Xoşbəxtliyin sirri

87 Baxış


günel mehdiyevaGünel Mehdiyeva

Xoşbəxtliyin sirri

Xoşbəxtlik hamının ömür boyu axtardığı, onun üçün çalışdığı bir məhfumdur. Yaşadığımız həyatda heç də hər kəs xoşbəxt ola bilmir. Və ya əlində olan xoşbəxtliyin qədrini bilmir. Xoşbəxtlik bizim diləyimizlə Allahın bizim üçün dilədiyi həyatın biraraya gəlməsidir.

Xoşbəxtlik nədir?  İnsanlar xoşbəxtliyi nədə axtarır? Həyatda necə xoşbəxt olmaq olar?

Yuxarıda sadaladığımız suallara cavab tapmaq üçün psixoloq Fidan Azərqızına müraciət etdik.

Psixoloq Fidan xanım öz fikirlərini bizimlə bölüşdü.

-          Xoşbəxtliyin dəqiq ünvanı yoxdur. Mənə görə xoşbəxtliyin fərqli  cavabı var. Sizə görə fərqli. Çünki bizim sahib olduqlarımız və həyatdan gözlədiklərimiz fərqlidir. Eləcə də hər bir insanın. Xoşbəxtlik eləcə də mücərrəd bir anlayışdır. Uşaq yaşında bir insana budağından yelləncək asa biləcəyi bir ağac xoşbəxtlikdirsə, böyüdükdə isə həmin insan üçün problem mənbəyi ola bilər. Həyatın tələblərinə görə xoşbəxtlik əmsalı dəyişir. Məsələn, bir kasıb xoşbəxtliyi varlı olmaqda, varlı isə hər hansı bir sosial statusda, bir xəstə sağlam olmaqda, bir evi olmayan insan isə evə sahib olmaqda və s. görür. Bir az öncə qeyd etdiyim kimi hər bir insan xoşbəxtliyi fərqli istiqamətlərdə axtarır. Və ümumilikdə xoşbəxt olmayan insanların xoşbəxt olmama səbəbini araşdırsaq müəyyən kateqoriyalarda qruplaşdırmaq olar.

Bir qrup insanlar müəyyən böyük xəyallar qurur və bu xəyallarla yaşamağa o qədər aludə olur ki, gerçək həyatda onlara çatmaq üçün heç bir iş görmür, yaxud öz imkanları xaricində çox böyük, yaxud da yaxın zaman üçün çatmağı bir növ mümkünsuz olan xəyallar qurur və bunlar gerçək olmayanda mənfi hislər, frusturasiya yaşayır və bir o qədər də xoşbəxt olmaqdan uzaq düşür.

Digər bir qrup insanlar isə üstünlüklərinin fərqində olmurlar. Daima özlərini digər insanlar ilə müqayisə tərəzisinə qoyub, öz tərəflərini dəyərsiz edirlər. Və bu, insanlara daima kədər gətirir.

Son illərdə əksər insanlar xoşbəxtliyi daha çox madiyyatla əlaqələndirir. Çox pul qazanmaq, gözəl yeməklər, lüks maşınlar və s. ünsürləri xoşbəxtliyin qaynağı kimi göstərirlər. Halbuki, bunlar xoşbəxt edən deyil, xoşbəxtliyə aparan yollardan bir neçəsidir. “Bütün varlı insanlar xoşbəxtdir” -deyə bir anlayış yoxdur, hətta çox absurt fikirdir.

Pul xoşbəxtlik üçün gərəkdir. Amma hər hansı bir gözəl salatın hazırlanması üçün mayanez nə qədər lazımdırsa, içində olan digər ərzaqlar da bir o qədər lazımdır.

Xoşbəxtliyi hər bir insan özü üçün yaratmalıdır. Ən sevmədiyim məqamlardan biri də “Xoşbəxtliyin beş addımlığında”, “Xoşbəxtliyin 10 yolu” və s.  başlıqlı yazılar və kitablardır.Fidan Azərqızı

-          Son olaraq, insanlara xoşbəxt olmağı qısa olaraq necə tərif edərdiniz?

-          Xoşbəxtlik zehnimizdə başlayır, öncə özümüzü sevməliyik, özümüzün mənfiləri, çatışmazlıqları ilə barışıq olmalıyıq, öz imkanlarımıza uyğun hədəflər qurmalıyıq, kimsə nəyisə edir deyə biz mütləq onu etməməliyik, kim nə deyər deyib arzularımızı sıxışdırıb məhv etməməliyik. Və xoşbəxtliyin yalnız pulla bağlı olduğunu unutmalıyıq. Bizi stresli edən insanlardan, hadisələrdən uzaq durmalıyıq.

Əlimizdə olan dəyərlərin qədrini bilmək, sevdiklərimizlə mehriban olmaq, stresdən və əsəbdən uzaq olmaq xoşbətliyə gedən yolda bizim əsas tərəfdaşımızdır. Unutmayaq, həyat insana bir dəfə verilir. Biz də bu şansı deyərləndirərək özümüzü və ətrafımızda olan insanları sevək və xoşbəxt edək.