Xeyir və Şər

241 Baxış

xülyaXÜLYA

Xeyir və şər

 Yaxşı ilə pisi ayırd edəndən sonra Tanrı kimi olacaqsan.

İncil

Yuxumun ən şirin yerində zəngli saat həyasız körpə kimi qışqırmağa başlayır. “Narahat olma. Onsuzda saatı xeyli tezdənə qurmusan. Hələ vaxta var”, – deyə özümə təskinlik verə-verə gözlərimi açmadan düyməyə basıram. Çox keçmir ki yenidən yuxuma kobudcasına müdaxilə edir. Bu dəfə gözlərimi açmalı oluram. Saat 09:20-dir. Lənət şeytana! Yenə yatıb qalmışam! Cəld qalxıb hazırlaşıram. On dəqiqəyə evdən çıxıram. Gün ərzində yerinə yetirməli olduğum işlərin gətirdiyi narahatlıqla avtomobilimə əyləşirəm. Çox keçmir ki səhər yatıb qalan bir şəxsin başına gələ biləcək ən böyük fəlakətə düçar oluram: Tıxac!!! “Yaxşı, hirslənmə, indi yol açılacaq. Səbrli ol!” Vaxt keçmək bilmir. Addım-addım irəliləyirəm. Ürəyim sıxılır. Bəlkə bir az pəncərəni açım? Hə, təmiz hava lazımdır mənə. Pəncərəni açan kimi orkestr kimi səs-səsə verən siqnal səslərindən, hirsini bir-birindən çıxan sürücülərin hay-küyündən başım gedir. Yaxşısı budur, bağlayım. Aha… Yol yavaş-yavaş açılır. Nəhayət! Sevincək halda qaza basıram. Gecikirəm, tələsmək lazımdır. Çox keçməmiş növbəti maneəyə – qarşıdakı avtomobilə çırpılıb dayanıram. Zibilə qalsın! Bircə bu çatmırdı! Səhərin gözü açılmamış qəzaya düşdüm!

Yuxumun ən şirin yerində zəngli saat şirin bir körpə kimi oxumağa başlayır. “Narahat olma. Onsuz da saatı xeyli tezdənə qurmusan. Hələ vaxta var”, – deyə özümə təskinlik verə-verə gözlərimi açmadan düyməyə basıram. Çox keçmir ki yenidən saatın melodiyasına oyanıram. Bu dəfə gözlərimi açmalı oluram. Saat 08:20-dir. “Durmaq vaxtıdır! Hər yeni gün-yeni bir şansdır!”, – deyərək qalxıb əl-üzümü yuyuram. Hazırlaşıram. Yarım saata evdən çıxıram. Gün ərzində yerinə yetirməli olduğum işlərin gətirdiyi həyəcanla avtomobilimə əyləşirəm. Çox keçmir ki tıxaca düşürəm. “Kefini pozma, indi yol açılacaq. Səbrli ol!” Musiqinin səsini artırıram. Əllərimi sükana vuraraq ritm tutarkən vaxt daha sürətli keçir. Addım-addım irəliləyirəm. Amma eybi yoxdur, onsuz da tələsmirəm. Bəlkə bir az pəncərəni açım? Hə, təmiz hava pis olmaz. Pəncərəni açan kimi orkestr kimi səs-səsə verən siqnal səsləri, bir-birlərini tanımadıqları halda qırx illik tay-tuş kimi müzakirə aparan sürücülərin hay-küyü eşidilir. Yaxşısı budur, mahnının səsini azaldım. İnsanların səslərini dinləmək, onları müşahidə etmək daha maraqlıdır. Aha… Yol da yavaş-yavaş açılır. Nəhayət! Amma tələsmək lazım deyil. Çox keçməmiş növbəti maneə – qəzaya uğramış iki avtomobil və onların mübahisə edən sürücüləri yolumu kəsir. Onu da dəf edib yola davam edirəm. İşə hamıdan tez çatıram. Bu günə xeyli planım var. Nə qədər tez başlasam, bir o qədər yaxşıdır!

Uzun-uzadı çəkən söz-söhbətdən sonra sürücünün zərərini qarşılamağı öhdəmə götürüb yenidən yola düşürəm. Sürətdən ağzım bir dəfə yandığına görə daha tələsmirəm. İşdə hırıldayan sifətləri görəndə yerdə qalan səbrim də tükənir. Onların yersiz xoşbəxtlikləri məni qıcıqlandırır. «Elə hırıldayırlar ki, sanki lotoreyadan bir milyon dollar udublar!», – deyə dodağımın altında öz-özümə mızıldayıram. Mənim sifətimdən isə həmişəki kimi zəhrimar yağır. “Salam, necəsən? Deyəsən kefin yoxdur”, – iş yoldaşım gülümsəyərək xəbər alır. “İfritəyə bax, necə sevinir! Yəqin artıq eşidib qəzaya uğradığımı. Şilləni nə yapışdıraram sifətinin ortasına!”, – deyə beynimdən keçirsəm də, “Hə, düz bir saat tıxacda qalmışam. Kefim necə olmalıdır?!”, – deyə cavab verirəm. “Sən necəsən?,” – qəza məsələsini deyib onu sevindirməmək üçün söhbətdən yayınıram. “Yaxşıyam. Elə mən də ona görə gecikdim. Nə olsun ki? Bundan ötrü kefini pozmağa dəyməz”, – deyə öz hesabında mənə təskinlik verir. Mən isə sərt bir səs tonu ilə, – “Yaxşı, bundan sonra pozmaram”, – deyə cavab qaytarıram. Nə isə demək istəyir. Sözünü ağzında qoyaraq sürətlə yanından uzaqlaşıram. Hiss edirəm ki xətrinə dəyir. Cəhənnəmə dəysin! Günortaya yaxın birtəhər özümə gəlməyə başlayıram. Bu dəfə də rəhbərim məni çağırıb danlayır. Çənəsini qabağa verə-verə deyir ki, – “Çox masulıyatsız davranırsız! Bala gatsa işiniza son varılacak!”. Vallah, şişirtmirəm. Səsi bundan da kobud və iyrəncdir!

İşdə xeyli gərgin bir gündür, amma həmkarlarımın gülərüz simaları sanki mənə güc verir. Onların müsbət aurası sayəsində bütün çətinliklər gözümdə kiçilir. «İnsan problemlərə qarşı ən güclü silahı – təbəssümü ilə vuruşmalıdır!», – deyə öz-özümə pıçıldayıram. Təbii ki öz çöhrəmə də həmin təbəssümdən geyindirməyi unutmuram. Elektron poçtumu yoxlayıram. Gözlədiyim məktub gəlib! “Salam, necəsən? Deyəsən kefin kökdür”, – iş yoldaşım gülümsəyərək xəbər alır. “Əziz rəfiqəm necə də diqqətlidir! Həftə sonu danışmağa fürsətimiz olmayıb. Yəqin məndən xoş xəbər eşitmək istəyir. Nə qucaqlayıb bağrıma basardım onu!”, – deyə beynimdən keçirirəm. “Hə, səhər bir az tıxacda qaldım, amma günə yaxşı başlamışam. Layihəm qəbul olunub!”, – deyə cavab verirəm. “Sən necəsən?,” – öz kiçik uğuruma görə qürrələnirmiş kimi təsir bağışlamamaq üçün söhbətin axarını dəyişirəm. “Yaxşıyam. Elə mən də səhər tıxaca görə gecikdim. Sən lap kefimi açdın! Təbriklər! Bilirdim ki səndə alınacaq!”, – deyə xoş sözlər deyir. Mən isə utancaq bir səs tonu ilə təşəkkürümü bildirirəm. Günortaya yaxın nəzərdə tutduğum görüşlərin çoxunu başa vururam. Nahardan sonra rəhbərim məni çağırıb xeyli tərifləyir. Həmişəki qətiyyəti ilə “Afərin! Gördüyünüz işlər təqdirəlayiqdir! Belə davam edərsə, tezliklə daha yüksək bir vəzifəyə təyin ediləcəksiniz”, – deyir. İnana bilmirəm! Əziyyətim öz bəhrəsini verir!

Vaxt tez keçsin deyə dəqiqələri sayıram. Nəhayət iş vaxtı bitir. Durum, gedim. Onsuzda bütün gün işləməkdən gözümün kökü saralıb. Beş qəpik pul verirlər, adamın canını çıxarırlar! Axşamkı qonaqlığa da gecikmək istəmirəm. Yaxşısı budur birbaşa ora yollanım. Çıxıram. Bu dəfə düz vaxtında təyin edilən məkandayam. Hamı yavaş-yavaş yığışır. Yenə bütün sifətlərdə o sırtıq təbəssüm var. Elə bil and içiblər ki nə olursa olsun bütün gün hırıldayacaqlar! Məclis boyu darıxdığımdan ürəyim partlayır. Dost-tanış da azdır. Deyəsən burda da saatıma baxa-baxa qalacağam. “Necəsən? Haralardasan?”, – yaxşı geyimli-keçimli bir “smiley” mənə tərəf yaxınlaşır. Köhnə bir tanışımdır. Başa düşməyənlər üçün onun sualını tərcümə edim: “Nə gündəsən? Yenə hansı küncdə-bucaqda itib batmısan? Son görüşümüzdən bəri gör mən nə qədər uğur qazanmışam! Sən hələ də yerində sayırsan?! Bir mənə bax, bir də özünə!”.

İş vaxtının necə keçib getdiyini bilmirəm. Getmək vaxtıdır. Xeyli məhsuldar gün oldu. Üstəlik axşama qonaqlıq var. Əla! Yaxşısı budur birbaşa ora yollanım. Çıxıram. Düz vaxtında təyin edilən məkandayam. Hamı yavaş-yavaş yığışır. Arabir yorğun, gərgin baxışlara rast gəlsəm də, çoxlarının simasında həmin xoş təbəssüm var. Sanki and içiblər ki nə olursa olsun heç vaxt məğlub olmayacaqlar! Məclisdə olduqca maraqlı vaxt keçirirəm. Dost-tanış azdır. Deməli, yeni dostluqlar qurmağın, dəyərlər kəşf etməyin əsl vaxtıdır! “Necəsən? İşlərin necədir?”, – yaxşı geyimli-keçimli bir “smiley” mənə tərəf yaxınlaşır. Köhnə bir tanışımdır. Həmişə aramızda səviyyəli bir rəqabət olub. Daim bir-birimizi üstələməyə can atmışıq. Eyni zamanda bir-birimizin uğurunu təqdir etməyi bacarmışıq. Bu, bizi daha da ruhlandırıb. Kim deyir ki rəqibdən dost olmaz?

Qonaqlıqda çox qala bilmirəm. Ağzını ayırıb hər şeyə qəhqəhə çəkən bu yaratıqlara cəmi bir neçə saat tab gətirirəm. Özümü heydən düşmüş halda evə çatdırıram. Qapının ağzında yatan pişiyi təpiklə itələyib içəri keçirəm. Axır ki istirahət edəcəyəm. Eeee!!! İşıqlar kəsilib. Bircə bu çatmırdı! Yerimə uzanıb qaranlıqda yatmağa çalışıram. Amma alınmır. Niyə yatım ki? Guya sabah bu gündən fərqli olacaq? Gün ərzində başıma gəlməyən hadisə qalmadı. Qəzaya düşdüm, işdə danlandım, dost-tanışla aram dəydi. Bütün bunlar azmış kimi, istirahət ümidilə evə gələndə gördüm ki işıqlar sönüb. Soyuqdan dona-dona yatıram. Bədbəxtəm! Axı bütün bunlara layiq olmaq üçün nə eləmişəm?!!!

Qonaqlıqda sona qədər qalıram. Mənim üçün heç bir mənzərə insan siması qədər maraqlı deyil. Ona görə də Tanrının tanımadığım əsərləri ilə vaxt keçirməkdən gözəl heç nə ola bilməz. Evə çatanda xoş bir yorğunluq hiss edirəm. Qapının ağzında yatan pişiyi sığallayıb içəri keçirəm. Hm… İşıqlar kəsilib. Eybi yox. Bir neçə şam yandırıram. Otaq mistik bir libasa bürünür. Bu, o qədər xoşuma gəlir ki hətta işıqların sönməsinə sevinirəm. Sonra yerimə uzanıb günü təhlil etməyə başlayıram. Xeyli rəngarəng gün oldu. Son iyirmi dörd saata nə qədər sevinc sığdırdım. Layihəm qəbul edildi, rəhbərim məni təriflədi, yeni dostluqlar qazandım. Bayaqdan rəqs edən şamlar isə istənilən qaranlıqda kiçik də olsa işıq olduğunu pıçıldayır mənə. Sabah bu gündən də uğurlu olacaq. İnanıram. Xoşbəxtəm! Görəsən bütün bunlara layiq olmaq üçün nə eləmişəm?…