“XX əsr Naxçıvan poetik mühiti” – Firudin Rzayev yazır…

11 Baxış

unnamed (1)

 

XX ƏSR NAXÇIVAN POETİK MÜHİTİNDƏ FƏLSƏFİ İSTİQAMƏTLƏR

Azərbaycan, eləcə də Naxçıvan ədəbi mühiti xalqımızın fəlsəfi və bədii fikir tarixində bəşəri düşüm baxımından xüsusi fərqlənən, özünə məxsus “mən”-ində bütün təfəkkür tərzinin xarakterik təzahürlərini özündə cəm edən bir ədəbi mühitdir. Bu mühitdə doğma diyarda yaşayıb yaratmış H.Cavid, M.Araz, , H.Razi, X.Kərimli kimi şairlərimizin yaradıcılığı öz tarixi, adət-ənənəsi, kimliyi ilə yanaşı fəlsəfi fikirləri ilə də Azərbaycan türkünün fəlsəfi dünyagörüşünü təmsil edir.

Əgər biz H.Cavid yaradıcılığına diqqət etsək, “İblis”, “İblisin İntiqamı”, “Şeyx Sənan”, “Teymur”, “Peyğəmbər” və s. zamana sığmayan fəlsəfi dünyasıyla şərlə xeyrin timsalında bu gün də oxucuları heyrətləndirməkdədir. Yüzlərlə M.Quliyev, M.Hüseyn, Məmməd Cəfər, Ə.Ağayev Y.Qarayev, S.Xəlilov, Ə.İsmayılov, R.Seyidov kimi ədəbiyyatçılar H.Cavid poetik-dramatik fəlsəfi dünyasını tədqiq edib, ədəbi-tənqidi fikirlər söyləmiş, təkcə “İblis”in birinci dünya müharibəsinin qan selləri, odları içində yazılmaqla, bu siyasi prosesin şər-İblis olduğunu göstərmişlər Burada xalqımıza məxsus “Avestada” Ahura Mazda və Əhriman. “Kitabi- Dədə Qorqud” dastanında Basat və Təpəgöz şər varlıqlarına rast gəlirik ki, bu obrazlar yamanlığın, pisliyin rəmzidir və Cavid demonizm bu xalqın özünə məxsus mifik qaynaqlardan qidalanmaqla bəşəri ədəbi mühitə diktə edilir. Cavid əsərləri və dünyagörüşündə mükəmməllik, əski miflərimizə sadiqlik xüsusi yer alır. “İblis” əsərinin açılışında İblis hələ insan bətninə girməyib, onunla vəhdətdə deyil və heç kimi şərə çəkməyib. Lakin, əsərdəki

Sellər kimi axmaqda qızıl qan

Canlar yaxır, evlər yıxır insan…

 

misralarındakı İnsan, hələ İblislə vəhdəti vücudda olmadan şər daşıyıcısıdır ki, buna İblis sevinir. Mələklərin isə, “İblisəmi uymuş bəşəriyyət?!” və “İblis ilə həmrəngi-siyasət” kim ifadələr İblisin insanın özü olduğunun sübutudur. Onun “Xəyyam” əsərindəki “Çılğın bəşər İblis ilə həmrah” ifadəsi isə bəşərlə iblis vəhdətinin əsas amili kimi görünür. Biz ümumilikdə Cavid yaradıcılığında insan-iblis vəhdəti haqqında geniş bəhs etməklə, istər M.Y.Lermontov, Hötenin, Marlonun, Klingerin, Lermontovun, Bayronun yazılarında insan və İblis vəhdətindəki tamah, xəyanət, riyakarlıq və s. amillər fövqündə təzahürlərin mahiyyətcə şəri doğduğunu görürük ki, H.Cavidin “İblis” əsərindəki ideya demonistlərin müvafiq əsərlərindəki fikirlərdən önə keçməklə daha bəşəri və tamlıq xarakter daşıyır. H.Cavid əsərlərinə diqqət etdikdə, Avropa ədəbi mühitindəki şər olan insan iki qütbün-Allah və İblisin arasındadır, insan müstəqil, İblis isə ayrı bir qütbü təşkil edir. İnsanın şərə-İblisə tapınması, kamillikdən qaçıb maddi dünyanın, mövcud ictimai mühitin ritminə daxil olub onun fəal ünsürünə çevriləndə, natamam və naqis olmaqla, İblisə müsəllət olur.

Cavid fəlsəfi fikrinin özünə məxsusluğu, Şərq fəlsəfi mühitindən də fərqlənir. Bildiyimiz kimi Şərq demonist düşüncələr İbn Sina, Ş.Sührəvərdi, N.Tusi və b. mütəfəkkirlərin yazılarında da qeydə alınır. N.Tusinin “Əxlaqi-Nasir” əsərində “insani” və “heyvani” nəfslərin, Xeyir və Şər vəhdətində birləşdiyini görürük. Fikrimizcə, nəfs bədən tələbatına köklənmiş lokal xeyir və şərdir, o elmə, insanlığa xidmətdə insanın dərk aləminə yaxındırsa da, heyvani nəfslərə qul olub, şərə qatılmaqla bəşəri və gərəkli müsbət ideyalardan uzaqlaşmış olur.

Məhz bu ideologiyanın daşıyıcılarından olmaqla, onu daha da konkret şəkildə ortalığa çıxaran H.Cavid “İnsana müsəllət olan nəfsi-ləimin xaqanlar, şahlar, qadın və altun düşkünlərində…” təcəllasının bəşəri İblis doğduğunu, bu İblisin bütün bəşəriyyəti “məhv və qəhr etmək” gücündə olduğunu Şərq demonizmindən fərqli şəkildə tam olaraq aydın görünüşdə ortalığa qoyur.

“…Olduqca müsəllət, sənə, bil nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan”

misraları ilə məhz nəfs təzahüründən mahiyyət etibarı ilə İblisin doğuşu olduğunu göstərir.

Eyni fikirlərə XX əsr Naxçıvan ədəbi mühitində özünəməxsus zirvədə duran Məmməd Araz poeziyasında da təsadüf edirik. O, özünün söz sənəti ilə, realist, romantik, metafizik və sufizm istiqamətli fəlsəfəsi düşüncələrlə söz dünyasını yaratmış, özünə XX əsr poetik mühitinə qatmışdır.

Sovetlər dövrünün bayağı sözlər yığımındakı mədhiyyə, tərif və təhrifləri söküb gələn bu söz xəzinəsində Məmməd Araz fəlsəfi dünyası da özünəməxsus ürfan işığında oxucusunu heyrətləndirməkdədir. Onun fəlsəfi aləminə rənglər qatan poetik ifadələrindəki fəlsəfi istiqamətlərdə şairin özü demişkən “sözlə zarafat etməmiş”, ciddiyyətin mükəmməl formasında fəlsəfi aləmi ümumtürk ədəbiyyatına daşımışdır.

Bildiyimiz kimi fəlsəfi fikirlər toplusunda idealist, materialist düşüncələr formalaşdırmışdır ki, bu mürəkkəblik içində, mühüm olan mühüm olmayandan, zərurət təsadüfdən seçilmiş, həqiqət öz geyimində ortalığa çıxmışdır.

Məmməd Araz yaradıcılığında qeyri-əsasla əsasın, mühüm olanla mühüm olmayanın, zərurətlə təsadüfün vəhdəti, poetik ifadələrin əsas qayələrindən biridir.

Adı Pənah-pənahı yox,

Günah paylar-günahı yox,

Bu Allahın Allahı yox,

Heç dərdimə şərik çıxmaz…”

 

misraları ilə o, idealist fəlsəfi düşüncəni, materialist düşüncə ilə, yəni əsasla vəhdətdə götürür və maddilikdə şərin yaşantıların önündə durduğunu göstərir. Bunun ardınca onun yaradıcılığında “Günü sabah mən özümlə üz-üzə gəlsəm”, “İlk baxışdan tanımasaq bir-birimizi”, “Yalanımız doğru olar, doğrumuz yalan” kimi ifadələrə təsadüf edirik. Onun idealizmlə realizmi üz-üzə gətirib, müqayisədə ruhla cismin, yəni maddilik, mücərrədlik təzahürünü birgə önə çəkməsi, bir mahiyyətdə, mücərrədliyin maddiliyə dönüşü kimi bütövləşir ki, bu H.Cavid fəlsəfi fikrində yer alan rənglərə yeni rənglər qatır. Onun “Göy altında, Yer üstündə”, “Meymuna əl çalmaq öyrədən uşaq” kimi şerləri də, fəlsəfi düşüncədə, əsasla qeyri-əsası, mücərrədliklə maddiliyi, zərurətlə təsadüfi birləşdirir.

“Torpağın üstündə bünövrə daşı,

Torpağın altında əhlət daşı var”

 

misralarında öz fikrinin “təsdiqində” metafizik fəlsəfi düşüncəyə meyl və əsasla qeyri-əsasın bütövlük mümkünlüyü və təbiətlə dünyanın quruluşu haqqındakı fəlsəfi yön irəli çəkilir. Əgər xatırlasaq, Aristotel metafizikanı “təbiətdən sonra gələn alilər haqqında başlanğıc” kimi təsvir edirdi. Lakin sonralar bu elm təbiət də daxil olmaqla hüduddan kənar mənalarında izah edilsə də, fikrimizcə, bu ad altında bütöv kainat təzahürləri, yəni kainatın özü dayanmaqdadır. Məmməd Araz bəzi şerlərində ruhun əbədiyaşarlığına, realist düşüncədə zərrələr fövqündə maddilikdə birləşməyin əsas olması qayəsindən çıxış edərək,

“Torpağa söykəndim-gücüm dağ gücü,

Torpaqdan üzüldüm-çürümüş dənəm”…

kimi misralarında maddilik-əsas, ruh və çürümüş dən-zərurətlə mücərrədlik təzahürlərində realizm və idealizmin vəhdətini önə çəkir. Bu halda zərrə və maddilik kainatın özü boydadır və bu əsasdan kənar deyil. Müəllifin şerlərində ruhun yardımı ilə canlı varlığa-quşa dönüşün yeni ifadə formasında zərrələrin maddiliklə vəhdəti, materiyanın başqa quruluşda materiyaya dönüşü yer alır. Əgər bu fəlsəfi yanaşmaya diqqət etsək, burada Şərq və Qərb fəlsəfi fikrindən daha çox şairin ümumtürk fəlsəfi aləmindən, Şamançılıq ideyalarından bəhrələndiyini görürük. Dədə Qorqud ruhu da keçmiş və gələcəkdən dürlü xəbərlərə vasitəçi idi və maddilikdə-materiyada mahiyyət şəklində idi.

Bu istiqamətdə fəlsəfi fikirlərə biz XX əsr Naxçıvan poetik mühitində özünəməxsus yeri olan Hüseyn Razinin də şerlərində rast gəlirik. İnsanın mənəvi aləmində baş verən təzahürlər şairin

…Duyğular ürəkdən lal keçə-keçə

Sinir tellərini çəkər tarıma…

…Həyat bir dəhşətə çevrilib sönər

Sözlər, düşüncələr ikiləşəndə…

 

kimi misralarda şair düşüncəsində şər xeyir üz-üzə durmaqla, bütün var olan aləm daxilində maddiliklə mücərrədliyi birləşdirir. Burada əski türk mifindən gələn xeyir və şər duyğu mücərrəd və ürək maddi varlıq vəhdətdədir ki, burada şər və xeyir bütöv kainatla yanaşı insan maddiliyində birləşir və şərə istiqamətlənmək ehtimalı maddi varlıqla bağlıdır. Hər hansı birinin yoxluğu ümumfəlsəfi baxışda natamamlıq yaradır. Burada insan daxili aləminin düşüncəsindən kənarlaşdırmır və H.Razi yaradıcılığında romantik düşüncələr təkcə onun daxili aləmi deyil, kainat və zərrə kontekstində təzahür formalarıdır ki, mahiyyət insani vücudla vəhdətdədir.

…Günahlarım arşınla ölçülməyən bir kələfdi…

…Günah yüküm dünya malı kimi…

…Günahlarım haqsızlıq dəyirmanında…

Sürtülən iki daş…

…Gerçəkliyi qanmışam.

Ancaq gecdir, çox yubanmışam…

 

misraların daxil olduğu “Etiraf” şerində insani şər, insanlıqda-maddilikdə təzahür etməkdədir. Burada romantizm, idealizm, realizm vücuddakı mücərrəd aləmin təzahüründə maddilikdən gələn ümum mahiyyətdir ki, burada insan şərlə daha yaxındır. Bu kimi misralarda şair mövcud həqiqətlə idealist düşüm arasında dumanlı bir aləmi ömrünə calamaqda peşmandır. Şair insan bətnindəki ikili dünyaların insan və ondaki idrak təzahürlərində yerinin və küllü kainatdakı maddi varlıqlarla nəfsin vəhdətini mütləq həqiqət kimi sonda peşmançılıq olduğunu göstərir.

Bunlarla bərabər H.Razinin romantik ruhda yazdığı “Sevənlər çoxalır”, “Bağışlamazdım” “…Ölərdim əhdimi ayaqlamazdım”, “…Mən sənə can dedim sən mənə böhtan” misraları şairin romantik metoda üstünlük verdiyinə bir işarə olsa da, bu həyat hadisələrində subyektiv “mən” önə çəkilir və ikili dünyada qeyri-əsasla əsas, xeyirlə şər dünyası mahiyyətdə-insanda təzahür edir. Bu poetik yol H.Razi ədəbi düşüncəsində bir fərdi təmsil edir və şair bu duyğularında maddi-mənfəət aləmindən yüksəkdə durur.

Biz bu istiqamətdən olan yazılarımızda qərb fəlsəfi fikrində xüsusi yeri olan Hötedə “həqiqət işığı” fəlsəfi fikrində insanın qurtuluşunun bu işıqda gördüyünü Naxçıvan poetik mühitində isə qədim türklərin hələ m. ö. III minilliklərdən meydana çıxan Şaman-Atəş bütövlüyündə Sufizmin ayaq açıb türk fəlsəfi aləminə gəlişinə təsir etdiyinə faktlar göstərmişik. Düzdür, Azərbaycan ədəbiyyatında Sufizmin IX əsrdə Həllac Mənsurla “başlanması” versiyası tez-tez təkrarlanır. Ancaq bu fikir bu cərəyanın türklərdə hələ 5 min il öncəki mövcudluğuna bir kölgə salır. Əgər xatırlasaq m. ö. IV əsrdə Makedoniyalı İsgəndərin Azərbaycana hücumu, Şaman Atalara qarşı mübarizəsi, “Avesta”nın yandırılması və məhz onların Hindistana köçü ilə də burada atəşpərəstliyin meydana gəlməsi və yayılması bir tarixi həqiqətdir. Onun burada şaman suffistləri zəka sınağına çəkib əfv etməsi, bu fəlsəfi fikrin ən azı hələ m. ö. IV əsrdən türk mifik düşüncəsində geniş yer aldığını sübut edir. Bu isə Hötenin “Faust” əsərində “…həqiqət işığının insanın xilas yolu olması” fikrinin, ümumtürk mifi-fəlsəfi fikrindən, Qərbə təsirinin danılmaz olduğunun sübutudur.

H.Razinin “Odlu diyar” mənzum pyesində nur həqiqət fəlsəfi ideyası dörd ünsür (su, od, torpaq, hava) vəhdətində ortalığa çıxır və o, Gültacın, Bayraməli və Cəlilbəyin dilindən

…Əgər o dünyada varsa cəhənnəm

Bəs niyə odlarda yanır bu aləm…

…Tora saldı xan səni,

O cənab şeytan səni.

Görüm yerə girəsən,

Biqeyrət insan, səni…

kimi misralarında insan şeytan əlində nəfsinin qulu olduğu, insan maddiliyində ikili xislət-Şər-Xeyir vəhdətində önə çəkilir.

Eyni istiqamətli şər-xeyir vəhdətində insanın yeri XX əsr Naxçıvan poetik mühitində xüsusi yeri olan şair Xanəli Kərimli şerlərində də önə çəkilir. Onun “Tanıt mənə” şerində də “İç və çölün vəhdətində maddi və mənəvi dünyanı tanımaq” vacibliyi fikri ilə qarşılaşır.

İçim dərdlər qəbiristanı,

Çölüm ruhlar aləmidir.

İçim, çölüm bir atəşgah

Sanki qiyamət dəmidir.

… Çölümdən baş açamıram

İçimdən də qaçamıram

Nə sirdir ki, ey yaradan

Bu atəşgahda yanmıram.

 

kimi misralarda kainat-insan vəhdətində bəşəri varlığın şərlə xeyir arasında mübarizədə özünü dərk amili, şairin sufizmdən gələn fəlsəfi yoludur ki, burada bəşərin vücudu, maddi və mənəvi aləm kontekstində bir sirr olaraq qalması Həqiqətlə -Nurun bütövlüyündə verilmişdir. Bu misralarda qeyri-əsaslar-ruhlar aləmi, dərdlər, iç və çölün atəşlə vəhdəti maddi varlığın bunlardan asılılığı və atəşdə yanmama səbəbi maddi vücuddakı təzahürlər qeyri-əsasəsas vəhdətində reallaşır. Bu şərtdə mücərrədliklərin-qeyri əsasların və maddiliklərin-əsasların təzahürlərində vücud metafizik ölçüdə bir mütləq kimi sabitləşmişdir.

Bildiyimiz kimi insan mücərrədliyi bu gün belə tam olaraq elmə özünü açmır, həyat hadisələrinin güclü təsirində xeyir və şərin əbədi mübarizəsi romantiklərin düşüncəsində reallıq kimi yer alır. X.Kərimli şerlərində bu istiqamətdən olan fəlsəfi düşüncələr romantik çalarda ifadə olunmaqla romantizm rəngində realist fəlsəfi mahiyyət kimi özünü təqdim edir. Onun yüzlərlə şerində Vətənə və millətə xitab, millət, qeyrət çağırışında romantik ifadələr realist düşüm mahiyyətidir.

…Sən ey mənim Oğuz dilim

…Mən həm zaman, həm də mənəm

…Səndə günah yoxdur, Vətən, ay Vətən.

Səni yazıq günə qoyan mənəm, mən..

… “Alp Ər Tonqa”, “Oğuz Xaqan”, “Dədə Qorqud” dastanları

Türk xalqının ən müqəddəs, basılmaz söz soltanları…

… İçimdə bir qurd ulayır…

Ulartını kəsmə qurdum!..

…Bu vətənin Dərbəndi də nisgillidir

Borçalısı, Zəngəzuru, Göyçəsi də dərd dillidir

kimi bu cür yüzlərlə misralarında milli mən öz əksini tapır, itirilmiş Vətən torpaqlarına dönüş harayı şərlə-cismani varlıqların tamah təzahüründən doğan mahiyyətə bir qəzəb yanğısı, bədii fəlsəfi, realist fikrin vəhdət görünüşüdür.

Bununla bərabər onun insani duyğuların nura səmt istiqamətlənmiş yolundan kənarlığı “Bir vulkan püskürməsi…”, “Nədən?”, “Düşüncələr” şerlərində bəsirətdə olub həqiqətə qovuşmayan insan zəkasındakı zülməti təmsil edir. Burada hisslərin natamamlığına seçilmiş poetik ifadələrin rəngindəki mücərrədliklər romantizmdəki mahiyyətdir.

…Ürəyimin boşluğu bəsirətin korluğu

Beynimin karlığıdır.

…İtin də dilini bildim, qurdun da,

…Nədən, Allahım nədən,

Adam dilini bilmədim, adam ola-ola…

kimi misralarda X.Kərimlinin romantizm donunda poetik ifadələri, dördlük fəlsəfəsi timsalında şəriət, təriqət, mərifət, həqiqət mərhələlərindən kənar, insandakı korluğu, bəsirəti ifadə etməklə, onlarla vəhdət timsalında ortaya çıxır. Bununla bərabər realist fəlsəfi mahiyyətdə materiya maddilikdə olan zülmət ən ali ucalıqda qeyri-əsasların təzahürü formasındadır. Burada realizmlə romantizm vəhdətdə bütöv bir əsasdır.

X.Kərimli yaradıcılığında bu fəlsəfi ideyalar insan varlığı ilə vəhdətdə mütləq kimi ortalığa çıxsa da, mütləq varlığın sual ifadəsində səslənməsi maddiliklə mücərrədlik vəhdətinin qeyri-tamliq şəklində görünüşüdür. Bu isə ədəbiyyatımızda idrakın-qeyri-əsasın, obyektiv varlıqda-maddilikdə birləşmək zərurətini yaradır.

Bütün fəlsəfi fikirləri ümumiləşdirərək deyə bilərik ki, XX əsr Naxçıvan ədəbi mühitinin poetik dünyasında öz fəlsəfi fikirləri ilə yer alan H.Cavid, M.Araz, H.Razi, X.Kərimli, Asim Yadigar, Muxtar Qasımzadə Adil Qasımov, Elman Həbib, Hüseyn Bağırlı, Vaqif Məmmədov, İbrahim Yüsifoğlu və adını çəkmədiyimiz gözəl şairlər Naxçıvan poetik mühitində xüsusi yer alır. Onların hər birinin yaradıcılığındakı bu cür fəlsəfi fikirlərin tədqiqinə böyük ehtiyac var. İnanırıq ki, gələcəkdə bu istiqamətdə geniş həcmli əsərlər işıq üzü görəcək və Naxçıvan poetik mühiti dünya ictimaiyyətinə çatdırılacaqdır.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10