“Xoşbəxtlik uğrunda”

67 Baxış

berdiSenet.az “XAN” nəşrlərinin “Doğma evin astanasında” kitabından Bolqarıstan yazıçısı İslam Beytullah Erdinin “Xoşbəxtlik uğrunda” hekayəsini təqdim edir. Qeyd edək ki, kitabı dilimizə Eyvaz Zeynalov çevirib.

 

Kəzban gənc və qüvvətli idi. Becərdiyi torpaq da münbitdi. Çalışır, çabalayır, amma istədiyi məhsulu götürə bilmirdi. Digər kəndlilər kimi bir neçə dəfə sulasa, becərdiyi pambığın pulu ilə ailəsini rahatca dolandırardı. Yaxınlıqda su olsa, kürəyində belə daşımağa hazırdı. Kasıblığın üzü qara olsun!..

Ərinin qazancına onsuz da bel bağlamırdı. Ara-sıra göndərdiyi pul uşaqlara yalnız üst-baş almağa çatırdı. Əlində doğru-dürüst bir işi-peşəsi yox idi. Uzaqda olduğuna görə üzülmürdü, amma nə qədər olmaya kişisiydi, zaman-zaman fikrindən keçirirdi: “Böyük şəhərdi, adamları da çox. Görəsən hər gün iş tapa bilirmi?.. Harda yatıb-durur?.. Nə yeyibiçir?..”

Pambığın pulu, könül oxşayıcı ağlığı, ipək kimi yumşaqlığı onun yetişdirilməsinin çətinliyini Kəzbana heç də unutdurmurdu. Hələ başlanğıcdı. Otunu təmizləməliydi. Nəm qalsın deyə kolların dibini doldurmalıydı. Bunları edərkən diqqətli olmalıydı ki, onları kəsməsin, yaralamasın… Bütün günü ikiqat çalışarkən yorğunluğunun fərqində olmurdu.

Amma evə dönüb yeməyi yedikdən sonra kürəyində bir ton yük daşımış adamın halsızlığını hiss edirdi. Bu gün tarladan dönərkən özünü daha artıq əldən düşmüş hiss edirdi. Beş yüz addım aralıdakı bulaqdan su gətirməyə belə ərindi. Keçini sağdı, bişirdiyi südlü sıyıqla uşaqlarını doyurdu. Biri altı, digəri səkkiz yaşındakı oğlanlarını qızı Döndüyə tapşırıb uzandı. Uşaqlar atalarının iki ay əvvəl gətirdiyi ağ-qara televizorun qabağında əyləşdilər. Antenadandımı, yoxsa cihazın özünün köhnəldiyindəndimi, təsvirlər çox da yaxşı deyildi. Gah ekran qaralır, gah da təsvirlər itirdi. Lakin onlar yenə məmnundular. Kənddəkilərin çoxunda heç bu da yoxdu. Kəzbanın gözləri yumulu olsa da heç cür yata bilmirdi. Dolanışıq dərdi bəs deyiliş kimi bu yandan da Döndünün məsələsi ortaya çıxmışdı. Hərçənd, görünüşü gözəgəlimdi. Boy-buxunu, döşü-başı, baldır-bacağı gənc bir qızınkı qədər yetkindi. Ancaq yaşı hələ azdı. Bu yaşda onu ərəmi vermək olardı?.. Olmağına olardı ha… Qohum olmasaydılar, yenə dərd yarıydı. Neçə dəfə dayısına: “Noolar, bizi narahat eləməyin!”, demişdi. Arvadı oturub-durub qızın beynini doldururdu: “Döndücüyüm, bir soruşmursan, Mahsun nə edir, nəynən məşğuldu? O, səni heç ağlından çıxartmır. Dayıoğlun dünyada bir dənədi, gül kimi, sümbül kimi zərifdi”. “On dörd yaşında qızla belə danışmayın”, desə də əl çəkmirdilər. Deyirdilər: “Belə gözəl bir qız yadamı verilər? Sən adətənənələrimizi bilmirsənmi? O, yalnız bizim Mahsuna layiqdi. Bir-birimizə daha da yaxınlaşarıq. Döndü bizim qızımız, Mahsun da sənin oğulun olar. Səninkilər də böyüyür, bizim də qız nəvələrimiz var, qapımıza gələrsən…”

“Adətlər, ənənələr… Hamısı yerə batsın! Elə adət-ənənə ilə Dayanmışa arvad oldum, qoynuna girdim. Amma qoynunda məni qızdırmadı heç. Əlləri, dodaqları, yanaqları buz kimi soyuqdu. Alovu qığılcım yandırar. Biz heç alovlanıb yana bilmədik. Onun da günahı yoxdu. Çünki mənim də soyuğum onun atəşini söndürürdü. Hərçənd, məni dörd övlad anası etdi. Lakin uşaqlar həmişə oddan, sevgidən doğulmur… Bir dəfə necəsə alovlanmışdım. Bəlkə də gəncliyin şəhvətiydi. Onunla bir-birimizə sarılmışdıq. Sevişirdik. Amma ağlımda əmim oğlu Hüseynin toyunda gördüyüm Hörəncikli qarasaç, qalınqaş, qalın dodaqlı və görkəmindən güc-qüvvət yağan buğda bənizli gənc idi. Özümü onun qolları arasındaymış kimi sanırdım… Hələ də Döndünün xəmirinin ona olan ehtirasımla yoğrulduğuna inanıram. Gözəlliyini də həmişə o gecəyə bağlayıram.”

Ömrünün ən şirin xatirəsini yaşayarkən birdən-birə düşündüklərindən utandı və o saat da dayısının hədələyici sözlərini xatırladı. Dayısı döşünə döyüb: “Bu işi xoşluqla həll edə bilməsək, Haso Xəlil başqa yol tapar!”, demişdi. Onun gözlərini üstünə çəkilmiş silahın lüləsinə bənzətmiş və qorxmuşdu.

Öz-özünə fikirləşirdi. “Bölgəmizdəki adət-ənənəyə uyğun gücə əl atacağını və bu sahədə mahir olduğunu yaxşı bilirəm. Arvadına o cür sahib olmadımı? Kənddə və bölgədə qızqaçırtma hadisələrinin çoxunda barmağı olduğundan hamı xəbərdardı. Nə qədər adamın bədbəxtliyində günahkardı. Silahına, dağlara, adamların çarəsizliyinə bel bağlayır. Dayım olduğuna görə utanıram. Görək bu dəfə neyniyəcək? Tutaq ki, qızımı qaçırtdı! Oğlunu xoşbəxt edəcəyinimi sanır? Xoşbəxtlik qarşılıqlı sevgiyə bağlıdı. Adam bu həqiqəti əvvəl anlamır, amma zaman keçdikcə… Mahsun cavan budaq kimidi! Burax oğlanı öz iradəsinə! Əsgərliyini qurtarsın, bir az gəzib-dolansın. Bir də görərsən bir gün gül üzlü, üzüm gözlü, odlu-alovlu bir qızla rastlaşdı. Elçi gedib onu istəyərik!..”

Gözləri yumulu halda sanki filmə baxırdı. Bildiyi, gördüyü, yaşadığı hadisələr də olsa maraqlı və həyəcanlı idi. Film qurtaran kimi yataq otağının qaranlığını və səssizliyini hiss etdi. Gecənin keçdiyini anladı. Həyəcanla televizorun olduğu otağa adladı. İşıq yanırdı. Uşaqlar rəngi qaçmış adyalın altında sıralanaraq mışıl-mışıl yatırdılar. Bir-bir üzlərinə baxdı. Birinin açıq qalan qıçını, digərinin qolunu adyalla örtdü. Döndünün saçlarını oxşadı, sözlərini eşitməyəcəyini bilsə də: “Gözəl balam, mən səni anan kimi bədbəxt etmərəm!”, dedi. Sonra işığı söndürərək otağına çəkildi. Həmişə olduğu kimi yenə birlikdə səhər yeməyini yedilər. Kəzban torbasına bir parça təndir çörəyi, bir az pendir, göy soğan qoydu. Hər zaman yanında gəzdirdiyi bıçağı da götürdü. Uşaqlara dalaşmamalarını tapşırdı və qapını üzlərinə bağlayıb tarlaya yollandı. Yol boyu düşüncələr onu rahat buraxmırdı. Nə qədər belə davam edəcəkdi? Həbsdəymiş kimi həmişəmi qapını uşaqlarının üzünə belə qıfıllayacaqdı? Başqaları kimi uşaqlarının yanında olsa daha rahat, daha sakit olardı…

Sonra keçiynən balası düşdü yadına. Onların günahı nəydi? Axşam işdən gedərkən apardığım otla qarınları doydumu, verdiyim su bəs elədimi görəsən?..

dogma evin astanasindaTarlanın başına çatdı. Torbasını çölarmudunun budağından asdı. Kətməni çiynindən aşırdı. Pambıq tarlasına bir nəzər yetirdi. Kətmənlənəcək daha bir hektar qalırdı. Otu olmasa, onu bir gündə qurtarardı. Lakin ən çoxu daha iki günlük işi qaldığını hesablayıb rahatlandı. Sonra evə, uşaqlarının yanına qayıdana qədər nəsə baş verə biləcəyini düşündü və içini saran sıxıntı ilə işə başladı. Arada bir dikəlib günəşə baxdı, günortaya az qalmışdı. Bir qədər də işləməyi qərara aldı. Bu zaman

beş-altı nəfərlik bir dəstənin ona tərəf irəlilədiyini gördü. Əhəmiyyət verməyib əyildi və dibini torpaqla dolduracağı körpə pambıq şitilinin ətrafındakı otları yolmağa başladı. Qulağına ağlamaq səsi gəldi. Təkrar dikəlib o tərəfə baxdı. Gələnləri tanıya bilmədi. Bir səs:

− Kəzbaaan, Kəzban bacım! − deyə qışqırırdı. − Pambığını sel alası, yel alası, bacım! Hansı ürəklə orda dayanıb durmusan?! Getdi, getdi balan!..

Onları indi tanıdı. Ağıynan ağlayan qonşusu Əsmə adlı gəlindi. Taleyi onunkundan fərqlənməyən Əsmə. Yanındakılar Əsmənin qızı və onun uşaqlarıydı. Əsmə Kəzbanı görmürmüş kimi baş-gözünə döyməkdə, saçlarını yolmaqdaydı. Kəzban məsələni anladı. Demək, dayısı Haso Xəlil qızını qaçırtmışdı. Armudun budağındakı torbası yadına belə düşmədi. Kətməni qapdı və lənətlər yağdıra-yağdıra kəndə doğru götürüldü. “Bu qədər cana qıydın, yerə batası, gözləri çıxası dayı! Zorla işmi olar? Hələ on beş yaşına girməmiş bir körpəni gəlinmi edəcəksən?!. Arvadına: “Mən ananam, açarımı itirdim, aç qapını, balam!”, dedirdərək qapını açdırdın, tülkü hindən toyuq çalan kimi qızımı apardın!..”

Uşaqlar gördüklərinə, eşitdiklərinə elə bir məna verə bilməsələr də ağlamağa başladılar.

Şahə qalxan at kimi qaçır, o birilər də ona çatmağa çalışırdılar. Qazların və ördəklərin çimişdiyi yağış gölməçəsinin yanından keçib düz Haso Xəlilin bağ-bağatlı mülkünün qapısına çatdılar. Əsməyə:

− Sən Muxtarın (kəndxudanın) dalınca qaç! − dedi.

Qapını açmağa cəhd etdi, açılmadı. Var səsiylə qışqırdı:

− Dayılıqda haqqı olmayan ədəbsiz!.. İnsan oğrusu!.. Aç qapını!..

Bağçada dənlənən toyuq-cücə hürkərək hərəsi bir tərəfə qaçışdı. İçəridən hay verən olmadı.

Kəzban təkrar qışqırdı: “Qapını açın deyirəm sizə!..”

Yenə cavab verən olmadı. Lakin pəncərə pərdəsinin aralandığını gördü. Əsəbləri gərildi. Özünü var gücü ilə qapıya çırpdı. Bir, iki… taxta qapı cırıltıynan açıldı. Bir neçə addımlıqdakı evin qapısına yaxınlaşdı. Əliynən bərkdən döydü. İçəridən bir kişi səsi dedi:

− Dəlilər kimi niyə qışqırıb-bağırırsan? Məhəlləni ayağa qaldırıb bizi alçaltmaq, rüsvay etməkmi istəyirsən? Çıx get burdan! Vaxtı çatanda biz səni çağırarıq!

− Siz onsuz da alçaq adamlarsınız. Hərəkətiniz vəhşilikdən başqa bir şey deyil! Qapını açın, qızımı görmək istəyirəm!

− Görməyinə ehtiyac yoxdur. Döndü öz qərarını verdi. Başımı bəlaya soxmadan uzaqlaş buradan!

Onlar bu cür ağızlaşdığı zaman Döndünün pəncərədən necə atıldığı, qaçıb qıçlarına necə sarıldığından xəbəri olmadı. Amma qızcığazın fəryadını eşitdi:

− Anacan, mənim canım ana! Səsini dəyişik salıb qapını açdım. Qaçaq buradan, gözəl anam!..

Kəzban bu qara-qışqırığı seyr edən uşaqlarını kürt toyuqlar kimi qabağına qataraq evinə tərəf qaçmağa başladı. Qonşular hamısı qapılarının ağzına çıxmışdı.

Evdən yüz addım belə uzaqlaşa bilmədilər. Haso Xəlil əlində tapançası onlara çatdı. Döndünün saçlarından tutaraq sürüməyə başladı. Kəzbanın hirslə qolaylandığı kətmən Haso Xəlilin başına dəydi. O, yerə yıxıldı. Düşdüyü yerdə qanı göllənməyə başladı.

Kəndxuda kənd gözətçisi ilə bərabər gəlib çıxanda Kəzban cəsədin böyründə durmuşdu. Üzü sapsarı idi. Gözlərində qəzəb vardı:

− Muxtar əmi! İş belə gətirdi… Döndümün xoşbəxtliyi uğrunda oldu. Hakim bəylərə hamısını bir-bir söyləyəcəyəm, − dedi.

Hadisə yerindən uzaqlaşarkən gölməçədən dönən bir sürü qaz, ördək öz dillərində nəsə danışa-danışa yanlarından ötdülər…

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10