Xocalı soyqırımından 24 il ötür

21 Baxış

xocalı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib (“Xocalının işğalına dair istintaq materiallarından”).

xocalı3Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

xocalı 4Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

xoaclı 1Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərinXocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.