Şeirlər
Mən Okampo
Sən Taqor.
Mən şairə
Sən yazar.
On il sonra baş tutan
Bu görüş.
Bu keçmişə qayıdış.
Sahibsiz xatirələr.
Yağış yağan bu şəhər.
Unudulmuş o yollar
Səni geri qaytarar.
Çinar altda öpüşlər
Ruhumu sığallayar.
Bu görüş…
Məni yenə ağladan,
Səni mənə sevdirən
Bu sözlər.
Həsrət dolu,
Yaz qoxulu bu sözlər
Sətirlərə süzülər.
***
Gülab
Nuşaran
“Nuşaranın nağılı”
Qol-boyun olub
Uzanıblar ot üstə.
Firuz
Səfeh əmi sürəti
Eşqi vurub başına.
Xəyanət edibdir
Qardaşının ruhuna.
Necə çirkin, necə iyrənc
Bir niyyətdir bu niyyət.
Eşq dediyin saf olar.
Ülvi hisslər doğurar.
Saf arzular, saf istək
Sevənləri ovudar.
Bizə nağıl oxumayın!
Canilər var nağılda.
Yeddi başlı divlərdən,
Ağ divdən də qorxulu
Əmilər var nağılda.
Bizə nağıl oxumayın!
Atalar var nağılda
Aşıq olar qızına.
Min hiyləyə əl atar
Çatmaqçün muradına.
Bizə nağıl oxumayın!
Həyatımız bir nağıl!
Xain, səfeh əmilər
Bu həyatda doludur!
Bizə nağıl danışmayın!
Biz nağıldan doymuşuq!
Biz sehirsiz, silahsız
Divlərlə döyüşmüşük!
Biz dərin quyulardan,
Keçilməz o yollardan
Tilsimdən və cadudan
Güclə xilas olmuşuq!
Dövrə vurub sonunda
Biz də yerə keçmişik.!
Heyif ki, biz artıq
Üç almanı yemişik!
****
İllərdir həsrətlə
Biz yana-yana
Qovrulduq bu sevginin oduna.
Həsrət dolu gecələrin
Səssizliyi yordu bizi.
Tökdüyümüz göz yaşları
Bir ümman tək boğdu bizi.
Mənəmmi günahkar?
Yoxsa ki, sən, bilmirəm!?
Kimi döyüm, kimi söyüm
Bilmirəm!.
Suallarım cavabsız
Arzularım darmadağın
Nə xeyri var bu vüsalın,
Nə xeyri var görüşlərin.
Mən özgənin,
Sən özgənin.
Nə toxuna bilərəm.
Nə qoxlaya bilərəm.
Dən düşmüş saçlarını.
Nə baxa bilərəm.
Nə öpə bilərəm.
Ümman təki gözləri
Unutmuşam sözləri.
Deyiləcək sözləri
Hara aparım səni
Hara qoyum mən səni
Keçmişim məndən küsüb
Mən keçmişimə həsrət
Sabahlarım dumanlı
Sabahlarım bir məçhul.
Çıx get, mənim sevgilim,
Çıx get, əziz sevgilim.
Mən o mən deyiləm.
Səndə qalmışam.