“Xocalıya ədalət” – Gənc qələm Qulizadə Nigar yazır

111 Baxış

qulizade

Senet.az Hədəf Kurslarının keçirdiyi “Xocalıya ədalət: Şagirdlərin gözü ilə” esse müsabiqəsində III yeri tutan Qulizadə Nigarın yazısını təqdim edir:

Sakit bir gecə…

Həyatının xoş dövrlərinə qədəm qoymaqda olan bir cütlüyün gözlərinə qanlı yaş gətirə biləcək qədər sakit həm də. Gecənin sakitliyindən beşikdəki körpəsini yatıran ananın pıçıltılarında “Şükür, Allahım, bu günümüz də xətasız keçdi” kəlmələri eşidilir.

Bu xalqın çəkəcəyi zülmlərdən xəbəri olan bir Allahdır, birdəki, bir vaxtlar bu xalqın zəhmətindən bəhrələnən xain düşmənlər.

Atəş səsləri…

Sanki birdən-birə həyat dondu. “Allah, özün kömək ol” deyən millətin haqq səsi bir gecədə boğuldu. Top atəşlərindən gecə-gündüzə döndü, bir anda. Vətənin mərd oğulları əliyalın tankların qarşısına atıldılar. Bu şücaət qarşısında tanklar niyə məhv olmadı? Axı igidlərimizin qüruru onlardan qat-qat güclü idi?

Sinəsi millətinin qanıyla suvanan torpaq belə dinmədi. Onu da tapdayıb susdurdular. İyrənir sanki üzərində atılan hər bir namərd addımından. Dili olsa danışar, lakin onu susdurublar. Bu millətin onu səssiz anlamasını istəyir. “Məni də aparın”. Lakin onunla qalanlar sadəcə bu həyatdan nakam gedən doğmaları olur.

Düz iyirmi yeddi il sonra yenə də sakit bir gecə…

Cəbhədəki oğlunun ölüm xəbərini alan düşmən anasının gözlərinə yaş gətirə biləcək qədər sakit həm də. Gecənin sakitliyindən mənfur düşmənlərin ağızlarından bu millətə qarşı məkrli planları eşidilir.

Bu millətin vətən həsrətinin bir gün bitəcəyini bilən Allah, inamını itirməyən isə millətin özü və torpağıdır.

Bir vaxtlar sinəsi millətin qanıyla suvanan o torpaqda qəm-qəmə calansa da, o sevinir. Çünki anlayır ki, bu millət onu heç zaman atmayıb. O anlayır, ona görə ki, bir zamanlar millətinin boğulmuş haqq səsi ədalətin carçısına çevrilib. Artıq heç bir qüvvə bu səsi susdura bilməz. Bundan ruhlanan vətən torpağı da ününü göylərə qaldıraraq xalqını geriyə – o elə səsləyir. İyirmi yeddi il öncəkindən fərqli olaraq artıq bu xalq onu eşidə bilir.

Və gün gələcək Xocalı sakinləri igid oğullarımızın vətən torpağına sancdıqları ay-ulduzlu Azərbaycan bayrağı altında xoş günlərini qeyd edəcəklər. Fəqət o ana…

O ana hər gecə qəbirdə uyuyan körpəsinə layla çalacaq.

Bölmə : Manşet