Xasay xan Usmiyev müəmması

267 Baxış

 xasay xan          Qarabağ dəftərindən…

Qarabağın rəsmən sonuncu hakimi elan edilmiş Xurşidbanu Natəvanın əri Xasay xan Usmiyev 1808-ci ildə Dağıstanın Qumuq  bölgəsinin Aksay kəndində general Musa Usmiyevin ailəsində dünyaya gəlmişdir. Bu illər çarizmin Qara dəniz sahillərini ələ keçirib Qafqaza ayaq basdığı-bu məqsədlə yağmaçı kazakları Kuban və ardınca Terek boyunca yerləşdirdiyi dövr idi. Mozdok və Qızılyardan başlayan qanlı döyüşlər indi gəlib Qafqazın cənubuna çıxmaqda idi. Odur ki, Xasay xan atası Musa xanın özünü bir çar təbəəsi kimi itaətkar aparmasının şərti olaraq  uşaqkən Peterburqa əmanət-girov olaraq aparılmış, Peterburq Paj korpusunda oxumuşdur.  Yei gəlmişkən qeyd edək ki, Qafqazın istilası zamanı yüksək çar məmurları  özləri tərəfə keçən yerli nücəbanın ixtiyarını məhdudlaşdımaq, onu Rus dövlətindən asılı vəziyyətə salmaq üçün onun oğullarından girov almaları  rast gəlinən hal idi; bunlar “əmanət” adlanırdı və bu dövrdə rus dilinə keçən “amanat” sözü bu tarixçələrlə bağlıdır. Beləliklə, Xasay xan buradan Fransaya göndərilmiş və Parisdə Sən-Sir hərbi məktəbinə qoyulmuşdur. 17 yaşında ikən yunker olaraq general Yermolovun komandanlığı altında olan Qafqaz korpusu sərəncamına göndərilmişdir. Korpusun fəaliyyət meydanı Qafqaz idi; bu illər Yermolovun yanğınlar, edamlar üsulları ilə Qafqazlıları ram etməyə başladığı illər idi. Odur ki, çox keçmir ki, onun ətrafı burada azad fikirli rus gənclərindən çoxunluqla da Qafqaza sürgünə göndərilmiş azadlıq aşiqləri, dekabristlərdən ibarət oldu. Xasay xanın bütün ömrü çar ordusunda xidmətdə keçmiş, 37 yaşında podpolkovnik rütbəsinə layiq görülmüş, bir il sonra-1849-cu ildə Qarabağ xanlığının yeganə varisi “dürri-yekta” adlanan Xurşidbanu Natəvan ilə evlənmişdir. Bu nikahdan oğlu, gələcək polkovnik Mehdiqulu xan (o Vəfa təxəllüsü ilə şeirlər yazırdı) daha çox Xanbikə adı ilə tanınan qızı Fatimə  doğulmuşdur.

Knyaz əvvəlcə Tiflisdə yaşamış, sonra Şuşa şəhərinə gəlmiş, xanlığı idarə etməyə başlamışdır. Onu şəxsən tanıyanların dediklərinə görə general-mayor Xasay xan comərd, dürüst bir adam idi; zahiri sərtliyi ilə bərabər ədalətli olduğu məlum olur; onun simasında haqqı heç vəchlə nahaqqa verməyən bir şəxsiyyət görmək mümkün idi. 1858-ci ildə Bakıda onunla və xanımı Azərbaycan şairəsi Natəvanla görüşən fransız yazıçısı Aleksandr Düma(1802-1870) knyaz Usmiyevin mədəni, alicənab rəftarına heyranlığını gizlədə bilməmişdir, hər hansı bir yolla olursa olsun bunu ifadə etməyə çalışmışdır. O, knyaza şahmat bağışlamış, övladları sevə-sevə hifz etdiyi bu yadigarı sonradan Nizami adına ədəbiyyat müzeyinə bağışlamışlar…

Bu nikah deyə bilərik ki, iki türk xalqı arasında sözün həqiqi mənasında körpü oldu; bu gün qumuq ziyalıları; ədəbiyyatşünas və tarixçilər həmin dövrə aid araşdırmalarında(xüsusən məfkurə dostum “Yoldaş”qəzetinin redaktoru, tanınmış qumuq ziyalısı Kamil Əliyev) hökmən Azərbaycan şairi Xurşidbanu Natəvandan sevə-sevə, böyük ehtiramla bəhs etməkdədir.

natavan4_2   Xasay xana hər şeyi bir yana buraxıb yalnız çar generalı kimi baxmaq birtərəfli düşüncədən doğa bilərdi; hələ gəncliyindən Qafqaz xalqları tarixi ilə ciddi maraqlandığı məlum olur. Tiflisdə 40-cı illərin əvvəllərindən Mirzə Şəfi Vazehin başçılığı ilə keçirilən “Divani-Hikmət” məclisində fəal iştirak edirdi. Mirzə Şəfi ona yaxın adam idi; Usmiyevlərin ata-baba mülkü olan Aksayda  vaxtilə onların evində müəlim işləmiş, balaca Xasay xana dərs demiş, bundan sonra 30-cu illərdə Tiflisdə gənc Mirzə Fətəliyə müəllimlik etmişdi Mirzə Şəfi. İndi Xasay xanın Mirzə Fətəli Axundovla yaxınlığının, dostluğunun haradan başlandığı aydın olur. Onun Natəvanla evliliyi təsadüfi bir hal deyildi, Xasay xan Azərbaycana möhkəm tellərlə bağlanmışdı, böyük bacısı Tuti Bikə İsmayıl bəy Qutqaşınlının xanımı idi. Məhz buna görə İsmayıl bəyin “Rəşid bəy və Səadət xanım” əsərinin yeganə nüsxəsi Xasay xanın varislərinin evində hifz olunurdu və çox-çox sonralar Salman Mümtaz vaxtilə Qutqaşınlının öz təsti xətti ilə öz qaynı Xasay xana bağışladığı kitabı onun nəvəsindən-babasının adını daşıyan gənc Xasay Usmiyevdən götürür. Dostu Mirzə Fətəlinin Puşkinin ölümünə yazdığı şeiri də rus dilinə ilk olaraq ədəbiyyat bilicisi Xasay xan tərcümə etmişdi.

Şərq ədəbiyyatına vurğunluğu, yerli mədəniyyətə möhkəm bağlılığı onu yad adətlərə və mədəniyyətlərə təzim etməkdən daim uzaq saxlayırdı. Bu da təsadüfi deyil, onun atası general Musa Usmiyev də həmin xarakterə malik adam idi; zəngin kitabxanası vardı və general bütün qulluqdankənar vaxtını Şərqin bu və ya digər tarixi çağları, xüsusən ədəbi simaları, əxlaqi-dini baxışların qədim köklərinə nüfuz edə biləcək yazılar üzərində işləyirdi; mənsub olduğü qumuq xalqının “Təvarix”ini təşkil edən tarixçələrinə sonsuz eşq duyurdu. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” üzərində işlərkən dostu Musa Usmiyevin evində qonaq olur, onun qiymətli kitablarından bəhrələnirmiş.

Bu ənənə onun törəmələrinin sadiq qaldığı həyat tərzi oldu; oğlu Xasay xanın, eləcə də onun oğlu Mehdiqulu xanın, onun da oğlu Xasay xanın zəngin kitabxanası olmuşdu. Yaşı 90-ı haqlamış nəvəsi Leyla xanım Usmiyeva 92-ci ildə mənə bu yadigar kitabxananın sovetin ilk illərindəcə müsadirə olduğunu, onun sözlərinə görə bu kitabların hamısının Maarif Komissarı Dadaş Bünyadzadənin evinə daşındığını söyləmişdi…Dönürəm 92-93-cü illərə, o zamankı kimi indi də məmnunluqla dərin nəfəs alıb bir növ sinəmi arıtlayıram. Nazirin-Xalq Komissarının kitablara aşiqliyi, bir növ buradakı kimi hərisliyi məni rəncidə salmır, əslinə bu “mənimsəmə” könlümü açır.

…Qafqazda köklü dəyişikliklərin sürdürülməsi  ilə heç cür barışmayan Xasay xanın narahat günləri başlayır.  Müsəlman Qafqaz xalqlarının müstəmləkə boyunduruğu altına alınmasına dözə bilmir, dəfələrlə çarizmin Qafqaz siyasətinə qarşı öz etirazını bildirirdi, lakin bu zaman Qarabağda onu gözü götürməyən yerli bəylər də gizli donosbazlıqla məşğul olur, O ciddi təqib olunur, onun Qarabağda yaşadığı illərdə hətta Seyid Nigari müridləri ilə gizli söhbətləri və Şimali Qafqazdan yanına gəlib-gedən adamlarla əlaqəsi heç də gizli qala bilməzdi; çarizmin nəzərində Xasay xan artıq dövlət üçün Qafqazda müridizm tərəfdarı kimi təhlükəli  sayılmaqdadır. Xatirələrdən öyrəndiyimə görə ( Qarabağlı, amma həmin bu hadisələr üzündən Amasiyaya qaçmağa məcbur olmuş Mirzadə Fəxrəddin Ağabalinin Mir Həmzə Nigarinin həyat və yaradıcılığına həsr etdiyi mənqibə tipli “Hümayi-Ərş” adlı əsərində- əsər hazırda nəşr olunmaq ərəfəsindədir)  Xasay xanın Natəvanın Xan Bağı mülkündə (qeyd edək ki, bu yer həm də bizim xatiratımızda İbrahim Xəlil xanın ailəsi ilə birlikdə qılıncdan keçirildiyi yerdir) Şeyx Mir Həmzə Nigari, Şirvandan – Külüllü kəndindən olan Əhməd əfəndi (onlar hər ikisi mövlanə Şah İsmayıl Şirvani həzrətlərindən inabət almışdılar-sadiq dost idilər) ilə birlikdə keçirdiyi gizli yığıncaq və burada əgər Osmanlı dövləti ilə Rusiya arasında müharibə və ya hansısa silahlı münaqişə olarsa (Kırım müharibəsi ərəfəsi idi) dərhal ruslara qarşı geniş hərəkətə keçmək barədə aldığı qərarlar məlum olur, ortaya sənədlər-gizli məktublar çıxır… Belə ki, Xasay xanı gözü götürməyən yerli bəylərin şeytanlığı nəticəsində məktubu  Qars mütəsərrifinə aparan Sofuludan (Bərgüşad çayının üst tərəfində kənd)  iki qardaş (onlar Mir Həmzənin şagirdləri idi) İrəvan altında tutulurlar, məktub ələ keçir.

Nigari dərhal gizli yolla yaxın adamları ilə Arazı keçib İrana pənah aparır, oradan isə Osmanlı torpağına hicrət edir, İstanbula gedir, nəhayətdə sultanın dəvəti ilə Amasiyada məskunlaşır, müridləri başına toplaşır.

220px-Hurshidbanu_Natavan_with_her_childrenKülüllü Əhməd Əfəndi gec xəbərdar edildiyindən o da tərəfdarları da ələ keçir, soyuq Arxangelskə sürgün edilir, çuğulların Xasay xanın üzünə durmağa cəsarətləri çatmasa da və nəticədə o həbsdən ötüşsə də çar mütləqiyyət orqanları qarşısında etibarını itirir.

Şeyx Şamilin başçılıq etdiyi milli-azadlıq  hərəkatının yatırdılmasından sonra artıq 1860-cı illərdə rusların Qafqaza köçürülməsi, bu diyarın rus, erməni və kazaklarla məskunlaşdırılması dövrü başlayır. Bunlar onu narahat edirdi, digər tərəfdən də Dərbəndin hərbi komendantı olan qisasçı və araqarışdıran Loris-Melikovla – imperiyanın gələcək Daxili İşlər Naziri, habelə Qafqaz xalqlarına yuxarıdan baxan və bunu heç vəchlə gizlətməyən general Fadeyevlə yola getmədiyindən komendantın və başqa onun gizli düşmənlərin çuğulluqları nəticəsiz qalmır…. bu əleyhdarların səbir kasasını daşıran son damla oldu:  Yeri gəlmişkən qeyd edək ki, Rostislav   Fadeyev         vaxtilə Şamilin son istinadgahı Qunibin alınmasında, imamın özünün əsir düşməsində fövqəladə hünər göstərmişdi. Şamil sonuncu iqamətgahı olan Qunibdə əsir düşərkən onu əsir alan general Baratınski (o, bu qələbədən sonra feldmarşal rütbəsinə yüksəlir) bu bayrağı Şamildən almışdı. Bir az sonra bayrağı Rostislav Fadeyevə (Qafqaz müharibəsi iştirakçısı; sonralar məşhur “Qafqaz müharibəsinin 60 ili” xatirələr kitabını yazmışdı) vermiş. Sonralar Rusiyanın Maliyyə Naziri Sergey Vitte (1849-1915) xatirələrində imam Şamilin bayrağının onda mühafizə olunduğunu göstərir. Nazir Vitte Fadeyevin bacısının oğlu idi; buna görə də dayısının ölümündən sonra bayraq Vitteye keçmiş, hal-hazırda da Vittelər ailəsində mühafizə olunmaqdadır. Xasay xana qarşı belə güclü partiya dayanmışdı… Rusların və kazakların Qafqaza köçürülməsi sırasında Xasay xanın bütün torpaqları əlindən alınmış, gəlmələrin yerləşdirilməsi üçün planlaşdırılarkən artıq o dayana bilmir, çar hökumətinin yerli idarəçilərinə üz tutur; Qumuq dairə rəisi Frans Voekova 1866-cı ilin aprelində yazdığı ərizələrdə Türkiyəyə köçüb yaşamasına izn istəyir. Qafqazlıların axın-axın gedib Osmanlıya sığındığı bir vaxtda əlbəttə rus ordusu generalının Türkiyəyə yerləşməsinə icazə verilməsi ağlabatan deyildi. Özü də bunu bilirdi hər halda, bunu müraciətində də ifadə edirdi:”həqiqət uğrunda bir əzabkeş kimi cəfalara qatlaşmaq və ölüb getmək kişi işidir,” deyə bəyanı  bir zərbi-məsəl rəngi almışdır artıq.

Onun israrlı müraciətləri çar sarayına belə çatır, onun qarı düşməni erməni Loris Melikovun əlinə fürsət düşür, o bu zərərli və təhlükəli hesab etdiyi adamın bölgədən uzaqlaşdırılmasını tövsiyə edir,  belə də edirlər: nəhayət hiylə ilə aldadılaraq 1866-ci ilin iyununda Qroznıya çağrılmış, buradan Stavropola göndərildiyi ona elan olunmuş, Stavropolda isə Voronejə yola salınmış, burada 1867-ci ilin  aprelin 21-də  naməlum şəraitdə öldürülmüşdür. Xasay xanı kiçik qardaşı Adil xan, yavəri Cantəmir və dostu Qafqazda qumuq şairi şöhrətini daşıyan Yırçı Kazak müşayət edirdi. Bir ehtimala görə ona artıq qulluqdan azad edildiyini və Rusiyanın içərilərinə (bəlkə də Sibirə) sürgün olunduğu elan edildikdə o bu təhqirə dözməyərək öz silahı ilə özünü vurmuşdu. Lakin bu gün də onun ölümü ilə bağlı müəmmalar sonadək açılmamış qalmaqdadır…

Minaxanım Təkləli

Filologiya elmləri doktoru, professor

 

 

 

 

Bölmə : Araşdırma, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10