oynamıram. Elə belə apar, bura mənə yaddır.

Əzrayıl: – Yaxşı gəl!

Ravi: – Xas igid bir göz qırpımında bədənindən çıxıb Əzrayılla bərabər bir yaşıl budağa qondu. Gördü bədəni torpaq üstünə kürk kimi sərilib. Özünü bəyənmədi.

Xas igid: – Mən buydummu?

Əzrayıl: – Buydun da. Bəs nə idin? İddiana baxma. Olanın bu idi. İnsan hala düşməyincə elə-belə çirkli bədəndir də. Başqa nədir ki?

Xas igid: – Nə çirkliyəmmiş.

Əzrayıl: – Sən səbir eləmədin! Təmizlənməyin səbrindən asılıydı. Doğulanda Yaradan sənə ağıl da vermişdi, bəxt də. Bunları ürəyində tapmağa sevgin çatmadı. Hər şey öz əlində idi. İndi otur özünə yuxarıdan bax. Şükürlər olsun ki, burda vaxtın, zamanın çoxdur. Bax, o təzəcə qazılan qəbir var ha. Görürsən? Sənin qəbrindir. O, qəbrin üstündə ağlayan isə çobanın ağ qızıdır. O, səni doğrudan da sevirdi. Oğlanların da sənə görə uca dağların başında vuruşurlar. Onların da istisini ciyərlərinə çəkmədin…

Xas igid: – Bir də ora qayıda bilərəmmi.

Əzrayıl: – Heç zaman qayıda bilməzsən. Amma yenə səbr elə!

Ravi:  – Xas igidin yerə sərilmiş bədəninə yazığı gəldi. Neçə nəfərə pislik eləmişdi. Onlardan halallıq almaq istədi. Dünyada qalan o işıqlı sözün hansı söz olduğunu öyrənmək istədi. Dəmirçi dostu üçün dəmirdən söz düzəltmək istədi. Nəyi orda unutmuşdusa burda xatırladı. Amma faydası nəydi?

Xas igid: – Bilsəydim başqa cür yaşayardım… peşimanam – dedi.

Ravi: – Neynəyərdin?

Xas igid üzünü Raviyə tutur.

Xas igid: – Ravi, bayaqdan bəri nəql etdiyin bu yazını sən yazmamısan bəyəm? Dəyiş də ömrümü. Nə olar? Bir dəfə də dirilt məni!

Ravi: – Yazıya pozu yoxdur, xas igid. Mən kiməm ki?

Əzrayıl: – Dur, gedək!

Ravi: – Xas igid çevrilib son dəfə dünyaya baxdı. Yenə bir şey anlamayıb çiyinlərini çəkdi. Dünyada səhər açılmışdı, qəfil doğulmuş misalı, qəfil ölüm misalı mən də bu mətni qəfil yerdə bitirdim. Bir az uzun danışmağa səbrim çatmadı. Vəsəlümü əlyekum və rəhmətullahi və bərəkətuh.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10