XI “Fənlərin Dostluğu Olimpiadası” Həmrəylik Gününə həsr olunacaq

19 Baxış

olimpiada-fdo

 

Dekabrın 5-də XI “Fənlərin Dostluğu Olimpiadası” (FDO) keçiriləcək.

Senet.az “Hədəf Nəşrləri”nə istinadən xəbər verir ki, bu ilki olimpiada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunacaq.

“Hədəf Nəşrləri”nin təsis etdiyi FDO-nun builki buraxılışı Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və respublikanın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-10-cu sinif şagirdləri arasında təşkil olunacaq.

Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

Olimpiadada iştirak ödənişsizdir.

Şagirdlər www.inteqrasiya.az saytında onlayn qeydiyyatdan keçməklə olimpiadada iştirak edə biləcəklər.

“Fənlərin Dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiada Azərbaycan Texniki Universiteti, Hədəf STEAM Liseyi və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaq.

Olimpiadanın dəstəkçiləri “Modika Hospital”, “Eduhek”, “SinKod”, “Hədəf Global”, “Robotzade” və “Kitabevim.az” kitab mağazaları şəbəkəsidir.

Layihənin informasiya dəstəkçiləri “azedu.az”, “senet.az” portalları və “Ustad” dərgisidir.

Qeyd edək ki, 2010-cu ildə “Hədəf Nəşrləri” tərəfindən təsis edilən və bu il XI buraxılışı təşkil olunacaq “Fənlərin Dostluğu Olimpiadası” layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Bölmə : Xəbər