Xoşqədəm, kitab və müxtəsər istedad düsturları

159 Baxış

10505333_781500168564325_295996691498667792_nBirincisi burdan başlayaq ki, istedadlı, yaxud istedadsız olmaq insanın özündən asılı olmayan məsələdi. Biz ucqar dağ kəndində naxır otarmaqdan gələn xeyli insan gördük, necə deyərlər, gəldi, oxudu və “adam” oldu. Ümumiyyətlə adam olmaq üçün oxumağa ehtiyac yoxdu… Bu bir.

Eşitmisiz də, “riyaziyyatçılar ailəsi”, “musiqiçilər ailəsi”, “rəssamlar ailəsi” və sair və ilaxır deyə ifadələr var. Deməyim budur ki, istedad dediyiniz atadan-anadan, ümumiyyətləsə, yeddi arxa dönənindən mərhələ ilə, növbə ilə şəcərəsinə ötürülür. Tənbəl, çalışqan, yaxud da mübariz, iddialı, eqoist olmaqla olmur bu işlər. İstedad genotipə bağlı məsələdi… Bu iki.

Deyinmək, narazılıq etmək, şikayətlənmək yorucu xüsusiyyətlərdi. Dəfələrlə hər birimiz şahidi olmuşuq. Gündəlik həyatımızda, hərdənbir fürsət düşəndə baxmaq istədiyimiz telekanallarımızda, uzağa getməyək, lap elə xəbər və ədəbiyyat saytlarımızda maraqlı heç nə yoxdu. Kənardan, eləcə də işin içindən görünən və hiss olunan yeganə məqsəd nə yolla olur-olsun reytinq yığmaq (toplamaq da ola bilər) və gündəmdə qalmaqdı. Mən orta məktəbdə oxuyanda fizika müəllimim, rəhmətlik Əlövsət tez-tez deyərdi: “bizim cəmiyyətə dəli alim lazım deyil”. Yerin cənnət olsun, Əlövsət müəllim, elə bil bugünkü günümüzü görüb demişdin. Ehh, sən hardan biləydin ki, gün gələcək, xalqımızın əməksevər və zəhmətkeş nümayəndələri sənin qədrini biləcək?! Ehh… Həyatdı da, Əlövsət müəllim… Səndən sonra o qədər şey dəyişdi ki!

Hə, Əlövsət müəllim demişkən, alim olmaqla deyil, gərək adamın qafası da yerində olsun. Hə, vallah… Neçə oldu? Üç?

Belə baxanda, sizinçün nə fərqi var eee. 1, 2, 3 olsun, 4 olsun, ya da 88…

Sizə qalsa deyəcəksiniz ki, guya həftəboyu maqazin, mətbəxt, şou proqramlarına baxan da, “Türkat”la yayımlanan yüzlərlə “mılnıy opera”lara baxan, bəh-bəhlə danışan, mübahisə, müqayisə, münaqişə, müsadirə, mübarizə və müharibə şəraiti yaratdığınız dizilərə baxan da, Zaurdan, Elgizdən, Xoşqədəmdən sitat gətirib hər dəfə ürəyimizin yağını əridən, həyatdan yorğun, insanlardan küskün ürəyimizi bir az da kövrəldən, bizi məhv edən də siz deyilsiniz. Ehh!!!

Dünən min doqquz yüz səksən səkkizinci dəfə oldu ki, “bizimkilər kitab oxumur” sözlərini eşidirdim. Bilirəm, söhbətimizin sonu bir az sentimental və qəmgin notlarla yekunlaşdı. Mənim yerimə siz olsaydınız, bəlkə də, bu “kitab oxumur” söhbətini eşidəndə xeyli məyus olardınız. Yox, bəlkə nədi, yüz faiz kefiniz pozulardı. Bilirəm, belə həssas mövzular babat da vecinəzidi axı. Sizə qəribə gəlməsin, amma mən hər dəfə “bizdə kitab-zad oxuyan yoxdu”, ay nə bilim “kitaba maraq yoxdu” sözlərini eşidəndə özümü gülməkdən zorla saxlayıram. Təzə-təzə mən də belə sözləri eşidəndə sizin kimi depressiyaya-zada düşürdüm. Beş-on gün özümə gələ bilmirdim. İndi isə bu gün-sabah 2 mininci dəfə olacaq ki, bu sözü eşidirəm. Gülməli gəlir, vallah, məni qınamayın. Beynimin hüceyrələri də sırtılıb artıq! Oxumurlar? Ay qadou alım, nə üçün gərginlik yaradırsan axı, əcəb edirlər. Xoşqədəm bacını, Zaur qağanı, Elgiz miyəllimi kim izləyəcək bəs? Dəhşətsiz eee Allah haqqı! Bu qədər vəhşilik kimə və nəyə lazımdı axı??? Bu da 88!!!

P.S: Əslində, Əlövsət müəllim, bu günün özündə müəllim işləməsə də, rayonda “Gənclərin Yaradıcılıq və İstedadlar Mərkəzi”nin direktorudu. Bir qrup “istedadı” başına yığıb. Özü də işləmir-gücləmir, dövranını sürür özüyçün.Yeri cənnət kimidi. Allah ona irəhmət eləsin! Ay… min!

Bölmə : Manşet, Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10