Xoşuxınna – Ülviyyə Kərəmqızı

178 Baxış

30698195_818494801678484_4516682574495481856_n

Altı yaşında bir günah işləyirsən və ömrünün sonuna qədər qırmızı rəngi gördüyün hər yerdə işlədiyin bu işin əzabı ilə böyümək yerinə daha da kiçilirsən, insana çevrilirsən. İstədin ya yox, heç bir fərq etmir.

Məktəbə getmədiyimə görə havalar isinən kimi Xoşuxınna dərəsinin şəhərli qonaqlarından biri də mən olurdum. Xoşuxınna dərəsi… Həddindən artıq rütubət olan və yağışı kəsməyən dərənin camaatı da özü kimi qaraqabaq, səssiz idi. Kəndin içindəki evlər nağıllardakı tərkedilmiş qara palçıq daxmaları xatırladırdı. İnsanlar keçmişdən qalan köhnə evləri canlandırmaq üçün heç nə etməmişdilər. Səhər açılırdı, amma gün doğmurdu. Evimiz iki otaq, saymağı bilmədiyim üçün mənim gücümü aşan boydan-boya pəncərələrdən ibarət idi. Dəhlizdə nənəmin övladı qədər qulluq etdiyi iki limon ağacı içəri girən kimi insanda xoş hiss yaradırdı. Onun taxtadan olan geniş qabını müharibə veteranı olmuş babam əlləri ilə hazırlamışdı. Hərdən nənəmin onlarla necə söhbət etdiyini qapıların arxasından eşidirdim. Nəzərə çox inandığına görə limonların qabağından pərdə asmışdı. İlk bəhrəsini qurusa belə, heç kimə vermirdi. Bakıdan gələn övladlarına saxlayırdı. Özü ora keçə bilərdi, bir də onun gözündən qaça biləndə mən qaçıb keçirdim. Limon ağacının yarpaqlarından bir neçəsini qopardıb qəribə şəkillər çəkdiyim dəftərimin arasına qoymuşdum.

Həftədə bir dəfə çörək bişirilirdi. Əgər kənddə qapında təndir var idisə, demək, şəraitin digərlərinə nisbətən daha yaxşı idi. Cavan gəlinlər yaşlı qadınların keçmişdən qalan söhbətlərinin başına yığılırdı. Onlar danışırdı, biz də kənarda yeni bişən təndir çörəyinin qırağını yeyə -yeyə söhbətlərə qulaq asırdıq. Nənəm xatirələrinə əsasən danışırdı ki, buradakı evlər zamanında kəndin bəyi- Şəkər bəyin xidmətiçilərinin evləri olmuşdu. Bəyin xanımı olmuş Seyid Nisə yeddi qardaşın bir bacısı, gözəlliyi ilə dildən-dilə düşəcək bir qadın imiş. Rus ordusu kəndə gələndə içərilərində olan erməni rütbəlilərdən biri ağ atını qızın qarşısına qədər gətirib ona : “Ağ atın tərkinə yaraşan gözəlliyin var-deyir”. Bu söhbəti eşidən qardaşlardan biri çölə çıxır. Sakitcə ata yaxınlaşır, əlini atın ipək saçına çəkir, həyətindən çölə çıxardır.. Qardaşların nüfuzunu bilən əsgərlər kənddə çox dayanmağa cəsarət etmirlər. Hadisənin şahidi olan xidmətçilər Abbasqulu bəyin dilindən “Ağ ata qan nə gözəl yaraşar..” dediyini eşidirlər. Onun səhərisi zabiti də, ağ atı da adamları ev-ev, qapı-qapı gəzsə də, tapa bilmirlər. Nənəm danışırdı ki,deyilənə görə, qardaşlar zabiti də, atı da gecə ilə diri-diri doğrayıb torpağa basdırıbmışlar. Necə olduğunu, harada olduğunu heç kim bilmirdi. İnsanlar öz aralarında belə bunu danışmağa cəsarət etmirdilər. Sonralar həmin o xanım kəndin bəyi-Şəkər bəyin zövcəsi kimi bu kəndə gəlin köçmüş, kəndin ən gözəl imarətinin sahibəsinə çevrilmişdi. Zaman dəyişib, bəy rejimi ləğv ediləndə imarətə hücum edənlər dövlətdən qabaq bu kəndin adamları olur. Bəyin var-dövlətini, evini talan edirlər. Gözünün qarşısında olanlara mane ola bilməyən xanımın oğlanlarını, qızlarını, ərini öldürürlər. Xanımın qardaşlarının hörmətinə ona toxunmurlar. Gördüklərini qəbul edə bilməyən Seyid Nisə xanım özünü öldürür. Onun son sözləri illər keçsə də unudulmur, kəndin lənətinə çevrilir: “Üstünə gün doğmasın , ay Xoşuxınna dərəsi!”..

Qorxu ilə qulaq asdığım bu hekayə məndə bu kəndə, buradakı insanlara qarşı nifrət oyadırdı. Arxama baxmadan qaçmaq istəyirdim. Bu lənətə hamı inanırdı, mən də inanırdım. Həqiqətən də, bu kəndin günəşli, aydın günü olmurdu. Nə vaxt ildırım səsi eşidilirdisə, nənəm əlini gözünün üstünə qoyub səs gələn tərəfə boylanırdı. “Yenə haranısa, su yudu apardı”-deyib, heç nə olmamış kimi işi ilə məşğul olurdu. Oturub saatlarla suyun yuyub nəyi gətirəcəyini gözləyirdim. Su “yuyub apardığı” yerlərin hara getdiyini bilmək mənə maraqlı gəlirdi. Görəsən, nəyi yuyub aparırdı?!

Bu balaca, həm də acıqlı qadının yuxu yatdığını görmürdüm. Nə vaxt qonşunun nəvələri ilə oynamaq üçün küçəyə çıxmaq istəsəm, “əmanət” olduğumu mənə xatırladan cümlələri bir-birinin ardı ilə sayırdı. Tək etdiyim bu rütubət qoxuyan otağın içində oturub, qonşunun nəvəsinin bizə gəlməsi üçün dua etmək idi. Əslində, bunu da normal bacarmırdım. Evin ortasındakı köhnə dəyirmi xalçanın üstünə dizimi qoyub, əllərimi-əllərimə sıxıb üstünə üfləməklə, gözümü yummaqla istəklərimin eşidildiyini düşünürdüm. Gözümü yummalıydım,amma nə qədər çalıssam da gözaltı ətrafa baxmamaq üçün özümə mane ola bilmirdim. Gözümü tez açmaq üçün də birnəfəsə “amin” deyirdim. Bunu da kəndə gələn molla qadının davranışlarından öyrənmişdim. Dayanmadan dodağının altında danışıb, üfləyən bu qadının dediklərini eşitmədən, hamı “amin” deyirdi. Nənəmin paltarını dartıb, onun nə dediyini soruşanda mənə acıqlandı:“ Sən də səssizcə “amin” de”,- dedi. O gündən mən də hər pıçıltıya “amin” dedim. Atamın gəlməyini istəyirdim. Bu kənddən getmək istəyirdim. “Amin” deməkdən bəzən dua etməyi də unudurdum.

Nənəm bir gün evə əlində şüşə qabla gəldi. İçində bir neçə qara xalları olan qırmızı böcəklər tərpənirdi. Darıxdığımı hiss edirdi. Qabı mənə uzadıb : “Bax bunların adı qırmızı uğurdu (sonradan əsl adının parabüzən olduğunu öyrəndim). Bu böcəklərin qulağına ürəyindən keçəni, istədiyini deyib uçurtsan, o gerçəkləşər. Mən sənə bir neçəsini gətirdim, istəyirsən qalanını da özün yığ” –deyib otaqdan çıxdı. Əlimdəki şüşə qabın içində dayanmadan tərpənən balaca qırmızı nöqtələr gözümdə işıqlandı. Günlərlə məhlədə, ağacların arasında qırmızı böcək axtarışına çıxırdım. Neçə dəfə yıxıldığımı xatırlamıram. Hər gün səhər açılanda ilk iş əlimə aldığım yeməyi yeyə-yeyə onlarla söhbət etmək idi. Mənə elə gəlirdi ki, onlar mənə qulaq asır. Qulaq asdıqlarına əmin olmaq üçün qulaqlarını axtarırdım. Nə qədər baxsam da qulaqlarının harada olduğunu tapa bilmirdim. Nəfəs almaqları üçün biraz hava yeri də qoymuşdum. Hər gün qabı ağacın dibinə qoyub evə gələndə elə bilirdim ki, mənim onlarla bölüşdüklərimi nənəmə danışacaqlar. Atam üçün darıxdığımı nənəmə deməyə həm qorxurdum, həm də onu incitmək istəmirdim. Qırmızı uğurlar mən danışdıqca ulduz kimi yanıb sönürdülər. Hər gün daha çox yığırdım. Onları şəhərə-atamın arxası ilə göndərəcəkdim. Atam da gəlib, məni buradan evimizə aparacaqdı. İnanırdım ki, onların sayı çox olmalıdır ki, atamı gətirməyə gücləri çatsın.Qab dolurdu, mən sevinirdim. Nənəm də məni buna inandırdığına görə özünə daha çox əsəbləşirdi. Bəzən özümü o qədər bu işlə məşğul edirdim ki, saatlarla məni axtarmalı olurdu. O qədər işinin arasında bir də məni gözləmək, məndən nigaran qalmaq onu daha da acıqlandırırdı. Bir gün böcək “ovum” uğursuzluqla nəticələndi. Kollardan birinin altına əyiləndə orda qırmızı uğurların bir neçəsini bir arada gördüm. Çox sevindim. Uça bildikləri üçün bir-bir toplamaq olduqca çətin idi. Gecədən yağan yağış, bir də nəm hava torpağı sürüşkən etməyə bəs etmişdi. Onlara çatmaq üçün əlimi daha çox uzatmağım lazım idi. Amma alınmadı, ilişib dərəyə yıxıldım. Orada nə qədər qaldığımı xatırlamıram. Sonradan anladım ki, kənd camaatı da məni tapmaq üçün xeyli axtarıb. Axırı nənəm tapmışdı. Gözümü açanda hər yeri qaranlıq gördüm. Qorxumdan qalxmaq istəmirdim. Bilirdim ki, nənəm məni yoxa çıxdığıma görə cəzalandıracaq. Yan otaqda qonşu qadınlarla söhbət edirdi. Məndən nigaran qalmışdılar. Nənəm məni inandırdığı “qırmızı uğurlara” görə peşman idi.: “Uşağın beyninə boş fikirləri özüm saldım. Əmanət uşaqdı. Başına bir şey gəlsəydi nə cavab verərdim”-deyə ağlayırdı. Necə yəni? Dirsəklənib yerimdə oturdum. Divardan səslər aydın eşidilirdi. Nənəm məni aldatdığına görə peşman idi. Demək, nə uğur böcəkləri həqiqət idi, nə də mənim atamı gətirəcəkləri doğru idi. Nə hiss etdiyimi xatırlamıram. Ayaqlarım yerə tam çatmasa da, səssizcə köhnə yataqdan sürüşüb düşdüm. Bədənim ağrıyırdı, içimdə hiss etdiyim boşluq məni dondurmuşdu. Evdəki səs-küydən heç kim mənim oyandığımı bilmədi. Nənəmdən nəsə soruşmağa cəsarətim də çatmadı. Ondan bir gün əvvəl evin ən “layiqli” otağının divarına qəribə şəkillər çəkmişdim. Ona olan acığımı bu yollarla çıxa biləcəyimi düşünsəm də, sonradan qorxum məni peşman edirdi. Getdim, şüşə qabı götürdüm. Qırmızı uğurlar o qədər gözəl görünürdü ki..sayları artmışdı. Uçmaqlarına ,bəlkə də,çox az qalırdı. Yerində dayanmayan qırmızı nöqtələrı bağrıma basıb, geriyə- otağıma odun sobasının yanına qayıtdım. Nənəm bu dəfə də sobanın ağzını bağlamağı unutmuşdu. Bağrıma basıb qoruduğum şüşəni odun içinə atdım və heç nə olmamış kimi yerimə qayıtdım. Rütubətinə öyrəşdiyim bu otaqda gəldiyim gündən bu yana, bu qədər ağır yatdığımı xatırlamırdım.

Mən oyananda Xoşuxınnada heç olmadığı qədər işıqlı səhər açılmışdı. Nənəmin limonunun iyi otağıma yayılmışdı. Atama yeni dəmlədiyi çaydan süzüb, məndən danışırdı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10