“Xocalıya ədalət: şagirdlərin gözü ilə” – Nuray Xəlilova

26 Baxış

nuray

Senet.az Hədəf Kurslarının keçirdiyi “Xocalıya ədalət: Şagirdlərin gözü ilə” esse müsabiqəsində II yeri tutan Xəlilova Nurayın essesini təqdim edir:

İnsan taleyinə düşən ən böyük ədalətsizlik müharibənin özüdür. Biz tarixi vərəqlədikcə görərik ki, Azərbaycan xalqı bu ədalətsizliklərlə çox qarşılaşmışdır. Bunlardan ən amansızı erməni təcavüzkarlarının törətmiş olduğu soyqırımdır. Erməni təcavüzkarları Azərbaycan xalqına qarşı hər zaman ədalətsiz davranmış və bu ədalətsizliklərini öz iyrənc planlarını çox amansız şəkildə həyata keçirməklə təsdiqləmişlər. Təəccüblü deyil ki, Xocalı Soyqırmı da bunlardan biridir.

1992-ci il 25-dən 26-na keçən gecə erməni qətliamçıları rus ordusunun köməyi ilə Azərbaycana daxil olmuş, əliboş, günahsız insanları çox amansız, insanlıqdan kənar şəkildə qətlə yetirmişlər. Müharibələr ordular arasında olmasına baxmayaraq, erməni qətliamçıları öz amansızlıqlarını hər zaman günahsız insanlar üzərində həyata keçirmişlər. Onlar Azərbaycan vətəndaşlarını təkcə güllə ilə deyil, müxtəlif kəsici, doğrayıcı alətlərlə öldürmüşlər. İnsanların müxtəlif bədən nahiyələrini kəsmiş, onlara təcavüz etmiş və yandırmışlar. Ən dəhşətlisi isə odur ki, bu təcavüzkarlar uşaqdan böyüyə hər kəsi qətlə yetirmişlər. Uşaqlarını başını, qollarını, ayaqlarını kəsmiş və onları yandırmışlar. Hamilə qadınları bətnlərindəki övladları ilə birlikdə öldürmüşlər. İnsanları topa şəklində toplayıb dəmir çənlərə salaraq həmin çənləri yandırmışlar. Bütün bunlar insanlıqdan kənar, ona yad olan hərəkətlər olmasına baxmayaraq ermənilər bu amansızlıqları tətbiq edərək insanları qətlə yetirmişlər.

Bu gün artıq bu hadisədən 27 il ötür. Lakin illər bir-birini nə qədər çox əvəz etsə də bizim qanamaqda olan yaralarımız hələ də sağalmayıb və hər geriyə dönüb baxdıqda bir az daha qanayır içimiz və bütün bunlar çox ağrı verir. Çünki bu qan günahsız insanların qanıdır. Ən pisi isə odur ki, ermənilərin törətdikləri bu Soyqırımla bağlı hələ də ədalətli qərar verilməyib. Dünyanın bağlı qapılar arxasında verdikləri ədalət qərarları nədənsə 27 ildir yarası qanamaqda olan Azərbaycan xalqı üçün heç də ədalətli görünmür. Bir çox qurumlar, təşkilatlar, ədalət qurumları və qanunları 27 ildir heç bir qərar qəbul etməyiblər. Niyə? Yoxsa bu qurumlar, bu ədalət qərarları təkcə günahsız insanlar üçünmü keçərli deyil? Dünyanın ədalət hesab etdiyi nədir axı? Erməni cərrahının azərbaycanlı günahsız bir körpənin dərisini soyaraq onun neçə saat yaşamasını müşahidə etməsinə verdikləri o böyük mükafatdırmı? Artıq deyil erməni təcavüzkarları, görünür ədalət tərəfdarları da öz insanlıqlarını itirmək üzrədir. Avropada, Asiyada, dünyanın istənilən bir ölkəsində insan hüquqlarından danışılır. Avropada övladına əl qaldırdığı üçün valideyinlər cəzalandırılır, lakin uşağın dərisini soyub, üzərində təcrübə aparan cani bir cərraha mükafat verilir. Ədalət isə bu deyil. Ədalət hər kəs üçün, dinindən, dilindən, irqindən asılı olmayaraq bütüb bəşər insanları üçün eyni olmalıdır. Ədalət qərarları ayrı seçkilik edilərək deyil, insan hüquqları nəzərə alınaraq verilməlidir.

27 il. Çox uzun bir zaman intervalıdır. Bu zaman ərzində öz ailəsini itirmiş insanların yarası hər gün bir az daha qanayır. Biz məktəblilər olaraq bütün bu dəhşətləri video görüntülərdən, şəkillərdən və yazılardan öyrinirik. Və biz gənclər olaraq bu gün də, sabah da xalqımıza, bizə qarşı törədilmiş bu amansızlıqları Dünya görənədək onlara göstərməliyik. Zamandan və məkandan asılı olmayaraq öz səsimizi duyurmalıyıq. Bəlkə aramızda deyillər, amma hər zaman qəlblərimizdədirlər. Çünki biz insanlar bu dünyada yaşadığımız kimi bir-birimizin qəlblərində də yaşayırıq və gedənlərin də yaşamağa davam edəcəyi yer qəlblərimiz olacaqdır.

Bölmə : Nəsr