Xocalıdan bəhs edən film Milanda nümayiş etdiriləcək

43 Baxış

milan

Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi daha bir beynəlxalq festivalda üç nominasiya üzrə iştirak edəcək.

Senet.az xəbər verir ki, film rəsmi olaraq bu ilin noyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək “IFF 2015” kinofestivalında nümayiş üçün seçilib. Bu nüfuzlu festivalda dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqraflar bir araya gələcəklər.

Hazırda İtaliyanın bu şəhərində “Milan Expo 2015” beynəlxalq sərgisi davam edir. Avropanın nüfuzlu işgüzar şəhəri kimi tanınan Milanda bu sərgi ilə bağlı böyük izdiham var. Filmin yaradıcılarının fikrincə, bu, “Sonsuz Dəhliz”in Milanda təbliği və nümayişi üçün çox yaxşı imkandır.

“Sonsuz Dəhliz” filmi “Milan IFF 2015” kinofestivalında “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalarında iştirak edəcək.

Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” filmi bu il ərzində beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb. İyulun 10-da Madrid Tenerife Beynəlxalq Festivalı “Sonsuz Dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyaları üzrə qalib elan edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10