Xocalı kinosu

408 Baxış

12788049_10208494975750543_1326544501_nXülya

Xocalı kinosu

Oyananda evin zirzəmisində idi. Bura necə gəlib çıxdığı yadında deyildi. Balaca, toppuş əllərilə gözlərini ovuşdurub heyrətlə ətrafa boylandı. Anası adətən evdə ömrünü başa vurmuş əşyaları bura gətirib yığardı. Bir neçə addım aralıda köhnə, şüşəsi hisli çıraq yanırdı. Pəncərəsiz zirzəmiyə həyat əlaməti bəxş edən yeganə işıq mənbəyi o idi. Qaranlıqdan qorxurdu. İndi də az qalırdı ki qorxudan bağrı çatlasın. Bir tərəfdən də onu tək qoyan anasına, atasına qarşı qəzəb hiss edirdi.

«Bura necə gəlib çıxmışam? Hm… Deyəsən gecə ana məni qucağına almışdı. Hə, yadıma düşdü. Soruşdum ki hara gedirik, dedi ki heç yerə getmirik, yat. Deməli, elə onda zirzəmiyə gətirirmiş məni. Axı niyə?»

Anasının onu bürüyüb gətirdiyi örtüyün altından çıxan kimi soyuğu bütün iliklərində hiss elədi. Qəzəb getdikcə yerini narahatlığa və qorxuya verirdi. Tezliklə özünü anasının yanına yetirməyə can atırdı. Amma bilmirdi ki, onu tapanda hirsləndiyini desin, ya yox. Axı tez-tez «Ana, mən daha böyük oğlanam! Məni uşaq yerinə qoyma!» deyib böyüdüyünü göstərmək istəyirdi. Zarafat deyil, gələn ildən məktəbə başlayacaq…

Çürüməyə üz tutan, nazik taxta pilləkənlərlə qalxıb tavandakı qapını açmağa çalışdı. Bir tərəfdən var gücü ilə ağır qapını açmağa çalışır, digər tərəfdən də hər dəfə zirzəmiyə enmək istəyəndə onu saxlayıb «Oğul, pilləkənlər çürükdür. Yıxılarsan!» deyən anasının indiki hərəkətinin mənasını aydınlaşdırmaq istəyirdi. Nəhayət ki, qapını aça bildi.

Yuxarı qalxan kimi cəld ata-anasının otağına qaçdı. Heç kəs yox idi. Üstəlik otaq dağınıq vəziyyətdə idi. Bütün evi ələk-vələk elədi. Ev bomboş idi. Bayaqdan canına düşən üşütmə şiddətlənməyə başladı.

«Görəsən ata, ana haradadır? Ata işə gedib. Ana axı həmişə evdə olur. Yaxşısı budur, çıxım, həyətə baxım.»

Tələsik şkafı açıb qabağına çıxan ilk paltarı birtəhər əyninə keçirdi. Həmişəki kimi şalvarın zəncirbəndini bağlamağı unutdu, ayaqqabılarını isə tərs geyindi. Həyətə çıxdı. Soyuqdan əlləri və üzü dərhal keyidi.

«Həyətdə də yoxdurlar deyəsən. Ana həmişə deyir ki, evdən çox uzaqlaşma. Hm.. Amma ana zirzəmiyə düşmə də deyirdi, indi özü məni qoyub gedib. Mən də onun qoyduğu qadağanı pozuram!»

Çox keçmədi ki, qəhrəmanımız Xocalının evləri arasında dolaşaraq təşvişlə anasını səsləməyə başladı. «Ana, ana,! Ataaa! Hardasınız?» Nəinki valideynləri, heç qonşular, tanıdığı simaların heç biri gözə dəymirdi.

Birdən gördüyü mənzərə onun nitqini qurutdu. Tanımadığı bir evin qarşısında, gözləri bərəlmiş vəziyyətdə dayanıb, maraqla qarşılaşdığı vəhşətə tamaşa edirdi. Başı olmayan bir insan yerdə uzanmışdı. Bədəninə baxan kimi kişi olduğu bilinirdi. Bir müddət heyrətlə tamaşa edəndən sonra qəhqəhə çəkib ürəkdən güldü. «Aha! Deməli Azər bunu nəzərdə tuturmuş!»

Azərgillə həm qonşu, həm də yaxın dost idilər. Azər artıq 2-ci sinfə gedirdi. Hər gün məktəbdən gələndə qarşılaşdığı maraqlı hadisələrdən danışardı. O da dünyagörüşü özündən xeyli artıq olan dostunun dediklərinə bütün qəlbi ilə inanardı.

Azər böyüyəndə aktyor olmaq arzusunda idi. Ona görə də söhbətləri əsasən filmlər barəsində olardı.

«Nəhayət ki, bizim doğma Xocalımızda da kino çəkilir! Görəsən Azər hardadır? Qoy gedim tez onu tapım. Bunu bilsə sevincinin həddi-hüdudu olmayacaq. Bəlkə ona da kiçik bir rol verərlər? Ona nə deyirdilər… hə… epizod obrazı.. yox.. epizodik obraz…»

Tərəddüd etmədən Azərin oxuduğu məktəbə tərəf yollanmağa qərar verdi. Yerdəki başsız bədənə son dəfə nəzər yetirdi. Yavaşca itələdi.

«Halal olsun! Gör necə hazırlayıblar maketi! Elə bil əsl insan bədənidir. Qan qoxusu belə təbii qandan seçilmir.»

Yoluna davam etdi. Birdən ayağına nə isə ilişdi və büdrəyib yıxıldı.

«Bu nədir? Adam əli? Necə də təbii düzəldiblər. Əhsən!»

İrəlilədikcə müxtəlif «maketlər»lə qarşılaşmağa davam etdi. Sinəsi, qarın hissəsi kəsilmiş, qana bələnmiş qadın, üzü doğranmış körpə, tanınmaz hala salınmış kişi «maket»lərini gördükcə, çəkilən filmə olan marağı daha da artırdı.

«Yəqin ki, müharibə kinosu çəkirlər. Əla! Döyüş kinolarını yaman xoşlayıram! Bəs rejissor, aktyorlar hardadır?» Bir qədər fikrə gedəndən sonra davam etdi: «Hə… Axı Azər deyirdi ki, birinci çəkiliş meydançasını hazırlayırlar, sonra aktyorları qrimləyirlər. Ondan sonra çəkilişə başlayırlar. Bir azdan başlayarlar. Bəlkə də çəkiliş elə məktəb tərəflərdə gedir. Hm… Yaxşısı budur, dayanmayım. Onsuz da anam, atam da gözə dəymir. Doğrudan e… Həyəcandan onlar lap yadımdan çıxdı ki.. Görəsən hardadırlar?»

Qəfildən duyduğu kəskin qoxudan az qaldı ki, nəfəsi kəsilsin. Qarşısında kül, ət və bədən qalıntılarından ibarət böyük bir qalaq dayanırdı. Həyatı boyu belə dəhşətli iy hiss etməmişdi. Burnunu tutub addımlarını yeyinlətdi.

«Doğrudan da bu aktyorluq yaman çətin iş imiş. Bu iyə dözməyin özü belə adamdan böyük cəsarət tələb eləyir. Kino çəkilməyi özlüyündə yaxşıdır. Amma ümid eləyirəm ki, çox uzanmaz. Axı bütün bunları hər gün görmək adamın ürəyini bulandırar.»

Doğrudan da əvvəlki Xocalıdan əsər-əlamət yox idi. Qəribəlik təkcə ətrafa səpələnən «maketlər»lə məhdudlaşmırdı. Sanki bütün şəhər başdan-ayağa qrimlənmişdi. Xocalının daim insanın qəlbinə xoş bir gizilti bəxş edən abu-havası yerini bədbin alaqaranlığa vermişdi. Şəhər sanki qəzəbli idi. Həm qəzəbli, həm də kədərli. Öz hirsini çıxmaq üçün soyuğu yeridirdi insanların canına…

Uzaqdan qışqırıq səsləri gəlməyə başladı. «Ata, ana, buradayam! Bura gəlin!», – deyərək səs verdi.

Şiddətli külək əsməyə başladı. Soyuqdan dili-dodağı qurudu. «Anaaa! Buradayam!»

Külək daha da güclənməyə başladı. Sanki qəmli Xocalı külək vasitəsilə bu körpə balanı susdurmaq istəyirdi. Lakin şəhərin hiddətinə özünün hədəf olduğunu zənn etdiyi üçün qorxan qəhrəmanımızın susmaq fikri yox idi. Qışqırıq səsləri hönkürtüyə çevrilirdi. Bayaqdan bəri ilk dəfə özünə icazə verdi ki, qorxduğunu gizlətməsin. İrəliyə doğru qaça-qaça qışqırmağa başladı: «Anaaaa! Hardasınız? Qorxuraam! Niyə məni tək qoymusunuz?!»

Addımlar sürətlənir, ətrafdakı «maketlər»in sayı çoxalır, uzaqdan eşidilən ah-nalə səsi getdikcə yaxınlaşırdı. Elə bu vaxt bozumtul səmadan qəribə səslər duyulmağa başladı. Başını azca qaldıran kimi nə olduğunu başa düşdü: Vertolyot! «Aha, deyəsən çəkiliş meydançası yaxınlıqdadır. Artıq başlayıblar»,- deyə düşündü. Lakin indi onu kinodan çox anasını, atasını tapmaq maraqlandırırdı.

Addımlar, maketlər, qışqırıqlar… Yarılmış bədənlər, qopmuş əllər, ayaqlar, parçalanmış sifətlər, yenə qışqırıqlar… Qorxu, qəzəb, dəhşət dolu qışqırıqlar… Çarəsizlik və nifrətlə baxışlarını yerə tuşlayan səma… Sanki bu torpaqlarda o qədər böyük günahlar baş vermişdi ki, səma belə yerə baxmaqdan utanırdı. Lakin bütün bunlara göz yuma da bilmirdi. Ona görə də gözlərini qısıb yuxarıdan aşağı baxırdı Xocalıya.

«Axı nə olub? Xocalı niyə birdən-birə bu qədər dəyişib? Kinoya görə? Neyləyirəm mən belə kinonu?! Hamı girib evində oturacaqsa, ata-anamı tapa bilməyəcəyəmsə, maketlərin iyindən ürəyim bulanacaqsa bu kino mənim nəyimə lazımdır? Anaaaaaaaaaa!!! A…..»

Səsi kəsildi. Hansısa bir əl arxadan onun ağzını örtdü və özünə tərəf çevirdi. Əvvəlcə qorxudan özünü itirsə də, arxaya çevrilib onu susduran əlin sahibini gördü və ürəyi yerinə gəldi. Yox, tanış sima deyildi. Amma gülümsəyirdi. İri, qara gözlərində heç vaxt görmədiyi bir ifadə var idi. Böyük bir həvəs, iştah görünürdü bu iki qaraltıda. Axır ki, məqsədinə çatan və bunu aləmə car çəkməyi sonsuz bir şövqlə arzulayan adamlara xas bir ifadə… Və gülümsəyirdi… «Deməli, bu əmi yaxşı adamdır. Axı gülür. Anam həmişə deyir ki, ürəkdən gülən adam heç vaxt pis ola bilməz». Qara bığ-saqqalın arasından saralan dişləri ilə «əmi» ac canavarı xatırladırdı. Başını yuxarı, aşağı tərpədir, gözlərini uşağın məsum simasından çəkmirdi.

Elə bu vaxt «əmi»nin gülüşünün səbəbini özü üçün aydınlaşdırdı. «Əmi, rejissor sizsiniz? Xocalı kinosunu siz çəkirsiniz?»

«Rejissor? Hə, mənəm. Xocalı kinosu? Haha! Hə, çəkirik. Kino çəkirik!»

«Əla! Məni də çəkiliş meydanına apararsınız? N’olar aparın da. Söz verirəm mane olmayacağam.»

«Əmi» dərhal razılaşdı. Bir yerdə çəkiliş meydançasına tərəf getdilər. Qəhrəmanımız yol boyu ona dostu Azərdən danışdı. «Əmi»ni inandırmağa çalışırdı ki, Azərə kiçik də olsa bir rol versələr, peşman olmazlar.

«Çəkiliş meydanı» elə də uzaqda deyilmiş. Bütün «çəkiliş qrupu» eyni geyinmişdi.

«Armen, ov e sa?»  (Armen, bu kimdir?)

«Na e derasan. ДляфильмаХоджалы» (Aktyordur. Xocalı filmi üçün)

Hər kəs ucadan qəhqəhə çəkdi. Hamısı birnəfəsə ağzını ayırıb hırıldayan kişiləri görən uşaq səksənsə də, özünü o yerə qoymadı. Onlara qoşulub özü də gülməyə başladı.

«Znaçit, kinoya çəkilmək istəyirsən», – hırıldayan «əmi»lərdən biri soruşur.

«Mən…yox.. mən.. dostum var. Azər. O, çəkilmək istəyir. Məktəbdən gələndə…»

«Gəl, birinci səni yoxlayaq. Sən istedadlı çıxsan, dostunu da çəkərik. Ladno?»

«O…lar.. Neyləmək lazımdır?»

«Keç, ortada dayan. Düz meydanın mərkəzində»

Bir yerdə gəldiyi «əmi»nin köməyilə düz ortada dayandı. «Əmi» onu itələyə-itələyə ortada yerləşdirəndən sonra yoldaşlarının yanına getdi. Bayaqdan danışan kişinin qulağına nə isə pıçıldadı. O da hırıldayaraq başı ilə təsdiqlədi.

«İndi neyləyim?», – qəhrəmanımız ilk dəfə səhnəyə çıxmağın gətirdiyi həyəcanla soruşdu.

«Gözlərini yumub sakit dayan. Biz sözlər deyəcəyik, sən də təkrarlayacaqsan»

Gözlər yumuldu. Sözlər və güllələr eyni vaxtda onun üstünə yağmağa başladı. «Xocalı da, Qarabağ da bizimdi! Hamısı Ermənistan torpaqlarıdı!» Sağ ayağına dəyən güllənin təsirilə üzü üstə yıxıldı. «Hamınızın kökünü kəsəcəyik!» Kürəyində hiss etdiyi dözülməz ağrı son dəfə gözlərini açmaq arzusunu ürəyində qoydu. «Gəbər, it balası, gəbər!» «Kaş ki, anamın sözündən çıxmayıb evdə qalaydım», – huşunu əbədiyyən itirmədən öncə beynindən keçirdiyi son fikir bu oldu. «Al, bu da sənə kino! Xocalı kinosu! Ha ha ha!» Güllə yağışı bu körpə bədəndə sağlam yer qalmayana qədər davam etdi. Hər iki yağış başa çatandan sonra onun da bədəni digər «maketlər»in arasına qarışdı…

 

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat