Xoşbəxt sonluqlar – Marqaret Etvud

16 Baxış
ty23594463.jpg

Senet.az tanınmış Kanadalı yazıçı Marqaret Etvudun eksperimental “Xoşbəxt sonluqlar” hekayəsini təqdim edir:

 
Marqaret Etvud 1939-cu ildə dünyaya gəlib, Anteriyo və Qubekdə böyüyüb. 30-dan çox bəyənilən roman şeir, esse və hekayə toplusu çap etdirib. Sözükeçən tənqidçi olaraq müasir Kanada ədəbiyyatının təsnifləndirilməsinə kömək ediv, Şimali Amerika və xaricində feminist ədiblər arasında ad-sanı ilə seçilib. “Üzə çıxmaq”(1972), Kanadanın hökümət generalının mükafatını alan “Damazlıq qızın hekayəti” (1986), “Pişik gözü” (1989), “Soyğunçu gəlin” (1993), Kanada “Qiller” mükafatına layiq görülmüş “Ləqəbi Qreys” (1996), “Bukman” mükafatını almış “Kor sui-qəsdçi” (2000) və “Oriks və Kreyk” (2003) kimi romanları var.
 
Etvudun “Rəqs edən qızlar və digər hekayələr” (1982), “Mavisaqqalın yumurtası və digər hekayələr” (1983), “Vəhşilik məsləhətləri və digər hekayələr” (1991), “Yaxşı sümüklər və sadə qatillər” (1994) hekayə topluları çap olunub. Etvud öz təcrübəvi hekayəsi “Xoşbəxt sonluqlar” haqqında deyib: “Necə məxluq olduğunu bilmirdim. O şeir, qısa hekayə və ya sərbəst vəzndə deyildi. Kondensasiya, icmal, sorğu deyildi, məsəl, atalar sözü, paradoks olmaqdan uzaq idi. Mutasiya idi. onu yazmaq mənə gizli  zövq verirdi, elə bil heç kəs baxmayanda gizlicə divarları yazırsan… Digər insanıların belə yoldançıxma üçün ad tapdıqlarını və qaydalar qoyduqlarını öyrənmək məni bir az məyus etdi”. 
 
Xoşbəxt sonluqlar
Con və Meri tanış oldular
Bəs sonra nə oldu?
Əgər xoşbəxt sonluq istəyirsənsə, “A” variantını sına.
“A”
Con və Meri bir-birlərinə aşiq oldular və evləndilər. Hər ikisinin onları həvəsə gətirən, canlandıran fərqli, qazanclı işləri var. Sonra gözəgəlimli ev aldılar. Ardınca əmlak qiymətləri qalxdı. Əvvəl-axır, imkanları buna çatanda ömürlərini həsr edəcəkləri iki uşaq sahibi oldular. Uşaqları sözəbaxan çıxdılar. Con və Merinin həvəsə gətirən, canlandıran intim münasibətləri və yaxşı dostları var. Birlikdə əyləncəli tətillərə gedirlər.
Təqaüdə çıxdılar. Hər ikisinin həvəsləndirici və canlandırıcı hesab etdikləri hobbiləri var. Əvvəl-axır ölürlər. Bu da hekayənin sonu.
“B”
Meri Cona aşiq olur, amma Con Merini sevmir. Bədəninindən həzz almaq üçün istifadə edir, qayğısı qosunu tumarlayır. Merinin mənzilinə həftədə iki dəfə gəlir, Meri yemək bişirir – bununla başa düşmək olur ki, Con onu yeməyə aparıb xərc çəkmək də istəmir. Yeməyi yeyəndən sonra Meri ilə sevişir, tez də yuxuya gedir. O xoruldayan vaxtı Meri pinti kimi tanınmasın deyə, qabları yuyur, gözəl görünmək üçün dodaq boyası çəkir. Amma Con oyanandan sonra heç vaxt belə şeylərə fikir verməyib. Əvvəlcə corablarını geyinir, tumanını çəkir, şalvarını, köynəyini, qalstukunu, ayaqqabılarını çıxardığı sıranın əksinə geyinir.
Merinin paltarlarını çıxarmayıb, Meri bunu özü edir, özü də hər dəfə sanki bunun üçün ölürmüş kimi edir. Ona görə yox ki, Meri seksi sevir, heç də yox. Lakin Conun onun sevdiyini düşünməyini istəyir çünki əgər bunu kifayət qədər tez-tez etsələr, Con ona öyrəşəcək, ondan aslı olacaq, evlənəcəklər. Amma Con  candərdi “Gecən xeyrə qalsın”ı deyib, qapıdan çıxır. 3 gün sonra saat 6-da yenə gəlir, hər şeyi yenidən yaşayırlar.
Merinin əsəbləri pozulub. Ağlamaq gözəlliyə xələl gətirir, hamı bunu bilir, əlbəttə, Meri də. Artıq özünü saxlaya bilmir. İş yerindəki adamlar bunu fərqinə varırlar. Dostları Conun siçovul, donuz, köpək olduğunu, ona layiq olmadığını deyirlər, lakin Meri buna inana bilmir. Düşünür ki, Conun içində daha yaxşı Con var. Əgər yetərincə sıxsan, digər Con birinci Conun içindən eynilə qozadan kəpənək, qutudan oyuncaq, badam qabığından badam içi çıxan kimi çıxacaq.
Bir axşam Con yeməkdən şikayət edir. O, heç vaxt yeməkdən şikayət eləməmişdi. Meri inciyir.
Dostları Conu Meq adlı başqa qadınla restoranda gördüklərini deyirlər. Merini sındıran Meq deyil, restorandır. Con heç vaxt Merini restorana aparmayıb. Meri tapa bildiyi bütün ağrı kəsici dərmanları, asprinləri toplayır, üstəlik, yarım şüşə şerrini ötürür. İçdiyinin viski belə, olmamağından Merinin nə cür qadın olduğu anlaya bilərsiniz. Con üçün qeyd yazır, ümid edir ki, Con onu tapar, vaxtında xəstəxanaya aparar, sonra əməllərindən peşman olar, evlənərlər… Plan baş tutmur, Meri ölür.
Con Meqlə evlənir, hər şey “A” variantında olduğu kimi davam edir.
“C”
Yaşı ötmüş Con Meriyə aşiq olur, cəmi 22 yaşında olan Merinin saçının tökülməyinin dərdini çəkən Cona yazığı gəlir. Sevməsə də Meri onunla yatır. İş yerində tanış olublar. Merisə yaşıdı, hələ yurd-yuva qurmağa hazır olmayan Ceymsə aşiqdir.
Digər tərəfdən isə Con çoxdan ev-eşik olub: onu narahat eləyən də budur. Conun davamlı, hörmətəlayiq işi var, öz sahəsində irəliləyir, amma bunlar Merinin ürəyini sürətlə döyündürmür. Merinin ürəyini sürətlə döyündürən Ceymsin motosikleti, qiyamət val kolleksiyasıdır. Tez-tez sərbəst olmaqçün motosikletilə uzaqlara gedir. Azadlıq qızlarçün eyni deyil, odur ki, həmin vaxt Meri cümə axşamı axşamlarını Conla keçirir. Cümə axşamı Conun payına düşən yeganə gündür.
Con Meq adlı qadınla evlidir, iki uşaqları, əmlak qiymətləri qalxmadan lap əvvəl aldıqları gözoxşayan evləri, vaxt tapanda həvəsləndirici, canlandırıcı hesab etdikləri hobbiləri var. Con Meriyə onun üçün çox dəyərli olduğunu tez-tez deyir. Əlbəttə, arvadını boşaya bilməz, çünki bağlılıq bağlılıqdır. Bu haqda lazım olandan da çox danışır, bu Meriyə sıxıcı gəlir. Neyləmək olar, qoca kişilər mövzunu uzatmağı sevirlər. Ümumilikdə Meri heç də pis vaxt keçirmir.
Bir gün Ceyms motosikletində əla növ Kaliforniya qarışığının təsiri ilə uçurdu. Sonra Meri də ona qoşuldu, birlikdə ağ “qanadları” ilə yüksək zirvələri fəth edib çarpayıya atıldılar. Qalan hər şey bulanıq idi. Bu vaxt isə mənzilin açarı olan Con gəlib çıxdı. Onları uçmuş və sarmaş-dolaş vəziyyətdə gördü. Nəzərə alsaq ki, o da Meqlə evlidir, qısqanmağa haqqı yoxdur, amma heç nəyə baxmayaraq çarəsizlik ona üstün gəldi. Axı, orta yaşlı, iki il sonra yumurta kimi keçəl olacaq adamdı, çətin ki, bu qədərinə dözə. Atıcılıq məşqləri üçün lazım olduğunu deyib, silah əldə edir – bura süjet xəttinin zəif yeridir, amma sonra düzəltmək olar – o ikisini, sonra da özünü vurur.
Meq lazımi qədər yas saxlayandan sonra Fred adlı anlayışlı kişi ilə evlənir və hər şey “A” variantında olduğu kimi, amma başqa adlarla davam edir.
“D”
Fred və Meqin heç bir problemləri yoxdur. Qeyri-adi dərəcədə yaxşı yola gedirlər, yarana biləcək ən kiçik mübahisəni həll etməkdə ustadırlar. Lakin gözoxşayan evləri ləpədöyəndədir və bir gün böyük dəniz dalğası gəlir. Əmlak qiymətləri aşağı düşür. Hekayəni ardı həmin dalğaya nəyin səbəb olduğu, necə canlarını qurtardıqları haqqındadır. Bacarırlar, baxmayaraq ki, dəfələrlə batırlar. Amma yox, Fred və Meq bacarıqlıdırlar, bəxtləri gətirir. Axır ki, quruya çıxanda əl-ələ tuturlar. İslanıblar, üst-başlarından su damır, yenə də “şükür” edirlər və hər şey “A” variantındakı kimi davam edir.
“E”
Hər şey eynidir, amma Fredin ürəyində qüsur var. Hekayənin davamı Fred ölənə qədər hər ikisinin necə mehriban, başadüşən olması haqqındadır. Sonra Meq həyatını “A” variantı sonluğuna qədər xeyriyyəçiliyə həsr edir. Əgər istəsəniz, hekayənin adını “Meq”, “Xərçəng”, “Günahkar və çaşqın” və ya “Quş izləmək” qoya bilərsiniz.
“F”
Əgər bütün bunlar həddən artıq burjuavari görünsə, Conu inqilabçı, Merini isə əks-kəşfiyyat agenti edin, görün sonra nə olur. Yadda saxlayın, bura Kanadadır. Yenə “A” variantına gəlib çıxacaqsız, lakin ola bilər ki, bu arada ehtiraslı birləşmənin şəhvani savaş hekayətini əldə edəsiz. Müasir dövrümüzün xronologiyası, ya da bu kimi şeylər.
Qəbul etməlisiniz ki, hansı tərəfə çevirsəniz, sonluq olduğu kimi qalır. Digər sonluqlara aldanmayın, hamısı saxtadır: ya qərəzli aldatmaq niyyəti ilə qəsdən saxtadır, ya da əgər büsbütün sentimentallığa yuvarlanmayıblarsa, sadəcə optimizmlə həddən artıq motivasiya olublar.
Yeganə əsl sonluq burada yazılandır:
Con və Meri ölür. Con və Meri ölür. Con və Meri ölür.
Sonluqlardan danışdığımız bəsdir. Başlanğıclar həmişə daha əyləncəli olub. Əsl bilici hər ikisinin arasını düzəltməyi ilə bilinir, axı, bu bacarması ən çətin olan işdir.
Süjet haqqında deyilə biləcək hər şey bundan ibarətdir. Onsuz da hər şey bir şeyin ardınca başqa şeyin gəlməsindən ibarətdir və sonra başqa və başqa və başqa.
İndi isə, “necə?” və “niyə?”ni sına.
Son.
 
(1983)
 
Marqaret ETVUD
İngiliscədən tərcümə: Cəmilə MƏMMƏDLİ
KÖŞƏ YAZARLARI
TOP 10